Məhkəmə qərarları › İş №e-2-1(116)-1720/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-1720/2023

22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-1720/2023 22.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Əmlak X1rşı “Mingəçevir İcraiyyə Komitəsinin Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 29 fevral 2012-ci il tarixli, 28 saylı Sərəncamı və 03 fevral 2014-cü il tarixli 11 saylı Sərəncamı ilə Mingəçevir şəhəri A.Məmmədov və X.Şuşinski küçələrinin kəsişdiyi ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobillərin yuyulması məntəqəsinin təşkili üçün icarə əsasında 30(otuz) il müddətinə ayrılmış 68.5 kv. metr torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmlak X1rşı “Mingəçevir İcraiyyə Komitəsinin Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 29 fevral 2012-ci il tarixli, 28 saylı Sərəncamı və 0 3 fevral 2014-cü il tarixli 11 saylı Sərəncamı ilə Mingəçevir şəhəri A.Məmmədov və X.Şuşinski küçələrinin kəsişdiyi ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobillərin yuyulması məntəqəsinin təşkili üçün icarə əsasında 30(otuz) il müddətinə ayrılmış 68.5 kv. metr torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya və iddiaçının nümayəndəsinə xx.xx.2023-cü il tarixdə elektron ünvanına “hüquqi yardımın gösətərilməsinə dair” məktub ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddia tələbinə inzibati məhkəmə icraatı çərçivəsində baxıla bilməz. İddiaçı hazırkı iddiasında icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının tələbi mülki hüquqi müqavilənin (icarə müqaviləsinin) bağlanması ilə əlaqədar olduğundan, mübahisəyə xüsusi hüquq sahəsi sayılan mülki qanunvericiliyinin tələbləri tətbiq edilməklə baxılmalıdır. Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericilik müqavilənin təbiətini azad xarakterli müəyyən etmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarında məhkəmələrə aşagıdakılar izah edilmişdir: 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. 6.1. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 6.2. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Odur ki, iddiaçıya izah edilir ki, hazırkı iddia tələbində qaldırılan mülki hüquq münasibətlərindən yaranan məsələlər barədə ümumi rayon məhkəməsinə müraciət edilməlidir. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməsi üçün iddiaçıya 5 (beş) gün vaxt verilmişdir. Lakin, ötən müddət ərzində məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Əmlak X1rşı “Mingəçevir İcraiyyə Komitəsinin Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 29 fevral 2012-ci il tarixli, 28 saylı Sərəncamı və 0 3 fevral 2014-cü il tarixli 11 saylı Sərəncamı ilə Mingəçevir şəhəri A.Məmmədov və X.Şuşinski küçələrinin kəsişdiyi ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobillərin yuyulması məntəqəsinin təşkili üçün icarə əsasında 30(otuz) il müddətinə ayrılmış 68.5 kv. metr torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar