Məhkəmə qərarları › İş №e-2-1(116)-1765/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1765/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1765/2022 22.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı üçüncü şəxslər X4, X1 cavabdehin nümayəndəsi Hacı-X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “JN 294F saylı kod 40316018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən üçüncü şəxslər X4 və X8 adı olmadan digər şəxslərin birgə mülkiyyət hüququnun qeydə alınaraq Çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “JN 294F saylı kod 40316018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də düzəliş edilərək X4 və X8 həmin şəhadətnamədən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1765/2022 nömrəli qərardadı ilə X9 və X13, xx.xx.2022-ci il tarixli, 2-1(116)-1765/2022 nömrəli qərardadı ilə X6 və X17 üçüncü şəxs qismində cəlb edilmişdir. Bundan sonra İddiaçı iddianı dəyişdirmiş və məhkəmə iclasında ərizə verərək iddia tələbini "JN 294F saylı kod 40316018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən üçüncü şəxslər X4 və X8 adı olmadan digər şəxslərin birgə mülkiyyət hüququnun qeydə alınaraq, Çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. İddianın dəyişdirilməsi Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə qəbul edilmişdir. İddia ərizəsinə əsasən, JN-294F, KOD 40316018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə ailələrinə 0.14 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin JN-294F, KOD 40316018 saylı, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X3, X10, İddiaçı, X1, X4 və X11 adı qeyd olunmuşdur. Belə ki, X9 1999-cu il tarixdə qardaşı X6 ilə ailə həyatı qurmuşdur. Onların birgə nikahından X18 2000-ci il tarixdə anadan olmuşdur. JN-294F, KOD 40316018 saylı, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarında X4 və X11 adları qeyd olunmuşdur. Torpaq islahatı haqqında qanuna əsasən 13 avqust 1996-cı il tarixinə daimi vətəndaşlar hansı ünvanda yaşayırlarsa torpaq payı vətəndaşlara həmin ünvandan verilə bilərdi. Yəni xx.xx.1997-ci il tarixdə Aqrar İslahat zamanı X12 qardaşı X6 ilə ailə həyatı qurmamışdır. Göründüyü kimi rayonda Aqrar İslahat aparılan zaman hazırki iş üzrə X9 və X18 həmin təsərrüfatda qeydiyyatda olmamış və həmin təsərrüfatla heç bir hüquqi bağlılıqları mövcud olmamışdır. Zaqatala rayonunda xx.xx.1997-ci il tarixdə Qax rayon Aqrar İslahat Komissiyasının qərarı zamanı JN-294F KOD 40316018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq, yazılmış ailənin mülkiyyətində olan torpaq sahəsindən X4 və X8 adlarının çıxarılaraq, yenidən adına mülkiyyət hüququna dair sənəd verilməsi üçün cavabdeh inzibati orqana müraciət etsədə bundan imtina edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli 2/1359 nömrəli etirazında bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Sözügedən Qanunun 4-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından və əvvələr tanınmış hüquqa, Kod 40316018, JN-294F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən adların çıxarılması ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Eyni zamanda bildiririk ki, JN-294F saylı, KOD 40316018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş sənədlər ərazi idarəsinin arxiv materiallarında mövcud deyildir. Məhkəmə iclasında iddiaçı izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Üçüncü şəxslər iddianın təmin olunmamasını xahiş etdi. Cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıdakı sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının inzibati orqana müraciəti təmin edilməmişdir. Qax Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 66/H nömrəli məktubundan görünür ki, arxivdə mühafizə olunan Qax Rayon Aqrar İslahat Komissiyasının protokol kitablarında xx.xx.1997-ci il tarixli 20 nömrəli protokol yoxdur. Rayon Aqrar İslahat Komissiyasının 20 nömrəli iclası xx.xx.1997-ci il tarixdə keçirilib. Sorğuda qeyd edilən digər sənədlər keçmiş DTXK-nin Qax rayon şöbəsinə aid sənədlərdir və həmin sənədlər arxivə təhvil verilməyib JN-294F KOD 40316018 nömrəli şəhadətnamələrin təsdiqlənmiş surətlərindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 20 saylı qərarı ilə X7 və ailə üzvlərinə 0.14 hektar torpaq sahəsi verilmişdir. Qax rayonunun Tamalı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X7 və ailə üzvləri adına 0.14 hektar torpaq sahəsi verilmişdir. Qax Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli 05/75-430/13 nömrəli məktubuna əlavə edilmiş arayışdan görünür ki, X6, X4 nikahı haqqında 02 iyun 2000-ci il tarixdə 02 nömrəli Akt qeydi tərtib olunmuşdur. Qax Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli 05/75-430/13 nömrəli məktubuna əlavə edilmiş arayışdan görünür ki, X13 xx.xx.2000-ci il tarixdə Qax rayonu Tasmalı kəndində anadan olmuşdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. “Torpaq islahatı haqqında” Qanun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. (-). Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 19 fevral 2016-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə: Bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: 1.Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. (-). Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-); 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunmalı olduğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki,üçüncü şəxslərdən X9 02 iyun 2000-ci il tarixdə X6 ilə nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2000-ci il tarixdə üçüncü şəxslərdən X13 doğulmuşdur.İddia olunan 0.14 ha torpaq sahəsi Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 20 saylı qərarı ilə qanuni istifadəsində olan şəxslərin mülkiyyətinə verilmişdir.Torpağı mülkiyyətə verilməsini təsdiq edən şəhadətnamə isə 2002-ci ildə verilmiş,həmin vaxt orada yaşayan şəxslərin adı göstərilməklə tərtib olunmuşdur. İddiaçı, Qax RAİK-xx.xx.1997-ci il tarixli 20 saylı qərarını yox, müvafiq şəhadətnamənin hazırlanmasında ifadə olunan faktiki xarakterli hərəkətləri mübahisələndirir. Tərtib edilmiş şəhadətnamədə digər şəxslərin də adları daxil edilmiş, bununla da onun mülkiyyət hüququ pozulmuşdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, torpaq sahəsindən faktiki istifadə “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsi anlamında qanuni istifadə kimi başa düşülməməlidir. Yəni, torpaq sahəsindən faktiki istifadə edən şəxslərin həmin istifadənin həyata keçirilməsinə hüquqi əsası olmalı, torpaq sahəsinin onlara ayrılması hüquqmüəyyənedici və texniki sənədlərin məzmunundan aşkar görünməlidir. Göründüyü kimi qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. Lakin, JN-294F nömrəli şəhadətnamə tərtib edilərkən qanunvericiliyin həmin tələbi tam nəzərə alınmamış, həmin torpaq sahəsinin mülkiyyətə verilməsi barədə qərar qəbul olunarkən doğulmamış və aidiyyəti olmayan digər şəxslərin adları daxil edilməklə şəhadətnamələr hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarına əsasən verilmiş Qax rayonu Tasmalı kəndində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi üzərində X7, X19, İddiaçı və X1 birgə mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınaraq Çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar