Məhkəmə qərarları › İş №e-2-1(116)-1833/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-1833/2024

02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-1833/2024 02.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşənin İnkişaf Departamenti, X1 və Bərpası Müəssisəsinin adına Qəbələ şəhəri Nəsimi küçəsi 65 ünvanında yerləşən tikili üçün xx.xx.2014-cü il tarixdə reyestr nömrəsi **********2-06101 olan texniki pasportda düzəlişin olunması və həmin əmlakın mərhum Əhməd Yüzbaşı Qəndi oğlunun mülkiyyətində olması nəzərə alınmaqla arayışın və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşənin İnkişaf Departamenti, X1 və Bərpası Müəssisəsinin adına Qəbələ şəhəri Nəsimi küçəsi 65 ünvanında yerləşən tikili üçün xx.xx.2014-cü il tarixdə reyestr nömrəsi **********2-06101 olan texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli yardım məktubu iddiaçının elektron kabinetinə yerləşdirilmiş və Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən izah olunmuşdur ki, hazırkı iddia mümkünlük şərtlərinə cavab vermir. Belə ki, irəli sürülmüş tələb iddia olunan tikilinin iddiaçının mərhum babası Əhməd Yüzbaşı Qəndi oğluna məxsus olması ilə əsaslandırılmışdır. İddia ərizəsinə əlavə edilmiş X2 Təsərrüfatı Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Qəbələ şəhəri Nəsimi küçəsi 65 ünvanında yerləşən daşınmaz əmlak (inzibati bina) xx.xx.2014-cü il tarixdə sözügedən qurumun adına qeydiyyatdan keçirilərək texniki pasport tərtib edilmişdir. Həmin texniki pasportda hüquq subyekti olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi göstərilmişdir. Həmin tikilinin mərhum Əhməd Yüzbaşı Qəndi oğluna məxsus olması bildirilsə də, iddia ərizəsinə bununla bağlı hər hansı sübut əlavə edilməmişdir. İzah olunmuşdur ki, texniki pasport hər hansı hüququ əks etdirmir, yalnız tikilinin planı, texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin coğrafi xüsusiyyətləri, bir sözlə eksplikasiyası barədə məlumatların qeyd edildiyi texniki sənəddir. Odur ki, sözügedən sənədin ləğv (düzəliş) edilməsi tələbi irəli sürülənədək iddia olunan tikili üzərində əmlak hüquqlarının mövcudluğu ilə bağlı məsələ həllini tapmalıdır. Bunun üçün sözügedən tikili üzərində mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi tələbi ilə cavabdeh orqana, müraciəti təmin edilmədikdə (və ya cavabsız saxlandıqda) isə analoji iddia ərizəsi ilə məhkəməyə müraciət edilməlidir. Məhz tikili üzərində mülkiyyət hüququnun mərhuma məxsus olması məsələsi ilə bağlı tələb uğurlu olarsa, “mülkiyyət hüququnun mərhum Əhməd Yüzbaşı Qəndi oğluna məxsus olması barədə” arayış əsasında vərəsə olaraq mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq çıxarışla rəsmiləşdirilərkən sözügedən tikiliyə dair texniki pasportun hüquq subyekti qrafasına dəyişiklik edilməsi inzibati orqandan tələb edə, müraciəti təmin edilmədikdə (və ya cavabsız saxlandıqda) isə məhkəməyə müraciət edə bilər. Başqa sözlə, xx.xx.2014-cü il tarixdə reyestr nömrəsi **********2-06101 olan texniki pasportun ləğv edilməsi ilə arzulanan məqsədə nail olunması mümkün deyil. Digər tərəfdən yuxarıda qeyd edildiyi qaydada tikili üzərində mülkiyyət hüququ ilə bağlı mübahisə həll olunduqdan sonra tikilinin texniki göstəricilərinin əks olunduğu texniki pasportun ləğv edilməsi yox, texniki pasportda əks olunmuş hüquq subyekti ilə bağlı məlumatların arzu olunan qaydada dəyişdirilməsi tələb edilə bilər. Belə ki, texniki pasport aid olduğu tikili üzərində əmlak hüquqları (balans mənsubiyyəti) müəyyən edilmiş subyektin adına hazırlandığından xx.xx.2014-cü il tarixdə reyestr nömrəsi **********2-06101 olan texniki pasporta düzəliş edilməsi üçün iddia olunan tikili üzərində mərhum Əhməd Yüzbaşı Qəndi oğlunun əmlak hüquqlarının mövcudluğu və iddiaçının da, onun vərəsəsi olması ilə bağlı hüquq müəyyənedici sənəd təqdim edilməlidir. Əks halda iddia olunan tikiliyə iddiaçının hər hansı aidiyyəti olmadığından həmin tələbi irəli sürmək üçün iddiaçının subyektiv hüququ olmayacaqdır. İş materiallarından görünür ki, cavabdeh orqana ilkin müraciətdə də, xx.xx.2014-cü il tarixdə reyestr nömrəsi **********2-06101 olan texniki pasportun ləğv edilməsi məsələsi qaldırılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 gün müddət təyin edilmişdir. Hüquqi yardım məktubu xx.xx.2024-cü ildə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşənin İnkişaf Departamenti, X1 və Bərpası Müəssisəsinin adına Qəbələ şəhəri Nəsimi küçəsi 65 ünvanında yerləşən tikili üçün xx.xx.2014-cü il tarixdə reyestr nömrəsi **********2-06101 olan texniki pasportda düzəlişin olunması və həmin əmlakın mərhum Əhməd Yüzbaşı Qəndi oğlunun mülkiyyətində olması nəzərə alınmaqla arayışın və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli e-2-1(116)-1833/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bununla belə tələbin dəqiqləşdirilməsinə baxmayaraq, iddia ərizəsinin mümkünsüzlüyü ilə bağlı məsələlər aradan qalxmamışdır. Belə ki, tikili üzərində əmlak hüquqlarının mövcudluğu ilə bağlı məsələ həllini tapmadan tələbin dəqiqləşdirilməsi iddia tələbinə mahiyyəti üzrə baxılmasına imkan vermir. Eyni zamanda iddia tələbinin hansı şəkildə ifadə edilməsindən asılı olmayaraq iddiaçının və mərhum babasının Qəbələ şəhəri Nəsimi küçəsi 65 ünvanında yerləşən tikiliyə hər hansı aidiyyətinin olması müəyyən edilmir. Bu isə iddia tələbinin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququnun mövcudluğunu istisna edir. Cavabdeh orqanın təqdim etdiyi X1 və Bərpası Müəssisəsinin balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışdan (1353 qeydiyyat №-li) görünür ki, sözügedən əmlak idarə binası olmaqla dövlət əmlakıdır. “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnamənin 2ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Həmin Əsasnamənin 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının dövlət əmlakının Registri Azərbaycan Respublikasının mülkiyyətidir. Odur ki, iddiaçı, sözügedən qeyri-yaşayış binası ilə bağlı subyektiv hüquqlarının mövcudluğunu sübut etməli və bundan sonra 1353 qeydiyyat №-li daşınmaz dövlət əmlakı haqqında registri mübahisələndirməlidir. İddia olunan tikili dövlət mülkiyyətində olduğundan və həmin qeydiyyat mübahisələndirilmədiyindən, həmin tikiliyə aid hər hansı digər texniki sənədlərə düzəliş edilə, o cümlədən tikili üzərində digər subyektlərin mülkiyyət hüququ qeydiyyata alına (o cümlədən mülkiyyət hüququnun məxsusluğuna dair arayışın verilə) bilməz. Buna görə də, hazırkı mərhələdə iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün deyildir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşənin İnkişaf Departamenti, X1 və Bərpası Müəssisəsinin adına Qəbələ şəhəri Nəsimi küçəsi 65 ünvanında yerləşən tikili üçün xx.xx.2014-cü il tarixdə reyestr nömrəsi **********2-06101 olan texniki pasportda düzəlişin olunması və həmin əmlakın mərhum Əhməd Yüzbaşı Qəndi oğlunun mülkiyyətində olması nəzərə alınmaqla arayışın və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar