Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1894/2024 20.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayılllı rayonu Tircan kənd bələdiyyəsindən alqı-satqı yolu ilə əldə etdiyi qeyd edilən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun elektron kadastr məlumat bazasına daxil etməklə dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İsmayılllı rayonu Tircan kənd bələdiyyəsindən alqı-satqı yolu ilə əldə etdiyi qeyd edilən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun elektron kadastr məlumat bazasına daxil etməklə dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(116)-1894/2024 nömrəli qərardadı ilə İsmayılllı rayonu Tircan Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki,İsmayıllı rayonu Tircan kənd bələdiyyəsinin 20 fevral 2004-cü il tarixli 06 saylı qərarına əsasən İddiaçı sahibkarlıq məqsədi ilə ümumilikdə 3 ha torpaq sahəsi satmışdır. Aqı-satqı aktı Azərbaycan Respublikası “Torpaq islahatı haqqında” Qanunun 19-cu maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən həyata keçirildiyi ləğv edilmiş Dövlət torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müvafiq rəylə təsdiq edilmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə 02 noyabr 2023-cü il tarixli etdiyi müraciətə imtina cavabı verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirmişdir ki, Təqdim edilən sənədlər tərəfimizdən araşdırılan araşdırılan zaman məlum olmuşdur ki, bələdiyyə tərəfindən torpaq satılarkən "Torpaq bazan haqda və Bələdiyyə torpaqlarmın idarə olunması haqqında” Azərbaycan Respublikasının qanunlarına tam şəkildə riayət olunmamışdır. Torpaq sahəsinə dair təqdim edilmiş sənədlərdən aydın olur ki, İsmayıllı rayonu X1 Rabil Suçaət oğluna 3 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair xx.xx.2004-cü il tarixli 06 saylı qərarı olsada ləğv edilmiş DTvə XK-nin İsmayıllı rayon şöbəsi tərəfindən torpaq sahəsinin məkan göstəricilərini özündə əks etdirən Plan və ölçüsü sənədi hazırlanmamış və müvafiq rəylər təqdim edilməmişdir. Torpaq sahəsinin satılması zamanı alqı-satqı sənədləri qanunvericiliyin tələblərinə uyğun hazırlanmamışdır. "Torpaq sahəsinin plan və ölçüsü"-nə dair sənədi təqdim edilməmişdir. Eyni zamanda onuda qeyd etmək istəyirik ki, iddiaçının üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını istədiyi 3 ha torpaq sahəsi ilə bağlı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılmış, torpaq sahəsinə dair əldə olunan məlumatlar kameral şəraitdə elektron baza məlumatlarından və arxiv materiallarında istifadə olunaraq araşdırılarkən müəyyən olunmuşdur ki, faktiki torpaq sahəsi yaşayış məntəqələri torpaqlarından kənarda yerləşməklə, kənd təsərrüfatı təyinatlı ərazi kimi qeyd olunmuşdur. Həmçinin torpaq sahəsinin taktiki koordinatları ilə sənəd üzrə koordinatları arasında uy ğunsuzluq mövcutdur. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə bələdiyyələr kənd təsərrüfatı torpaq sahələrini birdəfəlik alqı-satqı edlə bilməzlər.Həmin torpaqlar yalnız icarəyə verilə bilər. Qeyd olunan səbəblərdən də müraciətinin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına iddiaçı və üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki iddiaçı və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. İsmayıllı rayonu Tircan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarından görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 3.0 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır.
3. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı İsmayıllı rayonu Tircan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı İddiaçı İsmayıllı rayonu Tircan Bələdiyyəsi ərazisindən 3.0 ha torpaq sahəsi ayrılmışdır.
4. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinin xx.xx.2004-ci il tarixli 28 nömrəli məktubundan görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir.
5. İddiaçının təqdim etdiyi xx.xx.2004-ci il tarixli ödəniş qəbzindən görünür ki, 1710 manat məbləğində torpağın dəyəri İsmayıllı rayonu Tircan Bələdiyyəsinin hesabına ödənilmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-5449/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İfadə tərzindən asılı olmayaraq hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı İsmayıllı rayonu Tircan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarına əsasən iddiaçıya ayrılmış 3 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq Çıxarışın verilməsindən ibarətdir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İsmayıllı rayonu Tircan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı ilə İddiaçı iddia olunan 3 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi hazırda onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması bu barədə qərar, ödəniş qəbzi və torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri xx.xx.2004-cü tarixli ödəniş qəbzlərinə əsasən İsmayıllı rayonu Tircan Bələdiyyəsinin hesabına ödənilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlili – alqı-satqı qaydalarına riayət edilməməsi və həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması ilə bağlı olmuşdur. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alğı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alğı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Təqdim edilən mütəxəssis rəyindən görünür ki, İsmayıllı rayonu Tircan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 6 saylı protokolunun qərarı ilə İddiaçı Şücaət oğluna ayrılmış və iddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş 3,0 hektar torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi lə üst-üstə düşmür. İddiaçı Şücaət oğlu tərəfindən göstərilən faktiki naturada ölçülmüş 3,0 hektar torpaq sahəsi Tircan kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) və X3 X4 (TEKUİS) əsasən İsmayıllı rayonu Tircan kənd inzibati ərazi sərhəddi daxilində kateqoriyası kənd təsərrüftatı təyinatlı torpaqlarına aid olmaqla bələdiyyə mülkiyyətində uqodiyası daşlı-örüş olan ərazidə yerləşir. X3 X4 (TEKUİS) əsasən sözügedən 3,0 hektar torpaq sahəsinin 0,30 hektar hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, alt uqodiyası tikintialtı torpaqlar qeyd olunmuş ərazi kimi göstərilmişdir. Yuxarıda qeyd olunan rəyə və torpaq sahəsinin təyinatına dair məhkəmə bildirir ki,iddiaçıya torpaq sahəsinin ayrılmasına dair İsmayıllı rayonu Tircan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı protokolunda ayrılan torpaq sahəsinin kənd ərazisinin ucqarında yerləşdiyi,kənd təsərrüfatına və kəndin mal-qarasının otarılmasına yararsız olduğu bildirilmiş,sahibkarlığın inkişafı məqsədi ilə ayrılması məqsədəuyğun sayılmışdır. Həmçinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinin xx.xx.2004-ci il tarixli 28 nömrəli rəyindən görünür ki,ayrılan torpaq sahəsinin təyinatı şərti yararsız olaraq bildirilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. İddia olunan torpaq sahəsi ayrılan zaman kənd təsərrüfatına yararsız olduğu yuxarıda qeyd olunan sənədlər əsasında müəyyən edilir.Hazırda torpaq sahəsinin yararlılıq vəziyyətinin iddiaçının fəaliyyəti nəticəsində dəyişə bilməsi onun ziyanına təfsir edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı rayonu Tircan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarına əsasən iddiaçıya ayrılmış 3 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq Çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə