Məhkəmə qərarları › İş №e-2-1(116)-1919/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1919/2023

20.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1919/2023 20.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X13, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayonu Sumaylı kəndində yerləşən ona məxsus RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilmiş 0.0712 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin onun xüsusi mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Zaqatala rayonu Sumaylı kəndində yerləşən ona məxsus RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilmiş 0.0712 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin onun xüsusi mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən Çıxarışın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçının atası X10 xx.xx.1998-ci ildə ölmüşdür. Atasından miras qalan əmlak iddiaçıya vəsiyyət olunmuş, yəni Sumaylı kəndində yerləşən 0,0712 ha həyətyanı torpaq sahəsini və həmin torpağın üzərində yerləşən fərdi yaşayış evini o, qəbul etmiş və hal-hazırda da istifadə edir. Sonra zəlzələ zamanı həmin yaşayış evi yararsız hala düşmüş və iddiaçının qəzalı vəziyyətə düşmüş evinin yerində Fövqaladə Hallar Nazirliyi tərəfindən yeni yaşayış evi tikilmişdir. İddiaçı atasından miras qalmış əmlakı qəbul edərək notariusda vərəsəlik açdırmış, lakin həmin ərəfədə yaşayış evi tikilib qutarmadığı üçün vərəsəlik şəhadətnaməsində yalnız torpaq sahəsi göstərilmişdir. O, həmin torpaq sahəsinə RX seriyalı ******* nömrəli Çıxarış almışdır. Həmin torpaq sahəsi üzərində FHN tərəfindən inşa edilmiş yaşayış evi tikilib qurtardıqdan sonra o, fərdi yaşayış evinə də Çıxarış almaq məqsədi ilə cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh, iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı ünvan 1 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5-85/1-B-10-099/2023 saylı məktubu nəzərə alaraq mülkiyyətində olan torpaq sahəsində dövlət tərəfindən inşa edilmiş yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsinin icrası ilə bağlı təqdim edilmiş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, üzərində mülkiyyət hüququ qeydiyyata alınmalı fərdi yaşayış evi “Zaqatala rayonunda 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinə dair Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilmiş (ərazi idarəsinin xidməti istifadəsində olan) siyahılarda qeyd olunan fərdi yaşayış evi İddiaçı deyil, başqa şəxsin adına qeyd olunmuşdur. Buna görə də qeyd olunan fərdi yaşayış evinin İddiaçı məxsus olması ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat (sözügedən evə münasibətdə dürüstləşdirilmiş siyahı) təqdim edildikdən sonra yenidən müraciət edildiyi təqdirdə məsələyə baxılması barədə iddiaçıya xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-B-0015- 8/2023 (**********62) nömrəli məktub ünvanlanmışdır. Zaqatala rayonunda 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evləri üzərində hüquqların qeydiyyatı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında 7 aprel 2022-ci il tarixli, 1656 nömrəli Fərmanı ilə müəyyən edilmiş sənədlər (siyahılar) əsasında aparılır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni mzəmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul olunması xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli) çıxarışdan görünür ki, Zaqatala rayonu Sumaylı kəndində 0,0712 ha torpaq sahəsində yerləşən həyətyanı torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. - X4 xx.xx.1998-ci il tarixli vəsiyyətnaməsindən görünür ki, o. Zaqatala rayonu Sumaylı kəndində yerləşən padvallı iki otaq, aynabəndi olan evini, evdə olan bütün əmlakını, həyətdəki əlavə tikililəri, ona məxsus nə varsa hamısını qızı X5 vəsiyyət etmişdir - Zaqatala rayon İcra Hakimiyyətinin cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı Zaqatala şəhəri Sumaylı kəndində yerləşən mülkiyyətində olan 0,0712 ha həyətyanı torpaq sahəsində mövcud olan fərdi yaşayış evi qəzalı vəziyyətə düşdüyü üçün əvəzində dövlət vəsaiti hesabına yeni fərdi yaşayış evi inşa edilmişdir. X14 2023-cü il 03 aprel tarixli 3-48-47RA-2B-466/2023 nömrəli məktubuna əsasən həmin qəzalı ev və həyətyanı torpaq sahəsinin qeyd olunduğu təsərrüfat 2003-cü ildə bağlanmışdır. Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X18 Xİdmətinə təqdim edilmiş siyahılarda həmin evin kimin adına qeyd olunmasından aslı olmayaraq, üzərində hüquqların mövcudluğunu, əldə edilməsini və s. təsdiq edən hüquqmüəyyənedici sənədlər əsasında müraciət etmiş (şəxsin) adına hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına Rayon İcra Hakimiyyəti etiraz etməmişdir. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, vətəndaşın mərhum atası X4 1996-2000-ci illərdə Göyəm kənd İƏVN-nin təsərrüfatbaşına kitab № 13, səhifə 1003-də ailə tərkibi aşağıdakı kimi olmuşdur:

1. Ailə başçısı kimi X10 qeyd edilmişdir, xx.xx.1998-ci il tarixdə vəfat etmişdir.

2. X12. Ev ümumi sahəsi 57 kv.m, o cümlədən yaşayış sahəsi 32 kv.m - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, vətəndaşın mərhum anası X6 2001-2005-ci illərdə Göyəm kənd İƏVN-nin təsərrüfatbaşına kitab № 13, səhifə 938-də ailə tərkibi aşağıdakı kimi olmuşdur:

2. X12- xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. - AZ-İİ 321318 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. - AZ-İ 588923 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. - A 192503 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd iddiaçının adına Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 nömrəli qərarı ilə ayrılmış 712,29 kv.metr həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - cavabdeh orqan tərəfindən təqdim olunmuş Zəlzələ nəticəsində qəzalı olub yenidən inşa edilən evlərin siyahısından görünür ki, 24-cü sırada X3 da adı qeyd olunmuşdur. - Zaqatala rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zaqatala rayonunda xx.xx.2012-ci il tarixdə və sonrakı dövrdə baş vermiş zəlzələlərin fəsadlarının aradan qaldırılması ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 X9 X2 tərəfindən təqdim olunmuş, rayon sakinləri üçün inşa edilmiş fərdi yaşayış evlərinin siyahıları qanunvericiliyə müvafiq qaydada vətəndaşların mülkiyyətinə verilməsi və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinə göndərilmişdir. Eyni zamanda bildirilmişdir ki, İddiaçı Zaqatala rayonunun Sumaylı kəndində mülkiyyətində olan həyətyanı torpaq sahəsində mövcud olan fərdi yaşayış evi zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyü üçün Fövqəladə Hallar Nazirliyinin komissiyası tərəfindən həmin zaman evdə olan mərhum qardaşı X3 (2022-ci ildə vəfat etmişdir) adına aktlaşdırılmış və dövlət vəsaiti hesabına yeni fərdi yaşayış evi inşa edilmişdir.

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı qyeri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Sumaylı kəndində yerləşən 0.0712 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Sözügedən fərdi yaşayış evi - 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş, X10 və X6 təsərrüfatında olmuş fərdi yaşayış evinin yerində tikilmiş yaşayış sahəsidir. İş materiallarından görünür ki, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş tikili xx.xx.1998-ci il tarixli vəsiyyətnamə ilə X10 tərəfindən iddiaçıya vəsiyyət edilmişdir. İddiaçı, X10 və X6 qanun üzrə vərəsəsi olaraq xx.xx.2013-cü il tarixli, “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrlə Zaqatala rayonu Sumaylı kəndində yerləşən 712.29 kv.m həyətyanı torpaq sahəsini miras əmlak olaraq qəbul etmişdir. Göründüyü kimi qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evi faktiki olaraq iddiaçıya vəsiyyət edildiyindən və tikilinin yerləşdiyi torpaq sahəsi üzərində artıq iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından cavabdeh orqan ilkin yaşayış sahəsinə dair verilmiş xx.xx.1998-ci il tarixli vəsiyyətnaməni, RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli) çıxarışı və Zaqatala rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubunu nəzərə alaraq iddia olunan fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almalı idi. Nəzərə alınmalıdır ki, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin yerində inşa olunmuş fərdi yaşayış evləri ilə bağlı hüquqların qeydiyyatı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 7 aprel 2022-ci il tarixli, 1656 nömrəli Fərmanı ilə müəyyən edilmiş sənədlər (siyahılar) əsasında aparılır. Həmin Fərmanın 1.1-ci bəndinin tələbinə əsasən müvafiq inzibati ərazi vahidlərinin ərazisində baş vermiş təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş və bu Fərman qüvvəyə mindiyi günədək tikinti-quraşdırma işləri başa çatmış və ya tikinti işlərinə başlanılmış yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzillərinin təqdim edildiyi şəxslərin siyahısını (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinə münasibətdə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin surətini, istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarına münasibətdə isə həmin binanın tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismarına icazə sənədinin surətini iki ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilməsi Yerli icra hakimiyyəti orqanlarının vəzifəsi olaraq müəyyən edilmişdir. Həmin Fərmanın 2.1-ci bəndində bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş siyahıda adları qeyd olunan şəxslərin müraciətləri əsasında yaşayış sahələri, habelə yaşayış evlərinin həyətyanı torpaq sahələri üzərində onların mülkiyyət hüquqlarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etmək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin vəzifəsi olaraq müəyyən edilmişdir. İş materiallarından görünür ki, Zaqatala rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş siyahıda sözügedən fərdi yaşayış evinə dair 24-cü sırada X3 adı qeyd olunsa da, sonuncunun həmin fərdi yaşayış evinə heç bir aidiyyəti olmamışdır. Digər tərəfdən Zaqatala rayon İcra Hakimiyyətinin cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda həmin evin kimin adına qeyd olunmasından aslı olmayaraq, üzərində hüquqların mövcudluğunu, əldə edilməsini və s. təsdiq edən hüquqmüəyyənedici sənədlər əsasında müraciət etmiş (şəxsin) adına hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına Rayon İcra Hakimiyyəti etiraz edilmədiyi bildirilmişdir. Hazırkı işin hallarından göründüyü kimi sadalanan sənədlər iddiaçıya münasibətdə mövcuddur. Həmçinin Zaqatala rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilir ki, mərhum X1 adının qeyd edilməsininin səbəbi Fövqəladə Hallar Nazirliyinin komissiyası tərəfindən baxış keçirilən zaman həmin anda evdə olması və akta adının daxil edilməsi olmuşdur. Göründüyü kimi cavabdeh orqan iddiaçıya imtina cavabı verərkən Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş siyahıda Qüdrət İsmayılovun adının qeyd edilməsinin texniki səhvlə bağlı olmasından məlumatlı olmuşdur. Zaqatala rayon İcra Hakimiyyətinin cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubu ilkin siyahıda yol verilmiş qeyri-dəqiqliyin cavabdehin əldə etdiyi məlumatlar əsasında aradan qaldırılmasına yönəldiyindən, cavabdeh orqan istinad olunan Fərmanın tələbləri baxımından iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) mübahisələndirilməsinə dair işlərə isə öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmaqla baxılmalıdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Zaqatala rayonu Sumaylı kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilmiş 0.0712 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar