Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1999/2022 01.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “X1 işlədiyim 1993-2001-ci illərdə olan dövrü sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququmun yarandığı tarixdən, yəni, xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2022-ci il tarixdən cavabdeh tərəfindən dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X1 işlədiyi 1993-2001ci illərdə olan dövrü sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, yəni, xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2022-ci il tarixdən cavabdeh tərəfindən dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək X1 işlədiyi 1993-2001-ci illərdə olan dövrü sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, yəni, xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2022-ci il tarixdən cavabdeh tərəfindən dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclas protokolunun qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: O, xx.xx.1957-ci il tarixdə doğulmuşdur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən yaşa görə əmək pensiyası alınaq hüququ yaranmış və xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yaşa görə 268.61 manat pensiya almışdır. Cavabdeh xx.xx.2022ci il tarixdən onun əmək pensiyasını dayandırıb, qanunsuz olaraq hüquqlarını pozur və əmək pensiyasını ləğv etmişdir. Cavabdehə pensiyanın dayandırılması səbəbi barədə sorğu və müraciət yazmış, pensiyanın dayandırılan gündən bərpa olunmasını tələb etmişdir. Lakin cavabdeh onun əmək pensiyasını bərpa etməmiş cavabında yazdığı məktubda isə təyin olunmuş sosial pensiyadan tutulma apardığını yazmışdır. Eyni zamanda cavabdeh göndərdiyi 23 avgust 2022-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, onlara təqdim etdiyi sənədlərə əsasən onun 27 il 04 ay sığorta stajı vardır. Lakin arxiv arayışına əsasən onun pensiyası dayandırılmışdır. Arxiv arayışında yazılmışdır ki, 1993-2001-ci illərdə işlədiyi X1 adına əmək haqqı hesablanmamışdır. Həmiçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Onun sığorta stajını təsdiq edən əmək kitabçası vardır. İmtina məktubunu aldığı vaxtdan 1 ay keçməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yasına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiyası təyin edilməsi üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur. İddiaçıya müraciətinə əsasən xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş pensiya üzrə ödəniş xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir. Xidməti yoxlama zamanı X4 Arxivinin xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən müəyyən edilmişdir ki, 1993-2001-ci il illərdə “X1” İddiaçı adına əməkhaqqı hesablanmamışdır. Bu səbəbdən iddiaçıya təyin edilmiş pensiya ödənişi dayandırılmışdır. Bundan sonra iddiaçı ona təyin edilmiş əmək pensiyasının bərpa edilməsinə dair Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala müraciət etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə baxılmış və yuxarıda qeyd edilən xüsusatlar nəzərə alınaraq xx.xx.2022-ci il tarixli **********9 nömrəli imtina cavabı verilmişdir. Həmçinin iddiaçının müraciətinə verilmiş imtina cavabında qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən 27 il 4 ay sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2022-ci il tarixədək ödənişi davam etdirilmişdir. Xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən iddiaçının 1993-2001-ci illərdə işlədiyi X1 adına əmək haqqı hesablanmayıb. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən iddiaçının 25 il sığorta stajı olmadığı halda ona 27 il 4 ay sığorta staiı əsasında yaşa görə əmək pensiyası təyin edildiyi müəyyən olunmuş və bu səbəbdən xx.xx.2022-ci il tarixdən əmək pensiyasının ödənişi dayandırılmışdır. Belə ki, iddiaçının 1993-2001-ci illərdə işlədiyi X1 adına əməkhaqqı hesablanmadığı müəyyən edildiyindən və mövcud vəziyyətdə iddiaçının sosial sığorta stajı 25 ildən az olduğu üçün onun yaşa görə əmək pensiyası dayandırılmışdır. Mövcud halda iddiaçının hüququ olmadan ona pensiya ödənildiyindən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 10127.34 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Bu halda imtina cavabından da göründüyü kimi, həmin məbləğ iddiaçıya ödənilməli olan müavinətlə əvəzləşdirilmiş və qalan borc məbləği də aylıq 36 manatdan (20%) çox olmayaraq hal-hazırda sosial müavinətindən tutulmaqdadır. “İnzibati icraat haqqında” Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Yuxarıda qeyd olunmuş normaların məzmunundan aydın olduğu üzrə xidməti yoxlama aparılmış və iddiaçı barəsində qeyd edilən hal müəyyən edilərək ona pensiya ödənişi dayandırılmışdır. Artıq ödəmə məbləği müəyyən edildiyindən Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən artıq ödənilmiş yaşa görə əmək pensiyasının məbləğinin tutulması haqqında xx.xx.2022-ci il tarixli 35271 nömrəli qərar qəbul edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilmənəsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: İddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X1 işləmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X3 daha əvvəllər fəaliyyət göstərmiş tikiş sexinin bazasında yaradılmış və nizamnaməsi “Xalq üçün mallar” Dövlət Konserni tərəfindən xx.xx.1993-cü il tarixdə təsdiq edilmişdir. xx.xx.1998-ci ildə vergi uçotuna alınaraq 51000768 nömrəli VÖEN almışdır. Zaqatala şəhəri F.Əmirov küçəsində fəaliyyət göstərmişdir. Müəssisənin əvvəlki adları barədə məlumatlar vergi orqanında saxlanılmamışdır. Dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar 2004-cü ildə əmlakı tamamilə özəlləşdirilərək ləğv edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X3 2007-ci ildə özəlləşdirilərək hərracın qalibinə satılmışdır. Milli Arxiv İdarəsi Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş arxiv sənədlərindən Məhərrəmova(Cindarova) Zahidət Əhməd qızının 1974-1980-ci illərdə 6 il 4 ay 2 gün əmək stajının olduğu görünür. Həmçinin, 1980-1994-cü illərə aid X2 aid əmək haqqı cədvəllərinin arxiv nüsxələrinə əsasən əmək haqqı aldığı müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı qeyd olunan müddətin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə yaşa görə pensiya almaq hüququnun reallaşmasından ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1 yanvar 2006-ci il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. İşin hallarından görünür ki, iddiaçının həmin dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Həmin Qanunun 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Cavabdeh isə iddiaçının iş stajını təsdiq edən əlavə sübutlar tələb edərək, qeyd olunan normanın tələbini pozmuşdur. Cavabdeh tərəfindən 1993-2001-ci illər ərzində əmək haqqı almadığından və həmin illərə görə sosial sığorta haqqı ödənilmədiyindən həmin illərin onun sosial sığorta stajına daxil edilməməsi əsas tutularaq təyin edilmiş yaşa görə əmək pensiyası dayandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.2.1-ci maddəsində "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi, xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü təsbit edilmişdir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)- 1037/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe ) Qeyd olunmalıdır ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 27 il 4 ay sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı X1 1993-2001-ci illərdə işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2022-ci il tarixindən dayandırılmış əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəxri Hacızadə.
Məhkəmə qərarları › İş №e-2-1(116)-1999/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1999/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver