Məhkəmə qərarları › İş №e-2-1(116)-2005/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2005/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2005/2024 17.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, Aşağı Tala bələdiyyəsinin xx.xx.2016-cı il tarxili qərarının ləğvi və Aşağı Tala bələdiyyəsinin adına verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və planı və ölçüsü" (Reyestr nömresi **********20,verilmə tarixi xx.xx.2016) sənədinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdehin üzərinə Zaqatala rayonu, Aşağı Tala bələdiyyəsinin 18 yanvar 2010-cu il tarixli, 01 saylı qərarına əsasən iddiaçıya satılmış, Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin qoyulması barədə”, həmin torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin işlənməsi ilə bağlı Aşağı Tala bələdiyyəsinin xx.xx.2016 -cı il tarxili qərarının ləğvi və Aşağı Tala bələdiyyəsinin adına verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və planı və ölçüsü" (Reyestr nömresi **********20,verilmə tarixi xx.xx.2016) sənədinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının tələbləri aşağıdakılardan ibarətdir:

1. Zaqatala rayonu, Aşağı Tala bələdiyyəsinin 18 yanvar 2010-cu il tarixli, 01 saylı qərarına əsasən iddiaçıya satılmış, Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi,

2. Həmin torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin işlənməsi ilə bağlı Aşağı Tala bələdiyyəsinin xx.xx.2016-cı il tarxili qərarının ləğvi,

3. Aşağı Tala bələdiyyəsinin adına verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və planı və ölçüsü" sənədinin ləğvi.

İş materiallarından görünür ki, Zaqatala rayon Aşağı Tala bələdiyyəsinin xx.xx.2010cu il tarixli, 01 saylı iclasının qərarına əsasən iddiaçıya 0.06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Lakin, sonradan xx.xx.2016-cı il tarixli, 06 nömrəli iclas protokolunun qərarı ilə bələdiyyənin xx.xx.2010-cu il tarixli, 01 saylı iclasının qərarı dəyişdirilmiş və bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşmə işlərinin aparılması qərara alınmışdır. Sionuncu qərar əsasında Zaqatala rayon Aşağı Tala kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində Zaqatala rayon Aşağı Tala bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq xx.xx.2016-cı il tarixdə, **********5 qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Hazırkı iddia tələbinin irəli sürülməsində iddiaçının hüquqi marağı ona Zaqatala rayonu Aşağı Tala bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 01 saylı iclasının qərarı ilə satılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Yuxarıda qeyd edildiyi kimi bələdiyyənin ilkin qərarı sonradan (xx.xx.2016-cı il tarixdə) dəyişdirildiyindən iddiaçı sonuncu qərarın ləğvini tələb edir. Lakin, bələdiyyə qərarının ləğvi ilə bağlı iddia tələbi həmin qərarı qəbul etmiş Zaqatala rayonu Aşağı Tala bələdiyyəsinə qarşı yox, hazırkı cavabdehə qarşı yönəlmişdir. Nəzərə alınmalıdır ki, iddia olunan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından, həmin qeydiyyat ləğv edilmədən digər subyektə məxsus hüquqların dövlət qeydiyyatı aparıla bilməz. İddiaçı, bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatını mübahisələndirsə də, həmin qeydiyyat Zaqatala rayon Aşağı Tala bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 06 nömrəli iclas protokolunun qərarı əsasında aparıldığından ilk növbədə iddiaçı həmin qərarın ləğvinə nail olmalı, sözügedən qərarın ləğvi ilə bağlı müsbət nəticə əldə etdikdən sonra isə həmin qərar əsasında aparılmış qeydiyyatın ləğvi tələbi ilə hazırkı cavabdehə, müraciəti təmin olunmadıqda isə (və ya cavabsız saxlandıqda) analoji iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Odur ki, Zaqatala rayon Aşağı Tala bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 06 nömrəli iclas protokolunun qərarı ləğv edilmədən onun əsasında aparılmış hüquqların dövlət qeydiyyatının mübahisələndirilməsi ilə bağlı tələbə mahiyyəti üzrə baxıla bilməz. Məhkəmə iclasında Zaqatala rayon Aşağı Tala bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 06 nömrəli qərarının ləğvi tələbinin həmin qərarı qəbul etmiş bələdiyyəyə qarşı irəli sürülməsi iddiaçıya izah edilmişdir. İddiaçı izahatında bildirmişdir ki, Zaqatala rayonu Aşağı Tala bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 01 saylı iclasının qərarı ilə ona 0.06 torpaq sahəsi satıldıqdan sonra o, müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan torpaq sahəsinin 2007ci ildə qanunvericilikdə edilmiş müvafiq dəyişiklikdən sonra bələdiyyə tərəfindən torpaq sahəsinin satılması proseduru pozulmasını əsas gətirərək ona imtina cavabı vermişdir. Bundan sonra o, Zaqatala rayon Aşağı Tala bələdiyyəsinə müraciət etmiş və bələdiyyə tərəfindən ona kömək edilməsi məqsədilə sözügedən torpaq sahəsinin satılması ilə bağlı ilkin qərara dəyişiklik edilmiş və bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması proseduru başlanmışdır. İlkin qərara müvafiq dəyişikliyin edilməsində məqsəd həmin torpaq sahəsinin bələdiyyənin adına sənədləşdirildikdən sonra yenidən ona satılması olmuşdur. Onun, hazırda mübahisələndirdiyi qərardan 2016cı ildən məlumatı olmuşdur. Lakin, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra torpaq sahəsinin dəyərinin yeni qiymətlə ödənilməsi məsələsi yarandığından, o, əvvəllər dəyərini ödədiyi torpaq sahəsi ilə bağlı yenidən əlavə pul məbləğinin ödənilməsi ilə razılaşmamış, buna görə də torpaq sahəsinin ona satılması baş tutmamışdır. Buna görə də, Zaqatala rayon Aşağı Tala bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 06 nömrəli qərarının və onun əsasında tərtib edilmiş sənədlərin ləğv edilməsi və ilkin qərar əsasında sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçının faktiki olaraq mübahisələndirdiyi Zaqatala rayon Aşağı Tala bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 06 nömrəli qərarından həmin qərar qəbul edilən zaman məlumatı olmuş, sözügedən qərar iddiaçının iradəsinə uyğun olaraq, torpaq sahəsinin sənədləşdirilməsi işlərində yaranan çətinliyin (ilkin icraat zamanı yol verilmiş nöqsanların) aradan qaldırılması məqsədilə qəbul edilmişdir. Odur ki, hətta cavabdehin dəyişdirilərək Zaqatala rayon Aşağı Tala bələdiyyəsi qeyd edilməsi belə bələdiyyənin xx.xx.2016-cı il tarixli, 06 nömrəli qərarının ləğvi ilə bağlı tələbə mahiyyəti üzrə baxılmasına imkan verməyəcəkdir. Belə ki, iddiaçı, həmin qərardan məlumatlı olmasından 7 il sonra məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1199 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamış (hakim: Fəxri Hacızadə), həmin qərarda da, Zaqatala rayon Aşağı Tala bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 06 nömrəli qərarı əsasında iddia olunan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vurğulanmışdır. Növbəti dəfə iddiaçı, xx.xx.2024-cü il tarixdə hazırkı tələblə məhkəməyə müraciət etmişdir ki, qeyd olunan hallar iddiaçının mübahisələndirilən qərardan məlumatlı olmasını aşkar sübut edir. Hər bir halda, hətta cavabdeh orqan dəyişdirilərək Zaqatala rayon Aşağı Tala bələdiyyəsi qeyd edildiyi halda belə iddia tələbinin irəli sürülməsi üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxıldığından məhkəmə tərəfindən prossesual qənaət prinsipi nəzərə alınaraq cavabdeh orqanın dəyişdirilərək yeni iddia ərizəsinin təqdim edilməsi iddiaçıya təklif edilməmişdir. İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-nin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2024-cü il tarixdə məhkəmə mümkünlük iclası təyin edilmiş, iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iddiaçıya izah edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayonu, Aşağı Tala bələdiyyəsinin 18 yanvar 2010-cu il tarixli, 01 saylı qərarına əsasən iddiaçıya satılmış, Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi, həmin torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin işlənməsi ilə bağlı Aşağı Tala bələdiyyəsinin xx.xx.2016 -cı il tarxili qərarının ləğvi və Aşağı Tala bələdiyyəsinin adına verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və planı və ölçüsü" (Reyestr nömresi **********20,verilmə tarixi xx.xx.2016) sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar