Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2006/2024 21.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı "cavabdeh tərəfindən iddiaçı barədə çıxarılmış xx.xx.2024-cü il tarixli №**********208700 saylı qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********208700 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmiş və VÖEN:********** saylı VÖEN almışdır. Birliyin Azərbaycan Respublikasının xəzinadarlığında büdcə hesabı var. MMC-də 2018-ci ildən hal-hazırki dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Müəssisə eyni analoji iş və xidmətləri aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli № **********208700 saylı qərarla 2023-cü ilin dekabr ayı üçün 1.236.904,46 AZN (bir milyon iki yüz otuz altı min doqquz yüz dörd , 46 q.) ƏDV hesablanmışdır və xx.xx.2024-cü il tarixdə müəssisənin şəxsi hesab vərəqəsinə işlənmişdir. Müəssisə tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə hesablanmış kameral vergi məbləğinin hesablanmamasına dair xx.xx.2024-cü il tarixdə müraciət edilməsinə baxmayaraq inzibati orqan tərəfindən heç bir tədbir görülməmiş, vergi məbləğləri azaldılmamışdır. Kameral barədə xəbərdarlıq məktubu müəssisə tərəfindən alınarkən vaxtında müvafiq tələb olunan sənədlərin vergi orqanına göndərilməsinə baxmayaraq hesablamalar qanunsuz olaraq aparılmışdır. Müəssisə tərəfindən “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 00+000-76+658 km hissəsinindəki mühəndis kommunikasiya xətlərinin tikilməsi, köçürülməsi və yenidən qurulması” layihəsi üzrə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-dən (VÖEN: **********) ilə “Subpodratçı” müqaviləsi bağlanılmış və müvafiq olaraq müqaviləyə aid 6871691,45 AZN əsas məbləğində işlər görülmüşdür. Müəssisəyə hesablanmış ƏDV-nin əsasında "xxxx" MMC-nin əməliyyat aparıldığı tarixdən sonra, yəni xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilməsi olmuşdur. Əlbəttə ki, bizim müəssisə tərəfindən "xxxx"MMC ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən "xxxx" MMCnin riskli vergi ödəyicisi olması barədə bizim məlumatımız olmamışdır, həmçinin həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Vergi Məcəlləsinim 13.2.82 maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir. Halbuki biz "xxxx" MMC ilə əməliyyat apararkən "xxxx"MMC riskli vergi ödəyicisi siyahısında olmamışdır.Bu özü göstərir ki, "xxxx" MMC real mal təqdim edən şirkətdir, belə ki onun müvafiq xidmətlər göstərməsi və işləri görməsi barədə müvafiq dövlət orqanlarından lisenziya da almışdır. 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarda isə vergi ödəyicisinin hansı hallarda riskli vergi ödəyicisi hesab edilməsi meyarları müəyyən edilmişdir. Bu nöqteyi nəzərdən vergi orqanının "xxxx" MMC-yə münasibətdə ƏDV hesablamasının aparılmasını ədalətsiz və qanunsuz hesab edirik. ƏDV hesablanması barədə qərardan isə müraciətlərimizin heç birinə cavab verilməmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli **********208700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İşin mahiyyəti ilə bağlı qeyd olunmalıdır ki, aparılmış kameral vergi yoxlaması zamanı vergi ödəyicisi "xxxx" MMC ilə “RX Construction" MMC (VÖEN **********) arasında aparılmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə əməliyyatların Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarının tələblərinə əsasən əmtəəsiz əməliyyatlar olması aşkar olunmuş və həmin əməliyyatlar üzrə aparılmış əvəzləşmələr nəzərə alınmayaraq xx.xx.2024-cü il tarixli **********208700 nömrəli ‘Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla əlavə vergi hesablanmışdır. "xxxx" MMC tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDH seriyalı 429945 nömrəli, EBDB seriyalı, 889326 nömrəli və EBDF seriyalı, 138954 nömrəli elektron qaimə-fakturaiar üzrə aparılan əməliyyatlar riskli əməliyyatlar hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə müvafiq olaraq 334 413.5 manat, 504 559.87 manat və 397 931.09 manat məbləğində əlavə dəyər vergisi vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyi üçün təqdim edilmiş ƏDV bəyannaməsi üzrə kənarlaşmalar yaranmış və ümumilikdə 1 236 904.46 manat məbləğində əlavə vergi hesablanmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********291400 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 saylı Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlan”nın 2.1.2-ci maddəsinə əsasən riskli vergi ödəyicisi olduğu müəyyən edilmişdir. Hesab edirik ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********208700 nömrəli qərarı.
2. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2024-cü il tarixli **********291400 nömrəli qərar.
3. Cavabdehin xx.xx.2024-cü il tarixli etirazı və ona əlavə olunan sənədlər;
Əsaslandırma hissəsi
Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formalhüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddihüquqi baxımdan qanunilik). İddiaçı cavabdeh orqanın qərarı ilə onun subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********208700 nömrəli qərarın qərarını mübahisələndirmişdir. İddia ərizəsi xx.xx.2024-ci il tarixində verildiyindən Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin buraxılmamışdır. İddia mümkün iddiadır. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki,iddia mahiyyət etibarı ilə əsaslıdır. Cavabdehin qərarının əsasını iddiaçı tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDH seriyalı 429945 nömrəli, EBDB seriyalı, 889326 nömrəli və EBDF seriyalı, 138954 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli əməliyyatlar hesab olunduğundan əvəzləşdirilməyə əsas verməməsi,qeyd edilən elektron qaimə-fakturalar üzrə müvafiq olaraq 334 413.5 manat, 504 559.87 manat və 397 931.09 manat məbləğində əlavə dəyər vergisi vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyi üçün təqdim edilmiş ƏDV bəyannaməsi üzrə kənarlaşmalar yaranması təşkil etmişdir.Nəticə etibarı ilə ümumilikdə 1.236 904.46 manat məbləğində əlavə vergi hesablanmaqla iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********208700 nömrəli qərar qəbul edilmişdir. Mübahisələndirilən qərar riskli hesab olunan elektron qaimə-fakturaları təqdim edən "xxxx" MMC (VÖEN: **********) ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixində subpodrat müqaviləsinin bağlanması nəticəsində qəbul edilmişdir. İş materillarından müəyyən edilir ki,iddiaçı ilə "xxxx" MMC (VÖEN: **********) arasında subpodrat müqaviləsi xx.xx.2023-cü il tarixində bağlanmışdır. Cavabdehin özünün də qeyd etdiyi kimi "xxxx" MMC DVX-nin İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. Göründüyü kimi iddiaçı ilə "xxxx" MMC arasında müqavilə bağlandıqdan,əməliyyatlar aparıldıqdan 1 ildən artıq müddət sonra sonuncunun “riskli vergi ödəyicisi hesab edilməsinə dair” qərar qəbul edilmişdir. Müvafiq əməliyyatlar aparıldıqdan sonra tərəflərdən birinin riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələrək həmin dövr üzrə yoxlamanın həyata keçirilməsi və inzibati aktın qəbul edilməsi əsasları vergi qanunvericiliyində nəzərdə tutulmadığından mübahisə predmeti olan inzibati akt ləğv edilməlidir. Belə ki,Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. İddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur.(Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1234/2023 saylı 22.xx.xx.2024-cü il tarixli qərarında təsbit olunan hüquqi mövqe). Cavabdeh vergi orqanı iddiaçıya Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən ƏDV hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxsin (mal aldığı şəxsin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutubtutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-480/2024 saylı xx.xx.2023-cü il tarixli qərarında təsbit olunan hüquqi mövqe). Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. ... Maddə 37.4. kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt;. ... 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 58. İnzibati akta dair ümumi tələblər 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır İnzibati Prossesual Məcəllənin: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Mülki Prossesual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, №**********208700 saylı qərarı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.