Məhkəmə qərarları › İş №e-2-1(116)-2008/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2008/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2008/2023 14.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı əsasında mərhum X1, Göyçay rayon Çayarxı kəndi ərazisində yerləşən 0.50 ha torpaq sahəsi üzərində mərhum X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, həmin qeydiyyatı təsdiq edən sənədin və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı əsasında mərhum X1, Göyçay rayon Çayarxı kəndi ərazisində yerləşən 0.50 ha torpaq sahəsi üzərində mərhum X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, həmin qeydiyyatı təsdiq edən sənədin və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2008/2023 nömrəli qərardadı ilə Göyçay rayon Qarabaqqal Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Göyçay rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2004cü il tarixli, 06 saylı qərarı ilə Göyçay rayon Çayarxı kəndi ərazisindən iddiaçının mərhum atası X4 0.50 ha torpaq sahəsi satılmışdır.Həmin torpaq sahəsi ilə bağlı Göyçay rayon Çayarxı Bələdiyyəsi ilə aralarında xx.xx.2004-cü il tarixli alqı-satqı aktı tərtib edilmişdir.Həmin gündən torpaq sahəsinə sahiblik etməklə, vergilərini mərhum X5 ödəmiş, atası vəfat etdikdən sonra isə iddiaçı sahiblik və istifadə etməklə, vergisini ödəyir. İddiaçı həmin torpaq sahəsinin dövlət qeydiyyatından keçirilməsinə çıxarışın alınması ilə bağlı cavabdehə müraciət etmiş və xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən imtina cavabı almışdır. Cavabdeh Məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsi ilə bağlı, ləğv edilmiş DTXK-nın Göyçay rayon Şöbəsi tərəfindən təqdim edilmiş torpaq sahəsinin plan və ölçüsü torpaq sahəsinin ayrılması barədə Göyçay rayon İHB-nın Memarlıq və Tikinti şöbəsinin və ləğv edilmiş DTXK-nın Göyçay rayon şöbəsinin rəyi təqdim edilməmişdir.Əlavə olaraq bildirilir ki, iddiaçı tərəfindən naturada mütəxəssisə göstərilən torpaq sahəsi elektron kadastr baza məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı ərazidə yerləşir.Bundan əlavə sözügedən torpaq sahəsinin 0.036 ha hissəsi **********0023 kadastr nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi ilə torpaq sahəsi ilə 0.0033 ha hissəsi isə **********0386 kadastr nömrəli plan və ölçü sənədi ilə üst-üstə düşür. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Göyçay rayon Çayarxı Bələdiyyəsinin sədrinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı ilə X4 Göyçay rayon Çayarxı bələdiyyəsi ərazisindən 0.50 ha torpaq sahəsi ayrılmış, iddiaçı 379500 manat bələdiyyənin hesabına ödəmişdir.

3. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı “Göyçay rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı iclas qərarı ilə X4 Göyçay rayon Çayarxı Bələdiyyəsi ərazisindən 0.50 ha torpaq sahəsi ayrılmış, 379500 manat bələdiyyənin hesabına ödəmişdir.

4. Az-İ 841903 seriya nömrəli Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X5 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir;

5. Göyçay rayon Notariat ofisinin xx.xx.2023-cü il tarixli 546 nömrəli məktubundan görünür ki, X3 qanuni vərəsəsi İddiaçıdur.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-2970/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Göyçay rayon Çayarxı Bələdiyyəsi və ləğv edilmiş Dövlet Torpaq ve Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən tərtib edilən torpaq sahəsinin planında 0.50 ha torpaq sahəsinin koordinatları mövcud olmadığından sözügedən torpaq sahəsinin xüsusiyyətləri ( naturada sahəsi, təyinatı, (kənd təsərrüfatı təyinatlı olduqda yararlı və ya az yararlı olması) uqodiyası, statusu, mülkiyyətçisi, faktiki istifadəçisi, döndə nöqtələri, yerləşmə vəziyyəti və sair) müəyyən etmək mümkün olmadı.Baxış zamanı iddiaçı tərəfindən naturada göstərilən,mütəxəssisə göstərilən 0.56 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı ərazidə yerləşir Əlavə olaraq bildirilik ki, iddiaçıya naturada göstərdiyi 0.56 ha torpaq sahəsinin 0.036 ha hissəsi ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş **********0023 kadastr nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi ilə verilmiş torpaq sahəsi ilə 0.0033 ha hissəsi isə **********0386 kadastr nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi ilə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia mahiyyət etibarı ilə əsaslı deyil. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Lakin, hazırkı iş üzrə iddia olunan torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədin mövcudluğu müəyyən olunmur. Azərbaycan Respublikasının Konstitusiyasının 145-ci maddəsinə (bələdiyyələrin qərarları) əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İİ). Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir (İİİ). Həmçinin,“Bələdiyyələrin statusu haqqında” Qanunun 1-ci maddəsində (yerli özünüidarə anlayışı) bələdiyyələr ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş üzvlərindən ibarət nümayəndəli kollegial orqan olaraq təsbit edilmişdir. İddiaçı tərəfindən təqdim edilən Göyçay rayon Çayarxı Bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas hesab edilə bilməz.Belə ki,yuxarıda qeyd olunan qərar bələdiyyənin iradə ifadəsini deyil,bələdiyyə sədrinin iradəsini ifadə etmişdir.Sözügedən qərarda torpaq ayrılmasına dair ilkin müraciətə bələdiyyə iclasında baxılması,kollegial qərarın qəbul edilməsi və s hallara istinad edilməmiş,qərarda sahibkarlığın inkişafı məqsədi ilə mərhum X3 ərizəsini nəzərə alaraq torpaq sahəsi ona satılmışdır. Məhkəmə araşdırması zamanı həmin qərarın qəbul edildiyi bələdiyyənin iclas protokolu aşkar olunmamışdır. Sadalanan normaların təhlilindən göründüyü kimi torpaq sahəsinin ayrılması məsələsinə bələdiyyə iclasında baxılmalı və həmin məsələyə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərar qəbul edilməlidir. Müvafiq iclas protokolunda torpaq sahəsinin ayrılması məsələsi öz əksini tapmadığı halda bələdiyyə sədrinin ayrıca qərar verməklə torpaq sahəsini iddiaçıya satmaq səlahiyyəti yoxdur. Odur ki, Göyçay rayon Çayarxı Bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı “İnzibati icraat haqqında” Qanunun 65.1.3-cü maddəsinin tələbi baxımından etibarsız inzibati akt olmaqla, heç bir hüquqi nəticə yaratmır. İşin araşdırılan hallarında görünür ki,iddia olunan torpaq sahəsi 0,50 ha olduğu halda iddiaçının faktiki istifadəsində 0.56 ha torpaq sahəsi var.Həmin torpaq sahəsinin 0.036 ha hissəsi ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş **********0023 kadastr nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi ilə verilmiş torpaq sahəsi ilə, 0.0033 ha hissəsi isə **********0386 kadastr nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi ilə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsinə münasibətdə məhkəmə qeyd edir ki,iddia olunan torpaq sahəsinin koordinatları müəyyən edilməsi mümkün olmadığından üst-üst düşən torpaq sahələri iddia olunanla eyniliyini müəyyən etmək mümkün deyildir.Dİgər tərəfdən faktiki istifadəyə nisbətən ayrılan torpaq sahəsi az olduğundan həmin hissədə iddianın mümkünlüyünə qiymət vermək zərurəti yaranmamışdır. “İnzibati icraat haqqında” Qanunun 65.1.3-cü maddəsinə əsasən qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt etibarsız sayılır. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır Bundan başqa məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə mütəxəssis rəyi əldə edilmiş, müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi Balakən rayonu, Qazbinə kəndinin inzibati ərazi dairəsinin hüdudları daxilində Mahamalar bəldiyyəsinin mülkiyyətində olmaqla, ümumi istifadədə olan yollar və küçələr ərazisinə aiddir. Digər tərəfdən iddia olunan torpaq sahəsinə münasibətdə araşdırma zamanı müəyyən edilmilşdir ki,həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı ərazidə yerləşir.Burada araşdırılma predmeti iki istiqamətdə aparılmışdır. 1.Ərazinin hazırkı hüquqi rejimi. 2.Torpaq sahəsi ayrılan zaman ərazinin hüquqi rejimi. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Həmin Fərmanın 6.2-ci bəndinə müvafiq olaraq, “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların təyinatına uyğun istifadə edilməsi sahəsində işin təkmilləşdirilməsi məqsədləri daşıyır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində-Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində-bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində- Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin məcəllənin 16-cı maddəsinin 2-ci hissəsinə əsasən yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. 3-cü hissəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Maddə 9 Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; İş materialları ilə müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı ona Göyçay rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı əsasında ayrılmış 0.50 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına aparılmasına nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması və bələdiyyənin qərarı ilə özünə satılması bildirir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi TEKUİSə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla,uqodiyası təmiz örüş (kənd təsərrüfatına yararlı) torpaq sahəsidir. Həmin kateqoriya torpaq sahəsinin iddiaçıya satılması barədə qəbul edilmiş qərar əsassız olmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7.1-ci maddəsinin tələbləri baxımından bələdiyyənin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan, kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilməsinə səlahiyyətli vardır. İddia olunan torpaq sahəsi isə sözügedən torpaq sahələrinə aid olmadığından torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsas ola bilməz. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. İddiaçının torpaq sahəsindən istifadə etməsi, ona həmin torpaq sahəsinə mülkiyyət hüququnun əmələ gəlməsinə əsas vermir. Həmçinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən bələdiyyə mülkiyyətində olan örüş olması müəyyən olunmuşdur ki, bu da yuxarıda qeyd olunan normalara əsasən də onun mülkiyyət hüququnun qeydə alınmasını istisna edir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyəti hüququnun dövlət qeydiyyatına alınması üçün üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında”Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı əsasında mərhum X1, Göyçay rayon Çayarxı kəndi ərazisində yerləşən 0.50 ha torpaq sahəsi üzərində mərhum X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, həmin qeydiyyatı təsdiq edən sənədin və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar