Məhkəmə qərarları › İş №e-2-1(116)-2043/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2043/2024

24.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2043/2024 24.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçıların vəkili X2, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1 Əlisurət qızı və İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “xx.xx.2017-ci il tarixli, ********** nömrəli qeydiyyatın və onun rəsmiləşdirilməsinə dair RX seriyalı, ******* nömrəli çıxarışın xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli seriya RX ******* nömrəli çıxarışla üst-üstə düşən hissədə ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1 Əlisurət qızı və İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4 Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət hüquqları itirilməklə, həmin daşınmaz əmlaka dair verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli dövlət reyestri qeydinin ləğv edilməsi və torpaq sahəsinin 2017-ci il tarixli koordinatları ləğv edilərək 1998-ci il tarixində verilən koordinatlara uyğun əvvəlki vəziyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə tədqim edərək xx.xx.2017-ci il tarixli, ********** nömrəli qeydiyyatın və onun rəsmiləşdirilməsinə dair RX seriyalı, ******* nömrəli çıxarışın iddiaçılara məxsus xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli seriya RX ******* nömrəli çıxarışla üstüstə düşən hissədə ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-2043/2024 nömrəli qərardadı ilə X8, X9, X7, X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Göyçay rayonu, Cəyirli kəndində 1.48 ha torpaq sahəsi cavabdeh tərəfindən verilimiş RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış əsasında iddiaçıların mülkiyyətindədir. Həmin torpaq sahəsi iddiaçılara JN-456 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən ayrılmışdır. Sözügedən torpaq sahəsi qonşuları X8 tərəfindən zəbt olunmuş və hal-hazıradək istifadəsindədir. Torpaq sahəsi barədə dəfələrlə məhkəmə mübahisəsi olmuş və yekun məhkəmə qərarına əsasən “İddiaçı4 və digərlərindən 37.183,6 manat pulun tutulub İldırım Məmmədova verilməsi və qalan mübahisələndirilən hissədə qarşılıqlı iddia ərizəsinin rədd edilməsi və qətnamənin “İldırım Məmmədovun torpaq sahəsindən çıxarılması və onun torpaq sahəsinə girişinə qadağan qoyulması” ilə pulun İddiaçı4 və digərlərindən tutularaq İldırım Məmmədova verilməsi hissəsində eyni vaxtda icra edilməsi qət edilmişdir.” Məhkəmə qərarlarından da, göründüyü kimi həmin torpaq sahəsi X4 mülkiyyətində deyil, istifadəsində olması qeyd olunub və eyni zamanda X8 da, torpaq sahəsinin onun mülkiyyətində yox istifadəsində olduğunu bildirib. xx.xx.2023-cü il tarixdə iddiaçılar Göyçay rayon Məhkəməsində əldən çıxmış fayda ilə bağlı iddia qaldırılan zaman belə İ.Məmmədov öz etirazında həmin torpaq sahəsinin onun istifadəsində olması barədə qeyd etdmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixə saat 16:00-a təyin olunan məhkəmə hazırlıq iclası zamanı X8 cavabdeh tərəfindən ona verilimiş xx.xx.2017-ci il tarixli, RK seriyalı, ******* nömrəli çıxarışı məhkəməyə təqdim etdi. xx.xx.2024-cü il tarixədək İ.Məmmədov həmin çıxarışın olması barədə məhkəməyə heç bir məlumat verməmişdir. Həmin çıxarış barədə məhkəməyə şifahi məlumat versə də, çıxarış onlara xx.xx.2024-cü il tarixdə təyin olunan məhkəmə prosesində təqdim olundu və iddiaçı həmin çıxarışın ləğv olunması və koordinatların əvvəlki vəziyyətinə qeytarılması ilə bağlı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmişdir. X1 verilmiş pay torpağının 2017-ci il tarixli yerləşmə koordinatı və ona əsasən verilmiş çıxarış tam qanunsuzdur. Çünki, ona verilmiş 2017-ci il tarixli koordinatlar iddiaçıların mülkiyyət hüquqlarını kobud surətdə pozaraq onların mülkiyyətində olan Göyçay rayonu, Cəyirli kəndində yerləşən 1.48 ha torpaq sahəsinə dair JN-456 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı üzrə onlara təqdim olunmuş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü halda inzibati orqan tərəfindən qanunsuz olaraq torpağın koordinatları dəyişdirilmiş formada təqdim olunmuş, daşınmaz əmlakın dövlət reyestrinin qeydi aparılmış və ona əsasən çıxarış verilmişdir. Hesab edirlər ki, həmin çıxarış əsassız olduğu üçün ləğv olunmalı və torpaq sahəsinin koordinatları 1998-ci il tarixində verilən koordinatlara uyğun əvvəlki vəziyyətinə qaytarılmalıdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - xx.xx.2017-ci il tarixli, ********** nömrəli qeydiyyatın və onun rəsmiləşdirilməsinə dair RX seriyalı, ******* nömrəli çıxarışın iddiaçılara məxsus xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli seriya RX ******* nömrəli çıxarışla üst-üstə düşən hissədə ləğv edilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsnin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı ərizədə qeyd olunan məsələlərlə bağlı idarəyə müraciət etməmişdir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırırlmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məxburetmə öhdəliyinin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilmısi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması , yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsasəlandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə iclasında iddiaçıların vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasında qanunamüvafiq qərar verilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli və xx.xx.2017-ci il tarixli, RX ******* çıxarış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar, A №113863-li, B№ 126238-li Torpaq sahəsinin planı və ölçüsü sənədləri, JN-399 və JN-456 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları, cavabdehin xx.xx.2024 və 22 oktyabr 2024-cü il tarixli məktublarına əlavə olunmuş mütəxəssis rəyləri və yerquruluşu planları, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1277/2020 saylı qərarı. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Cavabdeh orqan iddiaçıların analoji tələblə inzibati orqana müraciət etmədiklərini bildirsə də, iş materiallarında olan iddiaçıların vəkili (nümayəndəsi) tərəfindən xx.xx.2024cü il tarixdə cavabdeh orqana ünvanlanmış ərizədən görünür ki, cavabdeh orqandan məhz xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi xahiş edilmiş, həmin ərizə - “məktub və bağlamaların daşınması xidməti” tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh orqana çatdırılmışdır. Bununla belə cavabdeh orqan müraciətin təmin edilməsi və ya edilməməsi ilə bağlı hər hansı mövqe bildirməmişdir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı:

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;

5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. İş materiallarından görünür ki, JN-456 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 1,48 ha torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətinə verilmişdir. X17 DWJ xəritəsində yerləşmə mövqeyi nəzərə alınmaqla iddiaçıların adına xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli seriya RX ******* nömrəli çıxarış tərtib edilməklə onların ümumi birgə mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda üçüncü şəxslərə JN-399 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 1,14 hektar torpaq sahəsi ayrılmış və cavabdeh orqan üçüncü şəxslərin torpaq faktiki istifadə vəziyyətini nəzərə almaqla iddiaçının iradəsinə uyğun olmadan mübahisəli torpaq sahəsində dürüstləşmə işləri aparmış və yeni uçot xəritələrinə uyğun hüquqmüəyyənedici sənədlər hazırlamış, iddiaçılara məxsus torpaq sahəsi ilə eyni ərazidə üçüncü şəxslərin ümumi birgə mülkiyyət hüququnu dövlət qeydiyyatına alaraq xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış və xx.xx.2023-cü il tarixli, B126238 nömrəli plan-ölçü sənədi tərtib etmişdir. Təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, B126238 nömrəli plan-ölçü sənədində (**********91 reyestr nömrəli çıxarış) əks olunan koordinatlarla müəyyənləşən 1.14 ha torpaq sahəsinin 0.61 ha hissəsi А113863 nömrəli plan-ölçü sənədində (**********02 reyestr nömrəli çıxarış) əks olunan koordinatlarla müəyyənləşən 1.48 ha torpaq sahəsi ilə üst-üstə düşür. Mülki Məcəllənin 140-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərdə tutulmuşdur. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. İşdə olan sənədlərlə müəyyən edilir ki, cavabdeh orqan üçüncü şəxslərin ümumi birgə mülkiyyət hüquqlarını iddiaçılara məxsus torpaq sahəsi ilə eyni ərazidə dövlət qeydiyyatına alarkən iddiaçıların razılığını almamış, eyni zamanda sözügedən qeydiyyatın aparılması ilə bağlı məhkəmə qərarı mövcud olmamışdır. Əksinə cavabdeh orqanın müvafiq qeydiyyatı apardığı torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bərpa edilmişdir. Nəzərə alınmalıdır ki, **********02 reyestr nömrəli çıxarışla (********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli) İddiaçı4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.48 ha torpaq sahəsi və sözügedən çıxarışa əlavə olunmuş А№113863 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” ləğv edilməmiş, hazırda qüvvədədir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının tələbləri baxımından ərazi vahidləri üzrə layihələr həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırıldığı, ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarını pozmadığı hallarda torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə müvafiq sənədlərin tərtib edilməsinə yol verilir (2.3.5). Yəni faktiki istifadə vəziyyətinə uyğun konfiqurasiya fərqlərini aradan qaldırmazdan əvvəl cavabdeh orqan sadalanan halları nəzərə almalı idi. İstinad olunan Fərmanın 2.3.4-cü bəndinin tələbinə görə ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması cavabdeh orqanın vəzifəsi olduğu halda, cavabdeh orqan məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı olmadan, iddiaçının hüquqlarına aşkar müdaxilə edərək məhkəmə qətnaməsindən sonrakı faktiki istifadə vəziyyətini əsas götürməklə mübahisəli torpaq sahəsinin ərazi hüdudlarını müəyyən etmiş, tərəflər arasında həmin torpaq sahəsindən istifadə ilə bağlı məhkəmə çəkişməsinin mövcudluğunu və qəbul edilmiş yekun məhkəmə aktının məzmununu aşkar bildiyi halda əsassız olaraq üçüncü şəxslərin mülkiyyət hüququnu məhz iddiaçılara məxsus torpaq sahəsi üzərində qeydə almışdır. İşdə olan mütəxəssis rəyində qeyd edilmişdir ki, kəndin islahat xəritəsi (DVJ) ilə real məkan arasında konfiqurasiya, bucaq, sürüşmə və uyğunsuzluq olduğu üçün JN-399 nömrəli Dövlət Aktının islahat xəritəsində (DVJ) yerləşmə vəziyyəti mütəxəssis tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. Yəni, faktiki olaraq JN-399 nömrəli Dövlət Aktı mübahisəli torpaq sahəsinin yerləşdiyi əraziyə aid deyil. İddiaçılara məxsus torpaq sahəsinə dair tərtib edilmiş А113863 nömrəli plan-ölçü sənədi isə kəndin islahat xəritəsində (DVJ) mövcud olan JN-456 nömrəli Dövlət Aktının üzərində tərtib edilmişdir (ilkin sənədlərə uyğundur). Mütəxəssis rəyində qeyd edilmişdir ki, idarənin xidməti istifadəsinə verilən Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları (TEKUİS) əsasında tərtib edilmiş elektron kadastr xəritəsində **********02 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 1.48 ha torpaq sahəsi (faktiki sahəsi 1.41 ha olaraq) olaraq iki ayrı-ayrı hissədə təsbit edilib göstərilmişdir. Məhkəmə qeyd edir ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları mübahisə olmadığı halda (ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda) faktiki istifadə vəziyyətinə, yaxud hüquq müəyyənedici sənədin məzmununa uyğun olmalıdır. Hazırkı iş üzrə **********02 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 1.48 ha torpaq sahəsinin TEKUİS-də iki ayrı-ayrı hissədə təsbit edilməsi nə faktiki istifadə vəziyyətinə, nə də hüquq müəyyənedici sənədin məzmununa uyğun deyildir. Bu isə TEKUİS-də təsbit edilmiş məlumatların əsassız olmasını göstərir. **********91 saylı çıxarışla (В126238) mülkiyyətə verilmiş 1.14 ha torpaq sahəsinin verilməsinə əsas olan JN-399 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə mülkiyyətə verilmiş 1.14 ha torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsi ilə eyni ərazidə TEKUİS xəritəsində göstərilməsi isə yuxarıda qeyd edildiyi kimi birbaşa Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının tələblərinə zidd olmuşdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, cavabdeh orqanın üçüncü şəxslərin ümumi birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatını aparılmasında ifadə olunan hərəkətləri iddiaçılara məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə əsassız olduğundan, iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə xx.xx.2017-ci il tarixli, ********** nömrəli qeydiyyatın və onun rəsmiləşdirilməsinə dair RX seriyalı, ******* nömrəli çıxarışın iddiaçılara məxsus xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli seriya RX ******* nömrəli çıxarışla üstüstə düşən hissədə ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar