Məhkəmə qərarları › İş №e-2-1(116)-2054/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2054/2024

03.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2054/2024 03.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “DTXK-nın Balakən rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-150F nömrəli 2004-cü il tarixli şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə iş materialları ilə birlikdə baxaraq, müəyyən etdi: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, DTXK-nin Balakən rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-150F nömrəli 2004-cü il tarixli şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya və onun nümayəndəsi və vəkilinə xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, nəzərlərinə çatdırılmışdır ki, mübahisələndirilən JN-150F kod 40107018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” DTXK-nın Balakən rayon şöbəsi tərəfindən verilmiş şəhadətnamə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli 05 nömrəli qərarına əsasən 0,07 ha həyətyanı torpaq sahəsinin İddiaçı və onun ailə üzvləri olmuş X4, X5 və X2 ayrılması ilə əlaqədar tərtib olunmuşdur. Lakin şəhadətnamə iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən mübahisələndirilməmiş, bu məsələ ilə bağlı mübahisə açılmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, şəhadətnamə Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli qərarı əsasında 2004-cü ildə tərtib edilməsinə baxmayaraq, iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəhadətnamənin ləğv edilməsi istiqamətində hər-hansı hərəkət edilməmişdir. Bununla da torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş MPM-in 298-ci maddəsi ilə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmənin xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubunda iddiaçıya və onun nümayəndəsi və vəkilinə iddia müddəti bağlı qanunvericiliyin tələbləri izah edilmiş və məktuba münasibət bildirilməsi təklif olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iş materiallarına ərizə əlavə etməklə məhkəmənin xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubunda qeyd olunanlara münasibətini bildirmişdir. Nümayəndə ərizəsində qeyd etmişdir ki, iddiaçı tərəfindən prosessual müddət ötürülməmişdir. Belə ki, iddia ərizəsində də qeyd edildiyi kimi ünvan 1 “H.Nəsibov” adına kolxozun 25 mart 1988-ci il tarixli 2 №-li Ümumi Yığıncağının qərarı ilə İddiaçı 0,07 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsində iddiaçı tərəfindən 1991-ci il tarixdə fərdi yaşayış evi tikilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışa əsasən ünvan 1indəki 0,07 ha torpaq sahəsi, eləcə də həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 112,3 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Bir müddət əvvəl iddiaçının keçmiş arvadı və övladları tərəfindən ona qarşı “torpaq sahələri üzrə payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən yalnız sonuncu məhkəmə iclası barədə məlumat əldə etdiklərin iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-150F nömrəli şəhadətnamənin hansı əsasla verilməsi məsələsinin aydınlaşdırlması mümkün olmamışdır. Şəki Apellyasiya Məhkəməsinin MKnın 04 aprel 2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sorğuya cavab və işin halları müzakirə edilmişdir. Məhz 04 aprel 2024-cü il tarixli məhkəmə iclasında iddiaçıya məlum olmuşdur ki, ona məxsus ünvan 1i ünvanında yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinə dair verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-150F nömrəli şəhadətnamənin verilməsi üçün hər hansı bir hüquqi əsas mövcud olmamış, həmin Şəhadətnamə verilərkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. İddiaçının nümayəndəsi və vəkili MPM-in 298-ci və İPM-in 38.1-ci maddələrinə əsasən hesab etmişdir ki, iddia tələbi üzrə prosessual müddət ötürülməmişdir. Məhkəmə iddia ərizəsini iddiaçının nümayəndəsi və vəkilinin ərizə ilə birlikdə qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. “Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının xx.xx.1995ci il tarixli 978 nömrəli Qanununun 3-cü maddəsinin dördüncü hissəsinə sasən, torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə görə islahatın aparılması üçün Azərbaycan Respublikası X10 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə X10 Komissiyası yaradılmış, Prezidentin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası X10 Komissiyası haqqında Əsasnamə" təsdiq edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155- İQ nömrəli Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X10 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X3 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X10 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X10 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X10 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, “X9 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X3 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. Belə ki, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı ünvan 1ində yerləşən 0,07 ha torpaq sahəsinə dair İddiaçı, X4, X5 və X1 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsindən ibarətdir. Mübahisələndirilən JN-150F nömrəli kod 40107018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə nəzər etdikdə görünür ki, şəhadətnamə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarına əsasən 0,07 ha həyətyanı torpaq sahəsinin iddiaçı və onun ailə üzvləri olmuş şəxslərə ayrılması ilə əlaqədar 2004-cü ildə tərtib olunmuşdur. Lakin iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəhadətnamə ötən müddət ərzində mübahisələndirilməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmənin iddia müddəti ilə bağlı hüquqi yardım məktubuna yazılı münasibət bildirərək, şəhadətnamənin verilməsinə hüquqi əsasın olmadığının 2024-cü ilin aprel ayında mülki mühakimə icraatı qaydasında keçirilmiş məhkəmə iclasında onlara məlum olduğunu qeyd etsə də, məhkəmə bu mövqe ilə razılaşmamaqla yanaşı hesab edir ki, şəhadətnamənin verildiyi vaxt eyni hüquqi əsaslar mövcud olmuş, şəhadətnamə iddiaçıya təqdim edildiyi vaxtdan iddiaçı şəhadətnamənin mövcudluğu barədə, həmçinin həmin şəhadətnamədə qeyd olunmuş torpaq sahəsinin aqrar islahat komissiyasının müvafiq qərarı ilə hansı şəxslərə ayrıldığı barədə məlumatlı olmuş, lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İnzibati Prosessual Məcəllə isə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər-hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Yəni Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların və edilmiş hərəkətlərin mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər-hansı münasibətə qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Məhkəmə onu da vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası analoji iş üzrə xx.xx.2023-cü il tarixli 2-1(102)-1149/2023 nömrəli qərarında eyni hüquqi mövqedən çıxış etmişdir. (qərar işə əlavə olunur, 29-32-ci bəndlər) Bununla yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası analoji iş üzrə xx.xx.2023-cü il tarixli 2-1(102)-887/2023 nömrəli qərarının 39-42 ci bəndlərində eyni məsələyə aşağı instansiya məhkəmələrinin diqqətini çəkmişdir. (qərar işə əlavə olunur) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırkı tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “DTXK-nın Balakən rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-150F nömrəli 2004-cü il tarixli şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar