Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2066/2024 06.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Lətif oğlunun sədrliyi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil (ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır, ixtisasca hüquqşünasdır, Şəki Rayon Vəkil Bürosunun vəkilidir) cavabdehin nümayəndəsi X1 (ünvan 3 ünvanında qeydiyyatdadır, ixtisasca hüquqşünasdır, Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Hüquq şöbəsinin baş hüquqşünasıdır) iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri – Ağsu rayonu, Musabəyli kəndi) cavabdeh – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə (yerləşdiyi yer – Şamaxı şəhəri, Bakı-Qazax yolu, 118-ci km) qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında qərarın ləğv edilməsi» iddia tələbi üzrə inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 28 yanvar 2023-cü il tarixdə əsas fəaliyyəti “kütləvi informasiya vasitələri saytları kimi portal funksiyalı sair web saytlarından istifadə” olmaqla vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçmişdir. Vergi orqanında onun hər hansı təsərrüfat subyekti uçota alınmamışdır. İddiaçı fəaliyyəti ilə bağlı uçotda olduğu vergi orqanına – cavabdehə 2023-cü ilin 1ci rübü üzrə “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” təqdim etməmişdir. Cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən bank hesabı məlumatlarının araşdırılması zamanı iddiaçının güzəştli vergi tutulan ölkədə qeydiyyatda olan şəxslərə 2023-cü ilin 1-ci rübü üzrə ümumilikdə 151.787,10 manat məbləğində vəsait köçürməsinə baxmayaraq, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” təqdim etməməsi əsas götürülməklə kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında ona 10 yanvar 2024cü il tarixli məktub ünvanlanmışdır. İddiaçı vergi ödəyicisi kimi 10 yanvar 2024-cü il tarixli məktubda nəzərdə tutulan dövr üzrə müvafiq bəyannamə, zəruri sənədlər və ətraflı izahat təqdim etmədiyindən, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37, 67, 83, 125-1-ci maddələri rəhbər tutularaq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 18 yanvar 2024-cü il tarixli **********791300 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla iddiaçıya 2023-cü ilin 1-ci rübü üzrə 15.178,71 manat (ödəniş məbləğinin 10% həcmində) ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. İddiaçı 24 yanvar 2024-cü il tarixdə vergi orqanının 18 yanvar 2024-cü il tarixli **********791300 nömrəli qərarının – əlverişsiz inzibati aktının ləğv olunması tələbi ilə Sumqayıt İnzibati Məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı hesab edir ki, cavabdehin 18 yanvar 2024-cü il tarixli **********791300 nömrəli qərarı Vergi Məcəlləsinin 3, 17, 37-ci maddələrinin pozulması nəticəsində qəbul edildiyindən ləğv olunmalıdır. İddia tələbi belə əsaslandırılır ki, “Tik-tok” sosial platformasında qeydiyyatdan keçmiş şəxslər öz hesablarına jeton yüklənməsini arzuladıqda, həmin jetonun dəyərini və xidmətə görə əlavə haqqı iddiaçının bank hesabına ödəyir, iddiaçı isə vasitəçi kimi “Tik-tok” şəbəkəsinin internet səhifəsinə sifarişçinin adı ilə daxil olur və sifariş edilən sayda jetonu xüsusi elektron ödəmə sistemi vasitəsilə onun şəxsi hesabına yükləyir. Ödənişlər iddiaçının öz biznes kartı vasitəsilə aparıldığından və jetonlar sifarişçinin vətəndaş kimi sosial platformada qeydiyyatdan keçdiyi hesab üzərindən yükləndiyindən, həmin ödənişlər sahibkarlıq fəaliyyəti məqsədləri üzrə ödəmə qismində qiymətləndirilə bilməz. Jetonların alışı hər hansı mülki xarakterli əqd əsasında deyil, onlayn ödəniş sistemi vasitəsilə istifadəçinin qeydiyyatdan keçdiyi hesaba yüklənməsi qaydasında həyata keçirilir. İddiaçının jeton alarkən apardığı ödənişlərdən ödəmə mənbəyində vergi tutmaq hüququ da olmamışdır. Bundan başqa, iddiaçı “Tik-tok” şəbəkəsinin rəsmi internet səhifəsindən hansı ölkədə və ya ərazidə qeydiyyatdan keçmiş subyektə ödəmə aparılmasından məlumatlı olmamışdır. Bu əməliyyatlarda o, jeton alqı-satqısı ilə məşğul olmamış, aldığı ödəniş müqabilində jetonun sifarişçinin hesabına yüklənməsini təmin etmişdir. Qeyd olunanlardan başqa, müvafiq dövr üzrə hər hansı bəyannamə verilmədiyi halda, cavabdeh Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərini pozaraq, kameral vergi yoxlaması ilə 18 yanvar 2024-cü il tarixli qərarı qəbul etmişdir. Cavabdeh iddiaya etiraz edir və Vergi Məcəlləsinin 37, 67, 83-cü maddələrinə istinad edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bank hesabı məlumatlarının araşdırılması zamanı İddiaçı tərəfindən güzəştli vergi tutulan ölkədə qeydiyyatda olan şəxslərə 2023-cü ilin 1-ci rübü üzrə ümumilikdə 151.787,10 manat məbləğində vəsait köçürülməsi müəyyən edilmiş, lakin o, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” təqdim etməmişdir. Bu səbəbdən iddiaçıya kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 10 yanvar 2024-cü il tarixli məktub göndərilərək, müvafiq dövr üzrə cari (dəqiqləşdirilmiş) bəyannamə və ətraflı izahat tələb edilmişdir. İddiaçı tərəfindən müvafiq bəyannamə, zəruri sənədlər və izahat təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələri rəhbər tutularaq, ona münasibətdə 2023-cü ilin 1-ci rübü üzrə 18 yanvar 2024-cü il tarixli **********791300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərar qəbul olunmuşdur. Qərarla iddiaçıya 15.178,71 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Hesablamanın maddi əsası ondan ibarətdir ki, iddiaçı müvafiq pul vəsaitlərini “X6 Kong Limited” şirkətinə köçürmüşdür. Beynəlxalq məlumat bazasına əsasən “Tiktok LTD” (Orbis İD:3********) şirkəti Kayman adalarında qeydiyyatdadır. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 724 nömrəli Fərmanı ilə Honq-Konq (ÇXR) və Kayman adaları güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısına daxildir. “Tik-tok” sosial şəbəkəsinin güzəştli vergi tutulan ölkədə və ya ərazidə (Honq-Konqda) olan bank hesablarına vergi ödəyicisi tərəfindən aparılmış ödəmələrdən Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. İddianın təmin edilməməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi X2 cavabdeh inzibati orqan tərəfindən kameral vergi yoxlamasının qanunauyğun aparıldığını, qanunla müəyyən edilmiş müddətlərə əməl olunduğunu bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Cavabdehin mübahisələndirilən qərarının qəbulu 18 yanvar 2024-cü il tarixə, iddia ərizəsinin məhkəməyə (Sumqayıt İnzibati Məhkəməsinə) verilməsi isə 24 yanvar 2024-cü il tarixə, yəni qərarın qəbulundan 6 gün sonrakı tarixə təsadüf etdiyindən, məhkəmənin qənaətinə görə hazırkı işdə 18 yanvar 2024-cü il tarixli **********791300 nömrəli qərara münasibətdə mübahisələndirmə haqqında iddia üzrə iddia müddəti buraxılmamışdır. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi, və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Ağsu rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına, Şamaxı rayonu isə Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahidləridir. İş materiallarına əsasən İddiaçı yaşayış yeri Ağsu rayonunun Musabəyli kəndidir. Məhkəmə təkrarən diqqətə çəkir ki, hazırkı iş Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərardadı ilə baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Qərardadda cavabdeh tərəfin təmsilçisinin məhkəmə iclasındakı izahatına əsasən vurğulanmışdır ki, Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin yurisdiksiyasına Şamaxı, Qobustan və Ağsu rayonları daxildir. Məhkəmə işin baxılması üçün aidiyyəti üzrə göndərmiş Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, inzibati orqana qarşı hazırkı mübahisə üzrə iddia tələbi “mübahisələndirmə haqqında” iddiaya aid olmaqla həmin orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdehin 18 yanvar 2024-cü il tarixli **********791300 nömrəli qərarı qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətə görə mübahisələndirilən 18 yanvar 2024-cü il tarixli qərar inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının tələblərinin pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Məhkəmə bu qənaətini aşağıdakı kimi əsaslandırır: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə görə bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank və digər ödəniş hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinin birinci hissəsinə görə kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Həmin maddənin ikinci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 72.1-ci maddəsinə görə bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Həmin Məcəllənin 83.4-cü maddəsinə görə bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsində, yaxud əvvəllər verginin hesablanmasında səhv olunduğunu müəyyən edildiyi hallarda, vergi orqanı qanunvericiliyə uyğun vergiləri hesablayır və sonra bu Məcəllənin 84-cü maddəsinə uyğun olaraq verginin hesablanmasına dair bildirişi 5 iş günü müddətində vergi ödəyicisinə göndərir. Vergi orqanı bu Məcəllənin 85-ci maddəsində göstərilən müddət başa çatanadək vergi məbləğini qanunvericiliklə müəyyən edilmiş qaydada hesablaya və ya əvvəllər hesablanmış vergi məbləğinə düzəliş edə bilər. Həmin Məcəllənin 85.4-cü maddəsinin birinci hissəsinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 125-1-ci maddəsinə görə bu Məcəllənin digər müddəalarından asılı olmayaraq, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (maddə 61.1). Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir (maddə 61.2). İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (maddə 61.4). Aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda (maddə 61.5). Məhkəmə cavabdeh tərəfin kameral vergi yoxlamasının müvafiq bəyannamə təqdim edilmədiyi halda, hər hansı məhdudiyyət olmadan Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulan 3 il müddət ərzində keçirilməsinin mümkünlüyü mövqeyi ilə razılaşmır və hesab edir ki, kameral vergi yoxlamasına həmin kriteriyanın aid edilməsi yolverilən deyil. Belə ki, vergi qanunvericiliyi ödəmə mənbəyində tutulan vergiyə münasibətdə kameral vergi yoxlamasının müvafiq sənədlərin, o cümlədən vergi bəyannaməsinin vergi ödəyicisi tərəfindən təqdim olunduğu vaxtdan 30 iş günü müddətində keçirilməsini nəzərdə tutur. Vergi Məcəlləsinə görə vergi ödəyicisi tərəfindən ödəmə mənbəyində tutulan vergi üzrə bəyannamə hər rüb üçün zəruri olmaqla, rübdən sonrakı növbəti ayın 20-dək təqdim edilir. Vergi Məcəlləsinin müvafiq müddəalarının məzmunu belə deməyə əsas verir ki, vergi nəzarətinin formaları kimi səyyar vergi yoxlaması ilə müqayisədə kameral vergi yoxlaması dar çərçivəli üsuldur. Bu formanın həyata keçirilməsini qanunvericilik normaları müvafiq hərəkət və müddətlərlə məhdudlaşdırır. Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə görə kameral vergi yoxlamasının keçirilməsi üçün müddətin başlanğıcı müvafiq bəyannamənin verilməsi ilə şərtləndirilir. Bu isə o deməkdir ki, həmin yoxlama sözügedən bəyannamə təqdim edilmədikdə keçirilə bilməz, yaxud bəyannamənin təqdim olunması üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra 30 iş günü ərzində keçirilə bilər. Vergi Məcəlləsinin 83.4-cü maddəsi də məzmununa görə vergi orqanının qanunvericiliyə uyğun vergiləri hesablayıb bu barədə bildiriş göndərilməsini vergi bəyannaməsinin verilməsi və (və ya) əvvəlki hesablamada səhvin olması ilə şərtləndirir. Hazırkı işin hallarında 2023-cü ilin İ rübü üçün ödəmə mənbəyində tutulan vergi üzrə bəyannamənin 20 aprel 2023-cü il tarixdən sonrakı vaxtda, yəni müəyyən olunmuş tarixdən gec təqdim edilməsi ilə bağlı hər hansı xüsusat müəyyən edilmir. İddiaçı həmin dövr üçün ödəmə mənbəyində tutulan vergi üzrə bəyannamə təqdim etməməsi işin mübahisəsiz halına aiddir. Belə olan halda, məhkəmənin qənaətinə görə 2023-cü ilin 1-ci rübü üçün ödəmə mənbəyində tutulan vergi üzrə kameral vergi yoxlaması ən geci 20 aprel 2023-cü il tarixdən 30 iş günü keçənədək keçirilə bilərdi. Halbuki, inzibati orqanın kameral vergi yoxlaması 10 yanvar 2024-cü il tarixdə uyğunsuzluq (kənarlaşma) məktubu göndərilməklə və 8 gün sonra (bu xüsusat da praktik hal deyil) qərar qəbul olunmaqla keçirilmişdir. Bununla da, mübahisələndirilən qərar qəbul edilərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin, «İnzibati icraat haqqında» Qanunun 11 və 48.1-ci maddələrinin tələbləri pozulmuşdur. Eləcə də inzibati orqanın 18 yanvar 2024-cü il tarixli **********791300 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) və 62-ci maddələrinə və İPM-in 38.1-ci maddəsinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və iddiaçıya ünvanlanmış uyğunsuzluq məktubundan bir hissəni əhatə edən məzmunda mətn verilməklə kifayətlənilmişdir. Bundan başqa, qərarda inzibati icraatda – kameral vergi yoxlaması üzrə əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktın özündə yazılı şəkildə əsaslandırılması yeterli qiymətləndirilmir. Cavabdeh tərəfindən aparılan inzibati icraatda hazırda mübahisələndirilən 18 yanvar 2024-cü il tarixli qərar inzibati icraat haqqında hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən, məhkəmə həmin qərarın qəbulunda iddiaçının dəlilləri üzrə maddi hüquq normalarının tətbiqi məsələsinə qiymət verilməsini zəruri bilmir. Məhkəmə həm də hesab edir ki, mübahisələndirilən inzibati akt (18 yanvar 2024-cü il tarixli qərar) qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu (əlavə faizlərlə) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 18 yanvar 2024-cü il tarixli **********791300 nömrəli qərarı qanuna zidd olduğundan və onların qəbulu nəticəsində iddiaçının hüquqları pozulduğundan ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 68, 69, 70.1, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 18 yanvar 2024-cü il tarixli **********791300 nömrəli qərarı ləğv edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 5legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №e-2-1(116)-2066/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2066/2024
06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver