Məhkəmə qərarları › İş №e-2-1(116)-2123/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2123/2025

03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2123/2025 03.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı müraciət edərək, Ucar rayonu Qazıqumlaq bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Ucar rayonunun Qazıqumlaq kəndi ərazisindən ona satılmış 0,06 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-1(116)-2123/2024 nömrəli qərardadı ilə Ucar rayonu Qazıqumlaq-Ramal Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli, e-2-1(116)-2123/2025 nömrəli qərarı ilə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxslə əvəz edilmişdir. İddia ərizəsinə əsasən, “Ucar rayonunun Qazıqumlaq bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Ucar rayonunun Qazıqumlaq kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı 0,06 hektar həyətyanı torpaq sahəsi satılmışdır. İddiaçı həmin torpaq sahəsinin üzərindəki hüquqlarını dövlət qeydiyyatına aldırmaq məqsədi ilə cavabdeh inzibati orqana müraciət etsə də sonuncunun xx.xx.2025-ci il tarixli cavabı ilə bələdiyyənin mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmadan torpaq sahəsini iddiaçıya satması və torpaq sahəsinin elektron uçot baza məlumatlarında kənd təsərrüfatlı təyinatlı şoran örüş torpaq sahəsi kimi göstərilməsi səbəblərindən bundan imtina edilmişdir. Lakin cavabdeh inzibati orqan nəzərə almamışdır ki, bələdiyyənin mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmadan torpaq sahəsini ona satmasında İddiaçı heç bir təqsiri yoxdur. Belə ki, onunla bələdiyyə arasında İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.8-ci madəsində göstərilən qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam - qarşılıqlı etimad olmuşdur. Bu etimad həm də ona görə yaranmışdır ki, həmin torpaq sahəsinin ətrafında elə həmin vaxtlarda bələdiyyə tərəfindən ayrı-ayrı şəxslərə satılmış xeyli qorşu torpaq sahələri olmuşdur və həmin torpaq sahələrində digər şəxslər tərəfindən tikilmiş fərdi yaşayış evlərində hal-hazırda da yaşayış vardır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 12.1-ci madəsinə əsasən isə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Torpaq sahəsinin elektron baza məlumatlarında kənd təsərrüfatlı təyinatının örüş kimi qeyd edilməsi barədə cavabdehin mövqeyinə münasibətdə isə bildirmək istəyirəm ki, elektron baza məlumatları səvh işlənmişdir. Bundan başqa bildirmək istəyirəm ki, elektron baza məlumatları Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 saylı Fərmanı və həmin Fərmanla təsdiq edilmiş qaydalara əsasən uçota alınmışdır. Həmin Fərman qəbul edilərkən isə artıq 3 ilə yaxın idi ki, qeyd edilən torpaq sahəsi iddiaçının mülkiyyətində idi. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bundan başqa bildirmək istəyirəm ki, cavabdeh imtinasını həm də Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 11.1 və 15-ci maddələri ilə əsaslandırmağa çalışmışdır. Bundan başqa o da nəzərə alınmalıdır ki, iddia ərizəsinə əlavə olunmuş Torpaqların alqı-satqısına dair xx.xx.2013-cü il tarixli aktdan göründüyü kimi həmin akt keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar Rayon Şöbəsi tərəfindən də təsdiq edilmişdir. Yəni, torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya satılmasına cavabdehin hüquq varisi olduğu keçmiş Torpaq və Xəritəçəkmə Komitəsi də etiraz etməmişdir .”. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsi iddiaya münasibətində bildirmişdir ki, “İddiaçı ərizədə qeyd olunanlarla bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə idarəyə müraciət etmiş, qanunamüvafiq qaydada araşdırılaraq 3-21-3- 36/2-242/2025 xaricolma nömrəli, xx.xx.2025-cü il tarixli məktub ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçıya torpaq sahəsi Qazıqumlaq bələdiyyəsi tərəfindən "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunununa uyğun şəkildə satmamışdır. Belə ki, torpaq sahəsinin alqı-satqısı bələdiyyənin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmadan aparılmışdır. Bundan əlavə, təqdim edilmiş Qulabənd bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 12 saylı qərarında torpaq sahəsinin həyətyanı məqsədilə satıldığı qeyd olunsa da iddiaçı tərəfindən göstərilən torpaq sahəsi yeni elektron uçot məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı, şoran örüş, torpaqların yerqurluşu kompleks islahat xəritələrinə (DVJ) əsasən isə kənd təsərrüfatı təyinatlı kimi qeyd olunmuşdur.Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin 6 metr məsafəsindən 10 kv.luq elektrik xətti keçir və 2 metr məsafədə transformator yerləşir. Məlumat üçün məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi Məlikballı kəndi ərazisində yerləşməklə üzərində fərdi yaşayış evi vardır. Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli, 261 saylı qərarı ilə tənzimlənir.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun olaraq izahat verdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya verilən torpaq sahəsinin qonşuluğunda olan torpaq sahələrində yaşayış var. İnsanlar yaşayır. İddiaçı həmin torpaq sahəsində ev tikdirmişdir, həmin evdə yaşayır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: • Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. • Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı Ucar rayonu Qazıqumlaq Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 17 saylı qərarı ilə İddiaçı Ucar rayonu Qazıqumlaq Bələdiyyəsi ərazisindən 0.06 ha torpaq sahəsi ayrılmışdır. • X3 Qaz İstismarı İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, Ucar rayonu Qazqumlaq kənd sakini İddiaçı məxsus 0.06 hektar həyətyanı torpaq sahəsi “Azəriqaz” istehsalat Birliyinin balansında olan PE 315 mm-lik orta təyziqli yeraltı qaz kəmərinin mühafizə zonasına düşmür. • Ucar rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arxiv arayışının surəti. • Ucar rayonu Qazıqumlaq-Ramal bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 41məktubunun surəti. • Ucar rayonu Qazıqumlaq Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 17 saylı qərarı ilə Əzizova Jalə oğluna Ucar rayonu Qazıqumlaq Bələdiyyəsi ərazisindən 0.0035 kv.metr torpaq sahəsi ayrılmışdır. • X4 Enerji Təchizatı və satış İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunun surəti. • 20.08.2013-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı torpağın dəyərini Ucar rayonu Qazıqumlaq Bələdiyyəsinin hesabına ödəmişdir. • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2025-ci tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi. Tətbiq edilən hüquq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması haqqında” Əsasnamə:

10. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir. 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.

21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənədlə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.

22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə qərar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının aynlmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi haqqında” 06 may 2002-ci il tarixli Fərmanının 2-ci bəndinə əsasən Əsasnamənin 17, 18. 19, 21 və 22-ci bəndlərində nəzərdə tutulmuş “icra hakimiyyəti” orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Əsaslandırma hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci -ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Ucar rayonu Qazıqumlaq bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 17 saylı qərarı ilə İddiaçı Ucar rayonu Qazıqumlaq Bələdiyyəsi ərazisindən 0.06 ha torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi, sahənin baxış aktı ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri Ucar rayonu Qazıqumlaq Bələdiyyəsinin hesabına ödənilmişdir. Cavabdeh imtinasının əsası kimi ona istinad etmişdir ki, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahəsinə dair “Torpaqların alqı- satqı Qaydalarına” uyğun olaraq torpaqların alqı-satqı akt təqdim edilməmiş, torpaq sahəsinə dair bələdiyyə tərəfindən tərtib edilmiş sxematik yerqurluşunda istinad və məsafələr qeyd olunmamış, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə iddiaçı tərəfindən göstərilən sahə arasında uyğunsuzluq mövcuddur. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir. İlk növbədə qeyd olunmalıdır ki, torpaq sahəsinin ayrılması ilə bağlı hakimiyyət iradəsi məhz Ucar rayonu Qazıqumlaq bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 17 saylı nömrəli qərarında ifadə olunur. İddiaçı tərəfindən bələdiyyənin hesabına müəyyən olunmuş məbləğdə vəsaitin ödənilməsi məhz torpaq sahəsinin alqı-satqısı məqsədinə nail olunasına xidmət etdiyindən iddiaçı ilə bələdiyyə arasında müvafiq torpaq sahəsinin alğısatqısı baş tutmuş sayılmalıdır. Torpaq sahəsi ayırılan zaman sxematik quruluşu planında onun yol sol tərəfində təsfir olunması iddiaçının iradəsindən asılı olmayan hal olmaqla yanaşı, hazırda torpaqğın yerləşməsi ilə bağlı hər hansı şəxsin hüquqlarına təsir etmir, bununla bağlı mübahisə mövcud deyil. Odur ki, alğı-satqı aktının tərtib edilməməsi, torpağın sənəd üzrə yerləşməsi ilə iddiaçı tərəfindən göstərilən sahə arasında uyğunsuzluğun mövcudluğu yuxarıda istinad edilən normaların mahiyyəti, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələbləri baxımından iddiaçının hüququnun qeydə alınmasından imtina üçün yetərli əsas kimi qəbul edilə bilməz. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunmalıdır ki, müvafiq alğı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Bundan başqa, nəzərə alınmalıdır ki, ayrılan torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş normaya uyğunluğunun təmin olunması həmin sahəni ayırmış inzibati orqanın, eləcə də bununla bağlı müvafiq rəyləri vermiş və ayırmaya etiraz etməmiş səlahiyyətli orqanların məsuliyyət sferasına aiddir. Mülkiyyətçinin iradə ifadəsinin sərbəst realizə edilməsi baxımından cavabdeh orqan qanunverici tərəfindən hər hansı nəzarət səlahiyyəti ilə təchiz olunmamışdır və bu mənada torpağın ayrılmasına məsul olan inzibati orqanların fəaliyyət sahəsinə müdaxilə edə bilməz. Digər tərəfdən, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə Bələdiyyənin müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Hazırkı mübahisəyə münasibətdə həm də nəzərə almaq lazımdır ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etməyə başlamışdır və istifadə etməkdə davam edir. Bu müddət ərzində iddiaçının həmin qərarın məzmununa, onun qanunauyğunluğuna və dəyişməzliyinə müəyyən inamı, etimadı yaranmışdır. Yəni, iddiaçının məhz 0,06 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair müəyyən gözləntiləri yaranmışdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir və şəxsin bu haqqı qanunla qorunur. Hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmə qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. İş üzrə əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, “Ucar rayonu Məlikballı kənd ərazi vahidi sərhədləri daxilində yerləşən, iddiaçının naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi, daş hasarla əhatələnmiş 0.11 ha torpaq sahəsinin üzərində yerləşməklə cənubunu əhatə edən, üzərində fərdi yaşayış evi yerləşən, iddiaçının iddia etdiyi 0.06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları mütəxəssislər tərəfindən götürülmüşdür. Apatılan araşdırma zamanı məlum olmuşdur ki, naturada göstərilən 0.06 ha torpaq sahəsi kəndin kompleks yerquruluşu islahat layihəsində (DVJ) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, şoran örüş uqodiyalı, bələdiyyə mülkiyyəti, X1 X2 məlumatlarında (TEKUİS) 0.06 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, islahat uqodiyası şoran örüş, mülkiyyət növü bələdiyyə, 0.06 ha torpaq sahəsinin 0.0534 ha hissəsinin faktiki uqodiyası tikinti altında olan torpaqlar, 0.0066 ha hissəsinin faktiki uqodiyası əkin olaraq göstərilmişdir. İdarənin elektron baza məlumatlarında 0.06 ha torpaq sahəsi ilə 320 mm lik yeraltı qaz xətti arasında 22 metr, 10 kvt-luq yüksək gərginlikli hava elektrik xətti ilə və transformatorla 20 metr, su arxı ilə 3 metr məsafə mövcuddur. İddaiçının faktiki istifadəsində olan 0.11 ha torpaq sahəsi ilə 320 mm lik yeraltı qaz xətti arasında 2.2 metr, 10 kvt-luq yüksək gərginlikli hava elektrik xətti ilə 3.6 metr, transformatorla 9.3 metr məsafə mövcuddur. Əlavə olaraq bildiririk ki, Ucar rayonu Qazıqumlaq bələdiyyəsinin 16 sentyabr 2013-cü il tarixli 17 saylı iclasının protokolu ilə ayrılmış 0.06 ha torpaq sahəsi ilə bağlı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsinin və Ucar rayonu Qazıqumlaq bələdiyyəsinin təsdiq etdiyi torpaqayırma sxemində 0.06 ha torpaq sahəsinin yerquruluşu qaydasında tərtib edilmədiyi üçün 0.06 ha torpaq sahəsinin yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli fərmanı ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılan bələdiyyə torpaqları bələdiyyənin mülkiyyət hüququ rəsmiləşdirildikdən sonra yaşayış yeri üzrə 5 il qeydiyyatı olan sakinlərə ayrıla bilər. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur.”. Göründüyü kimi mübahisəli torpaq sahəsi “X1 X2”nin (TEKUİS) habelə, torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsinin (DVJ) məlumatlarında torpağın kateqoriyasına, ölçüsünə, konfiqurasiyasında həmdə yerləşmə yerinə münasibətdə biri birinə zidd məlumatlar mövcuddur. Bununla bağlı məhkəmə qeyd edir ki, mövcud vəziyyətdə cavabdeh inzibati orqan “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının 2.5-ci bəndində müəyyən edilən hallar üzrə öz səlahiyyətləri çərçivəsində hərəkət etməli olduğu halda, iddiaçının müraciətindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmayan imtina vermişdir. Bu isə onu deməyə əsas verir ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişinin hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsasların olmasına baxmayaraq cavabdeh tərəfindən belə düzəlişin aparılmasından əsassız olaraq imtina edilmişdir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, artıq üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinin mülkiyyətçisinin və ya digər hüquq sahibinin müraciəti əsasında hüquqmüəyyənedici sənədlərdə düzəliş edilərək torpaq sahəsinin təyinat və kateqoriyasının dövlət tərəfindən müəyyən edilmiş şəkildə göstərilməsi nəinki hər-hansı şəxsin, hətta ictimai və dövlət mənafelərinin pozulmasına gətirib çıxara bilməz. Torpaq sahəsinin yaxınlıqdan keçən 10 kv elektrik xəttinin mühafizə zolağına düşməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, bu halın mövcudluğunu (mühafizə zonasında yerləşməsi) təsdiq edən hər hansı sübut cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”də torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda həmin sahənin istifadə qaydalarında müəyyən məhdudiyyətlər nəzərdə tutulsa da, həmin sahənin xüsusi mülkiyyətə keçməsi, habelə üzərində hüquqların qeydiyyata alınmasına heç bir qadağa müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Ucar rayonu Qazıqumlaq bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 17 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə həvalə edilməlidir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin üzərinə üzərinə Ucar rayonu Qazıqumlaq bələdiyyəsinin xx.xx.2013cü il tarixli qərarı ilə Ucar rayonunun Qazıqumlaq kəndi ərazisindən ona satılmış 0,06 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar