Məhkəmə qərarları › İş №e-2-1(116)-2136/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2136/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2136/2024 22.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir şəhər Polis Şöbəsinə qarşı “Mingəçevir şəhəri, Ərəş küçəsi 44 saylı fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Mingəçevir şəhəri, Ərəş küçəsi 44 saylı fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınmağınız öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(116)-2136/2024 nömrəli qərardadı ilə X14, X11 və X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Mingəçevir şəhər polis şöbəsinin üzərinə Mingəçevir şəhəri, Ərəş küçəsi 44 saylı fərdi yaşayış yeri üzrə qeydiyyata alınmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı 08 may 1999-cu ildə X15 ilə nikaha girməklə evlənmişdir. Birgə evlilikdən 23 fevral 2005-ci il təvəllüdlü Fidan, 29 mart 2006-cı il təvəllüdlü Türkan adlı qızları olmuşdur. X4 09 iyul 2015-ci ildə vəfat etmişdir. İddiaçı 09 avqust 2016-cı ildə Mingəçevir şəhər Məhkəməsində mərhum əri və onun anası Xatın Tağıyevanın yaşadığı və sonuncunun mülkiyyətində olmuş ünvan 3 evə istifadə hüququnun tanınmasına dair iddia qaldırmışdır. Müxtəlif mübahisələrdən sonra Apellyasiya Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(107)-177/2024 saylı qərardadı ilə iddiaçının cavabdehlər X12, X13, X6, X7 və X8 qarşı Mingəçevir şəhəri, Ərəş küçəsi 44 saylı evə istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata – iddiaçının Mingəçevir şəhəri, Ərəş küçəsi 44 saylı evdən qanunla müəyyən edilmiş qaydada istifadə hüququ olduğundan və həmin hüquqla bağlı mübahisə olmadığından - xitam verilmişdir. Qərardaddan iddiaçının qərardad əsasında qeydiyyata düşə bilməyəcəyi əsasında kassasiya şikayəti versə də şikayəti təmin olunmamışdır. Şəki Apellyasiya Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(107)-177/2024 saylı qərardadını Mingəçevir regional «Asan xidmət» Mərkəzinə təqdim edərək yaşayış yeri üzrə qeydiyyata düşmək üçün müraciət etmişdir. 12 mart 2024-cü il tarixdə cavabdeh orqan ərizənin təmin edilməsindən imtina etmişdir. İddiaçı məsələ ilə əlaqədar olaraq məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddiaya münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Cavabdehin tərəfindən xx.xx.2024-cü il tarixli məktub ünvanlanaraq şifahi məhkəmə baxışı iclasına iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçı, məhkəmə iclasında iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X17 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Sözügedən mənzilin paylı mülkiyyətçiləri,üçüncü şəslər X14 və X11 məhkəməyə teleqramla müraciət edərək iddiaçının həmin ünvana qeydiyyata alınmasına etiraz etmədiklərini bildimişdirlər. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, cavabdeh, iddiaçıların ilkin müraciətinin təmin olunmasından imtina etmişdir.

2. Mingəçevir şəhər polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunun surəti.

3. 2022005668 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 3 ev X14, X11, İddiaçı, X18 və X9 ümumi paylı mülkiyyətindədir.

4. Mingəçevir şəhəri MKT İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli 587 nömrəli arayışından görünür ki, X14, X1 şəhəri Ərəş küçəsi ev 44 ünvanında qeydiyyatsız yaşayırlar.

5. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2024-cü il tarixli 2(107)-177/2024 saylı qərardadının surəti.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1550/2024 saylı qərarının surəti.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia əsaslıdır. Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2024-cü il tarixli 2(107)-177/2024 saylı qərardadının icrasının təmin etməməmişdir.Həmin Qərardadda qeyd etmişdir ki, iddiaçı mübahisəli evə və torpaq sahəsinə həmin əmlakları vərəsəlik qaydasında əldə etməzdən öncə ailə üzvü kimi köçürülmüş, həmin torpaq sahəsi və evdən istifadə hüququ əldə etmiş və iddiaçının mərhum qayınanasının istəyinə uyğun olaraq onunla birgə təsərrüfat aparmışdır. Onun həmin evdən istifadə hüququ yaranmışdır və bu hüquq məhdudlaşdırıla bilməz. İş materialları ilə müəyyən olunur ki, Mingəçevir şəhəri, Ərəş küçəsi 44 saylı fərdi yaşayış evi üzərində ümumi paylı mülkiyyət hüququ üçüncü şəxs X19 və digər şəxslərə məxsusdur. Üçüncü şəxslər X14, X2 Arzu Qəhraman qızının övladları, X3 Arzu Qəhraman qızının baldızıdır. X15 ilə İddiaçı Qəhraman qızı arasında nikah xx.xx.1999-cu il tarixdə bağlanmışdır, X15 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı fərdi yaşayış evinin paylı mülkiyyətçiləri olan övbladlları ilə birlikdə həmin ünvanda yaşayır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir... Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi üçüncü şəxslər Mingəçevir şəhəri, Ərəş küçəsi 44 saylı fərdi yaşayış evinin ümumi birgə mülkiyyətçilərindən biridir, iddiaçı isə onun ailə üzvləridir. Bu isə o deməkdir ki, iddiaçının həmin mənzildən istifadə etmək, yəni əmlak hüquqları mövcuddur.Bu hüquq mülki mühakimə icraatı qaydasında məhkəmə tərəfindən təsdiq olunmuşdur. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən iddiaçının tələbdə qeyd olunan ünvanda qeydiyyatı üçün zəruri olan şərtlər: daimi və ya daha çox yaşaması şərti mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda istinad olunan qərarında yaşayış sahəsində faktiki yaşama və ya istifadə hüququ olmanı zəruri şərtlər olaraq müəyyən etmişdir ki, hazırkı tələbə münasibətdə hər iki şərt yerinə yetirilir. Buna görə də digər üçüncü şəxslərin, iddiaçıların həmin mənzilə qeydiyyata alınmasına razılıq verib-verməməsinin heç bir əhəmiyyəti qalmır. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür... Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilir. Cavabdeh Mingəçevir şəhər Polis Şöbəsinin üzərinə İddiaçı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar