Məhkəmə qərarları › İş №e-2-1(116)-2158/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2158/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2158/2022 20.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh "xxxx" X5 Cəmiyyətinə qarşı "cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 13089,23 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 14000 manat məbləğində siyahıya alınmış əmlakının hərrac vasitəsi ilə satılması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavabdeh "xxxx" X5 Cəmiyyətinə onun xx.xx.2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 13089,23 manat (9298,65 manat muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə + 3790,58 manat faizlər üzrə) məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun olduğu və yaranmış borc məbləğinin 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi barədə xx.xx.2022-ci il tarixli **********4 nömrəli bildiriş göndərilmişdir. Lakin cavabdeh vergi borcunu təyin edilmiş müddət ərzində ödəmədiyinə görə ona Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi üçün iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli qərar ilə cavabdeh "xxxx" X5 Cəmiyyətinə məxsus olan Mingəçevir şəhəri Gəncə şossesində yerləşən maşın təmiri zavodunda olan əmlakın siyahıya alınması qərara alınmışdır. Bundan sonra həmin qərar əsasında vergi orqanının əməkdaşları tərəfindən sözügedən maşın təmiri zavoduna baxış keçirilmiş, əmlakın siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli **********4 nömrəli protokol tərtib edilmiş və tərəflər arasında vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında akt tərtib edilmişdir. Vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli **********4 nömrəli protokola 1 nömrəli əlavədə göstərilmişdir ki, "xxxx" X5 Cəmiyyətinə məxsus maşın təmiri zavodunda yerləşən qiyməti 14000 manat olan bir neçə əmlak, o cümlədən 1 ədədinin qiyməti 6000 manat, 1 ədədinin isə qiyməti 5000 manat olan 2 ədəd pardaqlayıcı dəzgah, qiyməti 3000 manat olan 1 ədəd deşici dəzgah siyahıya alınmışdır. Daha sonra iddiaçı tərəfindən cavabdeh "xxxx" X5 Cəmiyyətinə əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xx.xx.2022-ci il tarixli **********046500 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 13089,23 manat məbləğində borc olduğuna görə iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddiasını belə əsaslandırmışdır ki, cavabdeh borcunu könüllü olaraq ödəməmişdir. İddiaçı məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli ərizədə işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etdiyinə görə işə onun nümayəndəsinin iştirakı olmadan baxıldı. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, müəssisə hər ay 1000 manat olmaqla borcunu ödəyəcək. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, xx.xx.2022-ci il tarixli **********4 nömrəli bildirişdən görünür ki, cavabdeh "xxxx" X5 Cəmiyyətinin xx.xx.2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 13089,23 manat (9298,65 manat muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə + 3790,58 manat faizlər üzrə) məcburi dövlət sosial sığorta haqqı üzrə borcu vardır. - İşdə olan, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, vergi öhdəliklərinin yerinə yetirilməsi üçün iddiaçı tərəfindən cavabdeh "xxxx" X5 Cəmiyyətinə məxsus olan Mingəçevir şəhəri Gəncə şossesində yerləşən maşın təmiri zavodunda olan əmlakın siyahıya alınması qərara alınmışdır. - İşdə olan, xx.xx.2022-ci il tarixli **********4 nömrəli protokola 1 nömrəli əlavədən görünür ki, "xxxx" X5 Cəmiyyətinə məxsus maşın təmiri zavodunda yerləşən qiyməti 14000 manat olan bir neçə əmlak siyahıya alınmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aiddir. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. İşdən göründüyü kimi, cavabdehin dövlət büdcəsinə xx.xx.2021-ci il tarixə ödənilməmiş 13089,23 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcu vardır. Cavabdeh həmin borcu ödəmədiyinə görə iddiaçı tərəfindən xx.xx.2021-ci ildə "Əmlakın siyahıya alınması haqqında qərar" qəbul edilmiş, xx.xx.2022-ci ildə cavabdehə məxsus olan bir neçə əmlak siyahıya alınmış, bu barədə "Əmlakın siyahıya alınması haqqında protokol" və "Vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli **********4 nömrəli protokola 1 nömrəli əlavə" tərtib olunmuş, həmçinin əmlakın fotoşəkilləri çəkilmişdir. Siyahıya alınmış əmlak xx.xx.2022-ci ildə cavabdehə məsul saxlamaya verilmiş və bununla əlaqədar "Vergi ödəyicisinin siyahıya alınmış əmlakının saxlanmaya verilməsi haqqında akt" tərtib edilmişdir. Lakin bundan sonra da cavabdeh öz vergi öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə bu qənaətə gəldi ki, belə olan halda, iddiaçı cavabdehə məxsus olan siyahıya alınmış əmlakın hərrac vasitəsilə satılmasını tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh "xxxx" X5 Cəmiyyətinin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 13089,23 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ona məxsus olan, xx.xx.2022-ci ildə siyahıya alınmış 14000 manat dəyərində əmlakın (qiyməti 6000 manat olan 1 ədəd pardaqlayıcı dəzgah, qiyməti 5000 manat olan 1 ədəd pardaqlayıcı dəzgah, qiyməti 3000 manat olan 1 ədəd deşici dəzgah) hərrac vasitəsilə satılması öhdəliyi iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar