Məhkəmə qərarları › İş №e-2-1(116)-2194/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2194/2025

04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2194/2025 04.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 15, mənzil 87) cavabdeh – Balakən Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə (yerləşdiyi yer: Balakən şəhəri, Heydər Əliyev prospekti 159) qarşı «doğum haqqında akt qeydində düzəliş edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 1 oktyabr 1988-ci il tarixdə Balakən rayonunda doğulmuşdur. Onun doğumu barədə 15 dekabr 1988-ci il tarixdə akt qeydləri kitabında 135 nömrəli akt qeydi tərtib edilmiş və bu barədə XİV-ЖГ 307625 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə onun soyadı “Maqamedov”, adı “Elvin”, atasının adı isə “Hacıyeviç” göstərilmişdir. 10 mart 2018-ci il tarixdə iddiaçının ata adının “Hacıyeviç”dən “Hacı oğlu”na, soyadının “Maqomedov”dan “Maqamedov”a dəyişdirilməsi barədə rəy verilmiş və doğum akt qeydinin üzərində müvafiq qeyd aparılmışdır. 14 aprel 2022-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi ona adının “Elvin”dən “Emin”ə dəyişdirilməsi barədə AZ-İ 034801 nömrəli şəhadətnamə vermişdir. Sonradan iddiaçı adının “Elvin”dən “Emin”ə dəyişdirilməsi ilə bağlı Balakən rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, şöbə tərəfindən adı “Emin”ə dəyişdirilməklə yanaşı ata adı da “Hacı oğlu” göstərilmişdir. İddiaçı ata adının dəyişdirilməsi ilə razılaşmır və cavabdeh Balakən rayonu Qeydiyyat şöbəsinə qarşı doğum akt qeydində ata adında düzəliş edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının adının dəyişdirilməsi ilə bağlı 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsindən şəhadətnamə aldıqdan sonra ona Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-İV 651368 nömrəli yeni doğum haqqında şəhadətnamə tərtib edilmişdir. Lakin həmin sənəddə iddiaçının atasının adı əvvəlki XİV-ЖГ 307625 nömrəli doğum haqqında şəhadətnamədən fərqli olaraq, “Hacı oğlu” qeyd edilmişdir, halbuki sonuncu sənəddə ata adı “Hacıyeviç” olmuşdur. İddiaçı ərizə ilə 18 yanvar 2025-ci il tarixdə cavabdeh Balakən rayon Qeydiyyat şöbəsinə müraciət edərək, şəhadətnamədə və doğum akt qeydlərində atasının adının “Hacıyeviç” kimi göstərilməsini xahiş etsə də, cavabdeh məsələnin həllindən imtina etmiş və ona məhkəməyə müraciət olunmasını tövsiyə etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə icraatının gedişində məhkəmənin 3 iyun 2025-ci il tarixli qərardadı ilə cavabdeh Balakən rayon Qeydiyyat şöbəsi Cavabdeh ilə əvəz edilmişdir. Cavabdeh iddia ilə bağlı bildirir ki, Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən Balakən rayonu Mahamalar kənd İcra Nümayəndəliyinin 15 dekabr 1988-ci il tarixli 135 nömrəli doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində ərizəçi İddiaçı ata adının “Hacı oğlu”ndan “Hacıyeviç”ə düzəliş edilməsinin Balakən rayon Qeydiyat şöbəsində mümkün olmaması barədə 4 fevral 2025-ci il tarixli 3-16-5/8-M-15-117/2025 saylı məktub verilmişdir. Məktubda Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın 4-cü bəndinə müvafiq olaraq, Balakən rayon Qeydiyyat şöbəsinin 10 mart 2018-ci il tarixli rəyinə əsasən Balakən rayonu Mahamalar kənd İcra Nümayəndəliyinin 15 dekabr 1988-ci il tarixli 135 mömrəli doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində uşağın ata adı “Hacıyeviç”dən “Hacı oğlu”na düzəliş edildiyindən, ata adının yenidən “Hacı oğlu”ndan “Hacıyeviç”ə düzəliş edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Odur ki, İddiaçı Balakən rayon Qeydiyyat şöbəsinə qarşı doğum akt qeydində düzəliş edilməsi barədə iddia tələbinə dair inzibati işə mahiyyəti üzrə baxılaraq qərar qəbul olunması xahiş edilir. 15 dekabr 1988-ci il tarixli 135 nömrəli akt qeydinin surəti məhkəməyə göndərilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Balakən rayonu isə Şəki İnzibati Məhkəməsinin, Bakı şəhərinin Yasamal rayonu isə Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyalarına aid olan ərazi vahidləridir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan Cavabdeh Balakən şəhəri, Heydər Əliyev prospekti 159 ünvanında yerləşir. Məhkəmə qeyd edir ki, iddia tələbi “öhdəliyinin icrası haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə Cavabdeh yerləşdiyi yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə Balakən rayon qeydiyyat şöbəsinin iddiaçının doğum akt qeydində müvafiq düzəliş edilməsindən imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. İnzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. Həmin Qanunun 67.5-ci maddəsinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə görə maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Nazirlər Kabinetinin 1 mart 2003-cü il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Əsas Müddəaların 10-cu bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi akt qeydinin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində edilmiş dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mülki Prosesual Məcəllənin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, X1 1 oktyabr 1988-ci il tarixdə Balakən rayonunun Mahamalar kəndində doğulmuşdur və onun doğumu barədə 15 dekabr 1988-ci il tarixli 135 nömrəli akt qeydi tərtib olunmuş, XİV-ЖГ 307625 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. İş materiallarından görünür ki, 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi 14 aprel 2022-ci il tarixdə iddiaçının adının “Elvin”dən “Emin”ə dəyişdirilməsi barədə AZ-İ 034801 nömrəli şəhadətnamə vermişdir. Vətəndaşlıq vəziyyəti qeydiyyatının aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm də dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Məhkəmə vurğulayır ki, hazırkı iş üzrə iddiaçıya qanunvericiliyə uyğun olaraq doğum haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamədə iddiaçının adı “Elvin”, atasının adı isə “Hacıyeviç” göstərilmişdir. Bu baxımdan iddiaçı onun barəsində tərtib edilmiş 15 dekabr 1988-ci il tarixli 135 nömrəli həmin doğum haqqında akt qeydinə etimad hüququ yaranmışdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindəndir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçının adının “Elvin”dən “Emin”ə dəyişdirilməsi barədə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən 14 aprel 2022-ci il tarixli şəhadətnamə əsasında yerli qeydiyyat orqanı tərəfindən ona verilən yeni doğum haqqında şəhadətnamədə adının “Emin”ə dəyişdirilməsi ilə yanaşı, ata adı da “Hac oğlu” göstərilmişdir. Halbuki, “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” AZ-İ 034801 nömrəli şəhadətnamədə dəyişikliyin predmeti ata adı olmamışdır. 10 mart 2018-ci il tarixdə iddiaçının ata adının “Hacı oğlu”na dəyişdirilməsinə gəldikdə isə bununla bağlı “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” şəhadətnamə tərtib olunmadığından, həmin dəyişiklik qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş kimi qiymətləndirilmir. Göründüyü kimi, iddiaçının qaldırdığı məsələ, yəni onun ata adının doğum haqqında yeni şəhadətnamədə göstərildiyi hal qeydiyyat orqanının hərəkətləri ilə bağlı olmuşdur və 10 mart 2018-ci il tarixdə müvafiq şəhadətnamə tərtiib olunmadığı, eləcə də 14 aprel 2022-ci il tarixdə onun ata adının dəyişdirilməsi nəzərdə tutulmadığı halda, qeydiyyat orqanı səhvə yol verməklə akt qeydi tərtib etmişdir. Belə hal isə vətəndaşlıq vəziyyəti aktında düzəliş edilməsi üçün “kifayət qədər əsas” şərti ilə uzlaşır. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının doğumu haqqında akt qeydində ata adının “Hacı oğlu”ndan “Hacıyeviç”ə düzəliş edilməsindən imtina etməkdə Balakən rayon Qeydiyyat şöbəsi haqlı olmamışdır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Balakən rayonu Mahamalar kənd İcra Nümayəndəliyinin 15 dekabr 1988-ci il tarixli 135 mömrəli doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində İddiaçı ata adının “Hacı oğlu”ndan “Hacıyeviç”ə düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Balakən rayonu Mahamalar kənd İcra Nümayəndəliyinin 15 dekabr 1988-ci il tarixli 135 mömrəli doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində İddiaçı ata adının “Hacı oğlu”ndan “Hacıyeviç”ə düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar