Məhkəmə qərarları › İş №e-2-1(116)-2208/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2208/2023

06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2208/2023 06.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “JN-9364 saylı Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə əsasında 60.0 ha torpaq sahəsi üzərində əvvəllər dövlət qeydiyyatına alınmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, həmin qeydiyyatı təsdiq edən sənədin və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “JN-9364 saylı Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə əsasında 60.0 ha torpaq sahəsi üzərində əvvəllər dövlət qeydiyyatına alınmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, həmin qeydiyyatı təsdiq edən sənədin və planölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Zərdab Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 22 saylı sərəncamı ilə Zərdab rayonu Bəyimli qəsəbəsi ərazisindən iddiaçının icarəsinə 95 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ilə bağlı Zərdab Rayon İcra Hakimiyyəti ilə aralarında xx.xx.2006-cı il tarixli, 01 saylı icarə müqaviləsi tərtib olunmuş, həmin müqavilə əsasında icarə hüququ dövlət qeydiyyatına alınaraq, adına JN-9364 saylı Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında əvvəllər dövlət qeydiyyatına alınmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh orqana müraciət etmişdir, cavabdeh orqana tərəfindən JN-9364 saylı Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə əsasında həmin torpaq sahəsinin 32,2 ha hissəsi üzərində əvvəllər dövlət qeydiyyatına alınmış icarə hüququnu **********57 reyestr nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almış, həmin torpaq sahəsinin 60.0 ha hissəsi üzərində əvvəllər dövlət qeydiyyatına alınmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından torpaq sahəsinin örüş olması səbəbindən 15 ildən artıq icarəyə verilə bilməyəcəyi əsas gətirilərək imtina olunmuşdur. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, Zərdab rayonu inzibati ərazidə yerləşən 95.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 60.0 ha hissəsinin qeydiyyatı ilə bağlı Zərdab RİHB-nın xx.xx.2006-cı il tarixli 22 nömrəli Sərəncamı və icarə müqaviləsi təqdim edilmişdir. Zərdab rayonu inzibati ərazidə yerləşən 95.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı verilmiş Zərdab RİHB-nın xx.xx.2006-cı il tarixli 22 nömrəli Sərəncamında və İcarə müqaviləsində icarənin müddəti 25 il qeyd edilmişdir. Torpaq sahəsinə yerində baxış keçirilmiş və faktiki istifadədə olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları müəyyən edilərək baza məlumatlarına əsasən yoxlanmışdır. Kadastr elektron baza məlumatlarına əsasən yoxlanarkən torpaq sahəsinin örüş olması məlum olmuşdur. Zərdab rayonu inzibati ərazidə yerləşən 95.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 60.0 ha hissəsi örüş olduğu üçün 15 ildən artıq icarəyə verilə bilməz. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Zərdab rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 22 nömrəli sərəncamından görünür ki, İddiaçı Zərdab rayonunun Bəyimli qəsəbəsinin ərazisində olan X1 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin tərtib etdiyi torpaqayırma və yerquruluşu sənədləri əsasında 25 il müddətinə kənd təsərrüfatı məhsulları istehsal etmək və heyvandarlığı inkişaf etdirmək üçün 95 ha torpaq sahəsinin icarəyə ayrılması qərarı alınmışdır. - JN- 9364 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamədən görünür ki, Zərdab rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 22 nömrəli sərəncamı və xx.xx.2006-cı il 01 nömrəli icarə müqaviləsi ilə İddiaçı Zərdab rayonu Bəyimli qəsəbəsi DTF-u ərazisindən k/t məhsulları istehsalı və heyvandarlığın inkişafı üçün 25 il müddətinə 95 ha örüş torpaq sahəsi ayrılmışdır. - Zərdab rayon İcra Hakimiyyəti başçısı ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli 01 nömrəli müqavilədən görünür ki, Zərdab rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 22 nömrəli sərəncamına əsasən İddiaçı 25 il müddətinə kənd təsərrüfatı məhsulları istehsal etmək və heyvandarlığı inkişaf etdirmək üçün 95 ha torpaq sahəsi icarəyə verilmişdir. - Zərdab rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 5-84/2-401/2023 nömrəli məktubundan görünür ki, rayonun inzibati ərazisinə daxil olan X1 İddiaçı icarəsinə torpaq sahəsinin verilməsi barədə xx.xx.2006-cı il tarixli 01 nömrəli icarə müqaviləsi qüvvədə saxlanılmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları, torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq Məcəlləsinin 66-cı maddəsinin tələblərindən irəli gələrək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsi yalnız daşınmaz əmlak üzərində icarə və istifadə müqaviləsi bağlanmış halları tənzimləyir. İş materiallarında olan, Zərdab rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 22 nömrəli sərəncamı, JN- 9364 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə və Zərdab rayon İcra Hakimiyyəti başçısı ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli 01 nömrəli müqavilə ilə müəyyən olunur ki, iddiaçıya 25 il müddətinə kənd təsərrüfatı məhsulları istehsal etmək və heyvandarlığı inkişaf etdirmək üçün 95 ha torpaq sahəsi icarəyə verilmişdir. Odur ki, hazırkı münasibətlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 10 və 12-ci və Mülki Məcəllənin 139.1-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji norma “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Beləliklə, iddia olunan torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi ilə bağlı sərəncamın və icarə müqaviləsinin mövcudluğu, o cümlədən həmin sənədlərin hazırda qüvvədə olması və mübahisələndirilməməsi işin mübahisəsiz halıdır. Cavabdeh orqan iddia tələbinə etirazını - sözügedən torpaq sahəsinin örüş torpaqlarına aid olması, buna görə də 15 ildən artıq icarəyə verilməsinin mümkün olmaması ilə əsaslandırır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən Zərdab rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 22 nömrəli sərəncamı “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən (əvvəllər yaranmış hüquqların tanınması) 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. İstinad olunan Qanunun 8.0.5-ci maddəsində 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələrinin daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunması təsbit edilmişdir. Sözügedən JN-9364 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin ləğvi və ya dəyişdirilməsi də iş materialları ilə müəyyən edilmir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün qanuni əsaslar mövcud olduğundan, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı iddiaçının torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan əsaslardan heç biri müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə JN-9364 saylı Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə əsasında 60.0 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, həmin qeydiyyatı təsdiq edən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar