Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-223/2023 11.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “iddaçıya məxsus Ağdaş rayonu, Qarağan Sədi kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ağdaş rayonu Qarağan Sədi kəndində yerləşən, həyətyanı 0,12 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsinə dair xx.xx.2023cü il tarixdə ərizə təqdim edərək, iddaçıya məxsus Ağdaş rayonu, Qarağan Sədi kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(116)-223/2023 nömrəli qərardadı iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraat qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli nömrəli qərardadı ilə iş üzrə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Ağdaş rayonu, Qarağan Sədi kəndində yerləşən, həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi uzun müddətdir ki, onun sahibliyindədir. Qeyd olunan torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi qonşuluqdakı torpaq sahəsinin sahibi tərəfindən zəbt edilmiş və həmin şəxs tərəfindən torpaq sahəsindən istifadə etməyinə maneə törədilir. Torpaq sahəsi üzərində mülkiyyət hüququm qeydə alınması üçün aidiyyəti inzibati orqan olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İnzibati orqan tərəfindən imitinanın səbəbi kimi sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilən zaman mübahisə ilə bağlı kameral ölçü işlərinin aparılmasına etiraz edilməsi, müayinəyə şərait yaradılmaması, buna görə də inventarlaşdırma işlərinin aparılmasının mümkün olmadığı göstərilmişdir. Qeyd olunmuşdur ki, müayinə baxışının keçirilməsinə torpaq sahəsini zəbt edən şəxslər tərəfindən maneə törədilmişdir. Hazırda məhkəməyə müraciət etməklə torpaq sahəsinin müayinə baxışının keçirilməsinə maneələrin aradan qaldırılmasını, torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. İnzibati orqan tərəfindən torpaq sahəsi üzərində ona məxsus mülkiyyət hüququnun tanınmasından və çıxarışın verilməsindən imtina olunması onun mülkiyyət hüququnun pozulmasına, mülkiyyəti üzərində sahiblik, istifadə, sərəncam, müdafiə hüquqlarının məhdudlaşdırılmasına səbəb olur, o cümlədən torpaq sahəsinin kənar şəxslərin zəbt etməsindən azad edilməsinə mane olur. Cavabdeh xx.xx.2022-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı Ağdaş rayonu Qarağan-sədi kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə əlaqədar olaraq ərazi idarəsinin öhdəliyinə düşən təlimat üzrə vəzifələr icra edildiyi zaman mütəxəssislərin qarşılaşdığı mənzərə onların vəzifəsinin icrasına maneələr törətmişdir. Yevlax rayonu Salahlı kəndində yerləşən, mülkiyyətində olan fərdi yaşayış evinə müayinə baxışı keçirilməsi məqsədilə idarənin mütəxəssisi xx.xx.2022-ci il tarixində yuxarıda qeyd edilən ünvanda olmuşdur. Lakin, yerində torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi ilə bağlı ailə daxili mübahisənin olduğu bildirilmiş, kameral ölçü işlərinin aparılmasına etiraz edilmiş və nəticədə müayinəyə şərait yaradılmadığı üçün inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Bu barədə İddiaçı (bundan sonra iş üzrə iddiaçı) xx.xx.2022- ci il tarixli “daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından imtinanın edilməsi barədə bildiriş" məktubu poçt vasitəsi ilə ünvanlanmışdır. Üçüncü şəxs iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən analoji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin müraciəti təmin edilməmişdir. - Qarağan Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il 328 nömrəli məktubuna əlavə olunmuş Ağdaş rayon İHB-nin Qarağan Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfat kitabından 327 nömrəli çıxarışdan görünür ki, 03 №-li təsərrüfat kitabının 247 təsərrüfatının sahibi İddiaçı (Ağdaş rayon Qarağan Sədi kəndi 0,12 ha həyətyanı torpaq sahəsi 2 otaqlı fərdi yaşayış evi), təsərrüfatda olanlar: X6, X11 və X8. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin ölçüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir, iddia olunan torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar (həyətyanı sahələrin altında olan torpaq sahəsi). İddia olunan torpaq sahəsinin 423 kv. m bışsəsnin mülkiyyətçisi **********56-10301 reyestr nömrəli çıxarışa əsasən X5, qalan 777 kv. m hissəsi isə Ağdaş rayonu, Yuxarı Qəsil bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir, iddia olunan torpaq sahəsi digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. İddia olunan torpaq sahəsində faktiki olaraq 1975-ci ildə inşa edilmiş fərdi yaşayış evi mövcuddur və hündürlüyü 3.80 metr təşkil edir. - RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli) çıxarışdan görünür ki, Ağdaş rayonu Qarağan Sədi kəndində 0,20 ha torpaq sahəsində yerləşən 143,8 kv.metr fərdi yaşayış evi üzərində X5 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - JN-182A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə (X6, X11 və X8) 0,12 ha torpaq sahəsi ayrılmışdır. - JN-102A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarı ilə X9 və ailə üzvlərinə (X7, X2, X3, X4 və X5) 0,20 ha torpaq sahəsi ayrılmışdır. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Ağdaş rayonu, Qarağan Sədi kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və çıxarışın verilməsinə olmaqdır. Belə ki, iddiaçı, Ağdaş rayon İHB-nin Qarağan Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfat kitabından 327 nömrəli çıxarış məlumatlarına istinad edərək (03 №-li təsərrüfat kitabının 247 təsərrüfatı) Ağdaş rayon Qarağan Sədi kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsində yerləşən 2 otaqlı fərdi yaşayış evinin özünə məxsus olduğunu bildirir. Məhkəmə tərəfindən iddia olunan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin xüsusiyyətləri mütəxəssis rəyi alınmaqla öyrənilmiş, müəyyən edilmişdir ki, Ağdaş rayonu Qarağan Sədi kəndində yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli (**********56-10301 reyestr nömrəli) çıxarışa əsasən X1 mülkiyyətində olan torpaq sahəsində yerləşir, sözügedən fərdi yaşayış evi 1975-ci ildə tikilməklə hündürlüyü 3.80 m.-dir və həmin fərdi yaşayış evi üzərində X1 tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçıya izah edilmişdir ki, iddia olunan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ilk növbədə **********56-10301 reyestr nömrəli çıxarış və onun verilməsinə əsas olmuş sənədlər iddia olunan fərdi yaşayış evinə aid hissədə mübahisələndirməli, müsbət həll olunduqdan sonra həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana, müraciət təmin edilmədikdə (və ya cavabsız saxlandıqda) anoloji iddia ilə məhkəməyə müraciət edilməlidir. Yəni, iddia olunan fərdi yaşayış evi üzərində dövlət qeydiyyatına alınmış hüquqlar mövcud olduğundan, həmin hüquqlar ləğv olunmadan hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün deyildir. İnzibati işin xx.xx.2023-cü il tarixli şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi JN-182A və JN-102A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin arxiv nüsxələrini, həmçinin hər iki şəhadətnamədə qeyd edilmiş torpaq sahələrinin yerləşmə vəziyyətinə dair ortofoto planını məhkəməyə təqdim etmişdir. Müəyyən edilmişdir ki, faktiki olaraq iddiaçıya JN-182A nömrəli Şəhadətnamə əsasında 4 nəfər ailə üzvü ilə birlikdə Ağdaş rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi ayrılmış və ayrılmış torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə heç bir aidiyyəti yoxdur. Yəni, iddiaçının istinad etdiyi Ağdaş rayon İHB-nin Qarağan Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfat kitabından 327 nömrəli çıxarış məlumatları üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evinə münasibətdə yox, qonşuluqda yerləşən JN-182A nömrəli Şəhadətnamədə qeyd edilmiş (iddiaçının özünə ayrılmış) 0.12 ha torpaq sahəsinə münasibətdə verilmişdir. İddiaçı, qeyd olunan halı - faktiki olaraq 0.12 ha həyətyanı torpaq sahəsinə dair JN-182A nömrəli Şəhadətnamənin tərtib edilməsini məhkəməyə bildirməsə də, məhkəmə tədqiqatı zamanı yuxarıda qeyd olunan hallar aşkar edilmişdir. Nəzərə alınmalıdır ki, üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinə dair JN- 102A nömrəli Şəhadətnamə tərtib edilmiş və Ağdaş rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarı ilə üçüncü şəxsə ailə üzvləri ilə birlikdə 0,20 ha torpaq sahəsi ayrılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ümumiyyətlə iddia olunan fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Təqdim edilmiş Ağdaş rayon İHB-nin Qarağan Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfat kitabından 327 nömrəli çıxarış məlumatları iddia olunan fərdi yaşayış evinə aid deyil və ümumiyyətlə iddiaçı, hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Odur ki, cavabdeh orqan tərəfindən iddiaçının hər hansı hüquqlarına müdaxilə edilməsi müəyyən edilmir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrəAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» İnzibati işin şifahi məhkəmə baxışı iclasında iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iddiaçının nümayəndəsinə (vəkilinə) izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “iddaçıya məxsus Ağdaş rayonu, Qarağan Sədi kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №e-2-1(116)-223/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-223/2023
11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver