Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2275/2024 30.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X1, İddiaçı MMC-nin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Səma kiçik müəssisəsinə ayrılmış 1 ha torpaq sahəsi üzərində onun hüquqi varisi İddiaçı istifadə hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı MMC cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 9 saylı Qəbələ ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası Qəbələ Rayon Sovetinin 15 saylı, 25 oktyabr 1993-cü il tarixli Qərarına əsasən Səma kiçik müəssisəsinə ayrılmış 1 ha torpaq sahəsi üzərində onun hüquqi varisi İddiaçı əmlak hüquqlarının (istifadə hüququnun) qeydə alınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(116)-2275/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-1(116)-2275/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı cavabdehin vəsatəti təmin edilməmişdir. İddia ərizəsinin əsaslarına görə, Azərbaycan Respublikası Qəbələ Rayon Sovetinin 15 saylı, 25 oktyabr 1993-cü il tarixli Qərarına əsasən Səma kiçik müəssisəsinə 1 hektar torpaq sahəsi ayrılmışdır. X5 direktoru müvafiq sənədlərə əsasən X6 olmuşdur. Halhazırda Səma kiçik müəssisəsi mövcud olmadığı üçün müəssisəyə ayrılan torpaq sahəsi onun hüquq varisinə yəni İddiaçınə məxsusdur. İddiaçı MMC-nin də, hal-hazırda direktoru X2. Bunları əsas götürərək xx.xx.2024-cü il tarixdə cavabdeh orqana iddiaçı tərəfindən ərizə ünvanlanmış, qeyd olunan torpaq sahəsi üzərində İddiaçı MMC-nin əmlak hüquqlarının (istifadə hüququnun) dövlət qeydiyyatına alınması xahiş edilmişdir. Cavabdeh orqan tərəfindən 11 mart 2024-cü il tarixli cavab məktubu ilə (xx.xx.2024cü il tarixində iddiaçı tərəfindən qəbul edilmişdir) ərizəsinə imtina cavabı verilmişdir. Bildirilmişdir ki, X10 Ərazi Dairəsi Sərhədləri daxilində yerləşən torpaq sahəsi başqa subyektin istifadəsində olduğuna görə sərhədlərin döngə nöqtələrinin koordinatlarını təyin etmək və yerquruluşu planını tərtib etmək mümkün deyildir. Qəbələ Rayon Xalq Deputatları Sovetinin 175 saylı, 25 oktyabr 1993-cü il tarixli Qərarına əsasən İddiaçı MMC-yə ayrılmış 1 ha torpaq sahəsi üzərində əmlak hüquqlarının (istifadə hüququnun) qeydə alınması ilə bağlı cavabdeh orqana ərizə ünvanlanmış, cavabdeh orqan əsassız şəkildə İddiaçı MMC-yə ayrılmış 1 ha torpaq sahəsi üzərində əmlak hüquqlarının (istifadə hüququnun) qeydə alınmasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı Səma Müstəqil MMC-nin Qəbələ Rayon Sovetinin 15 saylı xx.xx.1993-cü il tarixli qərarına əsasən Səma kiçik müəssisəsinə ayrılmış 1 ha torpaq sahəsi üzərində onun hüquqi varisi Səma Müstəqil MMC-nin əmlak hüquqlarının (istifadə Hüququnun) qeydiyyata alınması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçı Səma Müstəqil MMC-yə ayrılmış Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi başqa subyektin istifadəsində olduğuna görə həmin torpaq sahəsinin sərhədlərim döngə nöqtələrinin koordinatlarını təyin etmək və yer quruluşu planı tərtib olunması mümkün deyildir. İddiaçı Səma Müstəqil MMC-yə ayrılmış Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 1 ha torpaq sahəsinə yerquruluşu planının hazırlanması üçün əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim etməmişdir. X9 MMC-in X5 hüquqi varisi olması ilə bağlı müvafiq sənədlər təqdim edilməmişdir. Bildirilmişdir ki, Qəbələ Rayon XDS-nin Rəyasət Heyətin iclasının 21 oktyabr 1993-cü il tarixli, 11 saylı protokolundan çıxarışda uyğunsuzluqlar aşkarlanmışdır, həmin çıxarışda Səma kiçik müəssisəsiə 1.0 hektar torpaq sahəsi ayrılması ilə bağlı müraciət edilmişdir, lakin XDS-n çıxarış sənədində 02 hektar torpaq sahəsi barədə qərar qəbul olunmuş və lakin həmin sənəddə 1.0 hektar torpaq ayrılmasının təsdiq edilməsi öz əksini tapmışdır. Eyni zamanda bildirilmişdir ki, iddia olunan torpaq sahəsini məkan göstəricilərini təstiq edən heç bir sənəd təqdim edilməmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsi Meşə Fondu təyinatlı torpaq sahəsidir. İddiaçı faktiki olaraq torpaq sahəsindən istifadə etmir. Torpaq sahəsi X3 istifadəsindədir, bu səbəbdəndə həmin ərazidə ölçü işləri aparılması mümkün deyil. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. İddiaçı nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli məktubu, “Şahdağ” kolxozunun xx.xx.1993-cü il tarixli müvəkkillər yığıncağının 4 №-li iclas protokolundan çıxarış, xx.xx.1993-cü il tarixli torpaq sahəsinin seçilməsi barədə akt, Qəbələ rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 81 nömrəli sərəncamı, Qəbələ rayon XDS-nin Rəyasət heyətinin xx.xx.1993-cü il tarixli 11 №-li iclas protokolu, cavabdehin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi (tələbdə qeyd edilmiş mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə aiddir). Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı 1,0 ha torpaq sahəsi üzərində istifadə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsinin Qəbələ rayon XDS-nin Rəyasət heyətinin xx.xx.1993-cü il tarixli 11 №-li iclas protokolu ilə ayrılmasını bildirir. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində öz əksini tapmışdır. Sözügedən Qanunun 8.0.8-ci maddəsində bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərin də daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olduğu təsbit edilmişdir. Daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər dedikdə isə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” nəzərdə tutulur. Həmin “Siyahı”da qeyd olunmuş sənədlər yalnız yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə münasibətdə hüquqmüəyyənedici sənəd qismində qəbul edilə bilər. İddia olunan torpaq sahəsinə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olan Torpaq Məcəlləsinin normalarından görünür ki, (7-ci və 9-cu maddələr) rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində Dövlət mülkiyyətində olan torpaqları, kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilərdilər. İstinad olunan Məcəllənin 54-cü maddəsində qeyd edilmişdir ki, torpaq kolxozlara, sovxozlara, kooperativlərə və digər kənd təsərrüfatı müəssisələrinə və təşkilatlarına əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı üçün rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə sahibliyə verilir. ... Qəbələ rayon XDS-nin Rəyasət heyətinin xx.xx.1993-cü il tarixli 11 №-li iclas protokolu qəbul edilərkən qüvvədə olan Torpaq Məcəlləsinin 30-cu maddəsində torpaq üzərində mülkiyyət hüququnun, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqlarının rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilməsi müəyyən edilmişdir. Bununla belə ayrılmış torpaq sahəsinə dair dövlət aktının tərtib edilməsi iş materiallarından müəyyən edilmir. Nəzərə alınmalıdır ki, sonralar torpaq islahatı aparılan zaman da, sözügedən torpaq sahəsinin iddiaçıya ayrılması baş verməmiş, iddia olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd tərtib edilməmişdir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcud olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir . 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı MMC-nin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Səma kiçik müəssisəsinə ayrılmış 1 ha torpaq sahəsi üzərində onun hüquqi varisi İddiaçı istifadə hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №e-2-1(116)-2275/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2275/2024
30.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver