Məhkəmə qərarları › İş №e-2-1(116)-2281/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2281/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2281/2025 10.06.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X13 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədağayeva Səidə Nadir qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “X6 ilə LPO "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş Ağsu şəhəri, Meleratorlar qəsəbəsi, ev 2 ünvanında yerləşən 7 saylı mənzilin üzərində LPO "xxxx" ASC-nin hüquqlarının yüklülüyünün ləğv edilməsi və həmin daşınmaz əmlakın yüklülükdən azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X6 ilə LPO "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş Ağsu şəhəri, Meleratorlar qəsəbəsi, ev 2 ünvanında yerləşən 7 saylı mənzilin üzərində LPO "xxxx" ASC hüquqlarının yüklülüyünün ləğv edilməsi və həmin daşınmaz əmlakın yüklülükdən azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli e-2-1(116)-2281/2025 nömrəli qərardadı ilə LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində adi cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsində qeyd edilir ki, mərhum atası X6 LPO "xxxx" ASC ilə xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi bağlayaraq 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 14.000 ABŞ dolları məbləğində kredit almışdır. Həmin kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il tarixli, MH seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə X3 məxsus Ağsu şəhəri, Meleratorlar qəsəbəsi, ev 2 ünvanında yerləşən 7 saylı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə X6 arasında xx.xx.2015-ci il tarixli, ********* saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra həmin mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. X6 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, bu barədə Ağsu rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 28 nömrə ilə qeydiyyat aparılmışdır. X8, Süleymanova Hicran Sabir qızı və X1 şəhəri, Meleratorlar qəsəbəsi, ev 2 ünvanında yerləşən 7 saylı mənzili miras əmlak kimi qəbul etmişdir. LPO "xxxx" ASC ona qarşı iddia ərizəsi ilə Ağsu rayon Məhkəməsinə müraciət edərək cəmi 40.320,86 ABŞ dolları borcun, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.544,30 ABŞ dolları faiz borcunun, iş üzrə ödənilmiş 295,64 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun cavabdehlərdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, hazırda mülkiyyət hüququ üzrə cavabdehlərə məxsus olan Ağsu şəhəri, Meleratorlar qəsəbəsi, ev 2 ünvanında yerləşən 7 saylı mənzilə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağsu rayon Məhkəməsinin 2(016)-114/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə LPO "xxxx" ASC-nin iddia tələbi təmin edilməmişdir. O həmin qətmamədən apellyasiya şikayəti vermiş, lakin apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etməmişdir. İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 2(107)-705/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-122/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı LPO "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməmişdir və Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-705/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, Ağsu şəhəri, Meleratorlar qəsəbəsi, ev 2 ünvanında yerləşən 7 saylı mənzilin ipotekasına xitam verilməsini və həmin daşınmaz əmlak üzərində LPO "xxxx" ASC hüquqlarının yüklülüyünun ləğv edilməsi ilə əlaqədar Şamaxı ASAN Xidmət Mərkəzinin daşınmaz əmlakın qeydiyyatı ilə bağlı şöbəsinə xx.xx.2025-ci il tarixdə yaxınlaşaraq (müraciət nömrəsi L 41) müvafiq ərizə vermək istəsə də ərizə qəbul edilməmiş və yalnız bank müraciət etdikdə ipotekaya xitam veriləcəyi bildirilmişdir. Ərizə qəbul edilmədiyindən o, ipotekaya xitam verilməsi və yüklülüyün ləğv edilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş 15 manat dövlət rüsumunu da ödəyə bilməmişdir. Bununla belə həmin yüklülüyün ləğv edilməsi ilə bağlı dövlət rüsumunu və xidmət haqqını ödəməyə hazır olduğunu onların diqqətinə çatdırmışdır. Bundan sonra o, X6 ilə LPO "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin təminatı kimi Ağsu şəhəri, Meleratorlar qəsəbəsi, ev 2 ünvanında yerləşən 7 saylı mənzilin ipotekasına xitam verilməsini və həmin daşınmaz əmlak üzərində LPO "xxxx" ASC hüquqlarının yüklülüyünun ləğv edilməsi barədə bir daha rəsmi ərizə ilə cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir Cavabdeh xx.xx.2025-ci il tarixli iddia tələbinə etirazında bildirmişdir ki, 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək, mərhum X4 mülkiyyətində olmuş Ağsu şəhəri, Meleratorlar qəsəbəsi, ev 2 ünvanında yerləşən 7 saylı mənzilə dair LPO "xxxx" ASC-nin yüklülüyünün ləğv edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Qeyd olunan müraciətin araşdırılması zamanı məlum olmuşdur ki, Ağsu şəhəri, Meleratorlar qəsəbəsi, ev 2 ünvanında yerləşən 7 saylı mənzilin mülkiyyətçisi X6 və LPO "xxxx" ASC arasında bağlanmış 04 mart 2015-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq, sözügedən mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (ipoteka müqaviləsi ********* saylı, xx.xx.2015-ci il tarixli). Qeyd olunan ipoteka müqaviləsinin ləğv edilməsi və ipoteka predmetinin yüklülükdən azad edilməsi barədə ipoteka saxlayan təşkilatdan 14 saylı Şamaxı Ərazi İdarəsinə hər hansı bir müraciət daxil olmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. İddiaçı müraciəti yuxarıda qeyd olunan Qanunun tələblərinə zidd olduğu üçün icrası mümkün olmamışdır. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddiası əsassız olduğu üçün rədd edilməsi xahiş edilmişdir. Üçüncü şəxs xx.xx.2025-ci il tarixli iddia tələbinə münasibətində bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilir ki, - Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. - DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Odur ki hazırki iddia tələbindəki xüsusatlar mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq ümumi məhkəmə mübahisələndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29.1-ci maddəsinə əsasən üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkədən iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - ********* nömrəli ipoteka müqaviləsindən görünür ki, X6 ilə "xxxx" ASC-nin Ağsu filialı arasında xx.xx.2025-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X3 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak ipotekaya verilmişdir. - RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil üzərində Süleymanov Hicran Sabir qızı, X7 və İddiaçı paylı mülkiyyət hüququ qeydə alınmışdır. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(016)-114/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı LPO "xxxx" MMC-nin cavabdehlər Süleymanova Hicran Sabir qızı, İddiaçı və X5 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. - AZ-İ 830050 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. - MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Ağsu şəhəri “Meleratorlar” qəsəbəsində istifadədə olan 0,03968 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 71 kv.metr ümumi 39,8 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 7 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdır. - RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil üzərində xeyrinə hüquq yüklü edilən şəxs kimi "xxxx" ASC-nin Ağsu filialı, hüququ yüklü edilən şəxs kimi isə X6 qeyd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavadehə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. II. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Mməhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1.Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2.Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3.Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4.Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 20.1.Daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və ipotekaqoyan barədə məlumat qeyd edilir. 20.4. İpotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. 20.5. İpotekanın dövlət qeydiyyatının digər xüsusiyyətləri, o cümlədən əlavə dövlət qeydiyyatının aparılması qaydası ipoteka haqqında qanunvericiliklə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 269.1.Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2.Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 270.2. Bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir. 294.1. Girova aşağıdakı hallarda xitam verilir: 294.1.1. girovla təmin edilmiş öhdəliyə xitam verildikdə; 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 309.2. İpotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 12.1. Daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1 ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2 əsas öhdəliyə xitam verildikdə; 48.1.3 tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4 ipoteka predmeti məhv olduqda; 48.1.5 bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1.İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. III. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İnzibati mübahisənin ərazi aidiyyəti: Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İşə ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın əsaslılığı: Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, işin hallarından görünür ki, mərhum X6 04 mart 2015-ci il tarixli kredit müqaviləsi əsasında Dəmirbank ASC-dən 14.000 ABŞ dolları məbləğində kredit almış və həmin kreditin təminatı olaraq ona məxsus olan, hazırda vərəsələrin paylı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi ilə eyni tarixdə bağlanmış ipoteka müqaviləsi qanuna uyğun olaraq notarial qaydada təsdiq edilmiş və müvafiq ərazi idarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq daşınmaz əmlak üzərində yüklülük qeydi aparılmışdır. Daha sonra, yəni 2023-cü ildə Dəmirbank ASC həmin kredit üzrə əsas borcun və faizlərin ödənilməməsini əsas götürərək mərhumun vərəsələrinə qarşı məhkəməyə müraciət etmiş, lakin bu iddia Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(016)-114/2023 nömrəli qətnaməsi ilə təmin edilməmiş, daha sonra isə qanuni qüvvəyə minmişdir. Bu qətnamədə iddianın rədd edilməsi əsasən iddia müddətinin ötürülməsi və bankın borc tələbinin hüquqi qüvvəsinin qalmaması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 11 fevral 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarını əsas götürərək vurğulamağı zəruri hesab edir ki, kreditorun tələbinin təmin olunmaması, yəni hazırki iş üzrə üçüncü şəxsin əsas borc üzrə iddiasının rədd edilməsi borcun ödənilməsi və ya hüquqi baxımdan ləğv edilməsi kimi qiymətləndirilə bilməz. Bu hal sadəcə olaraq tələbin hüquqi müdafiədən məhrum edildiyini göstərir və bu, nə borcun, nə də ipoteka hüququnun xitamı üçün müstəqil və yetərli əsas hesab olunmur. Əsas öhdəliyin hüquqi cəhətdən xitamı yalnız borcun faktiki ödənilməsi, kreditorla ipoteka saxlayan arasında borcun silinməsi və ya ləğvi barədə razılığın mövcudluğu, ipoteka predmetinin hüquqi və ya fiziki baxımdan məhv olması, əmlakın satışa çıxarılması və ya digər qanuni əsasların baş verməsi halında mümkündür. Lakin hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı biri sübut olunmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin iddiaçının müraciətindən imtina etməsi “İpoteka haqqında” Qanun və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş prosedurlar çərçivəsində baş verdiyi üçün qanunvericiliyin tələblərinə zidd hesab edilə bilməz. Belə ki, cavabdeh orqan yalnız ipoteka saxlayanın ərizəsi və ya məhkəmə qərarı əsasında ipotekaya xitam verə bilər. Tərəflər arasında və ya kreditor tərəfindən ipotekaya xitam verilməsinə dair razılıq və ya icra sənədi təqdim edilmədiyindən, cavabdeh qeydiyyat orqanının bu hərəkətsizliyi hüquqa zidd hesab edilə bilməz. Məhkəmə işin yuxarıda sadalanan bütün hallarını, eləcə də qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının tələbi hüquqi cəhətdən əsaslandırılmamışdır. Belə ki, ipoteka yalnız borcun tam şəkildə ödənilməsi və ya qanunla nəzərdə tutulmuş digər hallarda aradan qalxa bilər. İddia tələbi yalnız iddiaçı LPO "xxxx" MMC-nin cavabdehlər Süleymanova Hicran Sabir qızı, İddiaçı və X5 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(016)-114/2023 nömrəli qətnaməsinə əsasən rədd edilməsi ilə əsaslandırılsa da, borcun faktiki olaraq ödənilmədiyi və ya ipotekaya xitam verilməsinə əsas verən digər şərtlərin mövcud olmadığı nəzərə alınmalıdır. Bu səbəbdən, daşınmaz əmlak üzərində mövcud olan ipoteka yüklülüyü hələ də hüquqi qüvvəsini saxlayır və borcalanın kreditor qarşısında tam şəkildə yerinə yetirilməmiş öhdəlikləri olduğundan, həmin ipoteka kredit müqaviləsindən irəli gələn borcun təminat vasitəsi kimi hüquqi nəticələr doğurmaqda davam edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “X6 ilə LPO "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş Ağsu şəhəri, Meleratorlar qəsəbəsi, ev 2 ünvanında yerləşən 7 saylı mənzilin üzərində LPO "xxxx" ASC-nin hüquqlarının yüklülüyünün ləğv edilməsi və həmin daşınmaz əmlakın yüklülükdən azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “X6 ilə LPO "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş Ağsu şəhəri, Meleratorlar qəsəbəsi, ev 2 ünvanında yerləşən 7 saylı mənzilin üzərində LPO "xxxx" ASC-nin hüquqlarının yüklülüyünün ləğv edilməsi və həmin daşınmaz əmlakın yüklülükdən azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X14 Əsədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar