Məhkəmə qərarları › İş №e-2-1(116)-2322/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2322/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2322/2024 05.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayonu Qullar Bələdiyyəsinin xx.xx.2000-cü il tarixli 08 saylı iclas protokolunun qərarı ilə satılmış 100 kv.m torpaq sahəsi üzərində X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Qullar Bələdiyyəsinin xx.xx.2000-cü il tarixli 08 saylı iclas protokolunun qərarı ilə satılmış 100 kv.m torpaq sahəsi üzərində X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1799/2024 nömrəli qərardadı ilə Balakən rayonu Qullar Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, X1 Könül Hizbullah qızının atası olmuşdur. X9 xx.xx.2006-cı il tarixdə ölmüş, ona məxsus olan əmlaklara vərəsəlik işi açılmışdır. X9 ərizə ilə Balakən rayonu Qullar Bələdiyyəsinə müraciət edərək Balakən rayonu Qullar Bələdiyyəsinin mülkiyyətində olan sahədən 0.01 ha torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Onun ərizəsinə 28 avqust 2000-ci il tarixdə Balakən rayonu Qullar Bələdiyyəsinin iclasında baxılmış və Balakən rayonu Qullar Bələdiyyəsinin 28 avqust 2000-ci il tarixli 08 saylı iclas protokolu və 03 saylı sərəncamı ilə Balakən rayonu Qullar Bələdiyyəsinin mülkiyyətində olan sahədən 0.01 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. X9 12 oktyabr 2000-ci il tarixdə Balakən rayonu Qullar Bələdiyyəsinin hesabına o vaxtkı məzənnə ilə 154300 (yüz əlli dörd min üç yüz) manat Ödəniş etmişdir. Eyni zamanda 30 avqust 2004-cü il tarixdə Balakən rayonu Qullar Bələdiyyəsi tərəfindən akt tərtib edilərək X6 Balakən rayonu Qullar Bələdiyyəsi tərəfindən satılmış torpaq sahəsinin sxemi və naturada yeri göstərilmişdir. X2 orada çörək köşkü inşa etmiş və və həmin əmlaka texniki pasport verilmişdir. Sonradan həmin köşk sökülmüşdür. Göründüyü kimi X6 0.01 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə ərizəçiyə satılmışdır. Hazırda iddiaçının hüquqi marağı 0.01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə elektron arayışın verilməsinə nail olmaqdan ibarətdir. Buna görə də yuxarıda qeyd etdiklərimi nəzərə alaraq Balakən rayonu Qullar kəndi ərazisində yerləşən Balakən rayonu Qullar Bələdiyyəsinin 28 avqust 2000-ci il tarixli 08 saylı iclas protokolu və 03 saylı sərəncamı ilə satılmış 0.01 ha torpaq sahəsi üzərində X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə elektron arayışın verilməsinə köməklik göstərilməsi barədə cavabdehə müraciət etmiş. Cavabdeh orqan bundan imtina etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, Ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əsilləri, Balakən rayonu Qullar bələdiyyəsi tərəfindən tərtib edilmiş və Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən təsdiq edilmiş “Torpaqların alqı-satqısına dair Akt” sənədi, Ləğv olunmuş DTXKnin Balakən rayon şöbəsinin rəyi, Balakən Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəyi, “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmamışdır. Buna görə də, onun ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-T-0020- 8/2023 (**********27) nömrəli məktub ünvanlanmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin və üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. 1.Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. 2.Az-İİ 160416 seriya nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X8 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. 3.Balakən rayonu Qullar Bələdiyyəsinin 28 avqust 2000-ci il tarixli 08 saylı iclas protokolundan görünür ki, Balakən rayonu Qullar Bələdiyyəsi ərazisindən 0.01 ha X3 mülkiyyətinə verilmişdir. 4.Balakən rayonu Qullar bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 29 nömrəli arayışının surət. 5.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, X4 Balakən rayonu Qullar bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 08 saylı iclas protokolunun qərarı ilə satılmış 100 kv.m sahəsinin TEKUİS məlumat bazasında kateqoriyası yaşayış məntəqələri torpaqları, alt kateqoriyası ümumi istifadədə olan torpaqlar, uqodiyası yollar və küçələr olmaqla Balakən rayonu Qullar bələdiyyəsinin mülkiyyətində olan ərazi kimi işlənilmişdir. Həmin kəndin DWG xəritəsində iddia olunan 100 kv.m torpaq sahəsi yaşayış məntəqələri torpaqlarının hüdudları daxilində kənd təsərüfatına yararsız ictimai tikintilər üçün nəzərdə tutulan ərazi olmaqla Qullar bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi kimi işlənilmişdir. İddia olunan torpaq sahəsinin döngə nöqtələri, yerləşmə vəziyyəti və naturada ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. 6.Faktiki istifadə ounan torpaq sahəsi iddiçıya ayrılmış 100 kv.m torpaq sahəsi ilə üstüstə düşür. iddiaçıya ayrılmış torpaq sahəsi və ya faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur.Lakin,iddia mahiyət etibarı ilə əsaslı deyil.Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. İddiaçı Balakən rayonu Qullar Bələdiyyəsinin 28 avqust 2000-ci il tarixli 08 saylı iclas protokolu qərarı ilə kənd ərazisində 0,01 ha torpaq sahəsinin ayrıldığını iddia edir və hesab edir ki, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Cavabdeh isə qeydiyyat aparmaqdan imtinasını həmin qərarın mülkiyyət hüququnun yaranması üçün kifayət etməməsi, bələdiyyə qərarının, torpaq sahəsinin planı və ölçüsünün, DTXK və bələdiyyə tərəfindən təsdiq edilmiş alqı-satqı aktının və aktın qeydiyyat kitabında qeydiyyatının olmaması ilə əsaslandırır. Məhkəmə araşdırması zamanı Balakən rayonu Qullar Bələdiyyəsinin 28 avqust 2000-ci il tarixli 08 saylı iclas nömrəli qərarının qəbul edildiyi 8 saylı iclas protokolunun əldə olunması üçün araşdırılma aparılmışdır. Dövlət arxivinin Şəki filialının xx.xx.2024-cü il tarixli məktubuna əsasən sözügedən iclas protokolunun surəti məhkəməyə təqdim olunmuşdur. Həmin iclas protokolu nəzərdən keçirilmiş, protokolda X3 adı aşkar edilməmiş, ona torpaq ayrılması faktı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ №-li Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin zamana görə qüvvədə olmuş redaksiyasında deyilir ki, bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər (11-ci bənd). Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir (15-ci bənd). Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir (16-cı bənd). Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir (17-ci bənd). Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir (18-ci bənd). Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır (19-cu bənd). Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını və cizgisini təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir (21-ci bənd). Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir (22-ci bənd). Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir (23-cü bənd). Qeyd olunan normaların birgə təhlili onu deməyə əsas verir ki, şəxs torpaq sahəsinin ayrılması barədə ərizə ilə bələdiyyəyə müraciət etdikdən sonra bələdiyyə torpaq sahəsinə yerində baxış keçirir, torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir, şəxsin müraciətindən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir, zəruri sənədləri həmin orqandan aldıqdan sonra isə torpaq sahəsinin dəyəri ödənildiyi halda, torpağın mülkiyyətə verilməsi barədə qərar qəbul edir. Yalnız bundan sonra sahənin sərhədləri naturada müəyyən edilir. Bundan başqa, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin zamana görə qüvvədə olan redaksiyasında deyilirdi ki, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alğı-satqı aktı tərtib edilir. Həmin Qanunun 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. "Bələdiyyə statusu haqqında haqqında" Azərbaycan Respublikası Qanununun 16.6cı maddəsinə əsasəm b ələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsində isə torpaq sahəsi üzərində hüquqi və fiziki şəxslərin hüquqlarının yaranma əsaslarından biri kimi, bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi, iddiaçının mərhum atasına torpaq sahəsinin satılması ilə bağlı ziddiyyətli məqamlar vardır. Belə ki, iddiaçıya Balakən rayonu Qullar Bələdiyyəsinin 28 avqust 2000-ci il tarixli 8 saylı iclas protokolunun qərarı ilə torpaq sahəsinin ayrıldığı göstərilməsinə baxmayaraq həmin protokolda iddiaçının atasının adı olmamış, protokola əsasən ona torpaq satılması müəyyən edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Balakən rayonu Qullar Bələdiyyəsinin 28 avqust 2000-ci il tarixli 3 saylı Sərəncamı özlüyündə etibarsız inzibati aktdır. Belə ki,qanunvericiliyin tələbinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.Hazırkı iddia tələbinə əsasən iddia olunan torpaq sahəsi bələdiyyənin,yəni kollegial orqanın qərarı ilə deyil,bələdiyyə sədrinin fərdi olaraq səlahiyyəti olmadan qəbul etdiyi Sərəncam əsasında ayrılmışdır.Oxşar işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1814/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarında təsbit olunan mövqe.) Kollegiallıq prinsipinə uyğun olaraq bələdiyyələr kollegial orqan kimi fəaliyyət göstərir və onların qərarları bələdiyyə üzvlərinin iştirakı ilə ümumi iclaslarda qəbul olunur.Torpaq və əmlakın satışı ilə bağlı məsələlər kollegial iclaslarda müzakirə edilərək qərar qəbul edilməlidir.Bələdiyyə sədrinin səlahiyyətləri yalnız icraedici funksiyaları yerinə yetirmək və kollegial qərarların icrasını təşkil etməkdən ibarətdir.Sədr yalnız kollegial orqanın (bələdiyyə üzvlərinin) qəbul etdiyi qərar əsasında sərəncam imzalaya bilər. Belə olan halda cavabdeh inzibati orqan qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanuni olduğundan,iddiaçıya torpaq sahəsinin satılması ilə bağlı qərarın ziddiyyətli olması səbəbindən iddia tələbi rədd edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayonu Qullar Bələdiyyəsinin xx.xx.2000-cü il tarixli 08 saylı iclas protokolunun qərarı ilə satılmış 100 kv.m torpaq sahəsi üzərində X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar