Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2345/2024 25.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İdiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2013-cü il tarixli qəbzə əsasən ödədiyi 11 manat 30 qəpik, xx.xx.2014-cü il tarixli qəbzə əsasən ödədiyi 5 manat dövlət sosial sığorta haqqının iddiaçının şəxsi fərdi hesabında qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İdiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2013cü il tarixli qəbzə əsasən ödədiyi 11 manat 30 qəpik, xx.xx.2014-cü il tarixli qəbzə əsasən ödədiyi 5 manat dövlət sosial sığorta haqqının iddiaçının şəxsi fərdi hesabında qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı, xx.xx.1958-ci ildə Balakən rayonu Hənifə kəndində anadan olmuşdur. 1976-cı ildən əmək fəaliyyətinə başlamış, müxtəlif işlərdə çalışmışdır. 22 yanvar 2013-cü il tarixdə X6 filialında mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə ilə bağlı 11 manat 30 qəpik, 13 oktyabr 2014-cü ildə isə beş manat sosial sığorta ödənişi etmişdir. 2020-ci ildə İddiaçı yaşa görə əmək pensiyasına çıxmaq üçün sənədlərini cavabdehə təqdim etmiş, lakin ona pensiya təyin edilməsindən imtina edilmiş, imtinada qeyd edilmişdir ki, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Buna görə də xx.xx.2020-ci il tarixindən ona yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçıya **********247 saylı dövlət sosial sığorta şəhadətnaməsi təqdim edilmişdir. Sonradan İddiaçı ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabında əks olunması ilə bağlı bir neçə dəfə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh inzibati orqan ona imtina verərək göstərmişdir ki, İddiaçı Nazirliyin “X1 Sistemi”nin "Sığorta” (Monitorinq) altsistemində “Fərdi sahibkar (özü-özünü sığortaedən)” şəxs və “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçotu aşkarlanmadı. Fond tərəfindən təqdim edilmiş məlumatlara əsasən X1 sistemində 2014-2016-cı illər üzrə sığortaedən, X2 (SUN: **********1) tərəfindən “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlara (Forma B2) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üarə sığortaolunanlar haqqında məlumatları (Forma ВЗ) təqdim edilmədiyindən xeyrinizə ödədiyiniz məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabınızda öz əksini tapmamışdır. Nəzərinizə çatdırırıq ki, müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək sığortaedənin vəzifəsidir. Buna görə də müraciət təmin edilməmişdir. Cavabdehin imtinası tam əsassız və sosial təminat haqqında qanunvericiliyin tələblərinə tam ziddir. İddiaçı, Azərbaycan Respublikası “Sosial sığorta haqqında" Qanunun 8, 14, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 26 fevral 2021-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu” Qaydasına istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, qeyd etmişdir ki, təqdim etdiyi 22 yanvar 2013-cü il tarixdə Kapitalbankın Balakən filialında mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə ilə bağlı 11 manat 30 qəpik, 13 oktyabr 2014-cü ildə isə beş manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Müvafiq qəbzlər xx.xx.2013-cü il tarixdə və xx.xx.2014-cü il tarixdə tərtib edildiyindən nəzərə alınmalıdır ki, ödənilmiş həmin pul məbləğini, iddiaçının fərdi hesabının sığorta hissəsində əks etdirmək cavabdeh orqanın vəzifəsi olmuşdur. İddiaçı həmin pul məbləğini buna səlahiyyəti olan müvafiq orqana təqdim etməklə, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı qanunvericiliyin onun üzərinə qoyduğu vəzifəni yerinə yetirmişdir. Cavabdeh orqan, təqdim edilmiş həmin qəbzin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim edə bilməmiş, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmamasını bildirmişdir. Cavabdeh orqan iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmamasına, iddiaçı tərəfindən ümumiyyətlə heç bir ödəniş edilmədiyi halda istinad edə bilərdi. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən müvafiq ödənişin edilməsi sözgedən qəbzlərlə sübut olunur və müvafiq qəbzlərin mövcudluğu iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmaması ilə bağlı cavabdehin dəlillərinin əsassızlığını sübut edir. Buna görə də hesab edir ki, xx.xx.2013-cü il tarixli və xx.xx.2014-cü il tarixli "xxxx" ASC-nin Balakən filialının təqdim etdiyi mədaxil qəbzlərində qeyd edilmiş pul məbləği iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qədər qeydə alınmalıdır. Cavabdeh orqan, iddia tələbinə etirazını “Sosial sığorta haqqında” Qanunun 1.1.10, 10, 13, 14.2-ci maddələri, "Məcburi dövlət sosial sığorta haqqının toplanması” Qaydalarının (bundan sonra - Qaydalar) 7-ci bəndi ilə əsaslandırmış və qeyd etmişdir ki, Qaydaların 7.4-cü bəndinə əsasən sığortaedənlər uçota alındığı DSMF orqanına hər rüb hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər. Hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda DSMF orqanına təqdim edilməlidir. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır. Qaydaların 7.5-ci bəndinə əsasən sığortaedənlər rüblük hesabatlarını Fondun müvafiq orqanına kağız formasında və elektron sənəd formasında təqdim edə bilərlər Elektron qaydada hesabatın baxılması üçün qəbul edildiyini bildirən bildirişdə göstərilən gün, rabitə orqanları vasitəsi ilə göndərilən hesabatın isə DSMF-nin müvafiq orqanına daxil olduğu gün hesabatın təqdim edildiyi gün hesab edilir. Qaydaların 7.9-cu bəndinə əsasən sığortaedən hesabat dövründə fəaliyyət göstərmədiyi halda fəaliyyətini dayandırdığı gündən sonrakı 10 (on) iş günü ərzində, lakin hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətinin olmaması barədə arayış təqdim etməlidir. Arayış sığortaedənin fəaliyyətinin dayandırdığı müddətə düşən hesabat dövrlərinin sayından asılı olmayaraq sığortaedən tərəfindən fəaliyyətinin bərpa tarixi göstərilməklə fəaliyyətini dayandırdığı birinci hesabat dövründə təqdim edilir. Nəzərinizə çatdırılır ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə "Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 2019-cu il 1 yanvar tarixindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. Göründüyü kimi, sözügedən Qaydalara əsasən sığortaedənlər uçota alındığı DSMF orqanına hər rüb hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər. Hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı- ayrılıqda DSMF orqanına təqdim edilməlidir. Həmin dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən sığortaedənlərə sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya (yəni sığortaedəni uçota aldığı DSMF orqanı) hesabat vermək vəzifəsi qoyulmuşdur. İddiaçının müraciətinə münasibətdə qeyd edilir ki, İddiaçı “X1 Sistemi’nin “Sığorta" (Monitorinq) altsistemində “Fərdi sahibkar (özü-özünü sığortaedən)” və "Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs" kimi uçotu aşkarlanmamışdır. Araşdırma zamanı Mərkəzləşdirilimiş elektron informasiya sisteminin “Sığorta" (Monitorinq) altsistemində “Sığortaedənlərin reyestri" bölümündə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs“ kimi uçota alınmış Ə.Muradovun “Ailə üzvləri" bölümündə İddiaçı aid heç bir məlumatın qeyd olunmadığı müəyyən edilmişdir. X1 sistemində 2014-2016-cı illər üzrə sığortaedən, X2 (SUN: **********1) tərəfindən "Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlara (Forma B2) uyğun olaraq ''Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatdan (Forma ВЗ) təqdim edilmədiyindən iddiaçının xeyrinə ödədiyi məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabında öz əksini tapmamışdır. Nəzərinizə çatdırmaq istərdik ki, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sıqortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi sıqortaedənlər tərəfindən təqdim edilmiş Forma В1 məlumatları və ona uyqun təqdim edilmiş Forma ВЗ məlumatları əsasında həyata keçirildiyindən, həmçinin sığortaedən Ə.Muradov tərəfindən həmin dövrlər üzrə sığortaolunanlar haqqında məlumatlar təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar iddiaçının fərdi şəxsi hesabında əks olunmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) , iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu, xx.xx.2013-cu il tarixli 29 nömrəli mədaxil qəbzi, xx.xx.2014-ci il tarixli 64 nömrəli mədaxil qəbzi, **********81 reyestr nömrəli, xx.xx.2009-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarış, JN-0842 kod 40102018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqqında məlumat, Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin Azərbaycan Respublikasında Dövlət Sosial Müdafiə orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük Hesabatı. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması; Maddə 2. Sosial sığortanın formaları Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Maddə 8. Sosial sığortanın iştirakçıları Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Maddə 9. Sığortaçının hüquq və vəzifələri Sığortaçının hüquqları aşağıdakılardır: məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq; məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparma məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq; Maddə 10. Sığortaedənlərin hüquq və vəzifələri Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: ... müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; Maddə 11. Sığortaolunanların hüquq və vəzifələri Sığortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək; sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq; Sığortaolunanların vəzifələri aşağıdakılardır: sosial sığorta haqqını vaxtında ödəmək; sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ödədiyi məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabında qeydə alınmasına və bununla da yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə 11 manat 30 qəpik, xx.xx.2014-cü il tarixdə 5 manat pul məbləğini X6 filialında DSMF-nun Balakən şöbəsinin hesabına ödənilmişdir. Cavabdeh orqan, iddiaçının “Torpaq mülkiyyətçiləri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota alınmadığını bildirsə də, məhkəmə həmin dəlili əsassız hesab edir. Belə ki, müvafiq uçotun aparılması iddiaçıdan ödənişləri qəbul edən DSMF-nun Balakən şəhər şöbəsinin vəzifəsi olmuşdur. Ödənişləri qəbul edən DSMF-nun Balakən şəhər şöbəsi iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməmiş və ödənilən vəsaiti müvafiq bank hesabı vasitəsilə qəbul etmişdir. Bununla da, iddiaçı, torpaq mülkiyyətçisi kimi müvafiq ödənişləri ödəməklə, qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifələri icra etmişdir. Ödənişlərin qəbul edilməsi faktı və uçot prosedurunun dövlət orqanı tərəfindən həyata keçirilməli olması onu deməyə əsas veri ki, faktiki olaraq cavabdeh orqanın düzgün uçot aparmamış və öz öhdəliklərini pozmuşdur. Təqdim edilən qəbzlərin mötəbərliyini şübhə altına salacaq hər hansı sübut cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmiş, eyni zamanda müvafiq hallar məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. İşdə olan JN-0842 kod 40102018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçının 4 nəfər ailə üzvü ilə birlikdə ümumi birgə mülkiyyətində 1,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan, iddiaçının 2013-2014-cu illərdə torpaq mülkiyyətçisi kimi ödədiyi sosial sığorta ödənişlərinin, onun fərdi şəxsi hesabında qeyd edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh DSMF PHŞ-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə xx.xx.2013-cü il tarixli qəbzə əsasən ödənilmiş 11 manat 30 qəpik, xx.xx.2014-cü il tarixli qəbzə əsasən ödənilmiş 5 manat məcburi dövlət sosial sığorta haqqının İddiaçı fərdi şəxsi hesabında qeydə alınması qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.