Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2351/2025 24.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.2025-ci il tarixli **********9090 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “iddiaçı Mirzəyev X2 Quzanlı marşrutu üzrə sərnişin daşıma fəaliyyət göstərir. Hər ay mülkiyyətində və istifadəsində olan avtonəqliyyat vasitələri üçün sərnişin daşımalarını həyata keçirən fiziki şəxs kimi sadələşdirilmiş vergi ödəyir. xx.xx.2025-ci il tarixdə cavabdeh orqanın xx.xx.2025-ci il tarixli 3-21-2-17/2- 29361/2025 nömrəli məktubunu almışdır. Həmin andan iddiaçıya məlum olmuşdur ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli **********9090 saylı qərar əsasında Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə görə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarını təqvim ili ərzində birinci dəfə pozduğu üçün 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 58.7-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisi təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində cərimə edilir. İddiaçı tərəfindən qeyd olunan maddənin tələbləri pozulmamışdır. Cavabdeh inzibati orqanın qərarı qanunsuz və əsassızdır. Tərəfindən ********** vergi ödəyiciyisinin eyniləşdirmə nömrəsi üzrə hal-hazıradək stabil olaraq hər ay sonu vergi ödəyir. (Sübutedici qəbzlər qoşma hissəyə əlavə ediləcəkdir).”. Cavabdeh etiraz məktubunda bildirmişdir ki, “11 saylı Ərazi Vergilər Baş İdarəsi iddiaçının iddia ərizəsində irəli sürülən iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir. Belə ki, uçot-baza məlumatına əsasən fərdi sahibkar İddiaçı xx.xx.2007-ci il tarixdə vergi orqanında ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə vergi uçotuna alınmış, fəaliyyət növünün “Şəhər və şəhərətrafı sərnişin quruyol nəqliyyatı fəaliyyəti” olmuşdur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsi 4 noyabr 2024-cü il tarixli 19-120 saylı və 4 dekabr 2024-cü il tarixli 19-203 saylı məktublarla müraciət edərək müntəzəm şəhərlərarası marşrutlar üzrə fəaliyyət göstərən bəzi sahibkarların, o cümlədən hazırkı iş üzrə İddiaçı fərqlənmə nişanı almaqdan imtina edərək qanunsuz fəaliyyət göstərmələrini bildirərək qanunamüvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Odur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5819 nömrəli qərarı ilə İddiaçı tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Vergi Məcəlləsinin 221.4.7-ci maddəsinə əsasən “Fərqlənmə nişanı” olmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkar edilməsi” məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə saat 09:10da keçirilmiş vergi nəzarəti tədbiri zamanı İddiaçı Mingəçevir-Ağdam-Quzanlı marşrutu üzrə sərnişindaşıma xidməti göstərdiyi və sərnişindən gediş haqqı olaraq qəbul etdiyi 4 manat ödəniş müqabilində ciddi hesabat blankı hesab edilən sərnişin biletinin təqdim edilmədiyi müəyyən edilmişdir. Araşdırma zamanı fərdi sahibkar İddiaçı tərəfindən sərnişindaşıma xidmətinin ciddi hesabat blankı olan sərnişin bileti tətbiq edilmədən apardığı müəyyən edilmişdir. Bu hal xx.xx.2024-cü il tarixli DVX seriyalı 037738 nömrəli aktla rəsmiləşdirilmişdir. Bundan başqa İddiaçı tərəfindən sərnişindaşıma fəaliyyətinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərqlənmə nişanı almadan həyata keçirildiyi üçün xx.xx.2024-cü il tarixli DVX seriyalı 000095 nömrəli akt tərtib edilmişdir. Vergi ödəyicisi barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli DVX seriyalı 037738 nömrəli akt tanış olmaq və imzalamaq üçün təqdim olunsa da fərdi sahibkar İddiaçı aktı imzalmaqdan imtina etmişdir. Bu barədə aktda qeyd aparılmış və sərbəst formada akt tərtib edilmişdir. Odur ki, tərtib edilmiş aktlar və operativ vergi nəzarəti tədbiri ilə əlaqədar digər sənədlər xx.xx.2024-cü il tarixli **********588100 nömrəli və **********591900 nömrəli məktublarla vergi ödəyicisinə göndərilməklə Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən barəsində qəbul ediləcək qərar üzrə materiallara baxılmasında iştirak etmək məqsədilə xx.xx.2025-ci il saat 10:00-a 11 saylı Ərazi Vergilər Baş İdarəsinə dəvət olunmuşdur. xx.xx.2024-cü il tarixli DVX seriyalı 037738 nömrəli akt əsasında 11 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2025-ci il tarixli, **********3258 nömrəli qərar qəbul edilərək 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-17/2-48886/2024 nömrəli bildirişi.
2. Rəqəmsal İnkişaf və X1 X5 X6 İdarəsinin 4.12.2024-cü il tarixli 19-203 nömərli məktubunun surəti.
3. xx.xx.2025-ci il tarixli Vergi ödəciyisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********9090 nömrəli qərarın surəti.
4. xx.xx.2024-cü il tarixli Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında **********5819 nömrəli qərarın surəti.
5. DVX seriyalı 037738 seriya nömrəli Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında aktın surəti.
6. DVX seriyalı 000095 seriya nömrəli Vergi Məcəlləsinin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşımasının aşkar edilməsi barədə aktın surəti.
7. Cavabdehin xx.xx.2025-ci il tarixli etiraz məktubu və ona əlavə edilmiş sənədlərin surəti. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; Maddə 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Maddə 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Maddə 53.2. Heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Maddə 53.6. Vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir. Vergi ödəyicisi tərəfindən eyni əməliyyat üzrə bu Məcəllənin 58.7-ci maddəsində nəzərdə tutulan hesablaşma qaydalarının pozulması hallarına eyni vaxtda yol verildikdə, həmin qanun pozuntularına bir pozuntu halı kimi baxılır və maliyyə sanksiyası bir dəfə tətbiq edilir. Maddə 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Maddə 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; Maddə 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Maddə 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Maddə 62.3. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “ Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları” 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 dekabr tarixli 9 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında müəssisə və təşkilatların, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (bundan sonra – təşkilatlar və fərdi sahibkarlar) iş xüsusiyyətlərinə uyğun olaraq istifadə etdikləri ciddi hesabat blanklarının tərtibi və tətbiqi qaydalarını müəyyən edir. 1.4. Ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. 3.1. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir. 3.4. Ciddi hesabat blanklarının istifadəsinə nəzarət öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Əsaslandırma hissə: Hazırkı iddia, İPM-in 2.2.1-ci maddəsinə görə növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İddia xüsusi mümkünlük şərtinə əməl edilməklə İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətində məhkəməyə təqdim edilmişdir. Məhkəmə yuxarıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia mümkün olsa da, mahiyyət etibarı ilə əsassızdır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı barəsində qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2025-ci il tarixli, **********3258 nömrəli qərarı mübahisələndirsədə, həmin aktın qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamışdır. Lakin buna baxmayaraq hazırda mübahisələndirilən qərar üzrə inzibati orqanın apardığı inzibati icraatın qanunla müəyyən olunmuş qaydada aparılıbaparılmadığının araşdırılması mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə,inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi məsuliyyətinə cəlb etdikdən sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Qeyd edildiyi kimi, məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Odur ki, hazırkı halda qiymət verilməli olan, cavabdeh tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi zamanı inzibati icraatın tələblərinə riayət edilib-edilməməsidir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı “Şəhər və şəhərətrafı sərnişin quruyol nəqliyyatı fəaliyyəti” ilə əlaqədar fərdi sahibkar kimi ********** nömrə ilə vergi ödəyicisi qismində vergi uçotuna alınmışdır. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsi 4 noyabr 2024-cü il tarixli 19-120 saylı və 4 dekabr 2024-cü il tarixli 19-203 saylı məktublarında İddiaçı fərqlənmə nişanı almaqdan imtina edərək qanunsuz fəaliyyət göstərməsi barədə məlumata əsasən cavabdeh inzibati orqanın “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5819 nömrəli qərarı ilə İddiaçı tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Vergi Məcəlləsinin 221.4.7-ci maddəsinə əsasən “Fərqlənmə nişanı” olmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkar edilməsi” məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024cü il tarixdə saat 09:10-da keçirilmiş vergi nəzarəti tədbiri zamanı İddiaçı Mingəçevir-Ağdam- Quzanlı marşrutu üzrə sərnişindaşıma xidməti göstərdiyi və sərnişindən gediş haqqı olaraq qəbul etdiyi 4 manat ödəniş müqabilində ciddi hesabat blankı hesab edilən sərnişin biletinin təqdim edilmədiyi müəyyən edilmişdir. Araşdırma zamanı fərdi sahibkar İddiaçı tərəfindən sərnişindaşıma xidmətinin ciddi hesabat blankı olan sərnişin bileti tətbiq edilmədən apardığı müəyyən edilmişdir. Bu hal xx.xx.2024-cü il tarixli DVX seriyalı 037738 nömrəli aktla rəsmiləşdirilmişdir. Bundan başqa İddiaçı tərəfindən sərnişindaşıma fəaliyyətinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərqlənmə nişanı almadan həyata keçirildiyi üçün xx.xx.2024-cü il tarixli DVX seriyalı 000095 nömrəli akt tərtib edilmişdir. Vergi ödəyicisi barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli DVX seriyalı 037738 nömrəli akt tanış olmaq və imzalamaq üçün təqdim olunsa da fərdi sahibkar İddiaçı aktı imzalmaqdan imtina etmişdir. Bu barədə aktda qeyd aparılmış və sərbəst formada akt tərtib edilmişdir. Bununla bağlı tərtib edilmiş aktlar və operativ vergi nəzarəti tədbiri ilə əlaqədar digər sənədlər xx.xx.2024-cü il tarixli **********588100 nömrəli və **********591900 nömrəli məktublarla vergi ödəyicisinə göndərilməklə Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən barəsində qəbul ediləcək qərar üzrə materiallara baxılmasında iştirak etmək məqsədilə xx.xx.2025-ci il saat 10:00-a 11 saylı Ərazi Vergilər Baş İdarəsinə dəvət olunmuşdur. xx.xx.2024-cü il tarixli DVX seriyalı 037738 nömrəli akt əsasında 11 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2025-ci il tarixli, **********3258 nömrəli qərar qəbul edilərək 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İşin mübahisələndirilən hallarına münasibətdə məhkəmə qeyd edir ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar: kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə vergi orqanı diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2025-ci il tarixli, **********3258 nömrəli qərar qəbul etmişdir. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir. Hazırkı halda cavabdeh operativ vergi nəzarətini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsi 4 noyabr 2024-cü il tarixli 19-120 saylı və 4 dekabr 2024-cü il tarixli 19-203 saylı məktubları əsasında həyata keçirmiş və iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması aşkar edilmişdir. Bunun əksini sübut edən hər hansı dəlil iddiaçı tərəfindən təqdim edilməmiş, belə bir dəlilin mövcudluğu işin məhkəmə araşdırılması ilə də aşkar edilməmişdir. Belə olan halda iddiaçının vergi orqanı tərəfindən keçirilmiş operativ vergi nəzarətinin qanunsuz keçirilməsi ilə bağlı iddiası əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia növündə olan işlərdə cavabdeh faktiki şərtlərin mövcudluğunu məhkəmə prosesi zamanı təqdim edilmiş sənədlərlə sübut etməklə yanaşı və hətta daha öncə, inzibati icraatın gedişində, o cümlədən icraatın nəticəsində inzibati aktın qəbulu zamanı şəxsə faktiki şərtlərin mövcudluğunu göstərməlidir. Bu “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinin tələbindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırkı halda "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2025-ci il tarixli, **********3258 nömrəli qərar səlahiyyətli orqan tərəfindən qəbul edilməklə yanaşı, onun qəbul edilməsinə əsas olmuş faktiki şərtlərin əksini sübut edən halların mövcudluğu iş üzrə müəyyən edilmir. Bu isə ona dəlalət edir ki, cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl edilərək, düzgün inzibati icraat aparmışdır. Odur ki, iddia rədd edilməlidir. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2025-ci il tarixli **********9090 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev.