Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2355/2025 13.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “ünvan 1ində yerləşən 0.44 ha torpaq sahəsinə dair torpaq sahəsinin kateqoriyası qrafasında – yaşayış mənqətələri göstərilməklə “Torpaq sahəsinin planı və ölçüsü” sənədininin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyəti və istifadəsində olan ünvan 1i ünvanında yerləşən 0.44 ha torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü” sənədininin (çıxarışda olduğu kimi torpaq sahəsinin kateqoriyası qrafasında – yaşayış mənqətələri göstərilməklə) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh 9 saylı Qəbələ ərazi idarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddia ərizəsinə əsasən mübahisə predmetinə çevrilən Oğuz rayonu, Xal-xal kəndində yerləşən 0.44 ha torpaq sahəsi – Oğuz rayonu, Aqrar İslahat Komissiyasının 12 mart 1998-ci il tarixli 59 saylı qərarı ilə ayrılmış, bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-110İ nömrəli şəhadətnamə tərtib edilmişdir. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı qeydiyyat nömrəli, **********04 reyestr nömrəli Çıxarış almışdır. Çıxarış alan zaman “Torpaq sahəsinin planı və ölçüsü” sənədini-texniki sənədi almamışdır. Torpaq sahəsi tam mülkiyyət hüququ ilə mülkiyyəti və istifadəsində olduğu halda ünvan 1ində yerləşən həyatyanı torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədini ala bilmir. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya qarşı etirazında bildirmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən iddia olunan torpaq sahəsində texniki inventarlaşdırma işləri aparılmışdır. Həmin torpaq sahələrinə dair əldə olunan məlumatlar kameral şəraitdə elektron (DWJ) baza məlumatlarından və arxiv materiallarında istifadə olunaraq araşdırılmışdır. İddiaçının Plan və ölçü sənədi verilməsini istədiyi xx.xx.2025-cü il tarixdə ********** nömrəli Çıxarışda qeyd edilən 0.44 ha torpaq sahəsinə dair təqdim olunan sənədlərə əsasən ərazidə müayinə işləri aparılmış və nəticədə sahə uyğunsuzluğu yaranmışdır. Ərazi İdarəsində mövcud olan elektron kadastr baza məlumatları ilə müqayisə olunarkən məlum olmuşdur ki, faktiki torpaq sahəsi baza xəritələrində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd edilmişdir. Qeyd olunan səbəblərdən də müraciətin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən iddiaçı və qeyrilərinin paylı mülkiyyət hüququnun qeydə alındığı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı qeydiyyat nömrəli, **********04 reyestr nömrəli Çıxarış;
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-1731/2025 nömrəli etirazı;
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı qeydiyyat nömrəli, **********04 reyestr nömrəli Çıxarışın verilməsinə əsas olan sənədlər;
4. Mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqı məbləğinə dair məlumat;
5. Mütəxəssis rəyinin verilməsi üçün 95 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair xx.xx.2025-ci il tarixli qəbz;
6. 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilən mütəxəssis rəyi;
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən paylı mülkiyyətində olan ünvan 1ində yerləşən 0.44 ha torpaq sahəsinə dair çıxarışda olduğu kimi torpaq sahəsinin kateqoriyası qrafasında “yaşayış mənqətələri” göstərilməklə “Torpaq sahəsinin planı və ölçüsü” sənədininin verilməsindən ibarətdir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Torpaq sahəsinin yerini müəyyən etməyə əsas olan texniki sənədinin - “Torpaq sahəsinin planı və ölçüsü” sənədininin verilməsindən imtina edən cavabdehin dəlili - faktiki torpaq sahəsinin baza xəritələrində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd edilməsindən ibarətdir. Məhkəmə cavabdeh orqanın dəlillərini əsassız hesab edir. Belə ki,cavabdeh inzibati orqan tərəfindən ünvan 1ində yerləşən 0.44 ha torpaq sahəsinə dair iddiaçı və qeyrilərinin paylı mülkiyyəti hüququnu qeydə alaraq ********** saylı qeydiyyat nömrəli, **********04 reyestr nömrəli Çıxarış tərtib etmişdir.Həmin sənəddə torpaq sahəsinin kateqoriyası qrafasında “yaşayış mənqətələri” göstərilmişdir.Cavabdeh inzibati orqan imtina və etiraz təqdim edərək özü tərəfindən tərtib edilmiş çıxarışın mötəbərliyini deyil,hansı əsasla tərtib olunduğunu təqdim edə bilmədiyi “baza məlumatları” na istinad etmişdir. Məhkəmə araşdırması zamanı həmin çıxarışın Oğuz rayonu Aqrar İslahat Komissiyasının 12 mart 1998-ci il tarixli 59 saylı qərarı ilə ayrılan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-110İ nömrəli şəhadətnamə əsasında tərtib edildiyi müəyyən edilmişdir.Yəni,aqrar islahat nəticəsində də torpaq sahəsi həyətyanı məqsədlə mülkiyyətə verilmişdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir : Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən vahid torpaq fondu və onun tərkibi aşağıdakı kimidir :
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq Xidmətin aşağıdakı vəzifələri var : - daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; - dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları:
5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi. 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur... 6.6. Daşınmaz əmlakın vahid dövlət kadastrının tərkib hissəsi kimi sistem daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya olunur və torpaq sahələri üzərində qeydiyyata alınmış hüquqlara dair məlumatların sistemə inteqrasiyası təmin edilir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, qeyd olunan torpaq sahəsi üzərində iddiaçının ümumi paylı mülkiyyət hüququ cavabdeh orqan tərəfindən qeydə alınaraq müvafiq çıxarış verilmişdir. Bu baxımdan da məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.2-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün hüquqların qeydiyyata alınması ilə bağlı ərizəyə əlavə edilməli sənədlərin siyahısında göstərilmişdir. İddiaçının torpaq sahəsinə hüquqları qeydə alınmışdır, bu barədə mübahisə və iddiaçının müraciəti olmamışdır. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı belə torpaq sahəsinin planı və ölçüsü sənədi olmadıqda, yuxarıda sadalanan normaların tələbinə görə belə sənədi tərtib edib vermək cavabdehin vəzifəsidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə cavabdeh əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair müvafiq texniki sənədin (texniki pasportun və ya plan-ölçü sənədinin) verilməsi barədə yenidən cavabdehə müraciət etməli olur və hətta müəyyən hallarda cavabdeh tərəfindən çıxarış verilmiş şəxslərə belə, müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur. Bu da, növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə hesab edir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı cavabdeh tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə çıxarışla eyni zamanda həmin çıxarışın ayrılmaz hissəsi olan, barəsində çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirilməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki sənədin (texniki pasportun və ya plan-ölçü sənədinin) verilməsi də təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə çıxarışın, həm də həmin çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq texniki sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-420/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2- 1(102)-853/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1436/2023 nömrəli, xx.xx.2023cü il tarixli 2-1(102)-3013/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-161/2024 nömrəli qərarları). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçı və qeydirlərinin paylı mülkiyyətində olan ünvan 1ində yerləşən 0.44 ha torpaq sahəsinə dair torpaq sahəsinin kateqoriyası qrafasında “yaşayış mənqətələri” göstərilməklə “Torpaq sahəsinin planı və ölçüsü” sənədininin verilməsi öhdəliyi cavabdehə həvalə edilməli,işin araşdırılması zamanı iddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir (qaytaılmalıdır). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Həmin Məcəllənin: 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. 108.3. Mübahisə ilə bağlı işə şikayət üzrə şikayət instansiyasında baxılmışdırsa, rüsumların, vəkilin və ya nümayəndənin haqqının ödənilməsinə, müvafiq səlahiyyətli şəxsin cəlb olunmasının məhkəmə tərəfindən zəruri sayıldığı hallarda yol verilir. 108.4. Prosesə cəlb edilmiş üçüncü şəxslərin zəruri xərclərinin ödənilməsinə, məhkəmənin ədalət mövqeyindən çıxış edərək həmin xərcləri xeyrinə qərar qəbul edilməyən tərəfin və ya dövlət büdcəsinin üzərinə qoyduğu hallarda yol verilir. Maddə 109. Prosessual xərclərin ödənilməsi Prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Maddə 110. Prosessual xərcləri ödəmək vəzifəsi 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin edilir. ünvan 1ində yerləşən 0.44 ha torpaq sahəsinə dair (********** saylı qeydiyyat nömrəli,09 yanvar 2025-ci il qeydiyyat tarixli Çıxarışa əsasən iddiaçı və qeyrilərinin mülkiyyətində olan) torpaq sahəsinin kateqoriyası qrafasında “yaşayış mənqətələri” göstərilməklə “Torpaq sahəsinin planı və ölçüsü” sənədininin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulur. İşin araşdırılması zamanı iddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı ödənilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə