Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2397/2025 30.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Qəbələ rayon Qeydiyyat Şöbəsinə qarşı “X2 məxsus Qəbələ rayon X5 Ərazi üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1952- ci il tarixli 25 nömrəli doğum haqqındaakt qeydində iddiaçının adının “Şahvələd”dən “Nemət”ə, təvəllüdünün “xx.xx.1952-ci il” tarixdən “xx.xx.1952-ci il” tarixə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X2 məxsus Qəbələ rayon X5 Ərazi üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1952- ci il tarixli 25 nömrəli doğum haqqındaakt qeydində iddiaçının adının “Şahvələd”dən “Nemət”ə, təvəllüdünün “xx.xx.1952-ci il” tarixdən “xx.xx.1952-ci il” tarixə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinə (AZE 0*******) əsasən doğum təvəllüdü xx.xx.1952-ci il, soyadı Bəşirov, adı Nemət, ata adı Barat qeyd olunmuşdur. O, bu adla məktəbə daxil olmuş, əmək fəaliyyəti ilə də bu adla məşğul olmuşdur, kənddə də hamı onu “Nemət” kimi tanıyıb. Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə bizim ailəyə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr üzrə (JN 298B saylı) 0.74 ha, (JN298F saylı) 1.64 ha və Torpağa mülkiyyət hüququna dair JN 266 saylı Dövlət aktına əsasən 0.48 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin sənədləşməsi ilə bağlı aidiyyəti qurumlara müraciət etdikdə doğum haqqında şəhadətnaməni tələb etmişlər. Ona məxsus doğum haqqında şəhadətnamə heç vaxt olmadığı üçün bu barədə sənəd əldə etmək üçün cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Oradan verilən arayışa nəzər yetirəndə məlum oldu ki, doğumum haqqında akt qeydi Qəbələ Rayon Tüntül kənd icra nümayəndəliyində xx.xx.1952-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 25 nömrə ilə müvafiq qeydiyyat aparılmışdır. Həmin qeydə əsasən adı "Şahvələd" göstərilmişdir. Adının doğum haqqında akt qeydində hansı səbəbdən "Şahvələ" kimi yazılması nə ona, nə də valideyinlərinə məlum olmamışdır. Ümumiyyətlə onun adı heç vaxt Şahvələd olmamış, ona verilmiş vəsiqələrdə və digər hüquqmüəyyənedici sənədlərdə adı "Nemət" kimi yazılmışdır. Daha sonra tərəflərindən doğum haqqında akt qeydində adının "Şahvələd"dən "Nemət"ə, təvəllüdünün də xx.xx.1952-ci ildən xx.xx.1952-ci ilə dəyişiklik edilməsi barədə müraciət etmişdir. Cavabdeh iddiaçının ərizəsinə münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş, tələbin icrasından imtina edilmişdir.
2. Qəbələ rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli Arayışı;
3. AR Qəbələ rayon İcra Hakimiyyəti Başçısının X5 ƏD Nümayəndəliyinin xx.xx.2024cü il tarixli Arayışı;
4. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti;
5. AR Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş fərdi uçot kartoçkası;
6. AR Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubu;
7. Nikahın bağlanması haqqında xx.xx.1975-ci il tarixli akt qeydi;
8. 25 nömrəli xx.xx.1952-ci il tarixli doğum akt qeydi;
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı iki hissədən ibarətdir. X1 məxsus Qəbələ rayon X5 Ərazi üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1952-ci il tarixli 25 nömrəli doğum haqqında akt qeydində iddiaçının adının “Şahvələd”dən “Nemət”ə düzəliş edilməsi, ikincisi doğum tarixi qrafasında “xx.xx.1952-ci il” tarixindən “xx.xx.1952-ci il” tarixinə düzəliş edilməsini cavabdehdən tələb etmişdir. Məhkəmə iddia tələbinin birinci hissəsinə münasibətdə qeyd edir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı barəsində tərtib edilmiş fərdi uçot kartoçkasına əsasən adı “Nemət” kimi qeyd edilmiş, müvafiq polis şöbəsi tərəfindən Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi verilmişdir. Həmçinin, İddiaçı xx.xx.1975-ci il tarixli 07 saylı nikah haqqında akt qeydində də onun adı “Nemət" kimi qeyd olunmuşdur.Lakin iddiaçıya məxsus doğum haqqında ak qeydində adı “Şəhvələd” kimi qeyd edilmişdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq qedərək hesab edir ki, iddia qismən əsaslıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi : Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması 191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 191.2. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur. Həmin Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İddia tələbinin ikinci hissəsinə münasibətdə isə məhkəmə aşağıdakı normaları tətbiq edərək hesab edir ki,iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir: İddia ərizəsinə əsasən iddiaçı xx.xx.1952-ci il tarixində tərtib edilmiş 25 nömrəli doğum haqqında akt qeydinin “doğulduğu tarix” qrafasında “xx.xx.1952-ci il” kimi düzəliş aparılmasından ibarətdir.Göründüyü kimi iddiaçının düzəliş aparılmasını tələb etdiyi akt qeydi onun digər sənədlər üzrə doğum tarixindən yeddi ay əvvəl, xx.xx.1952-ci il tarixində tərtib edilmişdir. Aydındır ki, xx.xx.1952-ci il tarixində doğulacaq şəxs üçün xx.xx.1952-ci il tarixində Doğum haqqında akt qeydi tərtib edilə və şəhadətnamə verilmə bilməzdi. Odur ki, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətinin həmin hissəsinin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsi (Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması) 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir 166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası:
2. Doğumun qeydə alınması. 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Qəbələ Rayon Qeydiyyat Şöbəsinin üzərinə X2 məxsus Qəbələ rayon X5 Ərazi üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1952-ci il tarixli 25 nömrəli Doğum haqqında akt qeydinin Uşaq haqqında məlumatların “adı” qrafasında “Şahvələd”dən “Nemət”ə düzəliş edilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə