Məhkəmə qərarları › İş №e-2-1(116)-2400/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2400/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2400/2025 27.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Günel Soltan qızının sədrliyi, Zəkəryəyeva Gülnarə Hikmət qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: Şəki şəhəri, M.Cəbrayılov küçəsi, ev 14 xüsusi mülkiyyət hüququ ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsusdur. Onlar, özünə məxsus fərdi yaşayış evindən həmin evlə bağlı heç bir əmlak hüququ olmayan və orada yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, lakin onların müraciəti təmin edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətçiləri olduğu Şəki şəhəri, M.Cəbrayılov küçəsi, ev 14-də qeydiyyatda olan X2 və X4 həmin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə təqdim etmişdir. Lakin cavabdeh tərəfindən 26 fevral 2025-ci il tarixli məktubla iddiaçıların qaldırdığı həmin məsələnin həllindən imtina edilmiş və bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı mülkiyyətində olan fərdi yaşayış evindən həmin şəxsin qeydiyyatdan çıxarılması barədə iddia qaldıraraq Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 18 mart 2025-ci il tarixli qərardadı ilə X2 və X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşlar. İddia ərizəsində qeyd edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onların mülkiyyətindədir. X2 onların bacısı, X5 isə onun oğludur. Belə ki, həmin fərdi yaşayış evi onlara mərhum atasından miras qalmış və bacısı X2 özünə düşən 1/5 hissə payını Şəki rayon 2 saylı notariat kontorunda bağlanmış 30 noyabr 2018-ci il tarixli 4Ə-1963 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə İddiaçı1 bağışlamışdır. S.Musayeva 1992-ci ildə ərə gedərək hazırkı evdən köçmüş və daimi yaşamaq üçün ərinin evinə getmişdir. S.Musayeva 2006-cı ildə boşanmış və təxmini bir il bundan öncə Türkiyə Respublikası vətəndaşı Mehmet adlı şəxslə ailə quraraq Türkiyə Respublikasına köçmüşdür. Hal-hazırda da Türkiyə Respublikasında yaşayır. Bacısı oğlu X5 da uzun müddətdir ki, Bakı şəhərində işləməklə orada yaşayır və daimi yaşayış yeri Bakı şəhəridir. Göründüyü kimi hər iki şəxsin onların mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatları formaldır və onlar orda yaşamırlar. Ona görə də o həmin şəxslərin mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqan Şəki Şəhər-Rayon Polis Şöbəsinə müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir Cavabdeh inzibati orqan Şəki Şəhər Rayon Polis Şöbəsi iddiaya qarşı yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərə bildiriş ünvanlanmışdır. Cavabdeh və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər (nümayəndə vasitəsilə təmsil olunmamışlar). Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərlərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «İnzibati icraat haqqında» Qanun: Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanun: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı: İİİ. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İnzibati mübahisənin ərazi aidiyyəti: Məhkəmə qeyd edir ki, iddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Eyni zamanda cavabdeh inzibati orqanın səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə cavabdeh Şəki Şəhər-Rayon Polis Şöbəsinin yerləşdiyi yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarına əsasən Şəki rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan Şəki Şəhər Rayon X11 şəhəri, M.F.Axundzadə pr.-1 ünvanında yerləşir. İddianın əsaslılığı: Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh Şəki Şəhər-Rayon Polis Şöbəsinin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən ərizəsində adı göstərilən şəxslərin qeydiyyatdan çıxarılmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış məktubu ilə Şəki şəhəri, M.Cəbrayılov küçəsi, ev 14 nömrəli evə dair iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın surəti təqdim olunmuş və bildirilmişdir ki, X2 və X3 Şəki şəhəri, M.Cəbrayılov küçəsi, ev 14 üzərində istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, M.Cəbrayılov küçəsi, ev 14 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı1 və İddiaçı2 adına qeyiyyata alınmışdır. İş materiallarında olan ASAN-Şəki tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X2 və X1 şəhər M.Cəbrayılov küçəsi, ev 14 ünvanında qeydiyyatdadırlar. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxsin iddiaçıya məxsus yaşayış sahəsində qeydiyyatda qalmasının heç bir hüquqi əsası olmur və qeydiyyat tamamilə formal xarakter daşıyır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun hazırkı iş üzrə faktiki hallar əsasında digər üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Lakin, Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxsin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Müvafiq qərarın hazırkı işə tətbiqi ilə bağlı məhkəmə hesab edir ki, üçüncü şəxsin iddiaçıya məxsus mənzildə hər hansı bir əmlak hüququnun olması və qeydiyyatda olduğu ünvanda yaşamağı müəyyən olunmur. Bu o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxsin iddiaçının evində qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox iddiaçının evində yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Bundan başqa, qeydiyyat məsələsi həm də iddiaçının mülkiyyət hüququnun tanınması və müdafiə olunması ilə əlaqəlidir. Belə ki, üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı iddiaçı üçün bəzi hallarda məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Məhkəmə diqqətə çatdırır ki, iş materiallarına əsasən hazırda Şəki şəhəri, M.Cəbrayılov küçəsi, ev 14-ə sahiblik, istifadə və sərəncam hüququ mülkiyyətçi kimi hazırkı iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsusdur. Aidiyyəti səlahiyyətli qurum kimi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsindən alınmış sorğuya cavabda da üçüncü şəxslərin sözügedən mənzilə istifadə hüquqlarının qeydiyyata alınmadığı təsdiqini tapır. Üçüncü şəxslər iddiaçının hazırda mülkiyyətində olan mənzilə dair hüququnun mövcudluğunun müəyyən edilməsi barədə nə cavabdeh inzibati orqan, nə də üçüncü şəxsin özü tərəfindən hər hansı sübut, dəlil hazırkı məhkəmə icraatında təqdim edilməmişdir. İş materialları ilə müəyyən olunur ki, üçüncü şəxs X2 iddiaçıların bacısı, X5 isə bacısı oğludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Qərarında aşağıdakı kimi qeyd olunub:

1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Göründüyü kimi üçüncü şəxslər “digər qohum” olaraq Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən iddiaçıdan (mülkiyyətçidən) özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə aiddir. Yəni, iddiaçının bacısıvə bacısı oğludur. Bununla belə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin tətbiqi üçün vacib şərt üçüncü şəxsin iddiaçı (mülkiyyətçi) tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürülməsi halı da baş verməlidir. Yəni, üçüncü şəxs ən azı faktiki olaraq həmin fərdi yaşayış evində yaşamalıdır. Lakin, işin hallarından göründüyü kimi üçüncü şəxs S.Musayeva faktiki olaraq Türkiyə Respublikasında, R.Ağayev isə Bakı şəhərində yaşayır. Buna görə də məhkəmə hesab edir ki, üçüncü şəxslər Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində qeyd olunan mənada ailə üzvü hesab edilmədiyindən, onun həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə hüququ da mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxslərin həmin mənzildə qeydiyyatı hər hansı əmlak hüququnun yaranmasına səbəb olmur və qeydiyyat tamamilə formal xarakter daşıyır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxslərin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçıların müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər X2 və X3 iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Şəki şəhəri, M.Cəbrayılov küçəsi, ev 14 nömrəli evdən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Şəki Şəhər Rayon Plərolis Şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 7 təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X9 Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar