Məhkəmə qərarları › İş №e-2-1(116)-2402/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2402/2024

15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2402/2024 15.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağsu Rayon Padar Bələdiyyəsinə qarşı “cavabdehin 08 fevral 2006-cı il tarixli 02 saylı qərarının və bu qərar əsasında Torpaqların alqı-satqısına dair 01 fevral 2006-cı il tarixli Aktın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı qızının cavabdeh Ağsu Rayon Padar Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin 20 hektar torpaq sahəsinin X2 ilə bağlı 08 fevral 2006-cı il tarixli 02 saylı qərarının və bu qərar əsasında Torpaqların alqı-satqısına dair 01 fevral 2006-cı il tarixli Aktın etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin 25 avqust 2000-ci il tarixli 152 saylı Sərəncamı ilə “Azərsutikinti” tikinti quraşdırma idarəsinin bazasında "xxxx" ASC yaradılmışdır. "xxxx" ASC-nin Direktorlar Şurasının 28 mart 2011-ci il tarixli 01 saylı protokola əsasən Ağsu rayonunun Padar kəndində yerləşən “Yardımçı təsərüfatını” tikililər və 80.0 ha torpaq sahəsi ilə birlikdə özəlləşdirilməsi haqqında qərar qəbul edilmişdir. "xxxx" ASC-nin balansında olan və balansdan silinmiş, “qum-çınqıl” karxanası və B№ 003374 saylı Torpaqdan istifadə hüququna dair Dövlət Aktı əsasında 80.0 ha torpaq sahəsi 6335 manat dəyərində iddiaçıya satılmış və xx.xx.2011-ci il tarixdə iddiaçı həmin məbləği "xxxx"ASC-nin hesabına ödəmişdir. Ağsu Rayon Məhkəməsinin 01 aprel 2011-ci il tarixli 2(016)-46/2011 saylı qərardadı ilə təsdiq olunmuş barışıq sazişi əsasında Cəmiyyətin balansında olan Ağsu rayonunun Padar kəndi ərazisində yerləşən yardımçı təsərrüfat və qum-çınqıl karxanası İddiaçı mülkiyyətinə verilmişdir. Həmin əmlak kompleksinə 1 ədəd mal tövləsi, işçilər evi, talvar və yararsız su nasosxanası daxildir. Belə ki, Ağsu rayon Padar Bələdiyyəsinin 08 fevral 2006-cı il tarixli 02 saylı qərarı əsasında Padar kəndinin cənub-qərb tərəfində kəndin hüdudları daxilində olan torpaqlardan kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün 20 hektar torpaq sahəsi Torpaqların alqı-satqısına dair 08 fevral 2006-cı il tarixli Akt əsasında Ağsu rayon Padar kənd sakini olan X1. Lakin həmin torpaq sahəsi "xxxx" ASC-nin balansında olmuş, yardımçı təsərrüfat 100% dövlətdən özəlləşdirilmişdir və bələdiyyənin səlahiyyəti olmadığı halda dövlət torpağını X3. Buna görə də, cavabdehin sözügedən qərarının ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmdən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən hazırkı iddia mümkünlük şərtlərinə cavab vermir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İddia ərizəsindən görünür ki, irəli sürülmüş tələb cavabdehin 08 fevral 2006-cı il tarixli 02 saylı qərarının etibarsız hesab edilməsi ilə bağlıdır. Sözügedən qərara əsasən X6 ayrılmış torpaq sahəsinin 1.08 ha hissəsi iddiaçının faktiki istifadə etdiyi, Ağsu rayonu Padar kəndi ərazisində yerləşən 73.34 ha torpaq sahəsi ilə üst-üstə düşür. Nəzərə alınmalıdır ki, inzibati aktın etibarsızlığı ilə bağlı iddia “müəyyən etmə və ya tanınma haqqında” iddia növünə aiddir və iddia, tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3. iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4. iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.5, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Göründüyü kimi, qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın iki xüsusi mümkünlük şərtini - 1. iddiaçının kifayət qədər marağının olmasını; 2. inzibati aktın etibarsızlığının qısa müddətdə tanınmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq hər iki imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda bu növ iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün iddia deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. Hazırda etibarsız sayılması xahiş edilən cavabdehin xx.xx.2006-cı il tarixli qərarının qəbulundan 18 ildən artıq müddət keçmişdir. Odur ki, həmin qərarların etibarsızlığının qısa müddətdə tanınması və inzibati aktın etibarsızlığının tanınması ilə bağlı iddiaçının kifayət qədər marağının olması müəyyən edilmir. Digər tərəfdən nəzərə alınmalıdır ki, mübahisələndirilən qərar əsasında X6 ayrılmış torpaq sahəsinin 1.08 ha hissəsi iddiaçının faktiki istifadəsində olan və iddia olunan torpaq sahəsi ilə üst-üstə düşdüyü halda həmin qərarın bütövlükdə etibarsız sayılmasının tələb edilməsində ifadə olunan iddiaçının hüquqi marağı aydın deyil (mübahisələndirilən qərarın qalan torpaq sahəsinə aid hissədə Adil Ədilova ayrılmasının iddiaçının subyektiv hüquqlarına nə kimi müdaxilə etdiyi əsaslandırılmamışdır). İddia ərizəsinin dəlillərindən görünür ki, iddiaçı, cavabdehin xx.xx.2006-cı il tarixli qərarının qanunsuz qəbul olunduğuna istinad edərək faktiki olaraq onun ləğv olunmasında maraqlıdır. Bununla belə tələb inzibati aktın ləğvi şəklində ifadə olunacağı halda “mübahisələndirmə haqqında” iddia növünə aid olacağından və bu zaman müddətlə bağlı xüsusi mümkünlük şərti yoxlanacağından iddiaçı, mübahisələndirmə haqqında iddianın müddətlə bağlı xüsusi mümkünlük şərtlərindən yan keçmək üçün tələbini inzibati aktın etibarsızlığı şəklində qeyd etmişdir. İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bu zaman müddətlərin tətbiqi məsələsinə mübahisələndirilən qərarın qəbul olunduğu zaman qüvvədə olan hüquq normalarına əsasən hüquqi qiymət verilməlidir. Mübahisələndirilən qərarının qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. İddiaçılar, sözügedən qərardan məlumatsız olduğunu iddia edə bilər. Lakin, iddia ərizəsində qeyd edilmişdir ki, "xxxx" ASC-nin Direktorlar Şurasının 28 mart 2011-ci il tarixli 01 saylı protokola əsasən Ağsu rayonunun Padar kəndində yerləşən “Yardımçı təsərüfatını” tikililər və 80.0 ha torpaq sahəsi ilə birlikdə özəlləşdirilmiş, Ağsu Rayon Məhkəməsinin 01 aprel 2011-ci il tarixli 2(016)-46/2011 saylı qərardadı ilə təsdiq olunmuş barışıq sazişi əsasında sözügedən daşınmaz əmlak obyektləri onun mülkiyyətinə verilmişdir. Odur ki, mübahisələndirilən qərarda qeyd edilmiş torpaq sahəsinin özəlləşdirilən 80.0 ha torpaq sahəsi ilə üst-üstə düşməsindən, həmin torpaq sahəsinin hüquqi taleyi ilə bağlı tərtib edilmiş sənədlərdən və həmin sənədlərin tərtib edilməsinə əsas olmuş digər sənədlərin məzmunundan mübahisəli daşınmaz əmlaka faktiki sahibliyi həyata keçirdiyinə görə "xxxx" ASC-nin məlumatı olmalı idi. Eyni zamanda iddiaçı, sözügedən torpaq sahəsinə 2011-ci ildən faktiki sahibliyi həyata keçirdiyindən onun da, mübahisələndirilən qərarla Baba Ədilova ayrılmış torpaq sahəsindən məlumatı olmalı idi. Məhkəmə xüsusilə qeyd edir ki, "xxxx" ASC-nin məlumatının olduğu (və ya kobud ehtiyatsızlıq nəticəsində məlumatsız olduğu) daşınmaz əmlak obyektlərinə dair qəbul edilmiş inzibati aktlardan sonradan hazırkı iddiaçının məlumatlı olması ona həmin qərarı mübahisələndirmək, o cümlədən buraxılmış müddəti bərpa etmək imkanını qazandırmır (iddiaçı, 80 ha torpaq sahəsinə münasibətdə barışıq sazişi bağlamış "xxxx" ASC-yə qarşı torpaq sahəsinin kəsir olan hissəsinə görə təzminat tələb edə bilərdi). Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquq və azadlığının pozulduğunu bilməli olduğu tarix onun həmin torpaq sahəsinə faktiki sahibliyi həyata keçirdiyi tarixdən hesablandıqda yenə də, İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxılmış olacaqdır ki, bu da iddia tələbinə mahiyyəti üzrə baxılmasını istisna edir. Yuxarıda qeyd olunanlardan əlavə məhkəmə qeyd edir ki, əvvəllər məhkəmənin icraatında İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “1 mərtəbəli 4 otaqlı yaşayış evi, tövlə üzərində mülkiyyət hüququnun, B003874 nömrəli torpaqdan istifadə hüququna dair dövlət aktında qeyd edilmiş torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş olmuşdur (2-1(116)-65/2023). Həmin inzibati işə baxılarkən mütəxəssis tərəfindən verilmiş rəy əsasında müəyyən edilmişdir ki, iddiaçının göstərdiyi və faktiki istifadə etdiyi Ağsu rayonu Padar kəndi ərazisində yerləşən 73.34 ha torpaq sahəsinin 1.08 ha hissəsi xüsusi mülkiyyətdə olan torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-65/2023 nömrəli qərardadı ilə iddia tələbinin “iki ədəd talvar üzərində mülkiyyət hüququnun və 1.08 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır. Sözügedən qərardadda qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsinin 1.08 ha hissəsi üzərində üçüncü şəxs X5 tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmin çıxarışın A675031 №-li plan-ölçü sənədindən görünür ki, sözügedən torpaq sahəsi Ağsu rayon Padar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 saylı qərarı ilə üçüncü şəxsə ayrılmışdır. Odur ki, Ağsu rayon Padar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 saylı qərarı mübahisələndirilmədən və onun əsasında tərtib edilmiş çıxarış 1.08 ha hissədə ləğv edilmədən sözügedən torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınması ilə bağlı tələbə mahiyyəti üzrə baxılması mümkün deyildir. Hazırkı iddia tələbinə mahiyyət üzrə baxılmasının mümkün olmaması ilə bağlı məhkəmənin hüquqi yardımı xx.xx.2023-cü il tarixdə iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) X4 elektron kabinetinə yerləşdirilmiş və məhkəmənin hüquqi mövqeyinə xx.xx.2023-cü il tarixə təyin edilmiş şifahi məhkəmə baxışı iclasınadək münasibət bildirilməsi təklif edilmişdir. Göründüyü kimi faktiki olaraq iddiaçının ən geci xx.xx.2023-cü il tarixdə ona hüquqi yardım məktubu ünvanlandığı vaxtdan mübahisələndirilən qərardan məlumatlı olması işin mübahisəsiz halıdır. Hazırkı iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə, yəni 1 ildən artıq müddət keçdikdən sonra elektron kabinet vasitəsilə məhkəməyə göndərilmiş bununla da, mübahisələndirmə haqqında iddianın irəli sürülməsi üçün tələb olunan prossesual müddət ötürülmüşdür. İşin yuxarıda sadalanan hallarından aşkar görünür ki, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün deyildir. “Torpaqların alqı-satqısına dair” 01 fevral 2006cı il tarixli aktın etibarsız hesab edilməsi” barədə tələb isə ilkin tələbdən asılı tələb olduğundan ilkin tələbin mümkünsüzlüyü tələbin həmin hissəsinin də qeyri-mümkün olmasına səbəb olur. İddiaçı, məhkəmə iclasında vəsatət verərək qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə üçüncü şəxsin inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı vəsatət təqdim etmişdir. Həmin vəsatətdə texniki səhv nəticəsində cəlb olunmasını xahiş etdiyi subyekt "xxxx" AS qeyd edilmişdir. Cəlb olunmasını arzuladığı subyekt "xxxx" ASC olduğundan hazırki ərizəsinin nəzərə alınmasını xahiş etmiş, cəlbetmə barədə vəsatətini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi "xxxx" ASC tərəfindən səhmdarların ümumi yığıncaq protokolu və barışıq sazişinə əsasən ona məhkəmə qərarı ilə xx.xx.2011-ci il tarixdə səhmdar cəmiyyətə məxsus hüquqla istifadəsinə verildiyindən iş üzrə qəbul ediləcək məhkəmə aktı həmin qurumun da maraqlarına toxunacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli, 01/2022 №-li Qərardadının 38-ci bəndində qeyd edilmişdir ki, cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.

39. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir.

40. Adi cəlbetmə zamanı üçüncü şəxs bir qayda olaraq, mübahisə tərəflərindən birinin yanında, yəni iddiaçının yaxud cavabdehin tərəfində icraatda iştirak edir. Bu halda, onun hüquqi marağı da daha çox yanında iştirak etdiyi tərəfin (iddiaçı və ya cavabdehin) mübahisədə qalib gəlməsi ilə bağlı yaranır. Lakin üçüncü şəxs həmişə prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak etməyə bilər, onun həm də tərəflərə aid olmayan öz maraqlarının müdafiəsi məqsədilə də icraata qoşulması mümkündür. Adi cəlbetmədə üçüncü şəxsin hüquqi marağı birbaşa iddia predmeti ilə əlaqəli olmur. Çıxarılacaq məhkəmə qərarının cəlb ediləcək şəxsin maraqlarına təsir etmə (toxunma) ehtimalı varsa, adi cəlbetmə həyata keçirilməlidir. Sözügedən təsir (toxunma) ehtimalı isə o zaman mövcud olur ki, məhkəmə qərarından asılı olaraq şəxsin hüquqi statusunun mövcud hüquqi statusu ilə müqayisədə pis və ya yaxşıya doğru dəyişməsi halı yaranmış olur. Başqa sözlə, iddiaçının və ya cavabdehin xeyrinə məhkəmə qərarının qəbul edilməsi nəticəsində üçüncü şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması, yaxud pisləşməsi baş verir. Beləliklə, adi cəlbetmə üçün şərtlərin mövcud olub-olmadığını müəyyən etmək üçün məhkəmə qərarının üçüncü şəxsin maraqlarına toxunmasının mümkün olub-olmamasını qiymətləndirmək lazımdır. Əgər bu cür toxunma ehtimalı mümkün hesab olunursa, bu zaman adi cəlbetmə üçün şərtlər formalaşmış olur.

41. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir”.

43. Vahid qərardan isə o zaman söz edilə bilər ki, çıxarılmış qərar üçüncü şəxsin hüquqi statusuna birbaşa təsir edə bilsin. Əgər məhz məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verirsə, hüquqi statusa həmin qərarla birbaşa təsir edilmiş olur...

48. Beləliklə, adi və ya zəruri cəlbetmə ya prosesə qoşulmaq istəyən, lakin həmin vaxt icraat iştirakçısı statusuna malik olmayan şəxsin özünün vəsatəti əsasında, ya məhkəmə icraatı iştirakçılarından (iddiaçı, cavabdeh və ya artıq cəlb edilmiş digər üçüncü şəxsin) birinin vəsatəti üzrə, yaxud da məhkəmənin özünün təşəbbüsü əsasında həyata keçirilə bilər. Şəxsin özü və ya məhkəmə icraatının iştirakçıları cəlbetmə barədə verdikləri vəsatətlərində hansı qaydada (adi və ya zəruri cəlbetmə) icraata qoşulmanın həyata keçirilməsini istədiklərini dəqiq göstərməli, eləcə də vəsatətlərini lazımi qaydada əsaslandırmalı, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağına dair dəlil və sübutlarını təqdim etməlidirlər. Əgər vəsatətlər verilərkən bu tələblərə riayət olunmursa, o halda, məhkəmə İPM-in 48-ci maddəsinə uyğun olaraq xidməti vəzifəsinin tələb etdiyi yardım etməni həyata keçirməlidir. Belə yardım etmə vəsatətlə bağlı yuxarıda qeyd edilən halların müəyyənləşdirilməsini təmin etməyə yönəlməlidir.

58. Cəlbetmənin həyata keçirilməsi yalnız qanunvericilikdə təsbit olunmuş müvafiq əsasların mövcudluğu müəyyən olunduğu halda mümkündür. Buna görə, mübahisə üzrə əhəmiyyət kəsb edən sırf hansısa halları aydınlaşdırmaq üçün, eləcə də yalnız baxılan məsələyə formal aidiyyətinin olduğuna istinadla üçüncü şəxs qismində cəlbetmə həyata keçirilə bilməz. Məhkəmələr işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən halların aydınlaşdırılmasını zəruri hesab edirlərsə, bunu, üçüncü şəxs qismində cəlbetmə aparmaqla deyil, prosessual qanunvericilikdə kifayət qədər geniş həcmdə təsbit olunmuş digər müvafiq imkanlardan – zəruri sənədləri toplamaq, inzibati orqanlardan və digər təşkilatlardan rəy və mülahizələr almaq, tələb olunan sənədlərin təqdim olunması barədə sərəncam vermək, ekspert və mütəxəssis rəyləri almaq, yerində baxış keçirmək və.s istifadə etməklə həyata keçirməlidirlər. Azərbaycan Respublikası İPM-nin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 01/2022 №-li Qərardadını, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarını və Azərbaycan Respublikası İPM-nin 28-ci maddəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş vəsatət əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, hazırkı iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən, iddiaçının sosial təminat hüquqlarının müdafiəsi ilə bağlı maddi hüquq normaları "xxxx" ASC-nin mənafeyini bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdmür. Buna görə də hazırkı icraatın nəticəsində qəbul ediləcək qərarın sonuncunun maraqlarına toxunması halı da mövcud ola bilməz. "xxxx" ASC-nin iddiaçı ilə cavabdeh orqan arasında yaranmış mübahisəyə hər hansı potensial təsiri yoxdur. Yəni, məhkəmə qərarından asılı olaraq "xxxx" ASC-nin hüquqi statusunun mövcud hüquqi statusu ilə müqayisədə pis və ya yaxşıya doğru dəyişməsi halı yaranmış olmayacaqdır. Başqa sözlə, iddiaçının və ya cavabdehin xeyrinə məhkəmə qərarının qəbul edilməsi nəticəsində "xxxx" ASC-nin hüquqi vəziyyətinin yaxşılaşdırılması, yaxud pisləşməsi baş verməyəcəkdir. Eyni zamanda hazırkı iş üzrə qəbul ediləcək qərarın "xxxx" ASC-nin hüquqi statusuna birbaşa təsir etməsi də müəyyən edilmir. Yəni, məhkəmə qərarının çıxarılması nəticəsində həmin qurumun hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verməyəcəyindən, sonuncunun hüquqi statusuna həmin qərarla birbaşa təsir edilmiş olmur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 fevral 2022ci il tarixli, 01/2022 №-li Qərardadında qeyd edildiyi kimi mübahisə üzrə əhəmiyyət kəsb edən sırf hansısa halları aydınlaşdırmaq üçün, eləcə də yalnız baxılan məsələyə formal aidiyyətinin olduğuna istinadla üçüncü şəxs qismində cəlbetmə həyata keçirilə bilməz (58). Göründüyü kimi üçüncü şəxsin məhkəmə icraatına cəlb edilməsi barədə vəsatət formal aidiyyətlə əsaslandırılmış və məhkəmə icraatını yubatmaq məqsədilə, heç bir əsaslanma təqdim edilmədən (cəlbetmə ilə bağlı iddiaçının mülahizələri məhkəmə iclasında aydınlaşdırılmışdır) məhkəmə iclasına bir gün qalmış xx.xx.2024-cü il tarixdə verilmişdir. Məhkəmə tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi xx.xx.2024-cü il tarixdə keçirilmiş mümkünlük iclasında iddiaçıya izah edilərək dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı: "xxxx" ASC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı iddiaçının vəsatəti təmin edilmir. İddiaçı cavabdeh Ağsu Rayon Padar bələdiyyəsinə qarşı “cavabdehin 20 hektar torpaq sahəsinin X2 ilə bağlı 08 fevral 2006-cı il tarixli 02 saylı qərarının və bu qərar əsasında “Torpaqların alqı-satqısına dair” 01 fevral 2006-cı il tarixli aktın etibarsız hesab edilməsi” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar