Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2430/2023 14.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında ******* saylı çıxarışa (qeydiyyat-xx.xx.2017) və xx.xx.2018-ci il tarixli 487 inventar saylı texniki pasporta əsasən, mülkiyyətçisi olduğu Şəki rayonu Orta Zəyzid kəndində yerləşən ümumi sahəsi 56,3 kv.metr olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzrə evə aid texniki pasportda qeyd edilmiş 290 kv.metr torpaq sahəsi ilə bağlı zəbt qeydinin texniki pasportdan çıxarılması və həmin torpaq sahəsinin mülkiyyətində olan torpaq sahəsi kimi çıxarışda qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “hüquqların dövlət qeydiyyatı haqqında ******* saylı çıxarışa (qeydiyyat-xx.xx.2017) və xx.xx.2018-ci il tarixli, 487 inventar saylı texniki pasporta əsasən, mülkiyyətçisi olduğu Şəki rayonu Orta Zəyzit kəndində yerləşən ümumi sahəsi 56,3 kv.metr olan, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzrə evə aid texniki pasportda qeyd edilmiş 290 kv.metr zəbt torpaq sahəsinin, qanunazidd olaraq qeyd edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “cavabdeh tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında ******* saylı çıxarışa (qeydiyyat-xx.xx.2017) və xx.xx.2018-ci il tarixli 487 inventar saylı texniki pasporta əsasən,mülkiyyətçisi olduğu Şəki rayonu Orta Zəyzid kəndində yerləşən ümumi sahəsi 56,3 kv.metr olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzrə evə aid texniki pasportda qeyd edilmiş 290 kv.metr torpaq sahəsi ilə bağlı zəbt qeydinin texniki pasportdan çıxarılması və həmin torpaq sahəsinin mülkiyyətində olan torpaq sahəsi kimi çıxarışda qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Şəki rayonu, Orta Zəyzit kənd sakini, İddiaçı Şəki rayon Məhkəməsi-də (hakim:- C.İmanov), Şəki rayonu, Orta Zəyzit kənd sakinləri, X13 və X10 qarşı qaldırdığı, Şəki rayonu, Orta Zəyzit kəndində yerləşən və iddiaçıyla cavabdehlərin ümumi birgə mülkiyyətində olan evdən və evə aid torpaq sahəsindən, iddiaçıya düşən payın müəyyən edilərək, naturada ayrılmasına dair iddianın qismən təmin edilməsinə dair, yəni, cavabdeh orqan tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında, ******* saylı çıxarışa (qeydiyyat-xx.xx.2017) və xx.xx.2018-ci il tarixli, 487 inventar saylı texniki passporta əsasən, Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən ümumi sahəsi 56,3 kv.metr olan, fərdi yaşayış evinin “A” literində göstərilən, sahəsi 10,4 kv.metr olan 1 saylı köməkçi otağın və sahəsi 16,6 kv.metr olan, 2 saylı yaşayış otağın naturda ayrılaraq iddiaçının mülkiyyətinə verilməsi və həmin evə aid torpaq səhəsinın naturada bölünməsi hissəsində isə, tələbin təmin edilməməsinə dair, xx.xx.2019-cu il tarixli, 2(075)-65/2019 saylı Qətnamə qəbul etmiş, bundan sonra, xx.xx.2019-cu il tarixdə, cavabdeh orqan tərəfindən adı qeyd edilən yaşayış evi üzrə yeni Texniki Passport tərtib edilmiş və həmin Passportda sənəd üzrə torpaq sahəsi 0,0595 ha, faktiki isə, 0,0885 ha olduğu göstərilmişdir. Yəni, yeni tərtib olunmuş Texniki Pasporta əsasən, evin torpaq sahəsinin 0,029 ha hissəsi əsassız olaraq, zəbt torpaq sahəsi kimi qeydə alınmış və ştrixlənmişdir. Texniki Passport-da İ- Hasar, lll-Darvaza, İV-Darvaza, B-Talvar, C-Tövlə və F-Talvar literləri ilə işarəli hissələri, zəbt torpaq sahəsi üzrə ştrixlənmiş hissədə qeyd edilmişdir. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, vətəndaş İddiaçı 08 dekabr 2022-ci il tarixdə ərizə ilə (daxilolma Na-si **********) DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş 487 inventar nömrəli texniki pasportda onun və qardaşı X6 ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan Şəki rayonunun Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin sənəd üzrə torpaq sahəsi 0,0595 ha, faktiki sahəsi 0,0885 ha göstərilməklə həyətyanı torpaq sahəsinin 0,029 ha hissəsi zəbt torpaq sahəsi kimi qeydə alınmış və ştrixlənmişdir. Texniki pasportda İ (Hasar), İİİ (Darvaza), İV (Darvaza), B (Talvar), C (Tövlə), F (Talvar) tikililəri zəbt torpağa düşdüyündən evin ona aid hissəsi bağlanmışdır. Bu səbəbdən 150 ildən artıq ailəsinin istifadəsində olmuş fərdi yaşayış evinin faktiki 885 kv.metr həyətyanı torpaq sahəsi üzrə zəbt torpaq sahəsi kimi qeyd olunmuş 290 kv.metr hissəsinə çıxarış və texniki pasport verilməsini xahiş etmişdir. Ərizəyə baxılması ilə əlaqədar müraciət olunan fərdi yaşayış evi və torpaq sahəsinin elektron baza kadastr xəritə və arxiv məlumatları yoxlanılarkən müəyyən olunmuşdur ki, Şəki rayonu Orta Zəyzid kəndində yerləşən, ümumi sahəsi 56,3 kv.metr olan fərdi yaşayış evinin yerləşdiyi 595,47 kv.metr həyətyanı torpaq sahəsinə Şəki rayon aqrar islahat komissiyasının xx.xx.1997-ci il tarixli 42 saylı qərarı ilə Şəki rayonu Orta Zəyzid kənd sakini X14 və ailə üzvləri İddiaçı, X13, X10 verildiyi, Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 595,47 kv.metr həyətyanı torpaq sahəsinin X16 kitabında 26.11,2009cu il tarixdə 4335 nömrəsi ilə iddiaçının mərhum anası X7 adma uçota alınaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən X7 adına A 201412 seriya və nömrəli torpaq sahəsinin planı və ölçüsünün tərtib olunduğu, həmin plan ölçü sənədinin və sənəddə əsas döngə nöqtələrinin kordinatları əks olunmuş torpaq sahəsinin 12 saylı Ərazi İdarəsinin elektron baza kadastr xəritə və arxiv məlumatlarında mövcud olduğu üçün ümumi sahəsi 56,3 kv.metr olan fərdi yaşayş evinin 595 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verildiyi və fərdi yaşayış evinin faktiki 885 kv.metr həyətyanı torpaq sahəsi üzrə zəbt torpaq sahəsi kimi qeyd olunmuş 290 kv.metr hissəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd olmadığı üçün ərizəçiyə xx.xx.2023-cü il tarixli 3-21-3- 39/2-Ə-00xx-xx/2023 №-li imtina məktubu verilmişdir. Belə ki, 12 saylı Ərazi İdarəsinin elektron baza kadastr xəritə və arxiv məlumatlarında iddiaçının mərhum anası X7 adına 595,47 kv.metr fərdi yaşayış evi tikmək təyinatlı torpaq sahəsinə A 201412 seriya və nömrəli plan ölçü sənədi və 1601,28 kv.metr fərdi yaşayış evi tikmək təyinatlı torpaq sahəsinə isə A 201412 seriya və nömrəli plan ölçü sənədi olsa da, hər iki torpaq sahəsi üzərində iddiaçının digər qanun üzrə vərəsələrlə ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarış verilmişdir. Həmçinin, müraciət olunan fərdi yaşayış evi və torpaq sahəsinin elektron baza kadastr xəritə və arxiv məlumatları yoxlanılarkən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatına alındığı iddiaçının mərhum atası X2, torpaq sahəsi üzərində mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatına alındığı iddiaçının mərhum anası X7, İddiaçı, iddiaçının qardaşı X8 və X9, habelə iddiaçının valideynlərinin qanun üzrə vərəsələri X1, X12 hər hansı birinə əlavə torpaq sahəsinin ayrılması barədə hər hansı hüquq müəyyənedici sənədin olmadığı müəyyən olunmuşdur. Beləliklə, Şəki rayonu Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsinə əsas olmuş plan ölçü sənədi öz hüquqi qüvvəsini saxladığından həmin sənədin ləğv edilməsi və ya sənədə düzəliş edilməsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi idarəsinin qanunda nəzərdə tutulmuş səlahiyyətlərinə aid deyil. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçının mərhum anası X14 və ailə üzvləri İddiaçı, X13, X10 Şəki rayon aqrar islahat komissiyasının xx.xx.1997-ci il tarixli 42 saylı qərarı ilə Orta Zəyzid kəndindən verilmiş 595,47 kv.metr həyətyanı torpaq sahəsinə bitişik olsa da, iddiaçıya dair heç bir hüquq müəyyənedici sənədi olmayan 290 kv.metr zəbt torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi qanunamüvafiq hesab olunmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 0,0595 ha torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) yaşayış məntəqələrinin torpaqları olmaqla, həmin torpaq sahəsi üzərində X14, X13, X15 və İddiaçı ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2018-ci il tarixli 487 inventar nömrəli texniki pasportdan görünür ki, həmin sənəd Şəki rayonu Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı tərtib edilmişdir. Sənədə əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 0,0595 ha, faktiki sahəsi 0,0885 ha, hüquq subyektləri olaraq isə X4 və İddiaçı, xüsusi qeyd olaraq isə 290 kv.metr zəbt torpaq sahəsinin olması, B,C,F tikililərinin zəbt torpağına düşməsi qeyd edilmişdir. - **********12-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 0,0595 ha torpaq sahəsi üzərində İddiaçı, X13, X4 və X9 paylı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xx.xx.2018-ci il tarixli, 487 inventar saylı texniki pasportda “zəbt” olaraq qeyd edilmiş 290 kv.metr torpaq sahəsi ilə bağlı qeydin həmin texniki pasportdan çıxarılmasına və RX seriyalı ******* saylı çıxarışa mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilməsinə nail olmaqdır. Belə ki, iddiaçı sözügedən torpaq sahəsinin texniki pasportda “zəbt” qeyd edilməsi ilə razılaşmır və mülkiyyətində olan torpaq sahəsi kimi RX seriyalı ******* saylı çıxarışda qeyd edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Hazırkı mübahisəyə münasibətdə də isə iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasını təsdiq edən hər hansı hüquq müəyyənedici sənədin mövcudluğu müəyyən edilmir. Məhkəmənin əvvəllər icraatında olmuş 2-1(116)-666/2023 nömrəli inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-348/2023 nömrəli qərarı ilə müəyyən edilir ki, DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində iddia olunan 290 kv.m torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması bildirlir. Bununla belə mübahisələndirilən torpaq sahəsinin bələdiyyənin qərarı əsasında iddiaçıya ayrılması müəyyən edilmir. Eyni zamanda iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş, hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilmiş etibarlı hüquqmüəyyənedici sənədə malik deyil. Odur ki, şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün hüquqmüəyyənedici sənədlər mövcud olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında ******* saylı çıxarışa (qeydiyyat-xx.xx.2017) və xx.xx.2018-ci il tarixli 487 inventar saylı texniki pasporta əsasən,mülkiyyətçisi olduğu Şəki rayonu Orta Zəyzid kəndində yerləşən ümumi sahəsi 56,3 kv.metr olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzrə evə aid texniki pasportda qeyd edilmiş 290 kv.metr torpaq sahəsi ilə bağlı zəbt qeydinin texniki pasportdan çıxarılması və həmin torpaq sahəsinin mülkiyyətində olan torpaq sahəsi kimi çıxarışda qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.