Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-245/2023 08.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, üçüncü şəxslər X8, X10 və X2, üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Yevlax Rayon Havarlı Bələdiyyəsi) “iddiaçının mülkiyyətinə verilmiş, bələdiyyə tərəfindən xx.xx.2006-cı il tarixdə təsdiq edilmiş yerquruluşu planında göstərilən torpaq sahəsinə X4 adına verilmiş torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia ərizəsinə əsasən iddiaçı Yevlax rayonu Havarlı Bələdiyyəsinin 06 iyun 2006-cı il tarixli, 69 saylı qərarı ilə Havarlı Bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan torpaq sahəsindən 0.10 ha torpaq sahəsini satın almışdır. Həmin vaxt torpağın dəyəri ödənilmişdir. Həmin gün torpaq sahəsinin yerquruluşu planı tərtib olunmaqla yeri göstərilmişdir. 27 noyabr 2011-ci il tarixdə həmin torpaq sahəsinə plan-ölçü sənədi verilmişdir. 2019-cu ildə orada tikinti işləri aparmaq istəyərkən Yevlax rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinə müraciət oradan hər hansı yeraltı və yerüstü kommunikasiya xətlərinin keçirilməməsi, tikinti işlərinin aparılmasının məqsədəmüvafiq olması barədə rəy almışdır. İddiaçı cavabdehə satın aldığı torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması ilə bağlı müraciət etmişdir. İddiaçının bu məktubuna da cavabdeh tərəfindən imtina verilmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1792/2022 nömrəli qərardadı ilə Yevlax rayonu Havarlı Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1792/2022 nömrəli qərardadı ilə X10, X5, X7 və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********54 nömrəli etirazında bildirmişdir ki, iddiaçının sənəd üzrə istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür.Bu barədə iddiaçıya izah olunaraq bildirildi ki, iddia etdiyi torpaq sahəsinə X4 adına plan-ölçü sənədi tərtib olunmuşdur. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan: - Cavabdehin xx.xx.2022-сi il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - Yevlax rayonu Havarlı Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 69 nömrəli qərarından görünür ki, 0.10 ha torpaq sahəsi iddiaçıya satılmışdır. - xx.xx.2021-ci il tarixli “Vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, X8, X5, X10, X1 İlham Əbülfət oğlunun vərəsələridir. - A seriyalı 402863 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi; - A seriyalı 715943 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”; - X4 adına verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış; - X4 adına verilmiş xx.xx.2022-ci il tarixli AN715943 nömrəli Torpaq sahəsinin planı və ölçüsü; - Həmin sənədin verilməsinə əsas olan cavabdeh inzibati orqanın nümayənədisinin iştirakı ilə tərtib edilən xx.xx.2022-ci il tarixli Akt. - Cavabdehin xx.xx.2022-сi il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi; - Cavabdehin xx.xx.2022-сi il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi; - Yevlax rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar; - Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubu; - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının adına tərtib edilmiş A seriyalı 402863 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi elektron baza xəritəsində qeyd edilmiş, X4 adına plan-ölçü sənədi tərtib edilməmiş və qeydə alınmamışdır. - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu; Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. İddiaçı və onun vəkili məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslərin vəkili və üçüncü şəxslər izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçı və onun vəkilinin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanına əsasən torpaqlara dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü (bundan sonra - plan və ölçü) təsvir edilir. Fərman da deyilir ki, plan və ölçü ciddi hesabat sənədidir, onun bir hərfdən ibarət seriyası və altı rəqəmdən ibarət nömrəsi olur. Həmin sənəddə torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı),torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr,torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış və eyniləşdirməyə imkan verən digər zəruri əlamətlər öz əksini tapır. Məhkəmə araşdırmasının predmeti olan sübutlara və işin faktiki hallarına qiymət verən məhkəmə hesab edir ki,iddia tələbi əsaslıdır və təmin edilməlidir.Belə ki,iddiaçıya Yevlax rayonu Havarlı Bələdiyyəsinin 06 iyun 2006-cı il tarixli, 69 saylı qərarı ilə 1000 kv m torpaq sahəsi ayrılmış,qanuna müvafiq qaydada alqı-satqı aparılmışdır.Həmin torpaq sahəsinin texniki göstəricilərini müəyyən edən sənəd - A seriyalı 402863 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilərək elektron baza məlumatlarına daxil edilmişdir.İddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlə bağlı müraciəti əsnasında müəyyən edilmişdir ki, həmin koordinatlara mərhum X4 adına xx.xx.2022-ci il tarixli AN715943 nömrəli Torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır.Sonuncu sənədin iddiaçıya ayrılan torpaq sahəsinin koordinatlarına uyğun tərtib edilməsinə əsas verən ilkin hüquqmüəyyənedici sənədin mövcud olmadığı,yalnız cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı ilə tərtib edilən xx.xx.2022-ci il tarixli Akt əsasında sənəd tərtib olunduğu müəəyən edilmişdir.Sözügedən aktın tərtibinin hər hansı hüquqi əsası olmadığından aktın tərtibi və mərhum İ.İbrahimovun adına plan-ölçü sənədinin hazırlanması zamanı yol verilmiş nöqsanalara görə cavabdeh inzibati orqanın əməkdaşları intizam məsuliyyətinə cəlb edilmişdir. Mübahisə predmeti olan Plan-ölçü sənədinin tərtibi əsası olan xx.xx.2022-ci il tarixli akt nəzərdən keçirilmiş və aşağıdakı hallar müəyyən edilmişdir.Aktda deyilir : “qonşuların və Havarlı bələdiyyəsinin sədrinin iştirakı ilə müəyyən edirik ki,həqiqətən çıxarışla rəsmiləşdirilmiş torpaq sahələrinin arasındakı boş torpaq görünən torpaq sahəsi verilmiş koordinatlara uyğundur və bazada üst-üstə düşməsinə baxmayaraq,yeni işlənmiş elektron baza məlumatlarında üst-üstə düşmür və İ.İbrahimova məxsusdur”. Aktın məzmunundan da görünüdüyü kimi mübahisəli sənəd hazırlanan zaman artıq elektron baza məlumatlarında həmin koordinatların iddiaçıya məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi halı cavabdeh orqan tərəfindən aşkar olunmuş,bununla belə müvafiq sənəd hazırlanaraq üçüncü şəxslərə təqdim olunmuşdur.Nəticə etibarı ilə həm iddiaçının,həm də üçüncü şəxslərin qanuni mənafeləri pozulmuşdur. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən hallar iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilir. X4 adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli AN 715943 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulur Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə.
Məhkəmə qərarları › İş №e-2-1(116)-245/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-245/2023
08.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver