Məhkəmə qərarları › İş №e-2-1(116)-2494/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2494/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2494/2025 22.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 1983-cü il təvəllüdlüdür, 2005-ci ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində işləmişdir. Sonuncu vəzifəsi İdarənin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi-müfəttişi olmuşdur. Müvafiq araşdırma zamanı müəyyən edilmiş hallar üzrə hazırkı İddiaçı fəaliyyətində yol verdiyi pozuntulara qiymət verilməsi üçün X1 Xidməti rəisi tərəfindən Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə müraciət olunmuşdur. Xidməti məruzə əsas götürülərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 20 fevral 2025-ci il tarixli 167/k nömrəli əmri ilə İddiaçı tutduğu vəzifədən azad olunmuş və onun dövlət qulluğuna xitam verilmişdir. Məruzədə fəaliyyətində əsas nöqsan xüsusatı kimi İddiaçı ona həvalə edilmiş vəzifələri lazımi şəkildə yerinə yetirmədiyi bildirilmişdir. Bundan sonra İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbini irəli sürərək Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırır ki (iddia ərizəsinə əsasən), onun məsləhətçimüfəttiş vəzifəsindən azad edilməsi üçün heç bir faktiki və hüquqi əsas olmamışdır və bu səbəbdən də cavabdehin 20 fevral 2025-ci il tarixli 167/K nömrəli əmri qanunsuzdur. Əslində onun dövlət qulluğuna xitam verilməsinin səbəbi Zaqatala rayonunda yol kənarında müvafiq müqavilələr əsasında ağacların budanması ilə bağlı AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi tərəfindən başlanmış cinayət işindən qaynaqlanır. Lakin o (iddiaçı), həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməmişdir və bu onun təqsirsizliyini sübut edən hallardandır. Bundan başqa, 20 fevral 2025-ci il tarixli əmrlə bağlı iddiaçı barəsində araşdırma səthi aparılmışdır, idarə işçilərinin həmkarlar təşkilatının iclasında müzakirə zamanı onun leyhinə səs çoxluğu olduğu halda, əmrin verilməsinə əsaslar sırasında həmin iclas protokolu da götürülmüşdür. Cavabdeh inzibati orqan AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi iddiaya etiraz edir. Cavabdeh tərəf mövqeyini belə əsaslandırır ki (iddiaya qarşı yazılı etiraza əsasən), Zaqatala rayonu ərazisində yaşıllıqların kütləvi məhvi ilə bağlı sosial şəbəkədə yayılmış məlumat X1 Xidmətinin və 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Zaqatala – Danaçı – Aşağı Çardaxlar avtomobil yolunun 7-15-ci km-də, yolun kənarında mövcud olan piramidal qovaq ağacları təhlükəsiz vəziyyətə gətirilərkən onların budanmasında bioloji inkişafına, estetik görünüşünə xələl gətirmədən nisbi sükunət dövründə 5-6 metr hündürlükdən aşağı yan çətir budaqlarına toxunulmamaq tələbləri olmasına baxmayaraq, bu tələblər kobud şəkildə pozulmuş, nəticədə yolun müəyyən hissəsində 341 ədəd qovaq ağacının budanması sərt şəkildə həyata keçirilmişdir. Budama proseslərində bəzi ağacların alt yarus budaqları götürülmüş (bu da ağacların gələcəkdə bioloji inkişafında ciddi sual yaratmış olur və quruma ehtimalı yaradır), onların estetik görünüşü korlanmış, budama aparılan ərazidə bəzi ağaclar məhv edilmişdir. Faktlarla bağlı toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi üçün AR Baş Prokurorluğuna göndərilmiş və cinayət işi başlanmışdır. Cinayət işi hal-hazırda AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin icraatındadır. Rayon ərazisində aparılan və yaşıllıqlara münasibətdə ciddi pozuntularla müşayiət olunan proseslər barədə vaxtında məlumat verilməməsi və bu sahədə dövlət nəzarətinin lazımi səviyyədə yerinə yetirilməməsi səbəbindən xidməti ərazi üzrə cavabdehlik daşıyan olan Nazirliyin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi-müfəttişi İddiaçı tutduğu vəzifədən azad olunmuşdur. O, həmin vəzifəni icra edərkən dövlət qulluqçusu olmuş və onunla bağlanmış əmək müqaviləsinə «Dövlət qulluğu haqqında» Qanunun tələblərinə əsasən xitam verilmişdir. Odur ki, iddia ərizəsində qeyd edilən həmkarlar təşkilatının qərarının mübahisələndirilməsi əsassız hesab edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı yazılı etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, əsassızdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Cavabdehin mübahisələndirilən əmri 20 fevral 2025-ci il tarixə, iddia ərizəsinin verilməsi isə 19 mart 2025-ci il tarixə, yəni əmrin qəbulundan 27 gün sonrakı tarixə təsadüf etdiyindən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə 20 fevral 2025-ci il tarixli 167/k nömrəli əmrə münasibətdə mübahisələndirmə haqqında iddiası ilə bağlı iddia müddəti buraxılmamışdır. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. «Məhkəmələr və hakimlər haqqında» Qanunun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Balakən rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən İddiaçı yaşayış yeri Balakən rayonunun Püştətala kəndidir. Məhkəmə qeyd edir ki, inzibati orqana qarşı hazırkı mübahisə onunla dövlət qulluqçusu arasında mövcud olan xidməti hüquq münasibətləri ilə bağlı olduğundan, eləcə də iddia tələbi “mübahisələndirmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2 və 8.1.3-cü maddələrinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsassızdır. Məhkəmənin qənaətinə görə cavabdehin 20 fevral 2025-ci il 167/k nömrəli əmri qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Dövlət qulluğu haqqında» Qanunun 1.1.1-ci maddəsinə görə dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. Həmin Qanunun 1.1.3-cü maddəsinə görə dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. Həmin Qanunun 18-ci maddəsinə görə dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: (18.0.1) qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli, (18.0.2) rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli, (18.0.4) başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, (18.0.12) etik davranış qaydalarına əməl etməlidir. Həmin Qanunun 25.1-ci maddəsinə görə dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə görə dövlət qulluqçusu bu Qanunun 18-ci, 20ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: (25.2.1) töhmət, (25.2.2) bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması, (25.2.3) həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi, (25.2.4) daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi, (25.2.5) ixtisas dərəcəsinin bir pillə aşağı salınması, (25.2.6) dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 25.5-ci maddəsinə görə dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. Həmin Qanunun 25.6-cı maddəsinə görə bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Həmin Qanunun 33.1-ci maddəsinə görə dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: (33.1.6) Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə. «İnzibati icraat haqqında» Qanunun 2.0.7-ci maddəsinə görə diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.4-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Həmin Qanunun 14.1-ci maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə görə diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə görə diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 16.2-ci maddəsinə görə hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 67-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 74-cü maddəsinə görə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə icraatında tədqiq edilmiş sənədlər aşağıdakılardır: 1) X1 Xidməti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyə ünvanlanmış xidməti məruzədə bildirilmişdir ki, “Zaqatala rayonunun inzibati ərazisində yaşıllıqların kütləvi məhv edilməsi barədə” sosial şəbəkədə yayılmış məlumat X1 Xidmətinin və 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Rayon ərazisində aparılan və yaşıllıqlara münasibətdə ciddi pozuntularla müşayiət olunan proseslər barədə vaxtında məlumat verilməməsi və bu sahədə dövlət nəzarətinin lazımi səviyyədə yerinə yetirilməməsi səbəbindən xidməti ərazi üzrə cavabdeh olan 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi-müfəttişi İddiaçı tutduğu vəzifədən azad olunması təklif olunur. 2) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 17 fevral 2025-ci il tarixli 0063 nömrəli sərəncamı ilə İdarənin Əsasnaməsi ilə müəyyən olunmuş hüquq və vəzifələri həyata keçirmək və bununla bağlı xidməti ərazidə ətraf mühitin mühafizəsinə nəzarət etmək məqsədilə Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi-müfəttişi İddiaçı və həmin sektorun baş mütəxəssis-mühafizə yegeri X3 Zaqatala rayonu üzrə 5 iş günü müddətində müvafiq nəzarət tədbirlərinin həyata keçirilməsi tapşırılmışdır. Sərəncamda həmçinin keçirilmiş nəzarət nəticəsində vəzifə səlahiyyətlərinə uyğun olaraq müvafiq tədbirlər görülməsi, sənədləşmə işlərinin aparılması və görülmüş işlər barədə rəhbərliyə arayış (xidməti məruzə) təqdim edilməsi nəzərdə tutulmuşdur. 3) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 20 fevral 2025-ci il tarixli 167/k nömrəli əmri ilə Nazirliyin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi-müfəttişi – 2-ci dərəcəli dövlət qulluqçusu İddiaçı Müsüm oğlunun dövlət qulluğuna ona həvalə edilmiş vəzifələrin lazımi şəkildə yerinə yetirilməməsi səbəbindən 20 fevral 2025-ci il tarixindən xitam verilmişdir. 4) 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi-müfəttişinin vəzifə təlimatına daxildir: sektor müdiri tərəfindən müəyyən edilmiş iş bölgüsü əsasında müvafiq tədbirlər həyata keçirir, xidməti ərazidə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunmasına, müvafiq qanunvericilik aktlarının tələblərinə riayət olunmasına nəzarət edir və bununla əlaqədar sektor müdirinə müvafiq təkliflər təqdim edir, xidməti ərazidə ətraf mühitin və əlverişli ekoloji vəziyyətin sağlamlaşdırılmasına yönəlmiş tədbirlər həyata keçirir, ətraf mühit üzrə çirkləndirici mənbələrin uçotunun aparılması, onların ekoloji zərərlilik dərəcəsinin müəyyənləşdirilməsi və aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görür, ətraf mühitə vurulmuş ziyanla bağlı fiziki və hüquqi şəxslərə qarşı ziyanları müəyyən edir və hesablayır, ətraf mühitə atılan (axıdılan) və yerləşdirilən tullantıları müəyyənləşdirir, normativ ödəmələrin tətbiqi və ödənilməsi istiqamətində müvafiq işlər görür, respublikada fəaliyyət göstərən xarici şirkətlərin müvafiq obyektlərinin təbiəti mühafizə təyinatlı qurğuları və avadanlıqlarının istismara buraxılması üzrə yaradılmış komissiyalarda (o cümlədən, yerli və ölkəxarici səviyyədə) iştirak edir, xidməti ərazisində öz səlahiyyətləri daxilində ətraf mühitin mühafizəsi və təbii ehtiyatların monitorinqi üzrə dövlət proqramlarının müvafiq qaydada hazırlanmasında və həyata keçirilməsində iştirak edir, dövlət ekoloji ekspertiza rəylərinin tələblərinə riayət edilməsinə nəzarət edir, təbii ehtiyatlardan istifadə və ətraf mühitin mühafizəsi sahəsində ayrı-ayrı fəaliyyət növlərinin həyata keçirilməsi üçün verilən lisenziya və icazənin, təbiətdən istifadə müqavilələrinin şərtlərinə əməl edilməsinə nəzarət edir, meşə fondunun vəziyyətinə, istifadəsinə, qorunmasına, xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə, su obyektlərindən səmərəli istifadəyə, yerüstü və yeraltı suların çirklənmədən qorunmasına nəzarət edir, ovu və satışı məhdudlaşdırılmış su bioloji resurslarının qanunsuz dövriyyəsinə nəzarət edir və satışının qarşısının alınması istiqamətində davamlı monitorinq və nəzarət tədbirləri həyata keçirir, ətraf mühitin mühafizəsinə nəzarətin təşkilində sektorun digər əməkdaşları ilə birgə fəaliyətini həyata keçirir, fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxır və müvafiq tədbirlər görür, xidməti ərazi üzrə ətraf mühitin mühafizəsi ilə bağlı görülmüş işlərə dair hesabatları qəbul edir, hesabatları ümumiləşdirir, bunun əsasında məlumat bankını yaradır və aidiyyəti üzrə təqdim edir, İdarənin Əsasnaməsində nəzərdə tutulmuş aidiyyəti üzrə digər vəzifələri yerinə yetirir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə dövlət qulluqçuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmamasına münasibətdə hansı intizam tənbehinin seçilməsi imperativ qaydada tənzimlənməmiş və dövlət qulluqçusuna intizam tənbehinin tətbiq edilməsi ilə bağlı inzibati orqana mülahizə sərbəstliyi vermişdir. Nəzərə alınmalıdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. İnzibati mübahisələrə baxılarkən məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. İnzibati orqanın qərar qəbul edərkən işin mahiyyətinə yad olan aspektləri nəzərə alıb-almamasını yoxlayarkən, məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini həmin səlahiyyətin məqsədinə (şübhə mövcud olduğu təqdirdə bu məqsəd təfsir vasitəsilə araşdırılır) uyğun həyata keçirib-keçirmədiyinə nəzər yetirir. İnzibati orqanın diskresion səlahiyyət daxilində qəbul etdiyi qərar inzibati icraatın gedişində lazımi qaydada və tam şəkildə müəyyən edilmiş faktlara əsaslanmalıdır. Diskresion səlahiyyət əsasında qəbul edilmiş və işin mahiyyətinə uyğun əsaslandırılmış qərarın yoxlanılması zamanı inzibati orqanın inzibati icraatın ümumi prinsiplərini nəzərə alması da həlledici əhəmiyyət kəsb edir. Buraya, həmçinin «İnzibati icraat haqqında» Qanunun 12 və 17-ci maddələrində təsbit edilmiş bərabərlik prinsipinə riayət edilməsi və mütənasiblik prinsipinin nəzərə alınması aiddir. Hazırkı iş üzrə cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi mübahisələndirilən 20 fevral 2025-ci il tarixli əmrin qəbul edilməsini onunla əsaslandırır ki, iddiaçı Şibliyev X2 rayon ərazisində aparılan və yaşıllıqlara münasibətdə ciddi pozuntularla müşayiət olunan proseslər barədə vaxtında məlumat verilməsi və bu sahədə dövlət nəzarətinin lazımi səviyyədə yerinə yetirilməsinə münasibətdə məsuliyyət daşımışdır. O, xidməti ərazi üzrə cavabdehlik daşıyan 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi-müfəttişidir, lakin sözügedən vəzifənin təlimatına daxil olan vəzifələri lazımi səviyyədə yerinə yetirməmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək mübahisələndirilən 20 fevral 2025-ci il tarixli 167/k nömrəli əmrə münasibətdə belə nəticəyə gəlir ki, sübutetmə yükü daşıyan cavabdeh əmrin qəbulunu şərtləndirən hallara dair məhkəmə icraatında yetərli sübut və dəlil təqdim etmiş və əmr əsaslandırılmışdır. Bu nəticə ondan irəli gəlir ki, əmrin əsası kimi təqdim olunan xidməti məruzədə İddiaçı ona həvalə olunmuş xidməti ərazidə (yol kənarında) yaşıllıqların budanmasına nəzarəti lazımi səviyyədə həyata keçirilməməsi və pozuntularla bağlı müvafiq məlumatlandırmanı təmin etməməsi diqqətə çəkilmiş və bununla da onun xidməti vəzifələrinin icrasına tələb olunan tərzdə yanaşmaması konkret sübutlarla bildirilmişdir. İddiaçı tərəf məhkəmə icraatında bu sübutlar sırasında olan xüsusatları təkzib edən heç bir dəlil və sübut təqdim etməmişdir. İddiaçının hərəkətlərini isə cavabdeh inzibati orqan haqlı olaraq kobud xidməti vəzifə pozuntusu qismində dəyərləndirmişdir. Seçilmiş intizam tənbehinin ağırlığına gəldikdə isə məhkəmə qeyd edir ki, sektorun məsləhətçi-müfəttişinin vəzifə təlimatına iş bölgüsü əsasında müvafiq tədbirlərin həyata keçirilməsi, xidməti ərazidə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunmasına, müvafiq qanunvericilik aktlarının tələblərinə riayət olunmasına nəzarət etmək və bununla əlaqədar müvafiq təkliflər təqdim etmək, ətraf mühitin və əlverişli ekoloji vəziyyətin sağlamlaşdırılmasına yönəlmiş tədbirlər həyata keçirmək, ətraf mühitin mühafizəsinə nəzarətin təşkilində sektorun digər əməkdaşları ilə birgə fəaliyyəti həyata keçirmək, eləcə də dövlət ekoloji ekspertiza rəylərinin tələblərinə riayət edilməsinə nəzarət etmək daxildir. Göründüyü kimi, İddiaçı ona həvalə olunmuş müvafiq nəzarət və məlumatlandırma vəzifələrinin icrasını təmin etməməklə yaşıllıqların qorunması işində dövlət nəzarətinin təmin olunmamasına şərait yaratmışdır. Bu isə, onun hərəkətlərinin (hərəkətsizliyinin) çəkisinin elə həcmdə olmasına dəlalət edir ki, qanunla nəzərdə tutulmuş digər inzibati tənbehlərinin tətbiqi mütənasib addım qismində dəyərləndirilə bilməz. Odur ki, seçilmiş təhbeh tədbiri kimi “dövlət qulluğuna xitam verilməsi” inzibati orqanın diskresion səlahiyyətlər çərçivəsini aşmır və adekvatlığını saxlayır. Bununla da yuxarıdakılara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin 20 fevral 2025-ci il tarixli 167/k nömrəli əmri qanunsuz qiymətləndirilmir və əlverişsiz inzibati akt kimi onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Nəticəvi hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3egiyasına (ünvan: ünvan 5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar