Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2495/2023 23.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağdaş rayon İHB-nın Aşağı Zeynəddin kənd İƏD üzrə nümayəndəliyinə qarşı “üçüncü şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 ev təsərrüfatlarının uçotu kitabından adlarının çıxarılması öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “JN-073A KOD 90302018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, mülkiyyətində olan Ağdaş rayonu, Tatlar kəndində yerləşən evdən üçüncü şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 ev təsərrüfatlarının uçotu kitabından adlarının çıxarılması öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(116)-2495/2023 nömrəli qərardadı Maraqlı şəxs2 və Maraqlı şəxs1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə Cavabdeh - əsl cavabdeh Ağdaş rayon İHB-nın Aşağı Zeynəddin kənd İƏD üzrə nümayəndəliyi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999-cu il tarixli 15 nömrəli qərarı ilə 0,10 hektar ölçüdə həyətyanı torpaq sahəsi verilmiş, JN-073A KOD 90302018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Ağdaş rayonu, Tatlar kəndində yerləşən həyətyanı torpaq sahəsində yerləşən ev təsərrüfatında üçüncü şəxslər yaşamadıqlarından iddiaçı həmin şəxslərin təsərrüfat üzvü olaraq uçotdan çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs1 onun keçmiş gəlinidir (X2 arvadı). Maraqlı şəxs2 isə onun keçmiş kürəkənidir (X1 əri). Adları qeyd edilən şəxslər iddiaçı ilə qohumluq münasibətlərində olduqları müddətdə ona məxsus təsərrüfata uçota düşmüşlər. Hazırda sözügedən şəxslərlə ailə münasibətləri pozulduğundan, onlar faktiki olaraq iddiaçı ilə birgə təsərrüfatda yaşamırlar. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda iddiaçı Ağdaş rayonu Tatlar kənd sakini İddiaçı ev təsərrüfatlarının uçotu kitabından üçüncü şəxslərin adlarının çıxarılması barədə iddia tələbinə etirazının olmadığını bildirmişdir. Üçüncü şəxslər iddia tələbinə münasibət bildirməmişlər. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. -JN-073A kod 90302018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Ağdaş rayon AİK-nın xx.xx.1999-cu il tarixli 15 saylı qərarı ilə İddiaçı Məmmədyar qızı, X6 və X5 0.10 ha torpaq sahəsi ayrılmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2017-ci il tarixli 22/05 №-li qərarından göründüyü kimi, göstərilən sənədlər Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndində isə inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərindən biri kimi ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarının, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısının aparılması nəzərdə tutulmuşdur.
1. Şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş təsərrüfatbaşına uçotun ilkin sənədləri aşağıdakılardan ibarətdir: 1 №-li forma – “Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ev təsərrüfatlarının uçotu kitabı” (bundan sonra - ev təsərrüfatlarının uçotu kitabı); 2 №-li forma – “Şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsində müvəqqəti yaşayan şəxslərin siyahısı” (bundan sonra - müvəqqəti yaşayan şəxslərin siyahısı).
6. Ev təsərrüfatlarının uçotu kitabları (1 №-li forma) hər beş ildən bir yenilənir. Ev təsərrüfatlarının uçotu kitabları məsul şəxslər tərəfindən yanvarın 1-dən 30-dək şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə bütün təsərrüfatlar başdan-başa gəzilərək təsərrüfat başçısını (və ya təsərrüfatın mülki hüquq və fəaliyyət qabiliyyəti olan digər üzvünü) sorğu etmək yolu ilə yanvar ayının 1-i vəziyyətinə tərtib edilir və hər il üzrə məlumatların doğru-düzgünlüyü şəxsi hesabın son səhifəsinin aşağı hissəsində məsul şəxsin və təsərrüfat başçısının imzaları ilə təsdiq edilir...
2. Yanvarın 1-i vəziyyətinə şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə daimi yaşayan şəxslərin təsərrüfatlarının hər biri üçün ev təsərrüfatlarının uçotu kitablarında şəxsi hesab açılır...
3. Ev təsərrüfatlarının uçotu kitabına şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsində daimi yaşayan bütün şəxslərin (təsərrüfata məxsus tikililərə və həyətyanı torpaq sahəsinə hüquqlarının olub-olmamasından asılı olmayaraq) ev təsərrüfatlarının üzvləri yazılır. Təsərrüfatları gəzmədən ev təsərrüfatlarının uçotu kitabında qeydlərin aparılması yolverilməzdir. İİİ. Ev təsərrüfatlarının uçotu kitabı (1 №-li forma) üzrə şəxsi hesablarda qeydlərin aparılması qaydaları, Birinci bölmə “Təsərrüfat üzvlərinin siyahısı”. 11-ci “Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər” sətrində səbəbi göstərilməklə təsərrüfat üzvünün təsərrüfatdan çıxıb getdiyi və ya çıxarıldığı ay, il yazılır. Bu zaman çıxıb gedənlər haqqındakı qeydlərdə həmin şəxslərin inzibati ərazi dairəsi daxilində başqa təsərrüfata, yaxud inzibati ərazi dairəsindən kənara daimi yaşamağa getdiyi göstərilməlidir. Məsələn, “2023-cü ilin aprel ayında ərə getməsi ilə əlaqədar ____ nömrəli təsərrüfata köçüb getmişdir”, “2023-cü ilin iyun ayında iş yerini dəyişməsi ilə əlaqədar Sumqayıt şəhərinə köçüb getmişdir”, “16.02. 2023-cü il tarixdə ölümü ilə əlaqədar çıxarılmışdır”, “2018-ci ilin mart ayında məhkəmənin qərarına əsasən çıxarılmışdır”. Eyni zamanda, şəxsi hesabın 1-ci “Təsərrüfat üzvlərinin siyahısı” bölməsinin təsərrüfatın çıxıb getmiş və ya çıxarılmış (ölmüş) üzvünə aid sütununda çarpaz xətt çəkilir. Təsərrüfatların tərkibindən çıxan və ya çıxarılan şəxslər haqqındakı qeydlər bütün il boyu aparılır və yanvarın 1- i vəziyyətinə təsərrüfatların başdan-başa gəzişi zamanı yoxlanılır. Qeydlər mütləq bu sətirdə edilməlidir, həmin qeydlərin başqa sətirlərə yazılması, habelə təsərrüfat üzvünün təsərrüfatın tərkibindən çıxması və ya çıxarılması haqqında qeydlərin aparılmaması əhalinin sayı, cins və yaş tərkibi barədə dəqiq məlumatların əldə olunmasını çətinləşdirir. Yaşayış yerini istər müvəqqəti, istərsə də daimi tərk etmiş əhali haqqında müvafiq olaraq 10 və 11-ci sətirlərdə vaxtında dolğun aparılmış qeydlər əhalinin sayı və tərkibi barədə məlumatların dürüstlüyünü təmin edir. İş materialları ilə müəyyən olunur ki, üçüncü şəxslər iddiaçı ilə əvvəllər qohumluq münasibətlərində olduqlarında və həmin ərəfədə iddiaçıya məxsus təsərrüfatda yaşadıqlarına görə iddiaçının təsərrüfat üzvləri olaraq uçota götürülsələr də, sonradan ailə münasibətlərinin pozulması nəticəsində həmin şəxslər faktiki olaraq sözügedən təsərrüfatdan getmişlər. Cavabdeh orqan yuxarıda istinad olunan normaların tələbləri baxımından onların həmin təsərrüfatda faktiki yaşamadıqlarını müəyyən etdiyi halda “Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər” sətrində səbəbi göstərilməklə müvafiq qeydlər icra etməli və ev təsərrüfatlarının uçotu kitabında müvafiq sütunda üzərlərinə çarpaz xətt çəkməli idi. Müvafiq qeydiyyatın aparılmasında məqsəd əhalinin sayı, cins və yaş tərkibi barədə dəqiq məlumatların əldə olunması, yaşayış yerini istər müvəqqəti, istərsə də daimi tərk etmiş əhali haqqında müvafiq olaraq əhalinin sayı və tərkibi barədə məlumatların dürüstlüyünü təmin edilməsidir. Məhkəmə tərəfindən üçüncü şəxs Maraqlı şəxs1 ünvan 1 ünvanı göndərilmiş sənədlər “evdə yoxdu” qeydi ilə, digər üçüncü şəxs Maraqlı şəxs2 Ağdaş rayonu Yuxarı Nemətabad kəndinə ünvanlanmış sənədlər “köçüb” qeydi ilə geri qaytarılmışdır. Hər bir halda adları qeyd edilmiş şəxslərin iddiaçıya məxsus təsərrüfatda yaşamadıqları işin mübahisəsiz halıdır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Ağdaş rayon İHB-nın Aşağı Zeynəddin kənd İƏD üzrə nümayəndəliyinin üzərinə Ağdaş rayonu, Tatlar kəndində yerləşən İddiaçı təsərrüfatına dair ev təsərrüfatlarının uçotu kitabından üçüncü şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 adlarının çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.