Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2495/2024 20.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Lətif oğlunun sədrliyi Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan, orta təhsilli; işləməyən), cavabdehin nümayəndəsi Nümayəndə (Zaqatala rayonu, Mosul kəndində yaşayan, ixtisasca hüquqşünas olan, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsində hüquq məsləhətçisi vəzifəsində işləyən) iştirakı ilə iddiaçı – İddiaçı (qeydiyyat yeri: ünvan 1) cavabdeh – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (yerləşdiyi yer: Zaqatala şəhəri, F.Əmirov küçəsi, 173) qarşı «torpaq sahəsinə və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 20 yanvar 1990-cı il tarixində X3 (hazırkı "xxxx" MMC-nin Şimal-Qərb filialının Zaqatala şöbəsi) əməliyyatçı vəzifəsinə işə qəbul edilmişdir. X4 Həmkarlar Komitəsi Heyəti iclasının 9 sentyabr 1993-cü il tarixli 5 nömrəli protokolu ilə İddiaçı yeni ailə həyatı qurması və yaşayış evinin olmaması nəzərə alınaraq, verdiyi ərizəsinə və Rabitə Qovşağı rəisinin razılğına əsasən Qaqarində yerləşən Qovşağın anbar sahəsində tikilərək yarımçıq qalan iki gözdən ibarət və hər biri 5 metr uzunluğunda olan, eni 3 metr 50 sm yarımçıq barıların öz hesabına tikintisini davam etdirməklə yaşayış evi üçün istifadə edilməsinə razılıq verilmişdir. Sonradan həmin sahədə tikili tamamlanmışdır. İddiaçı ünvan 2 olaraq yuxarıda sözügedən protokolda nəzərdə tutulan tikili və sahənin aid olduğu ünvandakı 0,0084 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsi 23 fevral 2024-cü il tarixli məktubu ilə məsələnin həllindən imtina etmiş və ona məhkəmə müdafiəsindən istifadə etmək hüququnu izah etmişdir. İddiaçı cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçının mövqeyi belədir ki, X2 9 sentyabr 1993-cü il tarixli 5 nömrəli protokolu (qərarı) ilə ayrılmış torpaq sahəsi və yarımçıq tikili onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsi həmin qurumun balansındadır. Fərdi yaşayış evinin tikintisi üçün razılıq aldıqdan sonra orada ev tikmişdir. "xxxx" MMC-nin zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası Zaqatala Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, həmin torpaq sahəsindəki ev onun (İddiaçı) hesabına inşa edilmişdir. İddiaçı məhkəmədə keçmiş ərinə qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması, evə köçürülmə və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması tələbi ilə iddia qaldırsa da, mülkiyyət hüququnu təsdiqləyən sənəd olmadığından, iddia təmin edilməmişdir. O, torpaq sahəsinə və üzərindəki evə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh iddiaya etiraz edir. Cavabdehin mövqeyi belədir ki, İddiaçı X2 Həmkarlar ittifaqı təşkilatının 9 sentyabr 1993-cü il tarixli 05 nömrəli qərarı ilə yaşamaq üçün istifadəsinə verilmiş ünvan 2 ünvanında yerləşən 0,0084 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə hüququnun qeydiyyatı haqqında reyestrdən çıxarışın verilməsi ilə bağlı 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Ərizə ilə bağlı sözügedən torpaq sahəsinə dair iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, ərizəyə fərdi yaşayış evi ilə bağlı hər hansı sənəd əlavə edilməmiş, torpaq sahəsinin ayrılması ilə bağlı ərizəyə əlavə olunmuş X2 Həmkarlar ittifaqı təşkilatının 9 sentyabr 1993-cü il tarixli qərarı isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi müəyyən edilməmişdir. Buna görə də iddiaçının ərizəsi təmin olunmamışdır. Göstərilənlərə əsaslanaraq, iddianın rədd edilməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, əsassızdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Zaqatala rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Zaqatala şəhərinin ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsassızdır. Məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıya ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasından imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin 7-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər: Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının, eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Siyahının 2-ci bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: - Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: (2.1) şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; (2.2) rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; (2.3) kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; (2.4) üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); (2.5) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; (2.6) fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənziltikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; (2.7) yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədləri də bu əsaslar sırasında nəzərdə tutur. Hazırkı işin hallarına görə 9 sentyabr 1993-cü il tarixdə X4 Həmkarlar Komitəsi Heyətinin qərarı ilə orada işləyən şəxs kimi İddiaçı istifadəsinə Qovşağın anbar sahəsində yarımçıq tikilinin onun öz hesabına fərdi yaşayış evinə tamamlanması məsələsinə razılıq verilmişdir. İddiaçı həmin tikilinin başa çatdırılmasından sonra onun və yerləşdiyi torpaq sahəsinin mülkiyyəti kimi qeydiyyat alınmasını tələb edir. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşmır və iddianı aşağıdakılara görə əsassız sayır: - X4 HKH-nin 9 sentyabr 1993-cü il tarixli qərarı özündə iddiaçıya müvafiq torpaq sahəsinin ayrılmasını deyil, müəssisənin anbar sahəsindəki yarımçıq tikilinin tamamlanmaqla yaşayış üçün onun istifadəsinə ayrılmasına razılıq verilməsini əks etdirir. Bundan başqa, həmin tikilinin şəxsə ayrılması balanssaxlayıcı kimi yerli xalq deputatları soveti və ya iş yeri sayılan müəssisə tərəfindən verilmiş orderlə rəsmiləşdirilə bilərdi. Lakin işin hallarından məlum olur ki, anbar sahəsindəki tikili ayrılarkən yarımçıq qalmışdır və mənzil deyil. - müvafiq dövrdə, yəni 9 sentyabr 1993-cü il tarixdə qüvvədə olmuş qanunvericilik normaları vətəndaşlara torpaq sahəsinin ayrılması səlahiyyətini yerli xalq deputatları sovetlərinə (sonradan yerli icra hakimiyyəti orqanları) aid etmişdir. X4, eləcə də həmin qurumun Həmkarlar Təşkilatı şəxsə torpaq ayrılmasında səlahiyyətli olmamışdır. - iddiaçı torpaq sahəsində yerləşən tikiliyə hüququnu təsdiq edən sənəd kimi X4 HKH-nin qərarını təqdim etsə də, bu sənəd «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinin müddəalarında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi müəyyən olunan hüquq müəyyənedici sənədlərin dairəsinə düşmür. Belə olan halda, məhkəmənin qənaətinə görə İddiaçı ünvan 2 ünvanındakı 0,0084 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsi haqlı olmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №e-2-1(116)-2495/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2495/2024
20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver