Məhkəmə qərarları › İş №e-2-1(116)-2495/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2495/2025

26.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2495/2025 26.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X15 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Zəkəryəyeva Gülnarə Hikmət qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxsin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Abdurahman oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı qərarına əsasən ayrılmış 0,85 ha və Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarına əsasən ayrılmış 1,60 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışların, torpaq sahələrinin plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı Abdurahman oğlu cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı qərarına əsasən ayrılmış 0,85 ha və Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarına əsasən ayrılmış 1,60 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışların, torpaq sahələrinin plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-1(116)-2495/2025 nömrəli qərardadı ilə Balakən rayon Mahamalar bələdiyyəsini üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-1(116)-2495/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarına əsasən həmin rayonun Qazbinə kəndində kərpic istehsalı müəssisəsi üçün 16000 kv.m torpaq sahəsi ayrılmış, ayrılma zamanı Balakən rayon İcra Hakimiyyətinin, DT və XK Balakən rayon şöbəsinin, Balakən Gigiyena və Epidemiologiya Mərkəzinin, Balakən Elektrik şəbəkəsinin, Mahamalar kənd icra nümayəndəsinin iştirakı və razılığı alınmış, torpaq sahəsinin 1:1000 miqyasda siyuasiya planı tərtib edilmiş, bununla əlaqədar torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, həmin akt DTXK Balakən rayon şöbəsində dövlət qeydiyyatına alınmış, torpaq sahəsinin dəyəri bələdiyyə büdcəsinə ödənilmişdir. Eləcə də, DTXK Balakən rayon şöbəsi tərəfindən qeyd olunan torpaq sahəsinə dair 028271 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və dövlət torpaq kadastr kitabında xx.xx.2008-ci ildə 028 nömrə ilə iddiaçının adına müvafiq qeydiyyat aparılmışdır. Habelə Balakən rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 55 saylı sərəncamına əsasən İddiaçı həmin torpaq sahəsində kərpic zavodunun tikintisinin təsdiq edilmiş layihə əsasında aparılmasına icazə verilmişdir. Qeyd olunan vaxtdan iddiaçı həmin torpaq sahəsindən qanuni əsaslarla təyinatı üzrə istifadə edir. Həmin torpaq sahəsi iddiaçı tərəfindən hasara alınmaqla faktiki istifadə olunur. 2024-cü ilin sonlarında müvafiq sənədlərlə birlikdə cavabdeh inzibati orqana müraciət edilmiş, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubla ərizə təmin edilmədi, imtinaya əsas kimi göstərildi ki, ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, Balakən rayonu Qazbinə bələdiyyəsindən əldə etdiyiniz 1,60 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin xidməti istifadəsində olan elektron uçot xəritəsində dövlət mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilmişdir. Eləcə də, Balakən rayonu Qazbinə bələdiyyəsinin 16 sentyabr 2005-ci il tarixli 06 saylı qərarına əsasən həmin rayonun Qazbinə kəndində 0,85 ha torpaq sahəsi ayrılmış, ayrılma zamanı səlahiyətli dövlət orqanlarının razılıqları alınmışdır. Habelə hüquqların qeydiyyatı ilə bağlı JN-0036 saylı KOD 40108038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir. Torpaq sahəsinin 1:2000 miqyasda planı tərtib edilmiş, bununla əlaqədar torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Qeyd olunan vaxtdan iddiaçı həmin torpaq sahəsindən qanuni əsaslarla təyinatı üzrə istifadə edir. Onuda bildirir ki, həmin torpaq sahəsi iddiaçı tərəfindən hasara alınmaqla faktiki istifadə olunur. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X4 və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən 2005-ci ilin noyabr ayında qeyriyaşayış binasının texniki pasportu tərtib edilmişdir. 2024-cü ilin sonlarında müvafiq sənədlərlə birlikdə cavabdeh inzibati orqana müraciət edilmiş, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli digər məktubla ərizə təmin edilmədi, imtinaya əsas kimi göstərildi ki, ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, Balakən rayonu Qazbinə bələdiyyəsindən əldə etdiyiniz 0,85 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin xidməti istifadəsində olan elektron uçot xəritəsində dövlət mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilmişdir. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9, 11.1-ci maddələrinə istinad edilərək, eyd olunan torpaq sahələrinin İdarənin xidməti istifadəsində olan elektron uşaot xəritələrində dövlət mülkiyyətinə aid torpaq sahəsi olması əsası ilə imtina edilmişdir. Cavadeh orqan iddia tələbinə etirazlarını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı, – 2007-ci il tarixində Balakən rayonu Qazbinə bələdiyyəsindən bələdiyyədən alqı-satqı yolu ilə əldə etdiyi 1,60 ha torpaq sahəsinə dair çıxarışın verilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizələrlə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, Balakən rayonu Qasbinə bələdiyyəsindən əldə etdiyi 1,60 ha torpaq sahəsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xidməti istifadəsində olan elektron uçot xəritələrində dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi qeyd olunmuşdur. Buna görə də, onun ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2024-cü il tarixli, 3-21-3-47/2-O-0003- 8/2024 (**********), xx.xx.2025-ci il tarixli, 3-21-3-47/2-O-0001-8/2025 (**********) və xx.xx.2025-ci il tarixli, 3-21-3-47/2-O0002-8/2025 (**********49) nömrəli məktub ünvanlanmışdır. İddiaçı– Balakən rayonu Qasbinə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı qərarına əsasən ayrılmış 0,85 ha torpaq sahəsinə dair çıxarışın verilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizələrlə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, Balakən rayonu Qasbinə bələdiyyəsindən əldə etdiyi 0,85 ha torpaq sahəsi də 18 saylı Zaqatala Ərazi İdarəsinin xidməti istifadəsində olan elektron uçot xəritələrində dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi qeyd olunmuşdur. Buna görə də, onun ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2025-ci il tarixli, 3-21-3-47/2-O-0001-8/2025 (**********50), nömrəli məktub ünvanlanmışdır. Sorğu ilə bağlı AN 028271 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və JN-0036 kod 40108038 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın arxiv nüsxələri ərazi idarəsində aşkar edilməmişdir. Sərəncamın 3-cü bəndinin icrası ilə bağlı inzibati icraat materialların təsdiq edilmiş surətləri təqdim olunur. Daşınmaz əmlak üzərində hüququların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Torpaq sahəsinin mülkiyyət növü dövlət mülkiyyəti olduğu üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi»nin 3.0.47ci bəndinə əsasən özəlləşdirilən dövlətə məxsus olan hüquqi şəxslərin və obyektlərin, fiziki və hüquqi şəxslərin inşa etdikləri müəssisələrin və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin qiymətləndirilməsini və satışını həyata keçirmək Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrinə aid edilmişdir. Buna görə də işin obyektiv həlli üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini 3-cü şəxs qismində məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə prosesə cəlb etməsi zəruridir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Buna oxşar eyni məsələyə münasibət, – Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 01/2022 nömrəli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Qərardadının 53-cü bəndində göstərilmişdir, qeyd olunmuşdur ki, İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. İddia ərizəsinə etiraz olaraq bildiririk ki, dövlətə məxsus olan qeyd olunan torpaq sahəsini bələdiyyə mülkiyyəti kimi özgəninkiləşdirilməsi barədə səlahiyyətsiz şəxs müvfaiq bələdiyyə tərəfindən sərəncam qəbul edilmişdir. Belə ki, aparılan araşdırma zamanı məlum olmuşdur k, həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğu üçün onun barəsində sərəncam vermək hüququ həmin dövürdə də Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinə məxsus olmuşdur (“Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanının köhnə versiyasının 3-cü bəndində qeyd olumuşdur ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə tapşırılsın ki, bu fərmandan irəli gələn tədbirləri həyata keçirsin). Hal-hazırda da həmin sələhiyyətləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Nəzərinizə çatdırırıq ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 6-cı maddəsinə görə, təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tarixi-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları, dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sortsınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları, dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar və həmin maddəyə əsasən digər torpaq sahələri dövlət mülkiyyətində saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.4-cü maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaq sahələri üzərində mülkiyyət hüququnun subyekti Azərbaycan dövlətidir. Torpaq sahəsi üzərində mülkiyyət hüquqi mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ – dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Göstərilən Məcəllənin 46-cı maddəsinin 4-cü bəndində dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanlarının həyata keçirdikləri təsbit edilmişdir. Hal-hazırda həmin sələhiyyətləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. II. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. III. Məhkəmənin mövqeyi. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. İddia ərizəsinin məzmunundan və işin hallarından görünür ki, iddiaçının hüquqi marağı Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı qərarına əsasən ayrılmış 0,85 ha və Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarına əsasən ayrılmış 1,60 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışların, torpaq sahələrinin plan-ölçü sənədlərinin verilməsinə nail olmaqdır. İş materiallarında olan cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktublarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İş materiallarında olan A028271 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarı ilə Balakən rayonu Qazbinə kəndindən İddiaçı Abdurəhman oğluna 16000 kv.metr (təyinatı: Kərpic İstehsal müəssisəsi MMC üçün) torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan situasiya planından və sxematik plandan görünür ki, Balakən rayonu Qazbinə bələdiyyəsinə məxsus ərazidən X14 Müəssisəsi MMC-yə ayrıldığı qeyd olunmuşdur. İş materiallarında olan Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 33 nömrəli sərəncamında qeyd edilmişdir: 1.Balakən rayonu Balakən şəhər sakini İddiaçı Abdurəhman oğluna istehsal prosessini həyata keçirmək üçun torpaq sahəsinin tələbi barədə yazdığı ərizəsi nəzərə alınsın. 2.Torpaqların alqı-satqısı haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı fərmanına, 29 iyun 2001 tarixli Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 15 mart 2002-ci il tarixli fərmanına, bələdiyyə torpaqlarının ayrılması və razılaşdırılması qaydaları haqqında əsasnaməyə uyğun olaraq Balakən şəhər sakini İddiaçı Abdurəhman oğluna bələdiyyə mülkiyyətinə aid olan ərazidən Balakən çayı vadisindən istehsal prossesini həyata keçirmək üçün alqı-satqı yolu ilə 1.60 hektar torpaq sahəsi verilsin. 3.Balakən şəhər sakini İddiaçı Abdurəhman oğluna tapşırılsın ki, alacağı torpağın hər 0.01 hektarına 34 manat olmaqla 1.60 hektar torpaq sahəsinə 5440.00 manatı bələdiyyənin bankdakı hesabına ödəsin. 4.Balakən Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsindən xahiş edilsin ki, həmin sahədə tikiləcək tikililərin smeta-layihə sənədlərinin hazırlanmasına köməklik göstərsin. 5.Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsindən xahiş edilsin ki, torpaqayırma sənədlərinin hazırlanmasına və torpaq sahəsinin yerində ölçülüb göstərilməsinə köməklik göstərsin. 6. Həmin torpaq sahəsi üçün hüquqi sənədin hazırlanıb verilməsinə köməklik göstərilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilsin. İş materiallarında olan Dövlət Xəritəçəkmə komitəsinin Balakən rayon şöbəsinin arayışından görünür ki, Qazbinə bələdiyyəsinə məxsus 1,6 ha torpaq sahəsi bələdiyyənin xx.xx.2007-ci il tarixli 33 nömrəli sərəncamına əsasən şəhər sakini İddiaçı Abdurəhman oğluna satılmışdır. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 55 nömrəli sərəncamında qeyd edilmişdir ki: 1. Balakən rayonu Qazbinə kəndində Balakən şəhər sakini İddiaçı Abdurəhman oğlunun Qazbinə bələdiyyəsinin sərəncamında göstərilən. 1,60 ha torpaq sahəsində kərpic zavodunun tikintisi təsdiq edilmiş layihə əsasında aparılsın. 2.Vətəndaş sərəncamı aldıqdan sonra tikintiyə başlamadan Kommunal Muəssısələn Kombinatı MMC ilə müqavilə bağlamalı və bu müqavilə Notariat kontoru tərəfindən təsdiq edilməlidir. 3.Vətəndaş sərəncam imzalandığı tarixdən bır ıl ərzində tikintini başlamalı və uç ıl müddətinə qurtarmalıdır. 4. “Memarlıq fəaliyyəti haqqında” və “Şəhərsalmanın əsaslan haqqında” Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlanna əsasən tikintinin aparılması qaydalanna nayət edilsin. 5. Təsdiq edilmiş texniki sənədləri almadan tikintini başlamaq qadağandır. 6.Tikintini aparan şəxs oz arzusundan asılı olaraq, istər tikinti təşkilatlan ilə və ya kooperativlərlə müqavilə bağlayıb tikintini apara bilər. 7.Vətəndaşın nəzərinə çatdırılsın ki, torpağa şəhadətnaməni aldığı gündən etibarən, tikintinin isə sənədləşdirdikdən sonra vergiyə cəlb olunmasını təmin etsin. 8.Tikiləcək obyekt gələcəkdə dövlət əhəmiyyətli tikintilərin altına düşərsə, tikilmiş obyekt vətəndaşın oz vəsaiti hesabına sökülsün. 9.Tikintinin layihə uzrə apantmasma nəzarət RİHB-nın Memarlıq və Tikinti bölməsinə, rayon Kommunal Müəssisələri Kombinatı MMC-yə, kənd icra nümayəndəliyinə və rayon polis idarəsinə tapşırılsın. İş materiallarında olan 12098 nömrəli arayışdan görünür ki, Qazbinə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 25 saylı qərarı ilə İddiaçı Abdurəhman oğluna tikinti məqsədi ilə 0,85 ha torpaq sahəsi satılması nəzərdə tutulmuşdur. X16 fondunun verdiyi qaiməyə əsasən satılacaq torpaq sahəsi Qanıx-Türyançaya aiddir. Həmin torpaq sahəsi 17 ballı, v-keyfiyyət qrupu yararsıza aid olmaqla 0,85 ha və normativ qiyməti 9.210.600 manatdır. Satılacaq torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla ilk dəfə satılır. İş materiallarında olan Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı protokolundan çıxarışdan və xx.xx.2008-ci il tarixli 20 nömrəli Torpaqların alqısatqısına dair aktdan görünür ki, İddiaçı Abdurəhman oğluna Qazbinə bələdiyyə ərazisindən 1,60 ha torpaq sahəsinin satılması barədə 2007-ci il 27 oktyabr tarixli 9 nömrəli qərar qəbul edilmişdir. Bunun müqavilində İddiaçı Abdurəhman oğlu tərəfindən Balakən rayon Kapital bankının ********** saylı hesbaına əvvəlcədən 5440 manat haqq ödənmişdir. İş materiallarında olan Balakən Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubundan və məktuba əlavə olunmuş qərarlardan görünür ki, Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı, xx.xx.2007-ci il tarixli 09 saylı protokolu qeyd edilməmişdir, xx.xx.2005-ci il tarixli 06 nömrəli, xx.xx.2007-ci il tarixli 09 nömrəli xx.xx.2007-ci il tarixli 10 nömrəli xx.xx.2007-ci il 10/A nömrəli qeyd edilib. xx.xx.2007-ci il tarixli 10/A nömrəli protokolunda İddiaçı Abdurəhman oğluna torpaq sahəsi ayrılması barədə qeyd edilmişdir. İş materiallarında olan Balakən rayon Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 9 nömrəli protokolundan görünür ki, iddiaçının adı qeyd olunmamışdır. İş materiallarında olan Balakən rayon Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 8 nömrəli protokolundan görünür ki, bələdiyyənin perspektiv inkişafı üçün saxlanılmış ərazidən İddiaçı Abdurəhman oğluna 1,6 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-0036 torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı qərarı ilə 0,85 ha torpaq sahəsi tikinti işlərinin aparılması üçün İddiaçı Abdurəhman oğluna satılmışdır. İş materiallarında olan cavabdehin xx.xx.2025-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, iddiaçıya Balakən rayon Qazbinə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 06 saylı iclasının qərarı ilə ayrılmış 0,85 ha və Balakən rayon Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı iclasının qərarı ilə ayrılmış 1,6 ha torpaq sahəsinin 3,9774 ha olmaqla həmin torpaq sahəsi Balakən şəhərinin inzibati ərazi dairəsinin hüdudları daxilində dövlət mülkiyyətində olan Balakən kərpic zavodunun yerləşdiyi ərazinin sərhədləri daxilində yerləşir. İddia olunan sahəsinin 0,85 ha hissəsinə İddiaçı Abdurahman oğlunun 0036 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və 1,60 ha hissəsinə isə İddiaçı Abdurahman oğlunun A028271 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Torpaq sahəsinin naturada istifadəçisi İddiaçı Abdurahman oğludur. Həmin torpaq sahələrinin yerləşmə vəziyyəti ölçüləri tərtib edilmiş yerquruluşu plan-1-də öz əksini tapmışdır. Faktiki istifadə olunan torpaq sahəsi Balakən rayon Qazbinə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 06 saylı iclasının qərarı ilə ayrılmış 0,85 ha və Balakən rayon Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı iclasının qərarı ilə ayrılmış 1,6 ha torpaq sahəsi ilə eyni ərazidə yerləşir. İddia olunan 0,85 ha və 1,6 ha torpaq sahəsi və ya faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsi kərpic zavodunun fiziki sərhədlərinin hüdudları daxilində yerləşir və üzərində tikililər mövcuddur. Faktiki istifadə olunan torpaq sahəsinin ölçüsü iddia olunan torpaq sahəsindən artıqdır və iddia olunan torpaq sahələrinin dəqiq koordinatları tərtib edilmiş yerquruluşu planı-2-də göstərilmişdir. İş materiallarında olan 13 saylı ərazi vergilər idarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “X14İ MÜƏSSİSƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilk dəfə xx.xx.2003-cü ildə X10 təsisçiliyi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Sumqayıt bölgə şöbəsində 0203-A1-735 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatından keçmiş və xx.xx.2004-cü ildə vergi uçotuna alınaraq ********** nömrəli VÖEN almışdır. X18 öz payının 25%-ni X8, 50%-ni isə İddiaçı Abdurahman oğluna satmış və müəssisənin adı , “X14İ MÜƏSSİSƏSİ”-nə dəyişdirilmişdir. xx.xx.2006-cı il tarixdə X17 qalan 25 %-lik payının hamısını X2. xx.xx.2007-ci il tarixdə İddiaçı Abdurahman oğlu payının 40 %-ni, X11 isə 10 % payını "xxxx" ASC-yə satmış, lakin xx.xx.2012-ci il tarixli razılaşma ilə həmin müqavilə ləğv edilmişdir. xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsi ilə İddiaçı Abdurahman oğlu payının 40 %-ni, X11 isə 50 %-lik payını X5 bağışlamışlar. xx.xx.2024-cü ildə Cəmiyyətdəki payların hamısı X1. İş materiallarında olan cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 0,85 ha və 1,60 ha torpaq sahələrinin qonşuluğunda yerləşən, mülkiyyət hüquqları qeydiyyata alınmış 0,0716 ha torpaq sahəsinə və fərdi yaşayış evinə dair hüquqmüəyyənedici və texniki sənədlərin və X16 kitabının 028 nömrəsi ilə qeydiyyatın aparıldığı səhifənin təsdiq edilmiş surətləri təqdim olunur. Dövlət aktı qeydiyyatı kitabının 51 nömrə ilə qeydiyyatın aparıldığı səhifənin surəti ərazi idarəsində aşkar edilməmişdir. 0,85 ha və 1,60 ha torpaq sahələri yerləşən ərazi Balakən şəhərinin genişləndirilməsi ilə əlaqədar Qazbinə kəndinin ərazisindən Balakən şəhərinin hüdudları daxilinə keçən ərazidir, Qazbinə kəndinin kompleks yerquruluşu layihəsində ictimai tikililər üçün nəzərdə tutulan ərazi kimi göstərilmişdir. DWG xəritəsinə əsasən mülkiyyətçisini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan 769 inventar nömrəli qeyri-yaşayış binasının texniki pasportundan görünür ki, əsas Qazbinə bələdiyyəsinin 16 sentyabr 2005-ci il tarixli 25№-li sərəncamı, sahibkar İddiaçı Abdurahman oğlu, ümumi torpaq sahəsi 8500 kv.metr olaraq qeyd edilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, hüququ rəsmiləşdirilən- “X13 Müəssisəsi” MMC, ünvan- ünvan 3umi sahəsi- 777,8 kv.metr, torpaq sahəsi- 0,08577 ha, torpaq sahəsinin mülkiyyət növü- dövlət, təyinatı- anbar, torpaq sahəsi üzərində hüququnun növü-istifadədə qeyd edilmişdir. İş materiallarında olan hüquq subyekti kimi “X14 Müəssisəsi” MMC **********97- 12301 reyestr nömrəli əmlak kompleksinin texniki pasportundan görünür ki, faktiki istifadə olunan torpaq sahəsi 16736,6 kv.metr, əsas tikinti altında olan torpaq sahəsi 857,70 kv.metr qeyd olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutları, tərəflərin məhkəmə iclasında verdikləri izahatları, eləcə də tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını birgə və sistemli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Məhkəmə iş materiallarının araşdırılması ilə bağlı ilk öncə onu qeyd edir ki, öhdəliyin icrası haqqında iddia çərçivəsində cavabdeh inzibati orqanın üzərinə müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulması yalnız o halda mümkündür ki, iddiaçının tələb etdiyi hərəkətlərin edilməsi üçün hüquqların dövlət qeydiyyatını şərtləndirən bütün hüquqverici sənədlər mövcud olsun, həmin sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib edilsin, onların hüquqi qüvvəsi şübhə doğurmasın və inzibati orqanın imtinası açıqaşkar qanuna zidd xarakter daşısın. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş üzrə mübahisənin düzgün həlli məqsədilə təqdim olunmuş sübutların hüquqi mahiyyəti və onların hüquqi nəticələr doğurmaq qabiliyyəti qiymətləndirilərkən, məhkəmə yalnız həmin sənədlərin formal mövcudluğunu deyil, eyni zamanda onların qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunmasını, müvafiq qeydiyyat sistemində əks olunmasını və hüquqi dövriyyəyə daxil edilib-edilməməsini də nəzərə almalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin hüquqi qüvvəyə malik olub-olmadığı məsələsinin yalnız həmin sənədlərin məzmunu deyil, onların qeydiyyat sistemində faktiki mövcudluğu və hüquqi dövriyyəyə daxil olub-olmaması ilə qiymətləndirilməli olduğunu qeyd edir. Hüquqi dövriyyəyə daxil olmayan, digər şəxslərə məlum olmayan və dövlət reyestrində qeydə alınmayan hüquq subyektiv hüquq olsa belə, onun dövlət tərəfindən tanınması hüquqi prosedurların mövcudluğunu tələb edir. Məhkəmə onu da qeyd edir ki, qanunvericiliyə əsasən daşınmaz əmlaka dair hüquqların tanınması və hüquqi nəticələr doğurması üçün bu hüquqlar dövlət qeydiyyatına alınmalı, qeydiyyat zamanı isə təqdim edilən sənədlərin həqiqiliyi, hüquqi əsasları və forma baxımından qanunvericiliyin tələblərinə uyğunluğu qiymətləndirilməlidir. Əgər hüququ təsdiq edən sənədin hüquqi etibarlılığı və ya mənbə etibarı ilə şübhə doğuracaq hər hansı ziddiyyətlər və ya uyğunsuzluqlar varsa, bu halda qeydiyyat orqanı həmin sənəd əsasında hüququ qeydiyyata almaqdan imtina etmək hüququna malikdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 1,60 hektar torpaq sahəsinin Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarı əsasında ona sahibkarlıq fəaliyyəti, konkret olaraq kərpic istehsalı müəssisəsinin yaradılması məqsədi ilə ayrıldığını iddia etsə də, Balakən Rayon Dövlət Arxivindən əldə edilmiş rəsmi məlumatlara əsasən, həmin tarix və nömrə ilə bələdiyyə iclasının protokolu arxivdə mövcud deyildir və bu hal iddiaçının istinad etdiyi sənədin rəsmi mənbələrdə təsdiqini tapmamasını göstərir. Bununla yanaşı, arxivdən çıxarılmış eyni dövrə aid protokolların məzmunundan aydın olur ki, bələdiyyə tərəfindən torpaq sahələrinin ayrılması məsələlərinə baxılarkən torpaqların əsasən bələdiyyənin perspektiv inkişafı üçün saxlanılmış ərazilərindən həyətyanı məqsədlə, məhdud ölçüdə və bir neçə vətəndaşa nisbətən bərabər paylanması nəzərdə tutulmuşdur ki, bu hal iddiaçının təqdim etdiyi sənədlərdə göstərilən sahibkarlıq məqsədli və 1,60 hektar həcmində torpaq sahəsinin ayrılması barədə məlumatlarla açıq şəkildə ziddiyyət təşkil edir. Məhkəmə hesab edir ki, arxiv protokollarında hər bir vətəndaşa nisbətən az ölçüdə torpaq sahəsinin ayrılması nəzərdə tutulduğu halda, iddiaçıya digər şəxslərlə müqayisədə dəfələrlə artıq ölçüdə torpaq sahəsinin ayrılması barədə sənədlərin təqdim edilməsi bələdiyyə qərarlarının mahiyyəti, məqsədi və ümumi tətbiq praktikasına uyğun gəlmir və bu hal təqdim edilmiş sənədlərin həqiqiliyinə və etibarlılığına dair ciddi və əsaslı şübhələr yaradır. Bundan əlavə, kadastr ekspertizası, elektron uçot xəritələri və mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, iddia olunan 1,60 hektar torpaq sahəsi Balakən şəhərinin inzibati ərazi hüdudları daxilində yerləşir. Həmçinin dövlət mülkiyyətində olan Balakən kərpic zavodunun yerləşdiyi ərazinin faktiki sərhədləri daxilinə düşür və dövlət torpaq fondu kimi uçota alınmış əraziyə aid edilir. Bu isə bələdiyyənin həmin torpaq sahəsi üzərində sərəncam vermək səlahiyyətinin olmamasını göstərir. Məhkəmə qeyd edir ki, istər torpaq sahəsinin ayrıldığı iddia edilən dövrdə, istərsə də hazırkı vaxtda qüvvədə olan qanunvericiliyə əsasən dövlət mülkiyyətində olan torpaq sahələri üzərində sərəncam vermək səlahiyyəti bələdiyyələrə deyil, müvafiq icra hakimiyyəti orqanlarına aid olmuşdur və bu səbəbdən səlahiyyətsiz orqan tərəfindən verilmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün hüquqi əsas kimi qəbul edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, arxivdən çıxan xx.xx.2007-ci il tarixli 8 nömrəli protokolda torpaq sahələri bir neçə vətəndaşa, o cümlədən İddiaçı Abdurəhman oğluna həyətyanı məqsədilə ayrılmışdır, halbuki iddiaçı tərəfindən təqdim edilən sənədlərdə eyni torpaq sahəsinin sahibkarlıq və istehsal fəaliyyəti üçün ayrıldığı göstərilmişdir ki, bu fərq yalnız texniki və ya formal uyğunsuzluq kimi qiymətləndirilə bilməz. Çünki torpaq sahəsinin təyinatı onun hüquqi rejimini, istifadə imkanlarını və mülkiyyət hüququnun yaranma mexanizmini müəyyən edən əsas hüquqi elementlərdən biridir. Eyni zamanda məhkəmə tərəfindən 0,85 hektar torpaq sahəsinə dair təqdim edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı bu torpaq sahəsi üzrə mülkiyyət hüququnun Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı qərarı əsasında verildiyini iddia etdiyi JN-0036 kodlu “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə təsdiq edildiyini bildirsə də, həmin dövlət aktının nə cavabdeh inzibati orqanın arxivində, nə X16 fondlarında, nə də digər aidiyyəti dövlət qurumlarının rəsmi uçot sənədlərində mövcudluğu təsdiq edilməmişdir. Məhkəmə hesab edir ki, dövlət aktı kimi fundamental hüquqverici sənədin yalnız iddiaçı tərəfindən təqdim edilməsi, lakin onun dövlət orqanlarının rəsmi arxiv və qeydiyyat kitablarında mövcud olmaması həmin sənədin hüquqi qüvvəsini aradan qaldırmaqla yanaşı, onun ümumiyyətlə verilib-verilməməsi məsələsini də şübhə altına alır. Eyni zamanda üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Balakən kərpic zavodunun yerləşdiyi ərazinin qonşuluğundakı torpaq sahələri barədə məlumatdan görünür ki, sonuncunun qonşuluğunda yerləşən dövlət mülkiyyətinə aid torpaq sahələrində yerləşən müəssisələr- 51 saylı Yol MMC-yə məxsus ərazi, Balakən rayon Su kanal İdarəsi, Taxıl Tədarükü İdarəsi, 15 saylı Yol İstismarı İdarəsi, Olimpiya İdman kompleksi, Taxılçılıq İdarəsi, Əmlak Kompleksi və Balakən Fındıq zavodudur. Beləliklə, iddiaçının hüquqmüəyyənedici sənəd kimi istinad etdiyi JN-0036 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktının mötəbərliyi öz təsdiqini tapmamış, iddiaçı bununla bağlı hər hansı əlavə hala istinad etməmiş və sübutlar təqdim etməmişdir. Təqdim edilmiş JN-0036 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı dövlət reyestrində müvafiq məlumat və həmin dövlət aktının verilməsinə əsas olmuş bələdiyyə qərarının arxiv əsasları olmadığından, iddia tələbi müvafiq torpaq sahəsinə dair hissədə, iddiaçı tərəfindən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmadığından təmin edilməməlidir Məhkəmə xüsusilə qeyd edir ki, bu cür qeyri-müəyyən, hüquqi etibarlılığı təsdiqlənməmiş və qanunvericiliklə nəzərdə tutulmuş formada qeydə alınmamış sənədə əsasən hüququn dövlət qeydiyyatına alınması qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 3-cü maddəsində təsbit olunmuş hüquqi münasibətlərin sabitliyi və şəffaflığı, daşınmaz əmlak dövriyyəsinin təhlükəsizliyi prinsiplərini də pozmuş olar və bu baxımdan qeydiyyat orqanının çıxarış verməkdən imtina etməsi hüquqi baxımdan tam əsaslı və qanunauyğundur. Bütün bu halları nəzərə alan məhkəmə bir daha vurğulayır ki, hüququ təsdiq edən sənədin yalnız kağız daşıyıcısında təqdim edilməsi və ya sadəcə surətinin mövcudluğu kifayət etmir. Belə sənədin qanunvericiliyə uyğun qaydada qeydiyyat orqanında rəsmiləşdirilməsi, müvafiq informasiya sistemində qeydiyyatının aparılması və aidiyyəti qurumlar tərəfindən tanınması zəruridir. Əks təqdirdə, hüquqların dövlət qeydiyyatına alınması prosesi öz funksional mahiyyətini itirərək, hüquqi qeyri-müəyyənlik və risklər doğura bilər. Digər tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Yuxarıda ətraflı şəkildə göstərilən və məhkəmə tərəfindən hərtərəfli araşdırılaraq hüquqi qiymət verilmiş halların, yəni iddiaçı tərəfindən 0,85 hektar və 1,60 hektar torpaq sahələri üzrə mülkiyyət hüququnun yaranmasını təsdiq edən sənədlərin mövcud olmaması, təqdim edilmiş bələdiyyə qərarlarının və protokollarının Balakən Rayon Dövlət Arxivinin rəsmi məlumatları ilə uyğun gəlməməsi, torpaq sahələrinin təyinatı ilə bağlı sənədlər arasında kəskin və izaholunmaz ziddiyyətlərin mövcudluğu, torpaq sahələrinin faktiki yerləşdiyi ərazilərin dövlət mülkiyyətinə aid olması, bələdiyyənin həmin torpaq sahələri üzərində sərəncam vermək səlahiyyətinin olmaması, hüquqverici sənədlərdən biri kimi təqdim edilən dövlət aktının dövlət orqanlarının heç bir rəsmi arxiv və uçot sistemində mövcudluğunun təsdiq edilməməsi, eləcə də bütün bu hallar əsasında cavabdeh inzibati orqanın hüquqların dövlət qeydiyyatından imtina etməsinin qanunvericiliyin tələblərinə uyğun və əsaslı olması nəzərə alınaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblər hüquqi baxımdan sübuta yetirilməmiş, sənədlərlə etibarlı şəkildə əsaslandırılmamış və inzibati orqanın üzərinə tələb edilən hərəkətlərin edilməsi üçün zəruri hüquqi şərtlər formalaşmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrinddən çıxarışın və plan-ölçü sənədinin verilməsi üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Abdurahman oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı qərarına əsasən ayrılmış 0,85 ha və Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarına əsasən ayrılmış 1,60 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışların, torpaq sahələrinin plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5 təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. X20 Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar