Məhkəmə qərarları › İş №e-2-1(116)-2516/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2516/2025

19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2516/2025 19.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı xx xxxxxx 1965-ci il tarixdə doğulmuşdur. 1981 – 1982-ci illərdə (1 il 20 gün) Mingəçevir 39 saylı texniki peşə məktəbində peşə təhsili almışdır. 1983 – 1985-ci illərdə 2 il sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1 aprel 1986-cı il tarixdən 22 dekabr 1986-cı il tarixədək 8 ay 22 gün “Azərbaşenerji”nin Nəqliyyat təsərrüfatında maşinist-traktorçu işləmişdir. Bundan sonra o, 16 fevral 1987-ci il tarixdən AzDRES-in Yanacaq nəqliyyat sexinə qatar tərtibçisi vəzifəsinə qəbul edilmiş, 14 iyul 1989-cu il tarixdən həmin sexdə teplovoz maşinisti köməkçşisi vəzifəsində işləmiş, 21 dekabr 2009-cu il tarixdə isə həmin sexdə qatar tərtibçisi vəzifəsinə, 21 sentyabr 2015-ci il tarixdə isə sexin lokomotiv briqadasında teplovoz maşinisti köməkçisi vəzifəsinə keçirilmişdir, hazırda da qeyd olunan vəzifədə işləyir. İddiaçı ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh inzibati orqan isə həmin məsələnin həllindən imtina etmişdir. İmtina «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə istinadən onunla əsaslandırılmışdır ki, onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə iş stajı yoxdur. İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və dəymiş ziyana görə 10.000 manat məbləğində kompensasiyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, cavabdeh onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajını düzgün dəyərləndirməmiş, əsassız olaraq pensiya təyinatından imtina etmişdir. Belə ki, müvafiq siyahının 21-ci bəndində ardıcıllıqla dəmir yolu nəqliyyatı, dəmir yolu lokomitiv briqadaları qeyd edilməklə müəyyən olunmuşdur ki, həmin sahədə teplovoz və elektrovoz maşinistləri və maşinist köməkçiləri fəaliyyət göstərir və qurumun onun işlədiyi lokomotiv briqadasında teplovoz maşinisti köməkçisi, qatar tərtibçisi vəzifələrinin dəmir yolu sahəsinə aid olmaması qənaəti əsassızdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Dəmir Yolları QSC-nin istismarında olan magistral dəmir yolları Azərbaycan Respublikasının vahid dəmir yolları sisteminin tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir. Onun ümumi iş stajı 41 il 9 ay 21 gün, güzəştli iş stajı isə 38 il 1 ay 3 gün təşkil edir. İddiaçı ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehdən dəymiş ziyanın əvəzi olaraq 10.000 manat məbləğində kompensasiyanın tutulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh inzibati orqan iddiaya etiraz edir. Qurum mövqeyini belə əsaslandırır ki, İddiaçı təqdim etdiyi sənədlərdə 16 fevral 1987-ci il tarixdən 14 iyul 1989-cu il tarixədək və 21 dekabr 2009-cu il tarixdən 21 sentyabr 2015-ci il tarixədək yanacaq nəqliyyat sexinin lokomotiv briqadasında qatar tərtibçisi vəzifəsində işlədiyi qeyd edilmişdir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın nəqliyyat bölməsinin (21) dəmir yolu nəqliyyatı, dəmir yolu lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) qatar tərtibçiləri vəzifəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi "xxxx" MMC-nin yanacaq nəqliyyat sexinin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan və yuxarıda qeyd edilən Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Göstərilən səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. İddiaçının ona kompensasiya ödənilməsi ilə bağlı Mərkəzi Filiala müraciəti olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının əmək pensiyasının təyin edilməsi barədə tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi, mübahisənin kompensasiya ödənilməsi hissəsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etiraz etdi və onun təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia “kompensasiya ödənilməsi” hissəsində mümkünsüzdür, iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi tələbi üzrə iddiası isə mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia qismən mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır (maddə 89.1). Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər (maddə 89.2). «Əmək pensiyaları haqqında» Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Hazırkı iş üzrə iddiaçı iki tələb irəli sürür: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və dəymiş ziyana görə kompensasiyanın ödənilməsi. İddianın “dəymiş ziyana görə kompensasiya ödənilməsi” hissəsi ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndlərində aşağıdakılar göstərilmişdir: - (2.3-cü bənd) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar; - (9-cu bənd) Məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə icraatında müəyyən edilir ki, iddiaçı tərəf hazırkı iddianı qaldırmamışdan qabaq ona dəymiş ziyana görə müvafiq məbləğdə kompensasiya ödənilməsi ilə bağlı cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməmişdir. Onun müraciətinin məzmunu yalnız güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı barədədir. Odur ki, həmin tələb üzrə mübahisə mövcud olmadığından, məhkəmə iddianın “kompensasiya ödənilməsi” tələbi hissəsini mümkün saymamışdır. İddianın “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” hissəsinə gəldikdə isə cavabdeh inzibati orqanın imtinası 10 mart 2025-ci il tarixə, iddia ərizəsinin məhkəməyə daxil olması 2 aprel 2025-ci il tarixə, yəni 23 gün sonrakı tarixə təsadüf etdiyindən, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatından imtinasına münasibətdə iddiaçının məcburetmə haqqında iddiası ilə bağlı iddia müddəti buraxılmamışdır. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” hissəsində mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Mingəçevir şəhəri Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən iddiaçının yaşayış yeri ünvan 1 ünvanıdır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə iddia “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddələrinə) uyğundur. İddianın əsaslılığı: İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair iddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatından imtinası qanuna zidd sayılmalı və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 21-ci (Nəqliyyat) bölməsinin 21.4-cü bəndində (Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər) “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri”, “qatar tərtibçiləri” vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi nəzərdə tutulmuşdur. «İnzibati icraat haqqında» Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının işlədiyi AzDRES-in ("xxxx" MMC) dəmir yolu nəqliyyatı sahəsinə aid olmaması və onun həmin müəssisədəki “teplovoz maşinist köməkçisi” və “qatar tərtibçisi” vəzifələrinin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş siyahıda nəzərdə tutulmamasını əsas gətirərək ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatından imtina etmiş, iddiaçı isə hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə tərəflərin dəlil və sübutlarına mövcud qanunvericiliyin tələbləri baxımından qiymət verərək iddiaçının dəlillərini əsaslı sayır, cavabdehin mövqeyi ilə razılaşmır. Məhkəmə qənaətini əsaslandırmaq istiqamətində qeyd edir ki, qüvvədə olan qanunvericilik normalarında 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) iş stajına malik 60 yaşına çatmış kişilərə münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ təsbit olunmuşdur. Məhkəmə diqqətə çəkir ki, dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə yük və sərnişinlərin daşınması xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Daha dəqiq desək, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə tabeçiliyindən və mənsubiyyətindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir. Dəmiryollarının və dəmir yolu nəqliyyat vasitələrinin yalnız "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də əhatə edir. Bu zaman nəzərə alınmalıdır ki, "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminin tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir. Həmçinin nəzərə alınmalıdır ki, dəmiryolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən teplovozların fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və teplovozların funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir. Bu baxımdan güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın müvafiq bəndi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryollarında çalışan teplovoz maşinisti köməkçilərinə və qatar tərtibçilərinə deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində, o cümlədən teplovozlarda çalışan və bilavasitə daşımalarla məşğul olan maşinist köməkçilərinə və qatar tərtibçilərinə də şamil olunmalıdır. Bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən və daşımalarla məşğul olan teplovoz maşinist köməkçiləri və qatar tərtibçiləri də magistral dəmiryollarının nəqliyyat vasitələrinin, o cümlədən teplovozların maşinist köməkçiləri və qatar tərtibçiləri anlamında qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, həm magistral dəmir yollarında, həm də müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən və daşımalarla məşğul teplovoz maşinist köməkçiləri və qatar tərtibçiləri eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid dəmiryolunda və dəmiryolu nəqliyyatında teplovoz maşinisti köməkçisi və qatar tərtibçisi işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. Yuxarıda ifadə olunan mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, təşkilatihüquqi və mülkiyyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmir yollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinist köməkçiləri və qatar tərtibçilərinin qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində imtiyazlı pensiya hüququ tanınmalıdır. Məlumdur ki, "xxxx" MMC-nin (AzDRES) dəmiryolları şəbəkəsi elektrik enerjisinin istehsalı üçün zəruri olan yanacağın və digər yüklərin daşınması məqsədləri üçün istifadə edilir və respublikanın magistral dəmir yolları sisteminə çıxışı vardır. İddiaçı da həmin müəssisəyə aid dəmiryolu şəbəkəsində lokomotiv briqadasının teplovoz maşinisti köməkçisi və qatar tərtibçisi işləmiş və yükdaşımalarla məşğul olmuşdur. Həmin müəssisənin funksional baxımdan və istehsalat təyinatına görə nəqliyyat sahəsinə aid olmaması, onun istehsalat zərurəti ilə əlaqədar malik olduğu və istifadə etdiyi dəmiryolu şəbəkəsinin ölkənin dəmiryolları sisteminə, eləcə həmin şəbəkədə təyinatı üzrə istismar edilən və yükdaşımaları həyata keçirən teplovozların dəmiryol nəqliyyatı vasitələrinə aid olmasını istisna etmir və edə də bilməz. Adıçəkilən müəssisənin dəmiryolu şəbəkəsi fəaliyyət sahəsi olaraq müəssisənin əsas və aparıcı fəaliyyət sahəsinin tərkib hissəsi kimi deyil, funksional baxımdan həmin fəaliyyət sahəsinin və istehsal prosesinin təminatı üçün zəruri xammalın və istehsal prosesinin nəticəsi olan məhsulların daşınması üçün nəzərdə tutulmuş ümumi dəmiryolları sisteminin ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bununla da yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-yə (AzDRES) aid dəmiryolları şəbəkəsində lokomotiv briqadasının teplovoz maşinisti köməkçisi və qatar tərtibçisi kimi işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 21-ci bölməsinin 21.4-cü bəndində nəzərdə tutulmuş müvafiq peşələrə uyğun sayılmalıdır. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının “yanacaq nəqliyyat sexinin lokomotiv briqadası”nda işlədiyi “teplovoz maşinisti köməkçisi” və “qatar tərtibçisi” vəzifələsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərə aid edilməməsinə əsas mövcud deyil. Belə olan halda, iddiaçının 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə stajı, eləcə də 25 ildən artıq ümumi iş stajı (bu hal mübahisəli deyil) toplanmış olduğundan, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən 60 yaşdan, yəni 10 fevral 2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə iddia təmin edilərək İddiaçı 10 fevral 2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» barədə iddiası təmin edilir. İddiaçı 10 fevral 2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3egiyasına (ünvan: ünvan 5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar