Məhkəmə qərarları › İş №e-2-1(116)-2548/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2548/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2548/2024 16.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «torpaq sahəsinin ayrılması barədə qərarın qismən ləğv edilməsi və həmin qərar əsasında verilmiş şəhadətnamənin dəyişdirilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (ünvan: ünvan 1 etdi: Təsviri hissə : İddiaçı ailəsi ilə birlikdə 1985-ci ildən Göyçay rayonu, Müskürlü kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində yaşayır. Həmin torpaq sahəsi və yaşayış evi Göyçay rayonu Müskürlü kəndinə aid təsərrüfatbaşına kitabda qeyd edilmişdir və iddiaçının mərhum atası Qüdrət Muradova məxsus olmuş ev və torpaq sahəsi ilə yanaşı ərazidədır. İddiaçıya yaxın ərəfələrdə məlum olmuşdur ki, iddiaçının mərhum atasına məxsus olmuş torpaq sahəsi (ev göstərilməklə) Göyçay Rayon Aqrar İslahat Komissiyasının 8 sentyabr 1997-ci il tarixli 30 nömrəli qərarı ilə təsərrüfat başçısı qismində qardaşı X1 qeyd olunmaqla 5 nəfər şəxsin mülkiyyətinə verilmişdir. DTXK Göyçay rayon şöbəsi tərəfindən AİK-in həmin qərarı əsasında adıçəkilən şəxslərin adına JN-0194 nömrəli “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. İddiaçı Göyçay Rayon AİK-in 8 sentyabr 1997-ci il tarixli qərarının qismən ləğv edilməsi və həmin qərar əsasında verilmiş JN-0194 nömrəli “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin dəyişdirilərək, 0,08 ha ölçüdə torpaq sahəsinin ayrılması ilə bağlı hazırkı cavabdeh Göyçay RİH-ə müraciət etmişdir. Lakin qaldırılan məsələ müsbət həllini tapmamışdır. Bundan sonra İddiaçı cavabdeh Göyçay RİH-ə qarşı Rayon AİK-in qərarının qismən ləğv edilməsi və həmin qərar əsasında verilmiş “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin dəyişdirilərək, 0,08 ha ölçüdə müvafiq torpaq sahəsinin ayrılması tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə 13 iyun 2024-cü il tarixdə müraciət etmişdir. İddiaçı mövqeyini belə əsaslandırır ki (iddia ərizəsinə əsasən), Rayon AİK-in qərarı və şəhadətnamədə nəzərdə tutulan, Göyçay rayonu Müşkürlü kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində sərəncam verə bilmir və bununla da onun mülkiyyət hüququ pozulur. Cavabdeh Göyçay RİH-nin mövqeyi belədir ki (iddiaya qarşı yazılı münasibətə əsasən), Azərbaycan Respublikası Aqrar İslahat Komissiyasının və rayon və yerli aqrar islahat komissiyalarının əsasnamələrində komissiyaların əsas vəzifələrinin səlahiyyətləri dairəsində islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etməkdən ibarət olduğu təsbit edilmişdir. Aqrar islahatlar başa çatdıqdan sonra komissiyalar ləğv edilmişdir. İş üzrə məhkəmənin mülahizəsinə əsasən qərar çıxarılması məqsədəuyğun hesab edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə etdi və bildirdi ki, şəhadətnamədə göstərilən torpaq sahəsi iddiaçının mərhum atasına məxsus olmuşdur və təsərrüfatbaşına kitabda müvafiq qeydlər aparılmışdır. Lakin torpaq sahəsi AİK-in qərarındakı və şəhadətnamədəki əraziyə aid edilmişdir. Bununla əlaqədar AİK-in hüquqi varisi RİH-ə müraciət olunsa da, müsbət cavab alınmamışdır. Şəhadətnamənin mövcudluğu iddiaçıya Göyçay Rayon Məhkəməsinin icraatındakı müvafiq mülki işin icraatında məlum olmuşdur. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırkı İqtisadiyyat Nazirliyinə) verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Nizamnamənin 1.3-cü bəndinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi bu nizamnamədə nəzərdə tutulmuş vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. Göründüyü kimi, hazırkı İddiaçı iddiasında Göyçay Rayon AİK-in 8 sentyabr 1997-ci il tarixli 30 nömrəli qərarını və DTXK Göyçay rayon şöbəsi tərəfindən verilmiş JN-019A nömrəli “Torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında şəhadətnamə”ni mübahisələndirir (dəyişdirilməsini tələb edir). İddiaçının hər iki tələbi “mübahisələndirmə haqqında” iddiaya aid olmaqla biri digərindən (ikinci tələb birincidən) asılıdır. İddiaçının mübahisələndirdiyi şəhadətnamə AİK-in 8 sentyabr 1997-ci il tarixli 30 nömrəli qərarı əsasında verilmişdir. Məhkəmə mübahisə üzrə hüquqi dəyərləndirmənin predmeti ilə bağlı olan bir xüsusatı da diqqətə çəkir ki, Göyçay Rayon AİK-in 8 sentyabr 1997-ci il tarixli qərarında və şəhadətnamədə adları qeyd olunan şəxslərə torpaq sahələri qərarın tarixi ərəfində ayrıldığı təkzib olunmur və inzibati praktika baxımından ağlabatandlır. Həmçinin, iddiaçının mübahisə predmeti olan qərar və şəhadətnamə barədə rəsmi məlumatlandırılması təsdiqlənməsə də, onun qərar qəbul olunandan sonrakı dövrlərdə həmin mübahisəli torpaq sahəsindən istifadə etməsi müəyyən olunmur. Onun hər hansı hərəkəti ilə bu istifadəni başqa şəxslər qarşısında bəyan etmiş olduğu halda, mötəbər (mübahisələndirilməmiş) hüquqmüəyyənedici sənədlərə əsasən mülkiyyətçi qismində çıxış etmiş şəxslər böyük ehtimalla mülki mübahisə açmış olardılar. Hansı ki, bu barədə hazırkı icraatda xüsusat məlum deyil. Odur ki, hazırkı işin hallarına görə AİK-in 8 sentyabr 1997-ci il tarixli 30 nömrəli qərarının qəbul olunduğu tarixdən sonrakı müddətdə qərarla ayrılmış torpaq sahəsinin başqa şəxslərin istifadəsində olması barədə məlumatsız olması mümkünsüzdür. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikasının 11 sentyabr 1964-cü il tarixli Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanununa görə qüvvədən düşmüşdür) 243-2-ci maddəsinə görə dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin məhkəməyə şikayət verilməli olan hərəkətlərinə elə kollegial və təkbaşına hərəkətlər aid edilir ki, bunların nəticəsində 1) vətəndaş, hərbi qulluqçu və ya kollektiv qanunun və ya digər normativ aktın ona verdiyi hüququ tamamilə və ya qismən həyata keçirmək imkanından qanunsuz olaraq məhrum edilmiş olsun, 2) vətəndaş, hərbi qulluqçu və ya kollektivin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun. Həmin Məcəllənin 243-5-ci maddəsinə görə vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 26-cı fəslinin 297 və 298-ci maddələrinə (Məcəllənin 26-cı fəsli 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmışdır) görə: - (maddə 297.1) Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin; - (maddə 297.2) Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar, qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Həmin Məcəllənin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 19-cu maddəsinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Qeyd olunmalıdır ki, həm Göyçay Rayon AİK-in 8 sentyabr 1997-ci il tarixli 30 nömrəli qərarının qəbul olunduğu dövrdə, həm də ondan sonrakı vaxtda (1 yanvar 2011-ci il tarixədək, yəni «İnzibati icraat haqqında» Qanun və İPM qüvvəyə minənədək) qüvvədə olan qanunvericilik normaları – 1964-cü il tarixli Mülki Məcəllənin və Mülki Prosessual Məcəlləsinn müddəaları dövlət hakimiyyəti orqanının aktlarının etibarsızlığı barədə iddiaların verilməsi üçün 1 ay müddət müəyyən etmişdir. Bununla da belə nəticə yaranır ki, iddiaçı Göyçay Rayon AİK-in 8 sentyabr 1997-ci il tarixli 30 nömrəli qərarını məhkəmə müstəvisində mübahisələndirmək üzrə prosessual müddəti 25 ildən artıq vaxt buraxmışdır. İPM-in 24.4-cü maddəsində göstərilən hallar (təbii fəlakət və ya digər qarşısıalınmaz, hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar) üzrə xüsusatlar ortaya çıxmamışdır. Bundan başqa, iddiadakı birinci tələb üzrə iddia müddəti buraxıldığından, iddiaçının hüquqi marağına uyğun olaraq ona məhkəmə tərəfindən ikinci tələbə münasibətdə İPM-in 13-cü maddəsi rəhbər tutulmaqla ikinci cavabdehin cəlb olunmasının tövsiyə olunması da məqsədəuyğun sayıla bilməz. Hansı ki, şəhadətnamə Göyçay RİH tərəfindən deyil, DTXK Göyçay rayon şöbəsi tərəfindən verilmişdir və ləğv olunmuş DTXK-nın müvafiq səlahiyyətləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən həyata keçirilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı vaxtilə Göyçay Rayon AİK-in 8 sentyabr 1997-ci il tarixli 30 nömrəli qərarının mübahisələndirilməsi üzrə iddia qaldırılması müddətini uzun müddət buraxdığından, hazırda onun qaldırdığı iddiası çatmaq istədiyi məqsəd baxımından əlverişli məhkəmə müdafiəsi kimi dəyərləndirilə bilməz. Bu səbəbdən də iddia həmin hissədə mümkün sayıla bilməz. İddianın ikinci hissəsi də, həm hazırkı cavabdehə yönəlmədiyindən, həm də birinci tələbdən asılı olduğundan, mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Göyçay RİH-ə qarşı «torpaq sahəsinin ayrılması barədə qərarın qismən ləğv edilməsi və həmin qərar əsasında verilmiş şəhadətnamənin dəyişdirilməsi» tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 23.1, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar