Məhkəmə qərarları › İş №e-2-1(116)-2624/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2624/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2624/2023 24.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, üçüncü şəxs (həmçinin X5 və X4 qanuni nümayəndəsi) X2 iştirakı ilə İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı “ona məxsus ünvan 4an X6 və onun övladları olan X5 və X4 qeyd olunan ünvanda yerləşən evdən qeydiyyat çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 4an X7, X8, X9, X6, X5 və X4 qeyd olunan ünvanda yerləşən evdən qeydiyyat çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Şəki rayon ZDS İK-nin Texniki İnventarizasiya Bürosunun xx.xx.1987-ci il tarixli “Qeydəalma vəsiqəsi”nə əsasən, Şəki şəhəri, Şərbablar küçəsi, dalan 4, ev 6 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus mülkiyyətdir. X1 (2020-ci ildə vəfat etmişdir) ilə ailə quraraq, 2 övlad dünyaya gətirdikdən sonra oğlunun sağlığında boşanmış (1980-1990-cı illər intervalında) və halhazırda, faktiki olaraq ünvan 1 ünvanında yaşayan xx.xx.1960-cı il təvəllüdlü X7 ilə onun övladları - faktiki ünvan 2 ünvanında yaşayan, xx.xx.1983-cü il təvəllüdlü X8 və faktiki ünvan 1 ünvanında yaşayan, xx.xx.1985-ci il təvəllüdlü X9, adı yuxarıda qeyd edilən, iddiaçıya məxsus fərdi yaşayış evində daimi qeydiyyatdadırlar. Bundan başqa, iddiaçının nəvəsi X10 ilə ailə quraraq, 2 övlad dünyaya gətirdikdən sonra boşanmış və hal-hazırda, faktiki olaraq ünvan 3 ünvanında, övladları - xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013cü il təvəllüdlü X11 ilə eyni ünvanda yaşayan, xx.xx.1983-cü il təvəllüdlü X6 da, adı yuxarıda qeyd edilən, iddiaçıya məxsus fərdi yaşayış evində daimi qeydiyyatdadırlar. İddiaçı həmin şəxslərin evdən çıxarılması üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-13-109/2-M-17891 nömrəli imtina məktubunda qeyd etmişdir ki, həmin şəxslərin Şəki şəhəri, Şərbablar küçəsi ev 4/6-dan qeydiyyatdan çıxarmaq üçün Şəki İnzibati Məhkəməsinə müraciət etməsi məqsədə müvafiqdir. İddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, hazırkı iddia tələbinin mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. İddia ərizəsinin məzmunundan bəlli olur ki, iddiaçının qeydiyyatdan çıxarılmasını arzuladığı şəxslər onun gəlini, nəvələri və onların ailə üzvləridir. Hazırkı iddia üzrə iddiaçının keçmiş gəlini X7, onun övladları olan nəvələri, həmçinin onların ailə üzvlərinin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb etdiyi fərdi yaşayış evinə münasibətdə istifadə hüququnun olub-olmaması məsələsi araşdırılmalı və buna hüquqi qiymət verilməli olduğundan, iddiaya inzibati mühakimə icraatının predmetini təşkil edən iddia növlərinə aid tələb kimi baxıla bilməz. İddiaçıya izah olunmuşdur ki, iddia tələbində qeyd edilən şəxslərin onun mülkiyyətində olan yaşayış sahəsindən “istifadə hüququna xitam verilməsi barədə” səlahiyyətli ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsində) iddia qaldıra bilər. İddia tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməməsi səbəbindən mümkün sayılmamalı olduğundan, iddiaçıya göstərilənlərə münasibət bildirməsi təklif olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, “ona məxsus ünvan 4an X6 və onun övladları olan X5 və X4 qeyd olunan ünvanda yerləşən evdən qeydiyyat çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(116)-2624/2023 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(116)-2624/2023 nömrəli qərardadı ilə X6, X5 və X11 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. Daha sonra iddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq qeyd olunmuşdur ki, iddia ərizəsi və məhkəməyə təqdim edilmiş sənədlər araşdırılarkən iddia ərizəsinin İddiaçı tərəfindən imzalanması şübhə doğurmuşdur. Bu səbəblə iddia ərizəsinin İddiaçı tərəfindən imzalanması ilə bağlı yaranmış şübhənin aradan qaldırılması üçün İddiaçı həqiqiliyi notariat qaydada təsdiq olunmuş imzasının məhkəməyə təqdim olunması tələb olunmuşdur. Eyni zamanda İddiaçı iş günləri və iş saatları daxilində şəxsən, şəxsiyyətini təsdiq edən sənədlə Şəki İnzibati Məhkəməsinə gələrək iddia ərizəsini imzalamaqla məhkəməyə təqdim edə biləcəyi qeyd edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu iddiaçının Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış şəxsi elektron kabinetinə elə həmin tarixdə yerləşdirilmiş, həmçinin yaşadığı ünvana çatdırılması üçün poçt xidmətinə verilmişdir. Lakin zərf poçt xidməti tərəfindən “imtina edib” qeydi ilə məhkəməyə geri qaytarılmış, ümumiyyətlə məktuba iddiaçı tərəfindən münasibət bildirilməmişdir. Eləcə də müəyyən olunmuşdur ki, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı və ona əlavə olunmuş digər sənədləri poçt xidməti vasitəsilə iddiaçıya ünvanlanmasına baxmayaraq, iddiaçı zərfin qəbulundan imtina etmiş və zərf “imtina edilib” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu iddiaçıya onun elektron poçt ünvanı vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərilərək bildirilmişdir ki, iddia ərizəsi və məhkəməyə təqdim edilmiş sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, üçüncü şəxslər X6, onun övladları olan X5 və X4 qeydiyyatdan çıxarılmasını xahiş etdiyi Şəki şəhəri, Şərbablar küçəsi, dalan 4, ev 6 ünvanına dair onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Odur ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmaması məsələsinin araşdırılması zərurəti yaranmışdır. Belə ki, yalnız mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış şəxs hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Hüquqi yardım məktubunda iddiaçıya qeyd olunanlara üç gün müddətində münasibət bildirilməsi təklif olunsa da, münasibət bildirilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs hazırda qeydiyyata düşmək istədiyi mənzilin sənədləşmə işlərinin getdiyini, sənədləşmə işləri bitdikdən sonra mübahisəli mənzildən qeydiyyatdan çıxacağını bildirmiş, ona qeydiyyatdan çıxaraq başqa ünvana qeydiyyata düşməsi üçün vaxt verilməsini və qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. İddia tələbinə əsasən müəyyən edilir ki, iddiaçının hüquqi marağı ünvan 4an X6 və onun övladları olan X5 və X4 qeyd olunan ünvanda yerləşən evdən qeydiyyat çıxarılmasına nail olmaqdan ibarətdir. Lakin müəyyən olunmuşdur ki, Şəki şəhəri, Şərbablar küçəsi, dalan 4, ev 6 ünvanına dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Göstərilənlərdən əlavə olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra – “İPM”) 46-cı maddəsində iddia ərizəsinin tərtibi ilə bağlı göstərişlər öz əksini tapmışdır. Həmin maddədə iddia ərizəsinin imzalanması ilə bağlı birbaşa tənzimləmə olmasa da, İPM-in 1.2-ci maddəsindən göndərişlə, hazırkı iş üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) müddəalarının tətbiq olunması yolveriləndir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, prosessual qanunvericilikdə iddia ərizəsinin imzalanması ilə bağlı tələbin qəti şəkildə təsbit olunması iddiaçının iradə ifadəsinin müəyyən edilməsi baxımından zəruridir. Odur ki, hazırkı iş üzrə iddia ərizəsi elektron qaydada imzalansa da, iddiaçının əl ilə imzalı ərizəsinin məhkəmənin çoxsaylı məktub və hüquqi yardımlarına rəğmən məhkəməyə təqdim edilməməsi, iddiaçının məhkəmə iclaslarında iştirak etməməsi, məhkəmə tərəfindən ona ünvanlanmış məktubların qəbulundan imtina etməsi 1933-cü il təvəllüdlü İddiaçı tərəfindən iddia ərizəsinin imzalanmaması baxımından məhkəmədə əsaslı şübhələr yaratmışdır. İddiaçı nəinki poçt vasitəsilə ona ünvanlanmış sənədlərin qəbulundan imtina etmiş, hətta elektron poçt ilə ona göndərilmiş və Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən yaradılmış elektron kabinetə yerləşdirilmiş sənəd və məktublara da münasibət bildirməmişdir. Bu isə həm də hazırkı iddia tələbinə baxılmasında iddiaçının hüquqi marağının mövcudluğunu, həm də iddia ərizəsinin olnun tərəfindən imzalanmasını istisna edir. Məhkəmə hesab edir ki, hətta şəxsin sonradan, ona münasibətdə səlahiyyətli olmayan şəxs tərəfindən verilmiş iddianı bəyənərək qəbul olunduğunu şifahi ifadə etməsi ehtimalında belə, irəli sürülərkən qanunvericiliklə müəyyən edilmiş imza ilə bağlı tələblərə və mümkünlük şərtlərinə cavab verməyən iddia sonradan mümkün sayıla bilməz. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı “ona məxsus ünvan 4an X6 və onun övladları olan X5 və X4 qeyd olunan ünvanda yerləşən evdən qeydiyyat çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar