Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-265/2023 16.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Zaqatala şəhəri X5 işlədiyi xx.xx.1980-ci ildən xx.xx.2003-cü il tarixədək olan dövrün sığorta stajı kimi nəzərə alınaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi, qanunsuz olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının nümayəndəsi Nümayəndə1 Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Zaqatala şəhəri X5 işlədiyi xx.xx.1980-ci ildən xx.xx.2003-cü il tarixədək olan dövrü - illəri sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi, qanunsuz olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmçinin iddiaçı tərəfindən də əsl imza ilə imzalanmış iddia ərizəsi elektron iddia ərizəsinə əlavə olunmuşdur. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmış və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək yaşa görə 268,61 manat pensiya almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdən onun əmək pensiyasını dayandırmış, qanunsuz olaraq hüquqlarını pozmuş və əmək pensiyasını ləğv etmişdir. İddiaçı cavabdehə pensiyanın dayandırılması səbəbi barədə sorğu və müraciət yazmış və pensiyanın dayandırıldığı gündən bərpa olunmasını xahiş etmişdir. Lakin cavabdeh iddiaçının əmək pensiyasını bərpa etməmiş, yazdığı məktubda isə ona təyin olunmuş sosial pensiyadan tutulma apardığını yazmışdır. Eyni zamanda cavabdeh iddiaçıya göndərdiyi xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının cavabdehə təqdim etdiyi sənədlərə əsasən iddiaçının 25 il 11 ay 29 gün sığorta stajı vardır. Lakin arxiv arayışına əsasən iddiaçının pensiyası dayandırılmışdır. Arxiv arayışında yazılmışdır ki, xx.xx.1980-cı il tarixindən xx.xx.2003-cü il tarixinədək işlədiyi Zaqalala şəhər X5 iddiaçıya 1994-cü il tarixindən sonra əmək haqqı ödənilmədiyi aşkar edilmişdir. İddiaçı hesab edir ki, onun sığorta stajını təsdiq edən əmək kitabçası vardır. Əmək haqqı kitablarının arxivə təhvil vermək onun vəzifəsi deyildir. İmtina əsassızdır. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********6 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçıya xx.xx.2019-cu il tarixindən 25 il 11 ay 29 gün sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2022-ci il tarixinədək ödənişi davam etdirilmişdir. Xidməti yoxlama zamanı Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.2003-cü il tarixədək iddiaçının işlədiyi Zaqatala şəhər X2 1994-cü il tarixindən sonra əmək haqqı ödənilmədiyi aşkar edilmişdir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Beləliklə 25 il sığorta stajı olmadığı halda (faktiki staj: 16 il 11 ay) iddiaçıya 25 il 11 ay 29 gün sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edildiyi müəyyən olunmuş və bu səbəbdən xx.xx.2022-ci il tarixindən əmək pensiyasının ödənişi dayandırılmışdır. Nəticədə xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 8774,10 rnanat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçının pensiya hüququ olmadığı üçün ona xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 130 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qanunun 9.1-2-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin məbləği ötən dövrdəki ayların sayına bölünərək iddiaçının cari müavinətinin üzərinə əlavə edilməklə ödəniləcəkdir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən artıq ödənilmiş yaşa görə əmək pensiyasının məbləğinin tutulması haqqında xx.xx.2022-ci il tarixli 25690 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən artıq ödənilmiş 8774,10 manat məbləğ bölünərək hər ay 20% olmaqla (36 manat) iddiaçının aylıq əlilliyə görə sosial müavinətindən tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunur. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli etiraz məktubunda cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubunda göstərilənləri əsas gətirməklə iddiaya dair münasibətini bildirmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Həmçinin nümayəndə tərəfindən vəkil orderi məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddiasını müdafiə etdiyini bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat vermiş, həmçinin vəsatətlə müraciət edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinin tələbinə əsasən iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 320-ci maddələrinin tərkib əlamətlərinin olmasına dair şübhələr olduğundan bu barədə xüsusi qərardad çıxarmaqla Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında olan: İddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur. İddiaçıya məxsus ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı 1974-cü ilin may ayından xx.xx.1976-cı il tarixədək hərbi xidmət keçmişdir. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyət aşağıdakı kimi olmuşdur: xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək sürücü; xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək sürücü; xx.xx.1980-ci ildən xx.xx.2003-cü ilədək Zaqatala şəhər X5 sürücü. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci ildə tarixdə məhkəməyə daxil olmuş məktubunda qeyd olunmuşdur ki, İddiaçı əmək haqqı cədvəllərində adı aşkar edilməmişdir. İddiaçının xx.xx.1980-ci ildən xx.xx.2003-cü ilədək Zaqatala şəhər X5 işləməsini əks etdirən əmrlərdən çıxarışların təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. Məktuba həmçinin arxiv müdiri tərəfindən qeyd əlavə edilməklə vətəndaşın işə girməsini əks etdirən əmr vərəqin sonunda başqa xətlə yazıldığı məhkəmənin diqqətinə çatdırılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubuna əlavə olunmuş pensiya işindən görünür ki, iddiaçının ərizəsi əsasında Fondun Zaqatala rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2019-cu il tarixli, 189 nörməli qərarı ilə iddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Pensiya işində olan Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 72 nömrəli məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı Zaqatala İİMB-də işlədiyi 1980- 2003-cü illərin arxiv sənədləri əsasında araşdırılması aparılmışdır. Araşdırma zamanı vətəndaşın 1994-cü ildən sonra əmək haqqı almaması aşkar edilmişdir. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 348-47RA-2-19/2023 nömrəli məktubu ilə Zaqatala şəhəri X6 1980, 2003-2005-ci illərə aid əmr kitabları məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edilmişdir. Əmr kitablarında iddiaçının işə girmə barədə əmrinin digər qeydlərdən fərqli olması aşkar edildiyindən Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-265/2023 nörməli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Əmr kitabının 4-cü vərəqinin sonunda İddiaçı Zaqatala şəhər X7 sürücü təyin edilməsi barədə yazılmış əmrə dair 6a nömrəli paraqrafda göstərilən qeydlər həmin əmr kitabının 4-cü və 5-ci vərəqlərində qeyd olunmuş 35, 37 nömrəli əmrlərə və 36 nömrəli sərəncama dair qeydləri aparmış şəxs tərəfindən icra edilmişdirmi?
2. Əmr kitabının 4-cü vərəqinin sonunda İddiaçı Zaqatala şəhər X7 sürücü təyin edilməsi barədə yazılmış əmrə dair 6a nömrəli paraqrafın təsdiq edilməsi barədə İ.Nəbiyevə aid imza həmin əmr kitabının müxtəlif vərəqlərində qeyd olunmuş əmrlərdəki İ.Nəbiyevə aid imzalarla eyni şəxs tərəfindən icra edilmişdirmi? Ekspertin rəy verə bilməsi üçün e-2-1(116)-265/2023 nömrəli iş materialları və əmr kitabı ekspertizaya təqdim edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/637 nörməli məktubu ilə xx.xx.2023-cü il tarixli, 4/637 nörməli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, ekspertizaya təqdim olunmuş əmr kitabının 4-cü vərəqinin sonunda “6a” saylı paraqrafdakı qeydlər ilə həmin əmrin 4-5-ci vərəqlərində 35, 36 və 37 nömrəli sərəncamlara dair qeydlər - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş əmr kitabının 4-cü vərəqinin arxa hissəsinin sonunda “6a” nömrəli paraqrafa dair “И.Нəбиjeв” yazıları önündəki imza ilə əmr kitabının digər vərəqlərində qeyd olunmuş əmrlərdəki imzalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə X3 Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi vəsatətində Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/637 nörməli ekspert rəyində qeyd olunanları əsas gətirməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinin tələbinə əsasən işdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 320-ci maddələrinin tərkib əlamətlərinin olmasına dair şübhələr olduğundan bu barədə xüsusi qərardad çıxarmaqla Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi iş materiallarına əlavə edilmiş sənədlər aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı şəkildə təhlil edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2020-ci il tarixdən etibarən kişilərə münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 65 yaş olmuşdur. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. İddiaçının iddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək sığorta stajının tamamlanması və ona əmək pensiyasının təyin edilərək dayandırıldığı tarixdən ödənişin bərpa olunmasından ibarətdir. Məhkəmə araşdırması nəticəsində sabit olur ki, iddiaçının qeyd olunan tələbdən ibarət iddiası əsassızdır. Belə ki, işin hallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir, iş materialları ilə onun prensiya təminatına imkan verən 25 il sığorta stajına malik olması öz təsdiqini tapmır. Belə ki, göstərilən dövrlərdə iddiaçının əmək kitabçasında qeyd olunan məlumatırın araşdırması zamanı, göstərilən məlumatlar öz təsdiqini tapmamışdır. Bunula yanaşı əmr kitabında olan məlumatların (xx.xx.1980-ci il tarixdən işə daxil olmasını təsdiq edən əmrin) səlahiyyətli şəxs tərəfindən imzalanmadığı aşkar olunmuşdur. Odur ki, digər dövlərə münasibətdə də əlavə araşdırma aparılması zərurəti aradan qalxmışdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının xx.xx.1980-xx.xx.2003cü illərə dair iş illərinin onun sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermir. Cavabdehin imtinası əsaslıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Zaqatala şəhəri X5 işlədiyi xx.xx.1980-ci ildən xx.xx.2003-cü il tarixədək olan dövrün sığorta stajı kimi nəzərə alınaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi, qanunsuz olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid İsmayılzadə.