Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2705/2024 10.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli №**********305100 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “xx.xx.2024-cü il tarixli №**********305100 saylı qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - "xxxx" MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmiş və **********saylı VÖEN almışdır. Birliyin Azərbaycan Respublikasının xəzinadarlığında büdcə hesabı var. MMC-də 2018-ci ildən hal-hazırki dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Müəssisə eyni analoji iş və xidmətləri aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli **********208700 saylı qərarla 2023-cü ilin dekabr ayı üçün 1.236.904,46 AZN (bir milyon iki yüz otuz altı min doqquz yüz dörd , 46 q.) ƏDV hesablanmışdır və xx.xx.2024-cü il tarixdə müəssisənin şəxsi hesab vərəqəsinə işlənmişdir. Bununla əlaqədar Şəki İnzibati Məhkəməsinə müraciət edilmiş və iddia tələbi təmin edilmişdir. Buna baxmayaraq Vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli **********305100 saylı qərarla 2023-cü il üçün 1.248.187,69 ( bir milyon iki yüz qırx səkkiz min yüz səksən yeddi, 69 q.) mənfəət vergisi hesablanmışdır və müəssisənin şəxsi hesab vərəqəsinə işlənmişdir. Eyni zamanda vergi orqanı bununla kifayətlənməyərək bu kameral məbləğin 1/4-i də avans rüblük mənfəəti hesablamışdır. Müəssisə tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə hesablanmış kameral vergi məbləğinin hesablanmamasına dair çoxlu saylı müraciətlər edilməsinə baxmayaraq, inzibati orqan tərəfindən heç bir tədbir görülməmiş, vergi məbləğləri azaldılmamışdır. Kameral barədə xəbərdarlıq məktubu müəssisə tərəfindən alınarkən vaxtında müvafiq tələb olunan sənədlərin vergi orqanına göndərilməsinə baxmayaraq, hesablamalar qanunsuz olaraq aparılmışdır. Müəssisə tərəfindən “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 00+000-76+658 km hissəsinindəki mühəndis kommunikasiya xətlərinin tikilməsi, köçürülməsi və yenidən qurulması” layihəsi üzrə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-dən (VÖEN: **********) ilə “SUBPODRATÇİ” müqaviləsi bağlanılmış və müvafiq olaraq müqaviləyə aid 6871691,45 AZN əsas məbləğində işlər görülmüşdür. Müəssisəyə hesablanmış ƏDV-nin əsasında "xxxx" MMC-nin əməliyyat aparıldığı tarixdən sonra, yəni xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilməsi olmuşdur. Əlbəttə ki, müəssisə tərəfindən "xxxx" MMC ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə məlumat olmamışdır, həmçinin həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir. Halbuki iddiaçı, "xxxx" MMC ilə əməliyyat apararkən "xxxx" MMC riskli vergi ödəyicisi siyahısında olmamışdır. Bu özü göstərir ki, "xxxx" MMC real mal təqdim edən şirkətdir, belə ki onun müvafiq xidmətlər göstərməsi və işləri görməsi barədə müvafiq dövlət orqanlarından lisenziya da almışdır. 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarda isə vergi ödəyicisinin hansı hallarda riskli vergi ödəyicisi hesab edilməsi meyarları müəyyən edilmişdir. Bu nöqteyi nəzərdən vergi orqanının "xxxx" MMC-yə münasibətdə ƏDV hesablamasının aparılmasını ədalətsiz və qanunsuz hesab edir. ƏDV hesablanması barədə qərardan isə müraciətlərinin heç birinə cavab verilməmişdir. Vergi orqanı tərəfindən nəzərə alınmamış ƏDV məbləğinə uyğun dövriyyəyə 20% əsassız olaraq mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. İddiaçı, qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə "xxxx" MMC-nin riskli vergi ödəyicisi olmayan müəssisə kimi aparmışdır. İddiaçı həmin müəssisənin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş (əməliyat aparılarkən elektron xəbardarlığın verilməməsi və riskli vergi ödəyicilərinin reystrinə daxil edilməməsi), müəssisənin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də, iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisənin riskli vergi ödəyicisi olmasından öncə aparılması işin mübahisəsiz halıdır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, bu tip işlər üzrə artıq Ali Məhkəmənin İnzibati Kollegiyasının ümumiləşmiş mövqeyi də mövcuddur, kifayət qədər oxşar məhkəmə qərarları qəbul edilmişdir. Qeyd edilənlərə əsasən də iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. Müəssisənin xərc sənədləri sırf ciddi mühasibat sənədləri olduğundan, eyni zamanda Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 15(116)- 20/2024 saylı qərardadı ilə ƏDV-nin hesablanması barədə xx.xx.2024-cü il tarixli kameral qərarın icrası dayandırıldığından mənfəət vergisinin hesablanması qanunsuz və əsassızdır.. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - 2023-cü il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin qarşılıqlı təhlili zamanı "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlar “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarının tələblərinə əsasən əmtəəsiz əməliyyatlar olması aşkar olunmuş və xx.xx.2024-cü il tarixli **********305100 nömrəli qərarla 1 248 187,69 manat məbləğində mənfəət əlavə vergisi hesablanmışdır. Qeyd edilənlər ilə əlaqədar iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 2023-cü il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə" xx.xx.2024-cü il tarixli **********256100 nömrəli "məktub göndərilmiş və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. İddiaçının xx.xx.2024-cü il tarixli cavab məktubunda "xxxx" MMC (VÖEN: **********) ilə əməliyyatlar aparılarkən adı gedən vergi ödəyicisinin riskli vergi ödəyicisi və ya onun riskli vergi ödəyicisi siyahısında olmadığı, habelə buna dair heç bir əlavə məlumatı olmadığı bildirilmişdir. Təqdim edilmiş sənədlərin vergi orqanının uçot-baza məlumatları ilə üzləşdirilməsi zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli EBDH seriyalı 889326 nömrəli, xx.xx.2023-cü il tarixli EBDB seriyalı 138954 nömrəli və xx.xx.2023-cü il tarixli EBDF seriyalı 429945 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli əməliyyatlar hesab olunmuşdur. Qeyd edilən elektron qaimə-fakturalar üzrə müvafiq olaraq 2 803 110,38 manat, 2 210 728,27 manat və 1 857 852,80 manat məbləğində kənarlaşmalar yaranmış və öncəki dövr mənfəət vergisi bəyannamə göstəricilərinə əsasən 630 753,0 manat zərər məbləği nəzərə alınmaqla 1 248 187,69 manat məbləğində əlavə vergi hesablanmışdır. Belə ki, riskli hesab olunan elektron qaimə-fakturaları təqdim edən şəxs "xxxx" MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinin xx.xx.2024-cü il tarixli **********291400 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 saylı Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2-ci maddəsinə əsasən riskli vergi ödəyicisi olduğu müəyyən edilmişdir. İddiaçı iddia tələbinin əsası kimi “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 00+000- 76+658 km hissəsinindəki mühəndis kommunikasiya xətlərinin tikilməsi, köçürülməsi və yenidən qurulması” layihəsi üzrə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə müqavilə bağlandığı və müvafiq olaraq müqaviləyə aid işlər görüldüyü, habelə adı gedən vergi ödəyicilərinin riskli vergi ödəyicisi siyahısında olmadığı və əməliyyatların vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilənədək həyata keçirilməsi ilə əsaslandırmışdır. Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Qərarı ilə müəyyən edilmiş Meyarlarda əməliyyatın riskli və əmtəəsiz əməliyyat hesab olunması üçün əsas göstəricilər müəyyən edilmişdir. Həmin Meyarların 2.1.2-ci bəndinə əsasən aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə ödəyici riskli vergi ödəyiciləri siyahısına aid edilir. 3.1 -ci bəndinə əsasən, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə və vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) həmin əməliyyatlar əmtəəsiz əməliyyatlar hesab olunur. Nəzərə almaq lazımdır ki, vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********291400 nömrəli vergi ödəyicinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar hal hazırda qüvvədədir və həmin qərarla təsdiq edilmiş "xxxx" MMC tərəfindən aparılmış əməliyyatların əmtəəsiz əməliyyatlar olması, həmçinin müvafiq ödəyicinin riskli ödəyicilər siyahısına aid edilməsi faktiki olaraq iş üzrə mübahisələndirilən hallara aid edilməmişdir. Kameral vergi yoxlaması zamanı elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatlarda Meyarların 3.1-ci bəndinə uyğun olaraq vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi, yəni müvafiq olaraq aparılmış mal təqdim edilməsi üzrə əməliyyatlarda təqdim edilmiş malların rəsmi olaraq "xxxx" MMC-nin alışında olmadığı halda "xxxx" MMC-ə təqdim etməsi aşkar olunmuşdur. Bu səbəbdən "xxxx" MMC riskli vergi ödəyicisi siyahısına aid edilmiş, müqavilə tərəfləri arasında aparılmış əməliyyat isə 2.1.2-ci bəndə əsasən əmtəəsiz əməliyyatlar hesab edilmişdir. Bununla yanaşı, vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi barədə qərarın əməliyyatdan sonra qəbul edilməsi aparılmış əməliyyatların riskli və ya əmtəəsiz əməliyyatlar hesab edilməməsinə əsas ola bilməz. Belə ki, əməliyyat aparıldığı anda onun riskli və ya əmtəəsiz əməliyyat olubolmaması və onu aparan tərəfin riskli vergi ödəyicisi olub-olması müəyyən edilir və qərar əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olması barədə yox, ödəyicinin riskli vergi ödəyici olması barədə çıxarılır. Yəni, ödəyicinin riskli vergi ödəyicisi olması əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olmasına deyil, əksinə əməliyyatın riskli və ya əmtəəsiz olması ödəyicinin riskli vergi ödəyici olmasına səbəb olur. Odur ki, riskli vergi ödəyicisi siyahısına daxil edilmə barədə qərarın əməliyyatların aparılmasından sonra qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Nəticə etibarı ilə, qərarın əməliyyatdan sonra və ya əvvəl qəbul edilməsi əməliyyatın özlüyündə riskli və ya əmtəəsiz əməliyyat olması nəticəsini dəyişdirmir. Qeyd olunduğu kimi qanunverici orqan əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş mallar üzrə vergi ödəyicisi tərəfindən ödənilmiş əlavə dəyər vergisinin əvəzləşdirilməsi hüququnu məhdudlaşdırmışdır. Bu səbəbdən "xxxx" MMC tərəfindən göstərilən qaimə-fakturalar üzrə edilmiş əlavə dəyər vergisinə dair əvəzləşmələr nəzərə alınmamış, yaranmış kənarlaşmalar üzrə əlavə vergi hesablanmışdır. Qeyd olunduğu kimi qanunverici orqan əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş mallar üzrə vergi ödəyicisi tərəfindən ödənilmiş məbləğlərin xərcə aid edilməsini məhdudlaşdırmışdır. Bu səbəbdən "xxxx" MMC tərəfindən göstərilən qaimə- fakturalar üzrə edilmiş ödənişlər xərc kimi nəzərə alınmamış, yaranmış kənarlaşmalar üzrə əlavə vergi hesablanmışdır Qeyd olunanları nəzərə alaraq iddiaçının iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: "xxxx" MMC şəxsi hesab vərəqəsi; Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarış; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli, **********305100 №-li Qərar, “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********291400 №-li qərar. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirakını etməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixli ərizəsində məhkəmə işlərinin çoxluğunu nəzərə alaraq xx.xx.2024-cü il saat 09:30-a təyin edilmiş məhkəmə prosesinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş və iddiaçı tərəfindən İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti ərzində mübahisələndirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2024-cü il tarixli **********305100 saylı qərarının ləğvinə nail olmaqdır. Ləğv edilməsi tələb edilən mübahisələndirilən inzibati akta əsasən iddiaçıya 1 248 187,69 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. Belə ki, cavabdeh orqanın qənaətinə görə "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli EBDH seriyalı 889326 nömrəli, xx.xx.2023-cü il tarixli EBDB seriyalı 138954 nömrəli və xx.xx.2023-cü il tarixli EBDF seriyalı 429945 nömrəli elektron qaiməfakturalar üzrə aparılan əməliyyatlar riskli əməliyyatlar hesab olunmuşdur. Qeyd edilən elektron qaimə-fakturalar üzrə müvafiq olaraq 2 803 110,38 manat, 2 210 728,27 manat və 1 857 852,80 manat məbləğində kənarlaşmalar yaranmış və öncəki dövr mənfəət vergisi bəyannamə göstəricilərinə əsasən 630 753,0 manat zərər məbləği nəzərə alınmaqla 1 248 187,69 manat məbləğində əlavə vergi hesablanmışdır. İddiaçının dəlili isə ondan ibarətdir ki, o, “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 00+000-76+658 km hissəsinindəki mühəndis kommunikasiya xətlərinin tikilməsi, köçürülməsi və yenidən qurulması” layihəsi üzrə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə müqavilə bağlamış və müvafiq olaraq müqaviləyə aid işlər görmüşdür. Habelə adı gedən vergi ödəyicilərinin riskli vergi ödəyicisi siyahısında olmamış və əməliyyatların vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilənədək həyata keçirilmişdir. Vergi orqanı tərəfindən hesablanmış 1.248.187,69 manat mənfəət vergisi müəssisənin şəxsi hesab vərəqəsinə işlənmiş və bu kameral məbləğin ¼ hissəsində avans rüblük mənfəəti hesablanmışdır. Göründüyü kimi iddiaçı barəsində 1 248 187,69 manat məbləğində əlavə mənfəət vergisi hesablanması barədə xx.xx.2024-cü il tarixli **********305100 saylı qərarın qəbul edilməsinə səbəb "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatların riskli əməliyyatlar hesab olunmasıdır. Lakin, "xxxx" MMC xx.xx.2024-cü il tarixdə **********291400 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. Yəni, iddiaçı ilə "xxxx" MMC arasında elektron qaiməfakturalar üzrə əməliyyatlar aparılan zaman sonuncu, riskli vergi ödəyicisi hesab edilməmişdir. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də, (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməlidir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən hər hansı imperativ norma da mövcud deyil. Cavabdeh vergi orqanı iddiaçıya mənfəət vergisi hesablayarkən yalnız iddiaçının qarşılıqlı əməliyyat apardığı (mal aldığı) subyektin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərməsinə, müvafiq olaraq aparılmış mal təqdim edilməsi üzrə əməliyyatlarda təqdim edilmiş malların rəsmi olaraq "xxxx" MMC-nin alışında olmamasına (təsdiqedici sənədlərlə alınmayan malların satılması) halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçının qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Analoji faktlara əsaslanan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Vergi orqanı tərəfindən hesablanmış 1.248.187,69 manat mənfəət vergisinin ¼ hissəsində avans rüblük mənfəətin hesablaması ilə bağlı iddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, mənfəət vergisinin avans məbləği müəssisələr tərəfindən hər rübdə, həmin rübün gözlənilən mənfəətinin məbləğinə və verginin dərəcəsinə əsasən müəyyən edilir. Avans ödənilmiş vergi məbləği rüb, yarımil, 9 ay və il başa çatdıqdan sonra faktiki mənfəətə görə yenidən haqq-hesab edilərək dürüstləşdirilir. Faktiki mənfəət üzrə büdcəyə hesablanan verginin məbləği avans ödənilmiş vergi məbləğindən çox olduqda fərq məbləği əlavə olaraq büdcəyə ödənilir, az olduqda artıq ödənilmiş məbləğ növbəti ödəniş hesabına aid edilir, yaxud ödəyicinin ərizəsinə əsasən vergi müfəttişliyinin rəyi ilə maliyyə orqanı tərəfindən 10 gün ərzində ona qaytarılır. Odur ki, mübahisələndirilən mənfəət vergisinin ¼ hissəsində avans rüblük mənfəətin vergi orqanı tərəfindən hesablanmasına baxmayaraq, avans rüblük mənfəət faktiki mənfəətə uyğun formalaşdığından iddiaçının mübahisələndirdiyi əlavə mənfəət vergisi ilə bağlı qərarın ləğvi həmin məbləğin də dəyişməsinə səbəb olacaqdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsin əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlərlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli №**********305100 saylı qərarı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №e-2-1(116)-2705/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2705/2024
10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver