Məhkəmə qərarları › İş №e-2-1(116)-2719/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2719/2024

28.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2719/2024 28.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı Göyçay rayonu Yeniarx bələdiyyəsinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “JN-193 və JN-194 nömrəli Dövlət Aktları ilə bağlı elektron uçot məlumatlarında müvafiq düzəlişlərin edilməsi ilə bağlı müvafiq hərəkətlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: Müəyyən etdi : İddiaçı Göyçay rayonu Yeniarx bələdiyyəsinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “JN-193 və JN-194 nömrəli Dövlət Aktları ilə bağlı elektron uçot məlumatlarında müvafiq düzəlişlərin edilməsi ilə bağlı müvafiq hərəkətlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: Göyçay rayonu Xəlitli kəndi ərazisində yerləşən 7.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququları dövlət qeydiyyatına alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, eləcə də plan və ölçü sənədi verilmişdir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanına əsasən Göyçay rayonu Xəlitli kəndi ərazisində elektron uçot işləri aparılmış, səhvən JN 193 və JN 194 nömrəli Dövlət aktları ilə vətəndaşların xüsusi mülkiyyətində olan torpaq sahələri İddiaçı mülkiyyətində olan və Göyçay rayonu Xəlitli kəndi ərazisində yerləşən 7.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə işlənmişdir. Nəticə də, İddiaçı mülkiyyət hüquqları pozulmuşdur. İddiaçı tərəfindən yalnışlığın aradan qaldırılması üçün cavabdeh inzibati orqana müraciət edilmiş, lakin müraciət təmin edilməmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı hesab edilə bilməz. Çünki, torpaqların elektron uçotu aparılarkən JN 193 və JN 194 nömrəli Dövlət aktları ilə vətəndaşların xüsusi mülkiyyətində olan torpaq sahələrinin bələdiyyənin mülkiyyətində olan torpaq sahələri ilə əvəz edilməsinə hər hansı razılıq verilməmişdir. Belə olan halda, torpaqların elektron uçot informasiya sistemində olan məlumatlar qanuni və əsaslı hesab edilə bilməz. Cavabdeh iddia tələbinə etirazını belə əsaslandırır: - İddiaçı Göyçay rayonu Yeniarx bələdiyyəsinin JN 193 və JN 194 nömrəli Dövlət aktlarıilə bağlı elektron uçot məlumatlarında müvafiq düzəlişin edilməsi ilə bağlı müvafiq hərəkətlərin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərində qoyulması barədə qərar qəbul edilməsi barədə iddiası etirazla qarşılanır. İddiaçı ərizədə qeyd olunan məsələ ilə bağlı ********** daxilolma nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə idarəyə müraciət etmiş, qanunamüvafiq qaydada araşdırılaraq 3-21-3-36/2-3266/2023 xaricolma nömrəli, xx.xx.2023-cü il tarixli məktub ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, **********57 reyestr nömrəsi ilə 7,60 ha torpaq sahəsi Göyçay rayonu Yeniarx bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 14 saylı qərarı ilə Göyçay rayonu Yeniarx bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar görülmüş işlər nəticəsində digər fiziki şəxslərə məxsus pay torpaqları **********57 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Üst-üstə düşən torpaq sahələrinin mülkiyyətçilərinin müraciətləri zamanı Göyçay rayonu Yeniarx bələdiyyəsinin razılığı əsasında üst-üstə düşən hissələr çıxılmış, yerdə qalan 3,52 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə Göyçay rayonu Yeniarx bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə hüquqların dövlət qeydiyyatı aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Eyni zamanda X1 ilə X3 arasındakı mülki mübahisəyə dair xx.xx.2023-cü il tarixində hazırlanmış mütəxəssis rəyində qeyd olunur ki, elektron baza məlumatlarında göstərilən TEKUİS məlumatlarında, JN-193 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin koordinatları Göyçay rayonu Yeniarx bələdiyyəsinin mülkiyyətinə **********57 reyestr nömrəii çıxarışla verilmiş 7.23 ha torpaq sahəsinin koordinatları ilə üstüstə düşür. Belə ki, Göyçay rayonu Yeniarx bələdiyyəsinin mülkiyyətinə **********57 reyestr nömrəli çıxarışla verilmiş 7.23 ha torpaq sahəsi kəndin islahat xəritəsində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq işlənsə də, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında X2 X4nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq tərtib edilmiş “X2 X4” məlumatlarında ərazidə xüsusi mülkiyyətə verilmiş torpaq sahələri, o cümlədən JN- 193 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” mövcuddur. İş materiallarından görünür ki, iddiaçı, Göyçay rayonu Xəlitli kəndində yerləşən 7,2306 ha torpaq sahəsinin Yeniarx bələdiyyəsinin mülkiyyətində olmasını bildirmiş və cavabdeh orqana qarşı yönəlmiş tələbi - “JN-193 və JN-194 nömrəli Dövlət Aktları ilə bağlı elektron uçot məlumatlarında müvafiq düzəlişlərin edilməsi ilə bağlı müvafiq hərəkətlərin edilməsi” şəklində ifadə etmişdir. Bununla belə irəli sürülmüş tələbdən iddiaçının nail olmaq istədiyi hüquqi nəticə aydın deyil. İddiaçı, elektron uçot məlumatlarına JN-193 və JN-194 nömrəli Dövlət Aktları ilə bağlı konkret olaraq hansı məzmunda düzəliş edilməsini iddia ərizəsində aydın qeyd etməmişdir. Eyni zamanda sözügedən düzəlişlərlə bağlı “müvafiq hərəkətlərin edilməsi” dedikdə cavabdeh orqandan iddiaçının hansı hüquqi nəticə gözləməsi də, qeyrimüəyyəndir. Nəzərə alınmalıdır ki, iddiaçı, Göyçay rayonu Xəlitli kəndində yerləşən 7,2306 ha torpaq sahəsinin Yeniarx bələdiyyəsinin mülkiyyətində olmasını bildirsə də, cavabdeh orqan tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışda torpaq sahəsinin ölçüsü 3,52 hektar göstərilmişdir. Göründüyü kimi iddiaçı, mülkiyyətində olduğu torpaq sahəsinin ölçüsünü belə dəqiqləşdirməmiş, mübahisələndirdiyi dövlət aktlarının özünə məxsus torpaq sahəsi ilə hansı hissədə üst-üstə düşməsini, ümumiyyətlə üst-üstə düşmə halının mövcud olub-olmamasını əsaslandırmamışdır. Yuxarıda sadalanan hallarla bağlı iddia ərizəsində yol verilmiş qeyri-müəyyənliklər aradan qaldırılmadığından iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün deyildir. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə məhkəmə iclası təyin edilmişdir. Dinlənilmə hüququnun təmin edilməsi məhkəmənin vəzifəsi olduğu kimi, müvafiq hüququn reallaşdırılması üçün məhkəmə iclasında təyin edilmiş vaxtda iştirak etmək iddiaçının vəzifəsidir. Məhkəmə iclasında iştirak etməyə mane olan hallar olduğu halda iddiaçı ağlabatan müddətdə iştirakını mümkünsüz edən sübutları məhkəməyə təqdim etmək öhdəliyi daşıyır. Dinlənilmə hüququ yalnız şifahi olaraq yox, həm də yazılı qaydada həyata keçirilə bilər. Belə ki, həmin hüququn məqsədi iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçını məlumatlandırmaqdır. Məhkəmə məhz bilavasitə məlumatlandırma yolu ilə iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün məhkəmə iclasına dəvət etmişdir. Bununla belə iddiaçı, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmiş, bununla bağlı məhkəməyə heç bir məlumat verməmişdir.. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Göyçay rayonu Yeniarx bələdiyyəsinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “JN-193 və JN-194 nömrəli Dövlət Aktları ilə bağlı elektron uçot məlumatlarında müvafiq düzəlişlərin edilməsi ilə bağlı müvafiq hərəkətlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar