Məhkəmə qərarları › İş №e-2-1(116)-2733/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2733/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2733/2024 22.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X1 mərhum anası X2 adına verilmiş xx.xx.2011ci il tarixli, 3/736 nömrəli, seriya A 328221 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi və elektron məlumat bazasından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə mümkünlük iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “üçüncü şəxs X1 mərhum anası X2 adına verilmiş xx.xx.2011-ci il tarixli, 3/736 nömrəli, seriya A 328221 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi və elektron məlumat bazasından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçıya Ağdaş rayon XDS İK-nin qərarı ilə Ağdaş şəhəri, Məşəd küçəsindən fərdi yaşayış evi tikdirmək üçün 0.12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bundan sonra o, həmin torpaq sahəsinin dörd bir tərəfini hasara aldıraraq orada fərdi yaşayış evi tikdirmiş, bağ salmış və torpağa və əmlaka görə vergini vaxtlı-vaxtında ödəməklə həmin 0.12 hektar həyətyanı torpaq sahəsindən 33 ildir ki, fasiləsiz və etirazsız təyinatı üzrə istifadə etmişdir. Torpaq islahatı zamanı həmin 0.12 hektar torpaq sahəsinin ona verilməsi barədə ilkin hüquqmüəyyən edici sənəd hesab edilən Ağdaş rayon XDS İknin qərarı tələb olunmuş, həmin qərarı tapa bilmədiyinə və bir nüxsəsi saxlanılan Ağdaş şəhər İcra nümayənmdəliyinin yerləşdiyi inzibati binası məlum 1999-cu il tarixdə Ağdaş rayonunda baş vermiş zəlzələ zamanı yandığından tapmaq mümkün olmadığına görə onun adına şəhər üzrə normaya uyğun 0.05 hektar hissəyə sənəd verilmiş, qalan 0.07 hektar isə istifadəsində saxlanılmaqla bələdiyyənin balansına qeydə alınmışdır. Keçən müddətdə həmin torpaq sahəsi heç kim, o cümlədən şəhər bələdiyyəsi və ya başqaları tərəfindən mübahisələndirilməmişdir. O, həmin torpaq sahəsini aldığı vaxtdan 2024-cü ilədək bir müddətdə yəni 34 il müddətdən artıq müddətdə maneəsiz istifadə etmişdir. Bələdiyyə balansında saxlanılmış hissəni də almaq istəməsi barədə bir neçə dəfə bələdiyyəyə müraciət etsə də, hər dəfə ona bildirilmişdir ki, həmin toıpaq sahəsi satılmaq üçün mövcud qanunvericiliyə görə ilkin olaraq ona təklif olunacaq. Lakin 17 saylı Yevlax Ərazi İdarəsi həmin yerə saxta kadastr işləndiyini bəhanə edərək hələlik buna icazə vermir. 2024-cü ilin əvvəllərində X5 ona və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “süni maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş şəhərində yerləşən 499.7 kv.metr həyətyanı torpaq sahəsi üzərindəki hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İddiaçı tərəfindən yaradılan süni maneələrə və qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, mülki işə məhkəmədə baxılan zaman ona məlum olmuşdur ki, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 01 saylı, 05 yanvar 2006-cı il tarixli Sərəncamı ilə X1 mərhum anası X6 Ağdaş şəhəri ərazisindən 499.67 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. Üçüncü şəxs iddia edir ki, X6 verilmiş həmin 499.7 kv.metr həyətyanı torpaq sahəsi onun hasarı daxilində faktiki istifadəsində və Ağdaş bələdiyyəsinin balansında olan 0.07 ha torpaq sahəsinin daxilindədir. Halbuki, Ağdaş bələdiyyəsi rəsmi qaydada ona bildirmişdir ki, Ağdaş şəhər sakinəsi, mərhum X2 adına ayrılmış 499.67 kv.metr torpaq sahəsinə dair kadastr planı Ağdaş bələdiyyəsində elektron qeydiyyat siyahısında vardır. Lakin kadstr planı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən işlədiyi üçün həmin kadastr planının düşdüyü ərazi, verilmə tarixi və ilkin sənədləri barədə Ağdaş bələdiyyəsində heç bir məlumat yoxdur. Ağdaş bələdiyyəsinin elektron məlumat sistemində vətəndaş X3 vergi ödəyicisi kimi adı qeydiyyatda yoxdur. Mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə bitişik və 1990-cı ildən faktiki istifadəsində olan 7960 B nömrəli torpaq sahəsi Ağdaş bələdiyyəsinin elektron məlumat bazasına əsasən həqiqətən Ağdaş bələdiyyəsinin mülkiyyətidir. Ağdaş rayon Dövlət Arxivinin 13 mart 2024-cü il tarixli, 23 saylı arxiv arayışından məlum olur ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 05 yanvar 2006-cı il tarixli sərəncamında vətəndaşlara, o cümlədən X8ma həyətyanı torpaq sahəsi verilməsinə dair heç bir sənəd və material yoxdur. Həmçinin cavabdeh inzibati orqannın xx.xx.2024-cü il tarixli, 3-21 -3-38/2-1667/2024 saylı məktubunda da göstərilir ki, X2 adına verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsinə əsas olan Ağdaş RİHB-nın xx.xx.2006-cı il tarixli 01 saylı Sərəncamı Ərazi İdarəsinin arxivində yoxdur. Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 05 yanvar 2024-cü il tarixli sərəncamından məlum olur ki, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 05 yanvar 2006-cı il tarixli 01 saylı Sərəncamı Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli 347 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyət başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimatın icrası ilə bağlı “Rayon İcra Hakimiyyəti başçısının aparatında 2005-ci il iş üçün Nomenkulaturunun təsdiq edilməsi üçün verilmişdir. Həmin sərəncamda vətəndaşlara torpaq sahəsinin ayrılıb verilməsi nəzərdə tutulmamışdır. Ona görə də hesab edir ki, mərhum X6 həmin torpaq sahəsi tamamilə qanunsuz verildiyindən həmin torpaq sahəsi Dövlət Kadastr kitabında qeydiyyata alınsa belə, mərhumun adına işlənmiş “Torpaq sahəsinin planı və ölçüsü” etibarsız hesab edilməklə ilkin hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Dövlət və yerli X4 Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 226 saylı Fərmanı ilə ləğv edilmişdir. Belə olduğu halda mərhum X6 qeyd edilən torpaq sahəsi Ağdaş RİHB-nın qeyd edilən sərəncamı ilə verilə bilməzdi. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından görünür ki, iddiaçı faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsinin ona X7 qərarı ilə ayrıldığını bildirir. Lakin, ayrılmış torpaq sahəsinin ölçüsünün 0,12 ha olması iddiaçının mülahizəsindən başqa heç bir sənədlə sübut olunmur. İddiaçının faktiki istifadəsində olan 0,12 torpaq sahəsinin 0,05 ha hissəsinə 6 nəfər ailə üzvü ilə birlikdə Ağdaş rayon AİK-nın xx.xx.2006-cı il tarixli 01 saylı qərarı əsasında JN-336A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir (Şəhadətnamənin qaiməsi hissəsində torpaq sahəsi üzərində 203.6 kv.m sahəsi olan yaşayış evinin olması göstərilmişdir). İddiaçının faktiki istifadəsində olan, qalan 0,07 ha torpaq sahəsi isə yaşayış məntəqələri torpaqları təyinatlı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. İddiaçı, sözügedən torpaq sahəsini 30 ildən artıq müddətə istifadə etdiyini bildirsə də, faktiki olaraq onun torpaq sahəsindən istifadəsi zəbetmə ilə bağlıdır və həmin torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədi mövcud deyil. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. İddiaçının bələdiyyə mülkiyyətində olan 0,07 sot torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilməməsi onun bu əraziyə dair subyektiv hüququnun olmadığını göstərir. Nəzərə alınmalıdır ki, subyektiv hüquq ya qanundan, ya da müqavilədən irəli gəlməlidir. İddiaçı yalnız qanuni hüquqlarını qorumaq və ya pozulmuş hüququnu bərpa etmək üçün məhkəməyə müraciət edə bilər. İddiaçının faktiki istifadəsi əgər bu istifadə qanundan və ya müqavilədən irəli gəlmirsə hazırkı cavabdehə münasibətdə tələbin irəli sürülməsi üçün subyektiv hüququn mövcudluğunu istisna edir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarının əlaqəli təhlili bu qənaətə gəlməyə əsas verir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları ilə bağlı ümumi qayda ondan ibarətdir ki, həmin torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu qaydadan istisnaya iki halda yolverilməsi nəzərdə tutulmuşdur. Bu torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə edilməli (16.3-cü maddə) və ya torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən sahə olmalıdır (16.4-cü maddə). Lakin hər iki normada ümumi dispozisiya şərti kimi qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması nəzərdə tutulmuşdur. Odur ki, qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti üzrə geri qaytarılması barədə ümumi qaydadan istisnaya yalnız həmin torpaq sahəsinin qaytarılmasının mümkün olmaması müəyyən edildiyi halda yol verilə bilər. Odur ki, iddiaçının faktiki istifadəsində olan 0,07 ha torpaq sahəsi üzrə hüquq subyekti Ağdaş bələdiyyəsi olduğundan həmin torpaq sahəsinin hüquqi taleyi ilə bağlı məsələləri mübahisələndirmək hüququ da, müvafiq bələdiyyəyə məxssudur. İddiaçı, yalnız "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 16.3 və 16.4-cü maddələrinə istinad etməklə sözügedən torpaq sahəsinin bələdiyyə tərəfindən ona satılmasını tələb edə bilər ki, qaldırılmış həmin məsələ müsbət həllini tapdığı halda zəbt etdiyi torpaq sahəsi üzərində subyektiv hüququ yaranmış olacaqdır. Plan-ölçü sənədinin ləğvi ilə bağlı tələb münasibətdə məhkəmə həmçinin qeyd edir ki, plan-ölçü sənədi hüquqmüəyyənedici sənəd yox, müəyyən miqyasda tərtib edilmiş və ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən texniki sənəd olduğundan, sözügedən sənəd yalnız torpaq sahəsinin yerləşdiyi ərazinin və konfiqurasiyasının müəyyən edilməsi baxımından əhəmiyyətlidir. Yəni, plan-ölçü sənədinin texniki qeydiyyat və əraziyə dair dəqiqləşdirmələr üçün hazırlanır. Plan-ölçü sənədi aid olduğu torpaq sahəsinə dair əmlak hüquqlarını təsdiq edən sənədlə birgə mövcud olmadığı halda hər hansı hüquqi əhəmiyyət daşımır və həmin sənədin mövcud olubolmaması iddia olunan torpaq sahəsinə münasibətdə əmlak hüquqlarının məzmununa təsir etmir. İddia ərizəsində iddiaçı özü də, plan-ölçü sənədinin ilkin hüquqmüəyyənedici sənəd kimi qəbul edilməsinin mümkünsüzlüyünü vurğulayır. Odur ki, bir şəxsin adına plan-ölçü sənədinin olması onun mütləq əmlak hüququnun mövcud olduğunu sübut etmir. Buna görə də, məhkəmə hesab edir ki, həmin sənədin mübahisələndirilməsi iddiaçı üçün mümkün hüquqi nəticə yaratmır. İddiaçının təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, faktiki olaraq elektron baza məlumatlarında iddia olunan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ərazidə göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Mingəçevir Ərazi Şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektoru tərəfindən xx.xx.2022-ci il tarixdə Ağdaş bələdiyyəsinə ünvanlanmış rəydə də, sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması, alqı-satqı predmeti olması, torpaq sahəsinin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətin və icarəsinə verilməməsi, üzərində məhdudiyyətin mövcud olmaması qeyd edilmişdir. Beləliklə, mübahisələndirilən plan-ölçü sənədinin iddia olunan torpaq sahəsinin statusunu dəyişdirilməsinə hər hansı potensial təsiri olmadığından və həmin sənəd adına tərtib olunduğu subyektə münasibətdə əmlak hüquqları yaratmadığından inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi mümkün hesab edilməməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2024-cü tarixə məhkəmə iclası təyin edilmiş, iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ona izah edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X1 mərhum anası X2 adına verilmiş xx.xx.2011ci il tarixli, 3/736 nömrəli, seriya A 328221 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi və elektron məlumat bazasından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar