Məhkəmə qərarları › İş №e-2-1(116)-2751/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2751/2024

15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2751/2024 15.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Göyçay rayonu Çaxırlı bələdiyyəsinə qarşı “Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 04 iyul 2024-cü il tarixli 05 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Göyçay rayonu Çaxırlı bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 04 iyul 2024-cü il tarixli 05 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Göyçay rayonu Çaxırlı bələdiyyəsinə ərizə ilə müraciət edərək, quşçuluğun (ördək, qaz) və balıqçılığın inkişaf etdirilməsi məqsədi ilə bələdiyyə ərazisindən 15 hektar torpaq sahəsinin uzun müddətli (99 illik) icarəyə verilməsini xahiş etmişdir. Həmin torpaq sahəsinin icarəyə verilməsinə dair müraciətinə baxılarkən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsi tərəfindən müvafiq rəy verilmiş və göstərilmişdir ki, ona quşçuluğun (ördək, qaz) və balıqçılığın inkişaf etdirilməsi məqsədi ilə icarəyə verilməsi nəzərdə tutulan sahə naturada bələdiyyənin kənd təsərrüfatına yararsız, bataqlıq, qamışlıq, sucaq olmaqla icarə predmeti olan bələdiyyə torpağıdır. Həmin Şöbə qanunvericiliyin tələblərini nəzərə alaraq, torpaq sahəsinin ona icarəyə verilməsinin məqsədəmüvafiq olması barədə rəy vermişdir. Bundan sonra, Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarı ilə ərizəsi nəzərə alınmış, bələdiyyənin kənd təsərrüfatına yararsız, bataqlıq, qamışlıq, sucaq olmaqla icarə predmeti olan ərazisindən 15 hektarın quşçuluğun (ördək, qaz) və balıqçılığın inkişaf etdirilməsi məqsədi ilə ona uzun müddətli icarəyə verilməsi qərara alınmışdır. Həmin qərara əsasən «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda qeyd olunan torpaq sahəsinə dair onunla bələdiyyə arasında 27 dekabr 2006-cı il tarixdə 99 il müddətinə 21 saylı icarə müqaviləsi bağlanmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsi tərəfindən icarəyə verilən torpaq sahəsinin yerquruluşu planından 1:10000 miqyasında çıxarış tərtib olunmuş, 18 dekabr 2006-cı il tarixdə aidiyyəti qurumlar tərəfindən razılaşdırılmışdır. Göyçay rayonu Çaxırlı kənd bələdiyyəsinin 08 may 2024-cü il tarixli 17 saylı arayışından da görünür ki, ona Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarı ilə 15 ha torpaq sahəsi quşçuluğun və balıqçılığın inkişafı məqsədi ilə uzun müddətli (99 il müddətinə) icarəyə verilmiş və 27 dekabr 2006-cı il tarixdə 21 saylı müqavilə bağlanmışdır. Hazırda həmin torpaq sahəsindən balıqçılığın inkişafı məqsədi ilə istifadə olunur. Göyçay rayonu Çaxırlı kənd sakinləri X3, X4, şəhid atası X1 və şəhid atası Göyçay rayon Çərəkə kənd sakini X5 uzun illər keçdikdən sonra, müxtəlif dövlət orqanlarına şikayət ərizəsi ilə müraciət edərək, həmin torpaq sahəsinin torpaq islahatının ilk vaxtlarında örüş uqodiyalı olduğu halda, İddiaçı məqsədli təyinatından kənar olaraq süni göl qazdıraraq balıqçılıqla məşğul olduğunu bildirmişlər. Qeyd edilən şəxslərin müraciəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən araşdırılmış və Göyçay rayonu Çaxırlı bələdiyyəsinə xx.xx.2024-cü il tarixdə 3-16-24/2-7-941-940-6/2024 saylı tövsiyyə göndərilərək, Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarının ləğv edilməsi, eləcə də 27 dekabr 2006-cı il tarixli 21 saylı icarə müqaviləsinin ləğv edilməsi üçün məhkəmədə iddia qaldırılması tövsiyyə edilmişdir. Göyçay Regional Ədliyyə İdarəsinin tövsiyyəsi Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 04 iyul 2024-cü tarixdə keçirilən iclasında müzakirə edilmiş və Göyçay rayonu Çaxırlı kənd sakini İddiaçı 15 ha torpaq sahəsinin uzun müddətli (99 il müddətinə) icarəyə verilməsinə dair Çaxırlı Bələdiyyəsinin 20 Dekabr 2006-cı il tarixli 12 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh iddia tələbinə münasibətində iddia ərizəsinin məzmununda qeyd edilmiş məlumatları təkrarlamış, qeyd etmişdir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi icarəyə venlərkən həmin dövrdə qüvvədə olan prosedur qaydalara görə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin rəyinin alınması kifayət edirdi. Buna görə də, Göyçay rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin rəyinin alınmasına ehtiyac olmamışdır. Hazırda İddiaçı istifadəsində olan 15.0 hektar torpaq sahəsi, bələdiyyənin qərarı ilə ayrılan və naturada yerquruluşu planına uyğun tanıdılmış 15.0 hektar torpaq sahəsi ilə eynilik təşkil edir. İddiaçı icarəsinə verilmiş 15.0 hektar torpaq sahəsinə dair mütəmadi olaraq icarə haqqını ödəmiş, hal-hazıra kimi sonuncunun heç bir məbləğdə icarə haqqı borcu yoxdur. Göyçay Regional Ədliyyə İdarəsinin tövsiyyəsi Göyçay rayonu Çaxıriı bələdiyyəsinin 04 iyul 2024-cü tarixdə keçirilən iclasında müzakirə edilmiş və Göyçay rayonu Çaxıriı kənd sakini İddiaçı 15 ha torpaq sahəsinin uzun müddətli (99 il müddətinə) icarəyə verilməsinə dair Çaxırlı Bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək iddia tələbinin qanunamüvafiq qaydada həll olunmasını xahiş etdi. Məhkəmə işin araşdırılması zamanı məzmunu aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Göyçay rayonu Çaxıriı bələdiyyəsinin 04 iyul 2024-cü tarixdə keçirilən iclas protokolu, DT və XK-nın Göyçay rayon şöbəsinin rəyi, Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı iclas protokolundan çıxarış, Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə Əsaslandırma hissəsi: Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İnzibati Prossesual Məcəllənin İPM-nin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində ... qaldırıla bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı bələdiyyənin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisəli qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Odur ki İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 16-cı maddəsində örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri qeyd edilmişdir. Həmin maddənin: 1-ci bəndinə əsasən, yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir; 2-ci bəndinə görə, yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir; 3-cü bəndinə əsasən, bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin malqarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir; 4-cü bəndinə görə, ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. “Torpaq icarəsi haqqında” Qanunun 31-ci maddəsində də göstərilir ki, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Həmin qanunun 48-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4-cü bəndinə münasibətdə qeyd edilmişdir ki, həmin normaya müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna bilər müddəası digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. “İnzibati İcraat haqqında” Qanun: 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Məhkəmə iş materiallarını yuxarıda qeyd edilən hüquq normalarını tədbiq etməklə belə qənaətə gəlir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh torpaq sahəsinin iddiaçıların icarəsinə verilməsi barədə əvvəl 20 dekabr 2006-cı il tarixli 12 saylı qərar qəbul etmiş, sonra tərəflər arasında 27 dekabr 2006cı il tarixdə 21 saylı icarə müqaviləsi bağlanmış, Müqavilənin 4-cü bəndində qeyd edilmişdir ki, bu müqavilə ilə əlaqədar baş verən mübahisələr mövcud qanunvericiliyə əsasən həll edilir. Cavabdeh 04 iyul 2024-cü il tarixdə 05 saylı iclas protokolunun qərarı ilə ilkin qərarını (20 dekabr 2006-cı il tarixli 12 saylı) ləvğ etmişdir. Nəzərə alınmalıdır ki, Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarı qanunsuz əlverişli inzibati akt olduğundan həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilərdi. İddiaçıya torpaq sahəsinin icarəyə verilməsinə dair qərar və sonradan həmin qərarın ləğv edilməsi barədə qərar eyni subyekt - Göyçay rayonu Çaxırlı bələdiyyəsi tərəfindən qəbul edildiyindən, ilkin qərarın ləğv olunmasını şərtləndirən halların həmin bələdiyyəyə məlum olması işin mübahisəsiz halıdır. Cavabdeh orqan sözügedən qərarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən göndərilmiş tövsiyyə məktubu əsasında ləğv etdiyini bildirsə də, İİHQ-nun 67.12-ci maddəsində nəzərdə tutulmuş 1 il müddət keçdikdən sonra ilkin qərarı ləğv etməkdə haqlı olmamışdır. Məhkəmə tədqiqatı zamanı İİHQ-nun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 04 iyul 2024-cü il tarixli 05 saylı qərarı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar