Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2784/2024 26.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçı nümayəndəsi X1 , cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “dörd uşaqlı ana kimi xx.xx.2010-cu il tarixdən pensiyaya hüququnun yaranmasını nəzərə alıb, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci tarixədək ödənilməli olan pensiyanın ödənilməsi, qanunda nəzərdə tutulduğu halda ödənilməyən xx.xx.2017-ci tarixdən xx.xx.2024-cü il tarixədək fərqin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “dörd uşaqlı ana kimi xx.xx.2010-cu il tarixdən pensiyaya hüququnun yaranmasını nəzərə alıb, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci tarixədək ödənilməli olan pensiyanın ödənilməsi, qanunda nəzərdə tutulduğu halda ödənilməyən xx.xx.2017-ci tarixdən xx.xx.2024-cü il tarixədək fərqin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, dörd uşaqlı ana kimi xx.xx.2010-cu il tarixdən pensiyanın təyin edilməsi və ötən müddət üzrə fərq məbləğinin hesablanaraq ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazında bildirmişdir ki, iddiaçının sosial sığorta stajı və pensiya kapitalının qanunvericiliklə tələb olunan həddən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasının tələblərinə əsasən 4 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınlara 50 yaşına çatdıqda əmək pensiyası təyin edilirdi. Lakin, İddiaçı 50 yaşı xx.xx.2010-cu il tarixdə (xx.xx.2010-cu il tarixdən sonra) tamam olduğu üçün Qanunun sözügedən müddəalarının ona münasibətdə tətbiq olunması sosial ədalət prinsipinin tələblərinə əks olduğu və qanunvericiliyin tələbləri baxımından uyğun olmadığından ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında" 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2023-cü il tarixindən xx.xx.2024cü il tarixədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018cı ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Eyni zamanda xx.xx.2006-cı il tarixədək iddiaçıya məxsus fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19 il 1 ay 2 gün sığorta stajına uyğun olaraq 19234,87 manat, xx.xx.2012-cil tarixdən xx.xx.2013-cü il tarixədək 351,55 manat olmaqla, ümumilikdə 19586,42 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ onun pensiya yaşının tamam olduğu tarixə qanunvericiliklə tələb olunan məbləğdən (40320 manat) azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. ‘Əmək pensiyaları haqqında" Qanunun 22-1.5-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixədək "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd olunanlara əsasən, iddiaçıya “Sosial müavinətlər haqqında" Qanununun 7.0.2-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi yaşa görə sosial müavinət təyin olunduğundan, ona "Əmək pensiyaları haqqında" Qanunun 22-1.1-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının qanunvericiliklə tələb olunan 25 il sığorta stajı olmadığından və tələb olunan pensiya kapitalı olmadığından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, BT № 028846-li Diplom; ИТ-İ № 0650211-li Əmək kitabçası. Əsaslandırma hissəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddianın xüsusi bir növü olan “müəyyən hərəkətləri etməkdən çəkinməyə dair” iddia (İPM-in 2.2.4 və 34.2-ci maddələri) qismində mümkün iddiadır. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia inzibati orqanın inzibati akt olmayan əlverişsiz hərəkətlərini aradan qaldırmaq və ya onların qarşısını almaq məqsədi daşıyır. Qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir (34.3). Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarilə də əsassızdır. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş redaksiyada Maddə 8. Çoxuşaqlı qadınların, əlil uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası 8.1.Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; 4 uşağı olanlar - 50 yaşına çatdıqda; 5 uşağı olanlar - 49 yaşına çatdıqda; 6 uşağı olanlar - 48 yaşına çatdıqda; 7 uşağı olanlar - 47 yaşına çatdıqda; 8 uşağı olanlar - 46 yaşına çatdıqda; 9 uşağı olanlar - 45 yaşına çatdıqda; 10 və daha çox uşağı olanlar - 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq. ... xx.xx.2010-cu il tarixdən qüvvədə olmuş redaksiyada (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 27 oktyabr 2009-cu il tarixli, 904-İİİQD nömrəli Qanuna əsasən) Maddə 8. Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası 8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xx.xx.2010-cu ildən çoxuşaqlı (4 uşaqlı) ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanmaqla xx.xx.2017-ci tarixədək pensiyanın ödənilməsi, həmçinin 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi yaşa görə sosial müavinət təyin olunduğu xx.xx.2017-ci il tarixdən sonrakı dövr üçün fərq məbləğinin cavabdeh tərəfindən ödənilməsinə nail olmaqdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 50 yaşı yuxarıda qeyd edilən maddi hüquq normasına dəyişiklik edildikdən (xx.xx.2010-cu il tarixdən) sonra xx.xx.2010-cu ildə tamam olmuşdur. xx.xx.2010-cu il tarixdən qüvvəyə minən dəyişikliklərə əsasən çoxuşaqlı qadınların yaşa görə əmək pensiyası hüququnu müəyyən edən “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsi yeni redaksiyada verilmiş və yeni tələblər aşağıdakılardan ibarət olmuşdur: 1) beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmə; 2) azı 10 il sığorta stajı; 3) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddinin hər uşağa görə 1 il azaldılması. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının dörd uşağı olduğundan onun 50 yaşı 4 uşağa görə əmək pensiyası hüququnun yaranmasını təsbit edən maddi hüquq normasının qüvvədə olduğu tarixdə tamam olmamış, bundan sonra qanunvericilik çoxuşaqlı qadın anlayışını tamamilə dəyişərək xx.xx.2010-cu il tarixdən minimum 5 uşaq tələbini tətbiq etmişdir. İddiaçının 4 uşağa görə əmək pensiyası hüququ xx.xx.2010-cu il tarixə qədər yaranmadığından, həmin tarixdən etibarən isə qanunvericilikdə minimum 5 uşaq tələbi irəli sürüldüyündən iddiaçının çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “dörd uşaqlı ana kimi xx.xx.2010-cu il tarixdən pensiyaya hüququnun yaranmasını nəzərə alıb, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci tarixədək ödənilməli olan pensiyanın ödənilməsi, qanunda nəzərdə tutulduğu halda ödənilməyən xx.xx.2017-ci tarixdən xx.xx.2024-cü il tarixədək fərqin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.