Məhkəmə qərarları › İş №e-2-1(116)-2798/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2798/2024

25.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2798/2024 25.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Lətif oğlunun sədrliyi Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi ilə Tərəflərin iştirakı olmadan iddiaçı – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (yerləşdiyi yer: Bakı şəhəri, Heydər Əliyev prospekti 181A) cavabdeh – Cavabdehnə (yerləşdiyi yer: Bakı şəhəri, Kaveroçkin küçəsi, bina 13, mənzil 4) qarşı «siyahıya alınmış əmlakın satılması» barədə iddia tələbi üzrə inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Cavabdeh MMC 30 may 2007-ci il tarixdə əsas fəaliyyət sahəsi “məişət elektrik avadanlıqlarının təmiri” olmaqla hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmişdir. Cavabdehin vergi ödəyicisi kimi 16 noyabr 2023-cü il tarixə dövlət büdcəsinə 30.973,45 manat borcu yaranmışdır. Borcun ödənilməsini təmin etmək məqsədilə uçotda olduğu vergi orqanı kimi iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ona həmin tarixli bildiriş ünvanlamış, 24 noyabr 2023-cü il tarixdə isə dövlət büdcəsinə olan 30.974,21 manat məbləğində borcuna görə ona məxsus əmlakın siyahıya alınması barədə **********4 nömrəli qərar qəbul etmişdir. İddiaçı tərəfindən həmin qərar əsasında cavabdehə məxsus Yevlax şəhəri, H.Əliyev prospekti 83 (y/q 39) ünvanında yerləşən 31.098 manat dəyərində olan 426 kv.m torpaq sahəsi siyahıya alınmış və bu barədə 12 dekabr 2023-cü il tarixli **********4 nömrəli protokol tərtib edilmişdir. İddiaçı tərəfindən cavabdehə əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində müvafiq məbləğdə borcun ödənilmədiyi halda, həmin əmlakın satılması ilə bağlı məhkəmədə iddia qaldırılacağı barədə 15 fevral 2024-cü il tarixli xəbərdarlıq məktubu ünvanlansa da, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı «cavabdehin 24 noyabr 2023-cü il tarixə dövlət büdcəsinə olan 30.974,21 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakının satılması» tələbini irəli sürərək 13 mart 2024-cü ll tarixdə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə və Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-1, 52, 77, 78, 85-ci maddələrinə əsaslanaraq hesab edir ki, Cavabdeh MMC müvafiq borc məbləğini ona ünvanlanmış xəbərdarlıqdan sonra ödəmədiyindən, həmin borcun ödənilməsinin təmin edilməsi məqsədilə onun siyahıya alınmış əmlakı satılmalıdır. Cavabdeh MMC müvafiq torpaq sahəsi ilə bağlı sənədlərin surətlərini məhkəməyə təqdim etsə də, iddiaya qarşı yazılı münasibətini bildirməmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə bildiriş ünvanlanmış, lakin tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, əsassızdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə qeyd edir ki, baxılan işdə İPM-in müddəalarına müvafiq olaraq inzibati mübahisə mövcuddur ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 2.2.7, 3.1-ci maddələri). Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Yevlax rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Yevlax rayonu (Yevlax şəhəri) ərazisində yerləşir. Belə olan halda məhkəmənin mövqeyinə görə hazırkı işə baxmaqda daşınmaz əmlakın olduğu yer üzrə müvafiq inzibati məhkəmə kimi Şəki İnzibati Məhkəməsini səlahiyyətlidir. Odur ki, məhkəmə işi göndərmiş Bakı İnzibati Məhkəməsinin mübahisənin ərazi aidiyyəti ilə bağlı mövqeyi ilə razılaşır. İddianın əsaslılığı: Məhkəmənin qənaətinə görə iddia mahiyyəti üzrə uğursuzdur, yəni əsassızdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Qanunun 10-cu maddəsinə görə Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.4-cü maddəsinə görə bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. Həmin Məcəllənin 23.1.15-1-ci maddəsinə görə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5.000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarıdır. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.3-cü maddəsinə görə vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. Həmin Məcəllənin 89.5-ci maddəsinə görə yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Həmin Məcəllənin 89.6-cı maddəsinə görə əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. Həmin Məcəllənin 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 90.3-cü maddəsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı vergi orqanının sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Qanunvericiliyin yuxarıda göstərilmiş maddi hüquq normalarından görünür ki, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergilər, məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqının ödənilməsi öhdəliyini Vergi Məcəlləsi ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar borc üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. İşin hallarından müəyyən olunur ki, Cavabdeh MMC vergi ödəyicisi kimi dövlət büdcəsinə olan borcunun ödənilməsi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməmiş, həmin borcun ödənilməsini təmin etməmişdir. Vergi orqanı tərəfindən cavabdehin sözügedən borcunun ödənilməsinin təmin olunması məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Həmin tədbirlər nəticə vermədiyindən, 24 noyabr 2023-cü il tarixdə cavabdehin borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə onun əmlakının siyahıya alınması barədə qərar qəbul olunmuşdur. Bundan sonra həmin qərarın icrası üzrə vergi ödəyicisinə məxsus əmlak kimi Yevlax şəhəri, H.Əliyev prospekti 83 (yeni qaydalarla 39) ünvanında yerləşən 426 kv.m torpaq sahəsi siyahıya alınmışdır. Hazırda iddiaçı həmin torpaq sahəsinin siyahıya alınmış əmlak kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasını tələb edir. Lakin məhkəmə icraatında Cavabdeh MMC-nin rəhbəri tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən aydın olur ki, Cavabdeh MMC-nin mülkiyyətində olan Yevlax şəhəri, H.Əliyev prospekti 83 (y/q 39) ünvanında yerləşən 426 kv.m torpaq sahəsi 28 dekabr 2023-cü il tarixdə notarial qaydada təsdiqlənmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1. X2 həmin torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 12 yanvar 2024-cü il tarixdə qeydiyyata alınmışdır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə işdə olan sübutları məcmu halda qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, vergi ödəyicisi kimi hazırkı Cavabdeh MMC-nin dövlət büdcəsinə 30.974,21 manat məbləğində borcu olsa da, həmin borcun ödənilməsini təmin etmək məqsədilə onun 12 dekabr 2023-cü il tarixdə siyahıya alınmış əmlakı 28 dekabr 2023-cü il tarixdə, yəni məhkəmə icraatınadək özgəninkiləşdirilmişdir. Siyahıya alınmış əmlak kimi təqdim olunmuş torpaq sahəsi cavabdehə məxsus olmadığı halda, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 89 – 90-cı maddələrinə istinadən onun müvafiq borcun ödənilməsini təmin etmək məqsədilə başqa şəxsin əmlakı kimi satılması qanuna ziddir və məhkəmədə əvvəlki mülkiyyətçinin borcunun ödənilməsi məqsədilə satılmasının tələb olunması əsassızdır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı «siyahıya alınmış əmlakın satılması» tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı «siyahıya alınmış əmlakın satılması» tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 5egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar