Məhkəmə qərarları › İş №e-2-1(116)-2810/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2810/2024

19.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2810/2024 19.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Göyçay rayonu Cəyirli Bələdiyyəsinə qarşı “Göyçay rayonu Kürdəmiş bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 08 saylı qərarının faktiki istifadəsində olan 0,27 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq, məhkəmə baxışı iclasında baxaraq, məhkəmə: müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayon Aqrar-İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 saylı qərarı ilə X1 və digərlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında TEKUİS-də aradan qaldırılması, həmin koordinatlara uyğun X1 və digərlərinin adlarına “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi və torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri ilə Maraqlı şəxs mülkiyyətində olan Göyçay rayonu Kürdəmiş kəndi ərazisində yerləşən **********07 reyestr nömrəli plan-ölçü sənədinin koordinatları ilə üst-üstə düşən hissəsində ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçıya və ailə üzvlərinə Göyçay rayon Aqrar- İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.16 ha torpaq sahəsi verilmiş, JN-615, kod 40808048 №-li “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi naturada ölçülüb vətəndaşlara verilərkən Kürdəmiş kənd sakinləri ilə Cəyirli kənd sakinləri arasında mübahisə yarandığından Göyçay rayon Aqrar İslahat Komissiyasının 25 aprel 2000-ci il tarixli qərarı ilə torpaq sahələri dəyişdirilmişdir. Lakin həmin dəyişdirilməyə uyğun dövlət aktları tərtib edilib vətəndaşlara təhvil verilməmişdir. Qeyd edir ki, həmin 1.16 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin 25 ildir istifadəsindədir, torpaq sahəsində bağ salınmışdır. 250 ədəd müxtəlif növ meyvə ağacları əkilmişdir. İddiaçıya və ailə üzvlərinə məxsus olan 1.16 ha torpaq sahəsini qanuni əsaslarla 25 ildir iki yerdə istifadə olunmasına baxmayaraq, elektron uçot informaiya sistemində məlum olmayan yerdə işlənmişdir. Mülkiyyətinə verilmiş torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında X4 X6 (TEKUİS-də) aradan qaldırılması barədə müraciətinə baxılan zaman akt tərtib edilmiş, həmin aktla müəyyən edilmişdir ki, müraciətinin təmin edilməsini məqsədə müvafiq hesab edir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-282/2024-nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin üzərinə İddiaçı faktiki istifadəsində olan (**********07 reyestr nömrəli çıxarışla üst-üstə düşməyən) 0,23 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulması qərara alınmışdır. Göründüyü kimi iddiaçıya və ailə üzvlərinə məxsus olan 1.16 ha torpaq sahəsinin 0,23 ha hissəsi ilə bağlı mübahisə öz həllin tapmışdır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-282/2024-nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilir ki, göründüyü kimi iddia olunan torpaq sahəsi də, əvvəllər Dövlət Aktı əsasında digər şəxsin mülkiyyətində olan torpaq sahəsi olmuş, cavabdeh orqan dürüstləşdirmə qaydasında sözügedən Dövlət Aktının faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmasını təmin etmişdir. Qeyd olunan hal, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə dürüstləşdirilmiş məlumatların TEKUİS-ə daxil etməsi ilə bağlı cavabdeh orqanın inzibati praktikasının mövcud olmasını aşkar sübut edir. Lakin bununla belə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16-saylı Ucar Ərazi İdarəsi müraciətinin təmin edilməsindən qanunsuz olaraq imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı ərazi idarəsinin əməkdaşları vəzifə saxtakarlığı edərək, öz vəzifə səlahiyyətlərini aşaraq ona və ailə üzvlərinə məxsus olan 1.16 ha torpaq sahəsini qanuni əsaslarla 25 ildir iki yerdə istifadə olunmasına baxmayaraq, elektron uçot informaiya sistemində onlara məlum olmayan yerdə işlənmiş, qanunsuz olaraq həmin əraziyə başqa şəxsin adına çıxarış və plan ölçü sənədi işlənmiş, bununla da Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının tələbləri pozulmuşdur. Cavabdeh orqan ilkin imtina cavabını onunla əsaslandırmışdır ki, JN-615 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı ilə iddiaçının ümumibirgə mülkiyyətinə verilmiş 1.16 ha torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sitemi məlumatlarında faktiki vəziyyətə uyğun olaraq işlənilmişdir. Yeni uçot nəticələrində işlənilmiş 615 nömrəli parselin cənub hissəsindən təqribi olaraq 0.30 ha azaldılaraq iddiaçıya məxsus fərdi yaşayış evinin ətrafında yerləşən torpaq sahəsi ilə əvəzləşdirilməsi xahiş edilmiş və bununla bağlı yeni uçot nəticələrində müvafiq düzəlişlərin edilməsi üçün idarənin mütəxəssisləri tərəfindən naturada göstərilən torpaq sahəsinə baxış keçirilmiş və çöl ölçmə işləri aparılmışdır. Kameral şəraitdə aparılan araşdırma zamanı məlum olmuşdur ki, naturada göstərilən torpaq sahəsinin bir hissəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış digər reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən də çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatları emal edərək müvafiq düzəlişin aparılması üçün aidiyyəti üzrə təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçıya bir daha izah edilmişdir ki, JN-944 saylı Dövlət Aktında göstərilən 4 ha torpaq sahəsi X3 Göyçay rayonu Kürdəmiş bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 08 saylı qərarı ilə satılmışdır. Sözügedən 4.0 ha torpaq sahəsi iki konturdan ibarət olmaqla **********07 reyestr nömrəli qeydiyyatın aparıldığı 1.8901 ha torpaq sahəsi JN-944 saylı Dövlət Aktının 944A planşetində qeyd edilmiş 18901,47 kv.m torpaq sahəsidir. Həmin 1.89 ha torpaq sahəsini Maraqlı şəxs alqı-satqı müqaviləsi ilə əldə etmiş və JN-944A nömrəli “Torpağa mülkiyyət hüququna Dövlət Aktı”nın elektron baza məlumatlarında göstərilmiş (DVJ) 1.89 ha hissəsinə **********07 reyestr nömrəli çıxarış tərtib edilmişdir. Daha sonra bağlanmış əqdlər nəticəsində torpaq sahəsi üzərində bir neçə dəfə digər subyektlərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və sonuncu dəfə xx.xx.2023-cü il tarixdə A1120218 №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X7 tərəfindən iddiaçıya satılmışdır. İddiaçı, faktiki istifadə ilə sənəd arasında uyğunsuzluqların aradan qaldırılmasını və **********07 reyestr nömrəli çıxarışın faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğvini tələb etməklə əslində həmin torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun özünə məxsus olmasını iddia edir. Yəni, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməklə iddiaçının son nail olmaq istədiyi hüquqi nəticə faktiki istifadəsində olan və **********07 reyestr nömrəli çıxarışla üst-üstə düşən 0,27 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Belə olan halda iddiaçı arzuladığı məqsədə nail olmaq üçün ilk növbədə müvafiq torpaq sahəsinin ayrılmasının ilkin hüquqi əsasını təşkil edən Göyçay rayonu Kürdəmiş bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 08 saylı qərarını 0,27 ha torpaq sahəsinə aid hissədə mübahisələndirməlidir. İddiaçı, məhkəmənin hüquqi mövqeyi ilə razılaşmışaraq cavabdehin və iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etmiş, Göyçay rayonu Cəyirli bələdiyyəsinin cavabdeh qismində qəbul edilməsini, Göyçay rayonu Kürdəmiş bələdiyyəsinin xx.xx.2003cü il tarixli, 08 saylı qərarının 0,27 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-1(116)-2810/2024 nömrəli qərardadı ilə cavabdehin və iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı izahat verərək dəyişdirilmiş məzmunda iddia tələbinə mahiyyəti üzrə baxılmasını və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İş materialları ilə müəyyən edilir ki, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.16 ha torpaq sahəsi iddiaçının ümumibirgə mülkiyyətinə verilmiş və JN-615, kod 40808048 №-li “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Bununla belə iddiaçı, ötən müddət ərzində Dövlət Aktı ilə ona ayrılmış torpaq sahəsindən istifadə etməmiş və iddia ərizəsində bunu Kürdəmiş kənd sakinləri ilə Cəyirli kənd sakinləri arasında mübahisənin yaranması ilə əlaqədar Göyçay rayon Aqrar İslahat Komissiyasının 25 aprel 2000-ci il tarixli qərarı ilə torpaq sahələrinin dəyişdirməsi ilə əsaslandırmışdır. Bununla belə müvafiq dəyişdirmənin hansı qaydada aparılması və dəyişdirilmiş torpaq sahələrinə münasibətdə hansı məzmunda hüquqi sənədlərin tərtib edilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Cavabdeh orqanın mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixdə torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun elektron uçot məlumatlarında düzəlişin aparılması məqsədə uyğun hesab olunmuş, mütəxəssis tərəfindən aparılan ölçmə işlərinin emalı zamanı məlum olmuşdur ki, İddiaçı naturada (yerdə) göstərdiyi 0,50 ha torpaq sahəsinin 0.27 ha hissəsi **********07 reyestr nömrəli çıxarışla Maraqlı şəxs kənd təsərrüfatı məqsədilə mülkiyyətinə verilmiş 1.8901 ha torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, müraciətin təmin edilməsindən imtina olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan 0,50 ha torpaq sahəsinin 0.23 ha hissəsi Torpaqların elektron elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilsə də, Göyçay rayonu Xətai adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində həmin əraziyə X2 və ailə üzlərinin adına JN-278 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 0.77 ha torpaq sahəsinin 0.2128 ha hissəsi işlənmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) JN-278 nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0.77 ha torpaq sahəsi mülkiyyətçilərin faktiki istifadə etdiyi əraziyə köçürülmüşdür. Göründüyü kimi 0.23 ha torpaq sahəsi də, əvvəllər Dövlət Aktı əsasında digər şəxsin mülkiyyətində olan torpaq sahəsi olmuş, cavabdeh orqan dürüstləşdirmə qaydasında sözügedən Dövlət Aktının faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmasını təmin etmişdir. Qeyd olunan hal, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə dürüstləşdirilmiş məlumatların TEKUİS-ə daxil etməsi ilə bağlı cavabdeh orqanın inzibati praktikasının mövcud olmasını aşkar sübut etdiyindən Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-282/2024-nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı faktiki istifadəsində olan (**********07 reyestr nömrəli çıxarışla üst-üstə düşməyən) 0,23 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərarın qəbul edilməsinin başlıca hüquqi əsasını “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il, 818 nömrəli Fərmanı təşkil etmişdir. Belə ki, istinad olunan “Fərmanın” 2.3.4 və 2.3.5-ci bəndlərində ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Yəni, iddiaçının faktiki istifadəsində olan 0,50 ha torpaq sahəsinin 0,23 ha hissəsinə münasibətdə istinad olunan “Fərmanın” 2.3.4 və 2.3.5-ci bəndlərinin tətbiqi üçün hüquqi əsaslar müəyyən edildiyindən 0,23 ha torpaq sahəsinə münasibətdə iddiaçının subyektiv hüququnun mövcudluğu müəyyən edilmiş və cavabdeh orqanın inzibati praktikası nəzərə alınmaqla tələbə mahiyyəti üzrə baxılaraq təmin edilmişdir. Lakin, mübahisələndirilən 0,27 ha torpaq sahəsinin hüquqi rejimi fərqli olduğundan iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı JN-615 nömrəli Dövlət Aktında göstərilən torpaq sahəsini yox, Kürdəmiş və Cəyirli kənd sakinləri arasında mübahisə yarandıqdan sonra onun istifadəsinə verildiyini göstərdiyi (hər hansı hüquqi və texniki sənədlə təsdiq edilməyən) torpaq sahəsindən istifadə etməsini bildirir. Həmin torpaq sahəsindən istifadə ilə bağlı iddiaçı ilə Maraqlı şəxs (**********07 reyestr nömrəli çıxarış əsasında 1,89 ha torpaq sahəsinin mülkiyyətçisi) arasında mübahisə mövcuddur. Mübahisəli torpaq sahəsində müvafiq dürüstləşmə işlərinin aparılması birbaşa torpaq sahəsinin mülkiyyətçisi olan Maraqlı şəxs hüquqlarına toxunduğundan və sözügedən şəxslə iddiaçı arasında mübahisə mövcud olduğundan sözügedən “Fərman”ın mübahisəli torpaq sahəsinə tətbiqi istisna edilir (faktiki istifadə vəziyyətinin nəzərə alınması sözügedən “Fərman”ın 2.3.5-ci bəndinin tələblərinə ziddir). İddiaçı sözügedən torpaq sahəsindən nə vaxt və hansı əsasla istifadə etməyə başladığına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmin torpaq sahəsinə dair iddiaçının adına hazırlanmış hər hansı hüquq müəyyənedici və texniki sənəd mövcud olmadığından iddiaçının mübahisəli torpaq sahəsindən faktiki istifadəsinin heç bir hüquqi əsası müəyyən edilmir. Torpaq sahəsindən faktiki istifadə hər hansı əmlak hüququ yaratmadığından və konkret halda “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il, 818 nömrəli Fərmanının mübahisəli torpaq sahəsinə tətbiqi istisna edildiyindən hazırkı iddia tələbinin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququ da olmayacaqdır (0,27 ha torpaq sahəsinə münasibətdə faktiki istifadə - zəbtetmə faktı iddiaçının subyektiv hüququnun mövcudluğunu təsdiq edə bilməz). «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, mübahisələndirilən qərarın qəbulundan 21 ildən artıq müddət keçmişdir. Göyçay rayonu Kürdəmiş bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 08 saylı qərarı inzibati aktdır və həmin qərarın mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Bu zaman müddətlərin tətbiqi məsələsinə bələdiyyə qərarının qəbul olunduğu zaman qüvvədə olan hüquq normalarına əsasən hüquqi qiymət verilməlidir. Mübahisələndirilən qərarın qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. İddiaçı, sözügedən qərardan məlumatsız olduğunu bildirsə də, faktiki istifadəsində olan torpaq sahəsinin hüquqi taleyi ilə bağlı tərtib edilmiş sənədlərdən və həmin sənədlərin tərtib edilməsinə əsas olmuş digər sənədlərin məzmunundan mübahisəli daşınmaz əmlaka uzun müddət faktiki sahibliyi həyata keçirdiyinə görə məlumatlı olmalı idi. Belə ki, iddiaçı faktiki olaraq torpaq islahatı aparıldıqdan sonra həmin torpaq sahəsinin öz istifadəsində olmasını bildirir. Belə olan halda faktiki istifadə etdiyi torpaq sahəsinə dair tərtib edilmiş sənədlərin məzmunu ilə iddiaçının 21 il ərzində maraqlanmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hüquq və azadlığının pozulduğunu bilməli olduğu tarix onun həmin torpaq sahəsinə faktiki sahibliyi həyata keçirdiyi tarix hesab olunmalı və iddia müddətinin axımı da həmin vaxtdan hesablanmalıdır. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. İşin yuxarıda sadalanan hallarına əsasən məhkəmənin qənaətinə görə hazırkı iddia tələbinin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququ yoxdur. Hətta iddiaçının subyektiv hüququ mövcud olsa belə yenə də, bələdiyyə qərarının mübahisələndirilməsi müddətinin ötürülməsi iddia tələbinin mümkünsüzlüyünə səbəb olacaqdır. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş mümkünlük iclasında iddiaçıya izah edilərək, onun dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Göyçay rayonu Cəyirli Bələdiyyəsinə qarşı “Göyçay rayonu Kürdəmiş bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 08 saylı qərarının 0,27 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar