Məhkəmə qərarları › İş №e-2-1(116)-284/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-284/2023

18.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-284/2023 18.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X13 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayonu Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarı ilə Əliabad kənd sakini X12 alqı-satqı yolu ilə satılmış və X21 Kitabında xx.xx.2009-cu il tarixdə 44 nömrə ilə uçota alınaraq A254007 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş 0,18 ha torpaq sahəsinin 1541 kv.m hissəsinin koordinatlarına TEKUİS elektron baza məlumatlarında düzəliş edilməklə həmin 1541 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq mərhum atası X9 adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarı ilə Əliabad kənd sakini X12 alqı-satqı yolu ilə satılmış və X21 Kitabında xx.xx.2009-cu il tarixdə 44 nömrə ilə uçota alınaraq A254007 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş 0,18 ha torpaq sahəsinin TEKUİS elektron baza məlumatlarında düzəliş edilməsi və həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq X9 adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Zaqatala rayonu Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarı ilə Əliabad kənd sakini X12 0,18 ha istifadəsində olan torpaq sahəsinin satılması qərar alınmış, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin və DTXK Zaqatala rayon şöbəsinin müsbət rəyi nəzərə alınaraq bələdiyyə mülkiyyətinə aid olması, yaşayış məntəqələri hüdudları daxilində yerləşməsi nəzərə alınaraq X1. Qeyd edilən torpaq sahəsinin satılmasına dair alqı-satqı Aktı əsasında torpağın dəyəri bələdiyyənin hesabına köçürüldükdən sonra torpaq sahəsi X21 Kitabında xx.xx.2009-cu il tarixdə 44 nömrə ilə uçota alınaraq A № 254007 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş, yerquqruluşu planı Əliabad Bələdiyyəsi və DTXK Zaqatala rayon şöbəsi tərəfindən möhürlə təsdiqlənərək verilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********55 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin xidməti istifadəsində olan elektron baza xəritələrində Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında yerləşən 0,18 ha torpaq sahəsinin yerləşdiyi ərazi dövlət mülkiyyəti kimi qeyd olunmuşdur. Məsələnin daha dəqiq araşdırılması üçün qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyətinə aid olub-olmamasına münasibət bildirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinə 08 iyul 2022ci il tarixli ********** saylı məktubla müvafiq sorğu göndərilmişdir. Həmin sorğu Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsi tərəfindən 15 iyul 2022-ci il tarixli, ********** saylı məktubla cavablandırılmış və həmin torpaq sahəsinin TEKUİS baza məlumatlarına əsasən dövlət mülkiyyətinə ad olduğu bildirilmişdir. Cavabdeh qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və ona Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinə müraciət etməsini tövsiyə etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********49 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə iddia tələbinə dair yazılı münasibətini bildirmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2-1(116)-1908/2022 nömrəli qərardadı ilə Zaqatala rayonu Əliabad bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-284/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, həmçinin Zaqatala rayonu Əliabad qəsəbə sakini X4 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. İş üzrə üçüncü şəxs Zaqatala rayon Əliabad bələdiyyəsi məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 67 nömrəli məktubunda qeyd etmişdir ki, Zaqatala rayonu Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarı ilə Əliabad qəsəbə sakini X12 alqısatqı yolu ilə satılmış və X21 kitabında xx.xx.2009-cu il tarixdə 44 nömrə ilə uçota alınaraq N seriyalı 254007 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş 0,18 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olub son uçot xəritələri hazırlanan zaman hansısa səbəbdən dövlət mülkiyyəti kimi qeyd olunmuşdur. İş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Zaqatala rayonu Əliabad qəsəbə sakini X4 tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddianın N.Orucovun adına qeydə alınması tələb olunan 0,18 ha torpaq sahəsinin X3 mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış 286 kv.m torpaq sahəsi ilə üst-üstə düşən hissəsinin mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, cavabdehin 3-21-3-47/2-1018/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, Zaqatala rayonu, Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 nömrəli qərarına əsasən ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş A serialı, 254007 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən 1800 kv.m torpaq sahəsinin 286 kv.m hissəsi X4 və onun ailə üzvlərinin adına **********6 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilinə düşür. Odur ki, iddiaçı hüquqi marağına uyğun olaraq həmin 286 kv.m hissədə də torpaq sahəsinin qeydə alınması üçün ilk növbədə X4 və onun ailə üzvlərinin adına **********16 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib olunmuş çıxarışı həmin (üst-üstə düşən) hissədə mübahisələndirməli, çıxarışın həmin hissədə ləğvinə nail olduğu təqdirdə 0,18 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməlidir. Belə ki, artıq mübahisəli torpaq sahəsinin bir hissəsi üzərində X4 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından onların adına verilmiş çıxarış həmin hissədə ləğv edilmədən iddiada qeyd olunan 0,18 ha torpaq sahəsinin 286 kv.m hissəsi üzərində yenidən qeydiyyatın aparılması yolverilməzdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, “Zaqatala rayonu Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarı ilə Əliabad kənd sakini X12 alqı-satqı yolu ilə satılmış və X21 Kitabında xx.xx.2009-cu il tarixdə 44 nömrə ilə uçota alınaraq A254007 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş 0,18 ha torpaq sahəsinin 1541 kv.m hissəsinin koordinatlarına TEKUİS elektron baza məlumatlarında düzəliş edilməklə həmin 1541 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq mərhum atası X9 adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-284/2023 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə, məhkəmə iclasından qabaq saat 09:15-də ərizə təqdim edərək, təyin olunmuş məhkəmə iclasına yolun uzaq olması və işləri ilə əlaqədar gələ bilməyəcəyini bildirmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-284/2023 nömrəli qərardadı ilə icraata qəbul olunmuş iddia tələbini müdafiə etdiyini və iştirakı olmadan işə baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı və üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Zaqatala rayon 2 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 1074 nömrəli məktubuna əlavə olunmuş: 017088 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X9 vərəsələri arvadı X20, oğlu X10, oğlu İddiaçı Nürəddin oğlu və qızı X5r. Miras əmlak xx.xx.2019-cu il tarixdə X12 verilmiş **********07-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Əliabad qəsəbəsində yerləşən ümumi sahəsi 911,3 ha olan əmlak kompleksi kimi müəssisə və 0,10419 ha torpaq sahəsindən ibarətdir. “Miras payın bağışlanması” barədə xx.xx.2019-cu il tarixli sənədin surətindən görünür ki, X20, İddiaçı və X11 ümumi sahəsi 911,3 ha olan əmlak kompleksi kimi müəssisə və 0,10419 ha torpaq sahəsindən özlərinə məxsus hissəni X6 bağışlamışlar. Cavabdehin etiraz məktubuna əlavə olunmuş: Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin cavabdehə ünvanladığı məktubda qeyd olunur ki, 0,18 ha torpaq sahəsi TEKUİS baza məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti kimi əks olunmuşdur. DTXK Zaqatala rayon şöbəsinin xx.xx.2006-cı il tarixli, 208 nömrəli rəyindən görünür ki, X2 nəzərdə tutulan torpaq sahəsi 0,18 ha olmaqla Əliabad bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. “Torpaqların alqı-satqısına dair” aktın surətindən görünür ki, X12 Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 nömrəli qərarı ilə 0,18 ha torpaq sahəsi ayrılmış, torpaq sahəsinin dəyəri bələdiyyənin bank hesabına ödənilmişdir. Aktın tərtib olunma tarixi qeyd olunmamış, lakin Zaqatala rayon Torpaq şöbəsində xx.xx.2006-cı il tarixdə 148-ci nömrə ilə qeydiyyata alınmışdır. A seriyalı 254007 nömrəli, X21 kitabında xx.xx.2009-cu il tarixdə 44-cü nömrə ilə uçota alınmış plan-ölçü sənədinin surətindən görünür ki, X12 Zaqatala rayon Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarı ilə 1800 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün verilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-2350/2023 nömrəli məktubuna da keçmiş DTXK tərəfindən tərtib olunmuş A 254007 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş arxiv nüsxəsi əlavə olunmuşdur. Zaqatala rayon Dövlət Arxivinin 101 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş Zaqatala rayon Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 6 nömrəli iclas protokolunun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, protokolun 7-ci bəndində qeyd olunur ki, “Əliabad qəsəbə sakini X15 bələdiyyə torpaq sahəsindən 1,80 ha torpaq sahəsini 99 (doxsan doqquz) il müddətinə icarəyə verilməsi barədə ərizəsi, hər il icarə haqqı ödəmək şərtilə verilsin”. Protokolun 8-ci bəndində qeyd olunur ki, “Əliabad qəsəbə sakini X15 hal-hazırda istifadə etdiyi 0,18 ha bələdiyyə torpaq sahəsini alqı-satqı yolu ilə satılması barədə ərizəsi nəzərə alınsın”. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-1018/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, Zaqatala rayonu, Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1800 kv.m torpaq sahəsi 0,2321 ha olmaqla TEKUİS elektron baza məlumatlarında kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikinti altında olan torpaqlara və mülkiyyət növü dövlət mülkiyyəti kimi işlənilmişdir. İddiaçının naturada istifadə etdiyi 0,2321 ha torpaq sahəsi hər-hansı bir başqa şəxslərin mülkiyyətinə verilən torpaq sahələri ilə üst-üstə düşmür. Zaqatala rayonu, Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarına əsasən ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş A№ 254007 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən 1800 kv.m torpaq sahəsinin 286 kv.m hissəsi X4 və onun ailə üzvlərinin adına **********6 reyestr nömrəli hüquqları dövlət reyestrində qeydə alınmış 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilinə düşür. Həmin torpaq sahəsinin faktiki istifadə vəziyyəti, ölçüləri, koordinatları, yerləşmə vəziyyəti və DTXK tərəfindən tərtib edilmiş A№ 254007 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən 1800 kv.m torpaq sahəsinin ölçüləri, koordinatları, yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Məhkəmə iclasında iş üzrə verilmiş mütəxəssis rəyinin aydınlaşdırılması məqsədilə sualları cavablandırmış mütəxəssis X7 bildirmişdir ki, mübahisəli torpaq sahəsi hazırda torpaqların elektron kadastr uçotu informasiya sistemində dövlət mülkiyyəti kimi qeyd olunmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-1563/2023 nömrəli məktubuna əlavə olunmuş: Mübahisəli torpaq sahəsi ilə üst-üstə düşüdüyü bildirilən torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixdə tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Əliabad qəsəbəsində yerləşən 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. Sənədin tərtib olunmasına əsas: Zaqatala RİH başçısının xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamı, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərarı. xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Əliabad qəsəbəsində yerləşən 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları.( 9-cu maddə). 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. Həmçinin torpaq üzərində sərəncam vermək hüququ yalnız olnun mülkiyyətçisinə aiddir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması nəticəsində və müvafiq mütəxəssis rəyinə istinadən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. İddiaçı tələbini əsaslandırmaq üçün bələdiyyə qərarı əsasında mübahisəli torpaq sahəsinin X9 adına satılmasına istinad etsə də, məhkəmə hesab edir ki, torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlar dairəsinə aid olduğundan, bələdiyyənin həmin torpaq sahəsinə münasibətdə sərəncam vermək hüququ olmamışdır. Odur ki, səlahiyyəti olmadığı halda bələdiyyə tərəfindən dövlət mülkiyyətində olan torpaq sahəsinin satılmasına dair qəbul edilmiş qərara əsaslanan iddia tələbi əsassızdır. Həmçinin işin hallarının araşdırılması zamanı mübahisəli torpaq sahəsi ilə 286 kv.m hissədə üst-üstə düşüdüyü müəyyən edilən torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixdə tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq olunmuş arxiv nüsxəsinə əsasən də müəyyən edilmişdir ki, X3 xüsusi mülkiyyətində olan, Əliabad qəsəbəsində, eyni ərazidə yerləşən 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair sözügedən sənədin tərtib olunmasına əsas Zaqatala RİH başçısının xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamı, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərarı, yəni dövlət mülkiyyətində olan torpaq sahəsinə münasibətdə sərəncam hüququnun həyata keçirilməsi əsası qismində müvafiq icra hakimiyyəti orqanının qərarı çıxış etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia ərizəsindən və iddiaçının ilkin müraciətdindən də göründüyü kimi, iddia mübahisəli torpaq sahəsinin iddiaçının mərhum atasının adına qeydə alınmasında ifadə olduğundan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin göstərişləri baxımından hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışıın verilməsində ifadə olunan normanın tələb iddia ərizəsi ilə əhatə olunmaqdadır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayonu Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarı ilə Əliabad kənd sakini X12 alqı-satqı yolu ilə satılmış və X21 Kitabında xx.xx.2009-cu il tarixdə 44 nömrə ilə uçota alınaraq A254007 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş 0,18 ha torpaq sahəsinin 1541 kv.m hissəsinin koordinatlarına TEKUİS elektron baza məlumatlarında düzəliş edilməklə həmin 1541 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq mərhum atası X9 adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar