Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2858/2023 15.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, iddiaçıya Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(112)-12237/2023 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu iddiaçı, onun vəkili və nümayəndəsinə ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərlərinə çatdırılmışdır ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, hazırkı iddia ərizəsində cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçıya “müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələb edilsə də, iş materialları və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə “iddiaçının N nömrəli hərbi hissədə xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək xidməti barədə arxiv arayışının verilməsinə köməklik göstərilməsi” ilə bağı müraciət etmiş, cavabdeh tərəfindən həmin ərizəyə əsasən xx.xx.2022-ci il tarixli, 4/2-7274 nömrəli arxiv arayışı təqdim edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə hazırkı tələblə bağlı müraciət olunmasını təsdiq edən sənəd və cavabdehin bu məsələ ilə bağlı iddiaçının müraciətinə imtinası əlavə edilmədiyindən, qaldırılmış iddia üzrə cavabdehin münasibəti məlum deyildir. İddiaçı və onun nümayəndəsinin (vəkilinin) nəzərinə çatdırılmışdır ki, ilk öncə hazırkı tələblə cavabdehə müraciət olunmalı, müraciət cavabsız saxlanıldığı halda müraciətin göndərilməsi barədə müvafiq poçt qəbzi, müraciətin təmin olunmasından imtina olunduğu halda isə cavabdehin imtina məktubunun əsli məhkəməyə təqdim edilməlidir. Məhkəmə zəruri qaydada tələb etmişdir ki, imtina məktubu iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2023-cü il tarixdən əvvələ aid olmalıdır. Məhkəmənin hüquqi yardım məktubunda iddiaçıya cavabdehə hazırkı tələblə müraciət etməsini təsdiq edən sənədin və ya cavabdehin imtinasının əslini beş gün müddətində Şəki İnzibati Məhkəməsinə təqdim etməsi və qeyd olunanlara yazılı münasibət bildirməsi təklif olunmuşdur. İş materiallarında olan poçt göndərişlərinin izlənilməsi sənədlərindən görünür ki, sözügedən yardım məktubu iddiaçının nümayəndəsi və vəkili tərəfindən xx.xx.2023-cü il tarixdə, iddiaçı tərəfindən isə xx.xx.2023-cü il tarixdə alınmışdır. Lakin ötən müddət ərzində məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmiş, nöqsan aradan qaldırılmamışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən hazırkı tələblə bağlı cavabdehə heç bir müraciət edilməmiş, müraciətin təmin edilməsindən imtina olunmasına dair müvafiq məktub iş materiallarına əlavə olunmamışdır. Həmçinin iş materiallarında olan cavabdehin xx.xx.2023-cü il tarixli 3- 25-4/2-4388/2023 nömrəli etiraz məktubunda da iddiaçının hazırkı tələblə cavabdehə müraciət etmədiyi qeyd olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya, eləcə də onun nümayəndəsi və vəkilinə hüquqi yardım edilərək, qanunveriliciyin tələbləri izah olunmuş və hazırkı iddianın mümkünlük şərtlərinə cavab vermədiyi bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdehə müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır. Odur ki, iddiaçının hazırkı tələbə dair iddiası mümkün sayılmamalıdır. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Müvafiq imtina cavabı alındıqdan sonra yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edilə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №e-2-1(116)-2858/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2858/2023
15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver