Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-286/2023 01.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “Zaqatala İstehsalat kombinatında işlədiyi xx.xx.1973-cü ildən xx.xx.2001-ci il tarixədək olan dövrü-illərin sığorta stajı kimi nəzərə alınaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixindən sonra dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı “Zaqatala İstehsalat kombinatında işlədiyi xx.xx.1973-cü ildən xx.xx.2001-ci il tarixədək olan dövrü-illərin sığorta stajı kimi nəzərə alınaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixindən sonra dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur. İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yaşa görə 268.61 manat əmək pensiyası almışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən onun əmək pensiyasını dayandırılmış və hər ay artıq ödənilmiş məbləğ ona təyin edilmiş sosial müavinətdən çıxılır.Hazırkı tələblə bağlı cavabdehə müraciət etmiş,inzibati orqanın xx.xx.2022-ci il tarixli məktubuna əsasən tələbi təmin olunmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli etirazını belə əsaslandırmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır. Cavabdeh öz etirazını aşağıdakı kimi əsaslandırmışdır : İddiaçıya yaşa görə pensiya 60 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir. Lakin xidməti yoxlama zamanı 1994-2001-ci il tarixlərdə İddiaçı əmək haqqı ödənilmədiyi müəyyən olunmuşdur. Belə olan halda İddiaçı 20 il 04 ay sosial sığorta stajına malik olduğu və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün yaşa görə əmək pensiyası dayandırılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 130 manat xx.xx.2022-ci il tarixdən müddətsiz olaraq 180 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək artıq ödənilmiş məbləğin tutulma aparılması barədə xx.xx.2022-ci il tarixli 36175 nömrəli qərar qəbul olunmuşdur. Bundan sonra iddiaçı ona təyin edilmiş əmək pensiyasının bərpa edilməsinə dair Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala müraciət etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə baxılaraq yuxarıda qeyd etdiyimiz xüsusatlar göstərilməklə xx.xx.2022-ci il tarixli **********7 nömrəli imtina cavabı verilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2022-ci il tarixli **********7 nömrəli imtina məktubundan görünür ki,iddiaçının ilkin müraciəti təmin olunmamışdır. - İddiaçıya məxsus ******* nömrəli xx.xx.2001-ci il tarixdə doldurulduğu göstərilən Əmək kitabçası; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubu; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X4 filialının xx.xx.2022ci il tarixli 232 nömrəli məktubundan görünür ki, X2 tikiş sexinin sənədləri X4 filialına təhvil verilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********265800 nömrəli məktubundan görünür ki, X3 daha əvvəllər fəaliyyət göstərmiş tikiş sexinin bazasında yaradılmış və nizamnaməsi “Xalq üçün mallar” Dövlət Konserni tərəfindən xx.xx.1993-cü il tarixdə təsdiq edilmişdir. xx.xx.1998-ci ildə vergi uçotuna alınaraq ********* nömrəli vöen almışdır. ünvan 1 ünvanında fəaliyyət göstərmişdir. Dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar 2004-cü ildə əmlakı tamamilə özəlləşdirilərək ləğv edilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 110 nömrəli məktubundan görünür ki, X1 1973-cü ilin əmr kitabları araşdırılmış, vətandaşın işə girmə əmri aşkar edilməmişdir. 2001-ci ilin əmr kitabı rayon Dövlət Arxivində saxlanılmadığından həmin il barədə məlumat verilməsi mümkün olmamışdır. Həmin idarənin əmək-haqqı cədvəlləri rayon Dövlət Arxivində tam şəkildə saxlanılmadığından yerdə qalan illər barəsində məlumat verilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 119 nömrəli məktubundan görünür ki, X1 (tikiş sexi) 1973-1989-cu (aprel) illərə aid arxivdə mövcud olan sənədlər araşdırılmış,bu zaman İddiaçı haqqında heç bir məlumat aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır.Lakin iddia mahiyyət etibarı ilə əsassızdır. Məhkəmə aşağıdakı qanunvericilik aktlarının müddəalarını hazırkı iddia tələbinə tətbiq edərək iddianı əsassız hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnaməyə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 1.1-ci hissəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları” haqqında Qanunun : 1.0.2 sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı tələb hüququnun əsası olaraq öz adına xx.xx.2001-ci ildə tərtib edilmiş ******* nömrəli əmək kitabçasını məhkəməyə təqdim etmişdir.Təqdim edilmiş əmək kitabçasına baxış keçirilərkən müəyyən edilmişdir ki, əmək kitabçasının 2-ci səhifəsində olan 1-ci qeyd iddiaçının xx.xx.1973-cü il tarixli 154 nömrəli Əmrə əsasən X1 tikiş sexinə tikişçi kimi qəbul edilməsi barədədir.Müvafiq qeydin mötəbərliyi şübhə doğurmuşdur. Belə ki,Zaqatala Rayon Dövlət Arxivinin verilmiş sorğuya cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli məktubunda iddiaçının adının 1973-cü ilə aid əmr kitablarında aşkar olunmadığı bildirilmişdir. Həmin kitablar arxivdən tələb olunaraq onlara baxış keçirilərkən aşkar olunmuşdur ki, X1 25 iyul 1973-cü il tarixindən 19 sentyabr 1973-cü il tarixini əhatə edən Əmrlər kitabında,eləcə də həmin ilə aid olan digər kitablarda iddiaçı barədə hər hansı qeyd aparılmamışdır.İddiaçının işə daxil olduğunu əsaslandığı əmək kitabçasının 2-ci səhifəsində olan 17 avqust 1973-cü il tarixli 154 nömrəli Əmr qeyd olunan Əmrlər kitabında ümumiyyətlə olmamışdır. Qeyd olunan Əmrlər kitabının 22-ci səhifəsində kombinatın digər beş əməkdaşı barəsində 20 avqust 1973-cü il tarixli 154 nömrəli əmr imzalanmışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələb olunan 25 il sığorta stajına malik olmadığından ona yaşa görə əmək pensiyası təyin edilməli deyildir. Həmçinin,məhkəmə qeyd edir ki, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır ki, iddiaçının da həmin tarixə pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “Zaqatala İstehsalat kombinatında işlədiyi xx.xx.1973-cü ildən xx.xx.2001-ci il tarixədək olan dövrü-illərin sığorta stajı kimi nəzərə alınaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixindən sonra dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №e-2-1(116)-286/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-286/2023
01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver