Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2980/2023 21.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər idarəsinin Cavabdeh MMC-yə “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 120000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 120000 manat dəyərində siyahıya alınmış əmlakının Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər idarəsinin Cavabdeh MMC-yə “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 120000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 120000 manat dəyərində siyahıya alınmış əmlakının Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən müəyyən edilir ki, vergi ödəyicisi olan Cavabdeh MMC-nin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müdətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə yaranan 120000 manat “BMW” minik markalı 10AZ665 qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla ümumilikdə 120.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********7 saylı Protokollar tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçı tərəfindən “Əmlakın siyahıya alınması” xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. - “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli **********9 nömrəli protokolundan görünür ki, cavabdehə məxsus qiyməti 120.000 manat olan “BMW” minik markalı 10AZ665 qeydiyyat nömrəli avtomobil cəmi 120.000 manat dəyərində əmlak iddiaçı tərəfindən siyahıya alınmışdır. - “Fiziki şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh (VÖEN **********) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər idarəsində qeydiyyatdadır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iddiaçı iddia ərizəsinə əlavə edilmiş ərəzində iştirakları olmadan baxılmasını xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Vergi Məcəlləsinin 89-cu maddəsi (əmlakın siyahıya alınması): 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Məhkəmə araşdırması zamanı mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasına dair səbəblər aşkar edilməmişdir. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin müddəalarına əsasən vergi orqanı əməkdaşı fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının işin hallarına tətbiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki,Vergi Məcəlləsinin 89.6-cı maddəsində vergi orqanı tərəfindən əmlakın siyahıya alınmasının həmin Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla ardıcıllığı müəyyən edilmişdir. Qeyd olunan müdəalara əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Göstərilən müddəalara əsasən vergi orqanı yalnız vergi öhdəliyinin yerinə yetirilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlakın satılması barədə məhkəməyə müraciət edə bilər. İşdə olan sənədlərlə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli **********9 №-li “əmlakın siyahıya alınması haqqında” qərar əsasında cavabdehin əmlaklarının siyahıya alınması qərara alınmışdır. Əmlakların siyahıya alınmasının həyata keçirilməsi DVM X1 tapşırılmışdır. Daha sonra cavabdehin sahibliyində “BMW” minik markalı 10AZ665 qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmiş və sözügedən əmlakın siyahıya alınması məqsədilə cavabdeh xx.xx.2023-cü il tarixə 2 saylı ƏVBİ-nə dəvət olunmuşdur. Bununla belə cavabdehin nümayəndəsinin satılması nəzərdə tutulan əmlakı siyahıya alınmaya təqdim etməsinə dair iş materiallarında hər hansı sənəd mövcud deyil. İddiaçı tərəfindən vergi ödəyicisinin iştirakı olmadan ona məxsus “BMW” minik markalı, 10AZ665 qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi siyahıya alınaraq xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. Yəni, siyahıya alınmış əmlak barədə məlumatlar yalnız elektron sistem məlumatlarından ibarət olmuş, cavabdeh tərəfindən əmlak iddiaçıya təqdim edilməmiş, daşınar əmlakın faktiki vəziyyəti, satış üçün yararlı olub-olmaması, öz əmtəə xassəsini itirib-itirməməsi ümumiyyətlə araşdırılmamış, əmlakın faktiki olaraq mövcud olub-olmaması müəyyən edilmədən siyahıyaalma həyata keçirilmişdir. Məhkəmə icraatı zamanı da iddiaçı həmin əmlakın naturada mövcudluğu və real vəziyyəti ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. Göründüyü kimi Vergi Məcəlləsinin 90.1-ci maddəsi vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyini yerinə yetirmədikdə, dəyəri 5000 manatdan artıq olmayan siyahıya alınmış daşınar əmlaklarının ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün vergi orqanının məhkəməyə müraciət etmək hüququnu təsbit etmişdir. Hazırkı işdə isə vergi orqanı tərəfindən faktiki olaraq Vergi Məcəlləsinin 89-cu maddəsinin tələblərinə əməl edilmədiyindən “BMW” minik markalı, 10AZ665 qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi siyahıya alınması faktiki olaraq həyata keçirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16, 40, 43 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər idarəsinin Cavabdeh MMC-yə “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 120000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 120000 manat dəyərində siyahıya alınmış əmlakının Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №e-2-1(116)-2980/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2980/2023
21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver