Məhkəmə qərarları › İş №e-2-1(116)-311/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-311/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-311/2023 18.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “24 il 10 ay 18 gün kolxozda iş stajı və 2020-ci ilin noyabr və dekabr aylarında Məşğulluq Mərkəzində işlədiyi 2 ay əmək stajı nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-1033/2021 nömrəli, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(107)-75/2022 nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 792/2022 nömrəli qərarları ilə müəyyən edilmiş 24 il 10 ay 18 gün əmək stajı və 2020-ci ilin noyabr və dekabr aylarında Məşğulluq Mərkəzində işlədiyi 2 ay əmək stajı nəzərə alınmaqla ona 2021-ci ilin yanvar ayının 1-dən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx xxx 1955-ci il tarixdə doğulmuşdur. Əmək pensiyaları haqqında Qanuna əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ 64 yaş 6 ay bitəndə, yəni xx.xx.2019-cu il tarixdə yaranmışdır. İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün cavandeh təşkilata müraciət etmiş, cavabdeh təşkilat imtina etdiyinə görə o, Şəki İnzibati Məhkəməsinə müraciət etmiş ki, işlədiyi illəri sığorta stajına daxil etməklə ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilsin. 2020-ci ilin sentyabr ayında başlayan məhkəmələr 2 il davam etdikdən sonra 2022-ci ilin iyun ayında yekunlaşmışdır. Məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, iddiaçının 2019-cu ilin noyabr ayınadək olan ümumi əmək stajı 24 il 10 ay 18 gün təşkil edir. Bu əmək stajı isə tələb olunan 25 il sığorta stajından az olduğuna görə məhkəmədə iddiaçının iddia ərizəsi təmin edilməmişdir. Lakin məhkəmələr iddia ərizəsini araşdırarkən və məhkəmədən əvvəl cavabdeh təşkilat iddiaçının əmək stajını hesablayarkən 2020-ci ildə işlədiyi noyabr və dekabr aylarını nəzərə almamışlar. Buna görə də iddiaçının 25 il əmək stajı bitməmişdir. Məhkəmələr yekunlaşdıqdan sonra iddiaçı bilmişdir ki, 2020-ci ildə işlədiyi 2 ay nəzərə alınmamışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********3 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim edilmiş hərbi biletin surətinə və X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən iddiaçının sığorta stajı (xx.xx.1973-cü il tarixindən xx.xx.1975ci il tarixinədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla) 2 il 2 ay təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Ələvə olaraq bildirilir ki, Şəki İnzibati Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi" barədə iddiaçının qaldırdığı iddia təmin olunmamışdır. Nəticədə, müraciət zamanı təqdim edilmiş arxiv arayışında qeyd olunmuş Zaqatala rayonu Bəhmətli kəndi “Kalinin” adına kolxozdakı əmək fəaliyyəti dövrlərinin sığorta stajı kimi ümumi sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixindən 130,00 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022ci il tarixindən 180 manata çatdırılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********7 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zaman nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: • Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; • Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmş şərtləri ödəmir. İddiaçının xx.xx.2006-cı il tarixinədək 2 il sığorta stajına uyğun olaraq 1.626,26 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 93,92 manat olmaqla, ümumilikdə 1.720,18 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. (28.800 manat - xx.xx.2021-ci il tarixinə münasibətdə) Əlavə olaraq Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının mübahisəli olmayan sığorta stajı onun təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək 2 il, X1 Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 2 ay əmək fəaliyyəti dövrü olmaqla ümumilikdə 02 il 02 ay təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 288 nömrəli arxiv arayışına əsasən 1970-1996-cı illərdə Zaqatala rayonu Bəhmətli kənd “Kalinin” kolxozunda işlədiyini iddia etdiyi dövrlərdir. Aşağıdakı əsaslara görə sözügedən arayış mötəbər hesab edilməməli və həmin dövrlərin onun sığorta stajına daxil edilməsi mümkün hesab edilməməlidir:

1. İddiaçının 16 yaşı xx.xx.1971-ci il tarixində tamam olmuşdur. Həmin dövrdə qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 193-cü maddəsinə əsasən, 16 yaşı tamam olmamış şəxslərin əmək fəaliyyəti ilə məşğul olması qadağan edilmişdir. Buna baxmayaraq, arayışda iddiaçının 1970-ci ildə 206 adam günü işlədiyi qeyd edilmişdir. Həmçinin sözügedən arayışın Qeyd hissəsinə əsasən 1970-ci ilin əməkhaqqısında qaralama olduğu aşkar edilmişdir;

2. İddiaçı xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək Sovet ordusunda müddətli həqiqi hərbi xidmət keçmişdir. Halbuki arayışda 1974-cü ildə 173 adam günü işləməsi qeyd edilmişdir. Həmçinin arayışın Qeyd hissəsinə əsasən 1974-cü ildə hərbi xidmətdə olmasına baxmayaraq iddiaçıya 357 rubl əməkhaqqı yazıldığı aşkar edilir;

3. Bir ilin 365 (366) gündən ibarət olmasına baxmayaraq, arayışda iddiaçının 1977ci ildə 389 adam günü işlədiyi qeyd edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.1-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajına əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı - həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən daxil edilir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.1-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq kolxozlarda əmək fəaliyyəti dövrü 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajına kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə kolxozçunun əmək kitabçası) əsasən daxil edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (bundan sonra - “Qaydalar”) 3-cü hissəsində Sosial sığorta stajının hesablanması proseduru tənzimlənmişdir. Həmin Qaydaların 3.1.2-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajına daxil edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 №-li qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 288 nömrəli arxiv arayışının mötəbər sübut kimi qiymətləndirilməsi və həmin arayışda qeyd edilən dövrlərin iddiaçının sığorta stajına daxil olunması mümkün hesab edilməməlidir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “24 il 10 ay 18 gün kolxozda iş stajı və 2020-ci ilin noyabr və dekabr aylarında Məşğulluq Mərkəzində işlədiyi 2 ay əmək stajı nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət surətinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. İddiaçının yaşa görə əmək pensiyası hüququ 64 yaşda, yəni xx.xx.2019-cu il tarixdə yaranmışdır. Lakin iddiaçının həmin tarixə pensiya kapitalı və ya tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığından o, əmək pensiyası hüququnun xx.xx.2021-ci il tarixdən yaranmış olduğunu iddia edir. Belə ki, iddiaçı 2020-ci ilin noyabr və dekabr aylarında da Məşğulluq Mərkəzində işləmiş və belə olduğu halda onun əmək pensiyası almaq hüququ xx.xx.2021-ci il tarixdən yaranmış olur. Cavabdehin etiraz məktubuna əlavə olunmuş: Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 288 nömrəli arxiv arayışından görünür ki, iddiaçı 1970-1996-cı illərdə Bəhmətli kənd “Kalinin” adına kolxozda işləmişdir. Onun işləmiş olduğu illər üzrə minimum adam günü norması və işlənmiş adam günü barədə məlumatlar arxiv arayışında öz əksini tapmışdır. Arxiv arayışında göstərilən 1974-cü il üzrə məlumatlar onun hərbi xidmətdə olduğu dövrlə üstüstə düşdüyündən məhkəmə hesab edir ki, həmin müddət nəzərə alınmamalıdır. SHXÇDX-nin Zaqatala rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 296 nömrəli arayışında qeyd olunur ki, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək keçmiş Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı adı qeyd olunmuş illər üzrə pensiya kapitalına dair cədvəldən görünür ki, iddiaçı 2020-ci ilin noyabr və dekabr aylarında işləmiş və pensiya kapitalı qazanmışdır. Şəki İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(116)-1033/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarda (hakim V.Musayev) məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı 1973, 1978-1992-ci illərdə minimum adam günü normasını yerinə yetirmişdir ki, həmin müddət bütövlükdə 16 ilə bərabərdir. 1970-1972, 1976-1977, 1993-1996-cı illərdə isə iddiaçı minimum adam günü normasından az işləmişdir. Odur ki, həmin illər üzrə əmək stajı müvafiq olaraq aşağıdakı qaydada hesablanmalıdır: 206+208+67+170+146+177+195+150+195= 1514/220 = 6,88. Yəni 6 il, 10 ay, 18 gün. İddiaçının minimum adam günü normasında yerinə yetirdiyi 16 ilin üzərinə 6 il, 10 ay, 18 gün və iddiaçının hərbi xidmətdə olduğu 2 ili gəldikdə iddiaçının əmək stajı 24 il, 10 ay, 18 gün olur ki, bu da tələb olunan 25 il sığorta stajından azdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası da xx.xx.2022-ci il tarixli, 2- 1(107)-74/2022 nömrəli qərarında birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-1033/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 792/2022 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)- 74/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qərarında kassasiya instansiyası məhkəməsi mövqeyində qeyd etmişdir ki, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir. İddiaçı 1970-1974, 1976-1996-cı illərdə Zaqatala rayonu Bəhmətli kənd keçmiş “Kalinin" adına kolxozda işləmişdir. Arxiv sənədlərində iddiaçının kolxozda işlədiyi hər bir il üzrə həm faktiki iş norması, həm də minimum əmək (adam) iştirakı (günü) norması qeyd edilmişdir. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanunu və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Məhkəmələr haqlı olaraq iddiaçının kolxozda işlədiyi minimum əmək iştirakı normasına əməl olunduğu illəri tam il kimi, minimum əmək iştirakı normasına əməl olunmadığı illəri isə faktik müddət üzrə nəzərə almış və ümumi stajı 24 il 10 ay 18 gün müəyyən etmişdir. Hazırkı iş üzrə araşdırmanın nəticəsi olaraq məhkəmə eyni mövqedən çıxış edərək qeyd edir ki, ilkin məhkəmə araşdırması ilə iddiaçının müəyyən edilmiş 24 il 10 ay 18 gün ümumi stajı 2020-ci il üzrə toplamış olduğu iki aylıq iş stajı ilə birlikdə 25 illik ümumi iş stajı tələbini ödəməkdədir. Belə ki, işin göstərilən xüsusatları məhkəmə araşdırması və iş materialları ilə öz təsdiqini tapmaqdadır. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, xx.xx.1955-ci il təvəllüdlü iddiaçının yaşa görə əmək pensiyası hüququ 64 yaşda, yəni xx.xx.2019-cu il tarixdə yaranmış, lakin həmin tarixə pensiya kapitalı və ya tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığından ona pensiya təyinatından imtina olunmuşdur. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1955-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olumasını tələb etdiyi xx.xx.2022-ci il tarixə artıq kişilər üçün müəyyən edilmiş yaş həddinə çatdığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının təhsil və əmək kitabçasına əsasən əmək fəaliyyəti düvrü, kolxozda iş stajı və 2020-ci ilin noyabr və dekabr aylarında Məşğulluq Mərkəzində işlədiyi müddət nəzərə alınmaqla ümumilikdə 25 il 18 gün iş stajı vardır. Cavabdeh tərəfindən isə göstərilən məlumatların mötəblərliyinin şübhə altına alınması əsassızdır. İddiaçı iddia tələbində məhz hüququnun yarandığı, yəni sosial sığorta stajının tamamlandığı xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 24 il 10 ay 18 gün kolxozda iş stajı və 2020-ci ilin noyabr və dekabr aylarında Məşğulluq Mərkəzində işlədiyi 2 ay əmək stajı nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar