Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-3147/2024 15.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri Günəşli massivinin 6-cı küçəsində yerləşən 56 nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir şəhəri Günəşli massivinin 6-cı küçəsində yerləşən 56 nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən, Mingəçevir şəhəri Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin “Bahar” Birgə bağçılıq təsərrüfatı tərəfindən verilmiş Mingəçevir şəhəri Günəşli massivinin 6-cı küçəsində yerləşən 56 №-li bağ sahəsi xx.xx.2012-ci il tarixdən iddiaçıya məxsusdur. Belə ki, Mingəçevir şəhəri X4 İcraiyyə komitəsinin 22 sentyabr 1988-ci il tarixli 318 №-li qərarı ilə ümumi sahəsi 500 m olan 56 №-li bağ sahəsi X2 verilmişdir. X3 ilə iddiaçı arasında 02 noyabr 2012-ci il tarixdə alqı-satqı həyata keçirilmiş və qeyd edilən bağ sahəsi üçün 4000 ABŞ dolları məbləğində pul vəsaitini X2 vermiş, sonuncu isə əvəzində həmin bağ sahəsini iddiaçının mülkiyyətinə vermişdir. Həmin vaxt iddiaçı bu əqdi AR-İ № 195389 saylı etibarnamə ilə rəsmiləşdirmişdik. Həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdehə müraciət etdim. Lakin həmin idarə xx.xx.2024-cü il tarixli 3-21- 3-35/2-M-0119- 8/2024 saylı məktubla bir sıra əsas göstərməklə dövlət reyestrindən çıxarışın, plan və ölçünün verilməsindən imtina etmişdir. İmtina məktubunda bağ sahəsini aldığı X1 adının Mingəçevir şəhəri Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin “Bahar” kollektiv bağçılıq təsərrüfatının adlı siyahısının 17-ci sırasında olduğu göstərilmişdir, lakin iddiaçının adının onların elektron bazasında aşkarlanmadığını bildirmişlər. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur .
2. Mingəçevir şəhəri X4 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 318 nömrəli qərarından çıxarışın surəti.
3. AR-İ № 195389 saylı etibarnamə Əsaslandırma hissəsi:
Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Mingəçevir şəhəri Günəşli massivinin 6-cı küçəsində yerləşən 56 nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsindən ibarətdir. İddiaçı bu tələbinin hüquqi əsası olaraq X3 ilə aralarında 02 noyabr 2012-ci il tarixdə alqı-satqı həyata keçirilmiş və qeyd edilən bağ sahəsi üçün 4000 ABŞ dolları məbləğində pul vəsaitini X2 vermiş, sonuncu isə əvəzində həmin bağ sahəsini etibarnamə əsasında iddiaçıya verilməsinə istinad edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia olunan bağ sahəsinə dair ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhəri Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin “Bahar" kollektiv bağçılıq təsərrüfatının adlı siyahısının 17-ci sırasında Əliyev Asifin adı qeyd edilmişdir. Arxiv sənədlərində həmin bağ sahəsinin iddiaçının adına keçməsi barədə heç bir məlumat aşkar olunmamışdır. İddia olunan bağ sahəsinə dair iddiaçı və ailə üzvlərinə hər hansı hüquqmüəyyənedici sənəd verilmədiyindən, hazırkı iddia tələbinə dair iddiaçının subyektiv hüququ mövcud deyildir. Bu baxımdan da həmin torpaq sahəsinin naturada mövcud olubolmamasının,xüsusiyyətlərinin araşdırılmasına prosessual qənaət prinsipi baxımından zərurət mövcud qalmamışdır. Digər tərəfdən də iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələsindən istifadə etməmişdir.Belə ki,iddiaçı mülki hüquqi əqdə əsaslanaraq mülki mühakimə qaydasında tələblə ümumi məhkəməyə müraciət edə bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddainın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 6.1-ci bəndində göstərilik ki,iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. “Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında qeyd edilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. Araşdırılan sənədlərdən də göründüyü kimi 2.68 ha torpaq sahəsinin iddiaçı və ailə üzvlərinə verilməsinə dair hüquqmüəyyənedici sənəd mövcud deyildir. Odur ki, qanunvericiliyin tələblərinin və yuxarıda göstərilənlərin işin faktiki hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddiaçının hüquqi marağı aradan qalxdığından iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16,35, 80, 83 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri Günəşli massivinin 6-cı küçəsində yerləşən 56 nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə